Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-84/2025 16.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-130/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-130/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 11097 manat məbləğində borc, 100 manat cərimə olmaqla, ümumilikdə 11197 manat məbləğində pul və 123,59 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş 6,41 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-130/2025 saylı, xx.xx.2025-ci iltarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, əsas borca görə 11097 manat, hesablanmış cərimə borcuna görə 2219 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat olmaqla cəmi 13446 manat pulun cavabdehdən alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Emalı Zavodu” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-cü il tarixli, 04 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 25961,90 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 14864,31 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 04 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11097,59 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 800 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2320 manat təşkil edir. Verilməmişdir: 11097 х 20% =2219 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi yalnız iddiaçı Cəmiyyətin təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. Torpaq sahəsini dolu vurduğu üçün məhsuldarlıqda problemlər yaranmışdır. Hətta “X1 Kompleksi” MMC-nin əməkdaşları və Ağdam DAİM-nin əməkdaşının iştirakı ilə hələ məhsul yetişmədiyi dövrdə, onlar ərazini, o cümlədən torpaq sahəsini də dolu vurması və bu halın məhsuldarlığa mənfi təsir göstərəcəyi barədə xx.xx.2023-cü il tarixdə Akt tərtib edilmişdir. Həmin aktın qeyd hissəsində yazılmışdır ki, dəymiş ziyanla bağlı video çəkiliş həyata keçirilmişdir. Həmin disk iddiaçı tərəfdə qalmışdır. Təsərrüfata dəymiş ziyanla bağlı MMC-nin bütün rəhbər şəxsləri ilə danışıqlar aparmışdır. Onlar da bildirmişlər ki, onun burada heç bir günahı yoxdur. O, fermer kimi illərdir torpaq sahəsində əkinçiliklə məşğul olaraq, ailəsini dolandırır. Ondan asılı olmayan fors-major hadisəsi nəticəsində təsərrüfatı dolu vurmuş və ziyana düşmüşdür. Sadalananlara əsasən hesab edir ki, ondan asılı olmayan səbəblərdən müqavilə şərtlərini yerinə yetirməməyi fors-major halı hesab edilməli və iddia tələbi rədd edilməklə, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edərək müqavilə şərtinin lazımi qaydada icra edə bilməməsinin səbəbinin pambığı dolu vurması ilə bağlı olduğunu bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, cavabdehi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh iddiaçıya borcunun yaranmasını təbiət hadisəsi – pambığı dolu vurması, həmin faktın iddiaçı tərəfin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş aktla təsdiq edilməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 01 dekabr 2022-ci il tarixli 4 nömrəli müqavilədən görünür ki, fermer 13,50 ha torpaq sahəsində pambıq əkib alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzləşmə aktından görünür ki, cavabdehə iddiaçı tərəfindən ümumilikdə 25961,90 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, həmin borcdan cavabdeh tərəfindən iddiaçıya 14864,31 manat məbləğində mal verilmiş və sonda cavabdehin iddiaçıya 11097 manat əsas borcu qalmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 25961,90 manat avans borcundan 14864,31 manat ödəniş olunmuşdur. Odur ki, iddiaçı tərəfindən 25961,90 manat avans verildiyi və cavabdeh tərəfindən 14864,31 manat ödəniş olunduğu nəzərə alınarsa cavabdehin 11097 manat əsas borcunun olduğu müəyyən olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Beləliklə də iş materiallarından göründüyü kimi, müqavilənin icrası ilə əlaqədar cavabdehə 25961,90 manat məbləğində avans vəsaitlər (nağdsız qaydada pul vəsaiti, dərman, toxumluq çiyid, gübrələr və s.) verilmiş, işlər görülmüş və müxtəlif xidmətlər göstərilmişdir Müqavilə şərtlərinə əsasən, cavabdeh iddiaçı tərəfindən verilmiş avans vəsaitlərin, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərini istehsal etdiyi xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, avans məbləğindən artıq təhvil verdiyi xam-pambığın dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Emalı Zavodu” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-cü il tarixli, 04 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 25961,90 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 14864,31 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2022-ci il tarixli, 04 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11097,59 manat borcu qalmışdır. Məhkəmə iclasında həm də müəyyən olunmuşdur ki, cavabdeh (istehsalçı) kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olsa da, sığorta hadisələrindən könüllü olaraq sığortalanmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 25961,90 manat avans borcundan 14864,31 manat ödəniş olunmuşdur. Odur ki, iddiaçı tərəfindən 25961,90 manat avans verildiyi və cavabdeh tərəfindən 14864,31 manat ödəniş olunduğu nəzərə alınarsa cavabdehin 11097 manat əsas borcunun olduğu müəyyən olunur. Cavabdeh məhkəmə iclasında izahatında torpaq sahəsini dolu vurduğu üçün problemlər olmamasını bildirərək, məhkəməyə akt təqdim etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baş verən hadisə təbiət hadisəsidir və bu kimi hallar qaçılmazdır. Müqavilə bağlanan zaman tərəflər bu kimi hallar baş verdikdə münasibətlərin tənzimlənməsi ilə bağlı hər hansı razılığa gəlməmişlər. Sözügedən akt imzalansa da, möhürlə təsdiq edilməmişdir. Bu hal səbəbindən cavabdehin öz sahəsindən lazımi qədər məhsul əldə edə bilməməsi onun iddiaçı qarşısında olan öhdəliyindən azad etmir. Məhkəmə iddia tələbinin 2219 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Birinci instnasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının “Aqrar sığorta haqqında” 27 iyun 2019-cu il tarixli Qanununun 1.1-ci maddəsində göstərilir ki, bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin könüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi; 1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) Həmin Qanunun 5.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: 5.1.1. təbii fəlakətlər; 5.1.2. yanğınlar; 5.1.3. bitki xəstəlikləri və zərərvericilər; 5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr; 5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.6. üçüncü şəxslərin hərəkətləri. 5.2. Aqrar sığortalının sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdən göründüyü kimi tərəflərin arasında birgə fəaliyyət və məhsulun alğı-satqısına dair müqavilələr imzalanmış, həmin müqavilələrin şərtlərinə əsasən hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin hallarından görünür ki, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Kollegiya qeyd edir ki, cavabdeh kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğuldur və baş verə biləcək təbii fəlakətlər, yanğınlar, bitki xəstəlikləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri nəticəsində müqavilədə nəzərdə tutulmuş həddə məhsuldarlığa nail olunması bəzən mümkünsüz olur. Bu baxımdan qanunvericilik istehsalçının qarşılaşa biləcəyi ziyanın aradan qaldırılması üçün riskin könüllü sığortalanmasını müəyyən etmişdir ki, sığortalanmanı istehsalçının özü könüllü olaraq həyata keçirməlidir. Cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan da göründüyü kimi o, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuş olsa da, həmin dövr üçün sığorta təşkilatı ilə müqavilə bağlamamış, beləliklə də riskini sığortalamamışdır. Odur ki, kollegiya bu qənaətdədir ki, cavabdeh iddiaçının ödəmiş olduğu avans məbləği tam şəkildə ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-130/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-130/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-84/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-84/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver