Məhkəmə qərarları › İş №2-2(105)-111/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-111/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-111/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlundan və X3 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh “xxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Nümayəndə MMC-nin cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı borc tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-354/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-354/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən iddiaçı Nümayəndə MMC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Nümayəndə MMC cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-dən 17955,94 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 1795,59 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 19781,53 manat məbləğində pulun tutularaq iddiaçı Nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə MMC (“xxxxxxxxxxxx” MMCnin hüquq varisi) ilə “xxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış AS 003/0115 nömrəli, xx xxxxxx 2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, iddiaçı öz istehsalı olan müvafiq həcmdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan aldığı malın dəyərini qismən ödəmiş, lakin iddiaçıya ümumilikdə 17.955,94 manat ödənilməyən borcu qalmışdır. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun tam şəkildə ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı Nümayəndə MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.1, 375.2 və 381.1-ci maddələrində ifadə olunmuş hüquq normalarının tələblərini tətbiq etmiş və belə nəticəyə gəlmişdir ki, “İddiaçı ilə Cavabdeh arasında bağlanmış AS 003/0115 saylı, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliyin pozulmasından 5 ildən artıq vaxt keçmişdir. Müqavilə öhdəlikləri üzrə iddia müddəti isə 3 il təşkil edir”.Məhkəmə cavabdehin “iddia müddətinin tətbiq olunması barədə” ərizəsinə qiymət verərkən əslində, maddi hüquq normalarının pozuntusuna yol vermişdir.Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Həmçinin Mülki Məcəllənin “İddia müddətinin şamil edilmədiyi tələblər” adlı 384-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.Qanunvericilikdən göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi pul vəsaiti iddiaçının mülkiyyət hüququnun obyektini təşkil edir. Odur ki, iddiaçının sözügedən tələbinə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.İş materialları (tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi, müqavilə üzrə mal(lar)ın cavabdehə təqdim olunmasına dair qaimə fakturalar və s.) ilə cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapsa da, məhkəmə nədənsə, həmin sübutları nəzərə almamış və iddia müddətini tətbiq etməklə kifayətlənmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Nümayəndə MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Nümayəndə MMC-nin xx xxxxx 2019-cu il tarixli nizamnaməsindən görünür ki, Cəmiyyət “xxxxxxxxxxxx” MMC-nin tam hüquq varisidir. İş materiallarından görünür ki, “xxxxxxxxxxxx” MMC (Nümayəndə MMC) ilə “xxxxxxxxxxxxxxx” ASC arasında xx xxxxxx 2015-ci il tarixdə AS 003/0115 nömrəli alğısatqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan AS 003/0115 nömrəli, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavənin 1.3-cü bəndinə görə alıcıya təhvil verilmiş malların qiyməti aylıq şəkildə ödənilir və bir ay ərzində təhvil verilmiş malların qiyməti növbəti ayın ilk həftəsi ərzində həmin malların alıcıya verilməsinə dair təhvil təslim aktlarına və qaimə-fakturalara əsasən verilmiş hesab-fakturalara əsasən nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(85)-415/2017 №-li qərardaddan görünür ki, iddiaçı “xxxxxxxxx” MMC-nin (Nümayəndə MMC) cavabdeh “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı cavabdehdən 17.955,94 (on yeddi min doqquz yüz əlli beş manat, doxsan dörd qəpik) manat qalıq borcun, gecikdirilmiş müddət üçün 1795,59 (min yeddi yüz doxsan beş manat, əlli doqquz qəpik) manat cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 19.781,53 (on doqquz min yeddi yüz səksən bir manat, əlli üç qəpik) manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi iddiaçının və cavabdehin nümayəndələri gəlmədiyinə görə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.1, 448.1, 448.2, 462.1, 373.2, 377.1, 375.2, 381.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından görünür ki, cavabdehlə “xxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2015-ci il tarixdə 1 il müddətinə qüvvədə qalan nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 1 nömrəli əlavəyə əsasən müqavilə üzrə alıcıya təhvil verilmiş malların qiymətinin aylıq şəkildə ödənilməli olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəfin iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. İş materiallarından göründüyü kimi xx xxxxxx 2015-ci il tarixli alğı-satqı müqaviləsi 1 il müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx xxxxxx 2016-cı il tarixdə bitmişdir. İddia müddətinin axımı xx xxxxxx 2016-cı il tarixdən başlamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixədək müraciət etməli olduğu halda, xx xxx 2020-ci il tarixdə müraciət etmişdir. Odur ki, iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəflər arasında olan müqavilədən irəli gələn münasibətlər olduğundan və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-354/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar