Məhkəmə qərarları › İş №2-2(105)-135/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-135/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-135/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba rayonu Birinci Nügədi bələdiyyəsinə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-628/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı 03 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Quba rayonu Birinci Nügədi bələdiyyəsinə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayonu X1 4000 (dörd min) manat məbləğində zərərin və məhkəmə baxışı üçün ödənilmiş olan 30 (otuz) manat rüsumun məcburi qaydada alınaraq, iddiaçı-sərbəst auditor İddiaçı cari hesabına (VÖEN **********) ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olmaqla SA/212 qeydiyyat nömrəli icazə ilə ölkə daxilində sərbəst auditor fəaliyyətini həyata keçirir. O, Quba rayonu Birinci Nügədi bələdiyyəsinin 2019-cu maliyyə ilinin audit yoxlamasının aparılması üçün 02 iyul 2019-cu il tarixdə QB07 saylı müqavilə bağlamışdır. Müqavilənin 3.1-ci bəndi ilə audit xidmətin dəyəri 2000 manat məbləğində, onun 50% hissəsi avans şəklində 2019-cu ilin 15 noyabr tarixinədək, qalan hissəsi isə yerinə yetirilmiş işlərin təhvil-qəbul aktı tərtib edilən tarixədək, son həddi 30 avqust 2020-ci il tarixədək ödənilməsi razılaşdırılmışdır. Müqavilənin icrası ilə bağlı 2020ci ilin iyun-avqust aylarında o, dəfələrlə Quba rayonunun Birinci Nügədi kəndinə getmiş, lakin Birinci Nügədi kənd Ərazi İcra Nümayəndəsinin (nümayəndə X2) birbaşa müdaxiləsi nəticəsində bələdiyyənin yeni seçilmiş sədri X3 tərəfindən hər dəfə bağlanmış müqavilənin icra edilməsinə əsassız və süni maneələr yaradılmışdir. Müqavilənin 2.1.5-ci bəndi ilə “Sifarişçi" öhdəsinə götürmüşdür ki, bu müqavilənin fəaliyyət müddətində “İcraçı”-Sərbəst auditoru rəsmi və əsaslı xəbərdar etmədən eyni məzmuna görə təkrar müqavilə bağlayarsa və icra edərsə, bu səbəbdən də hazırkı müqavilənin icrasından boyun qaçırarsa, mövcud müqavilənin 3.1-ci bəndində razılaşdırılmış xidmətin dəyərinin 2 (iki) mislini “İcraçı”nın bank hesabına ödəyəcəkdir. Həmçinin müqavilənin 11.2-ci bəndində nəzərə alınmışdır ki, bu müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi müddəti “Sifarişçi”nin təqsiri üzündən yubadıldıqda, işlərin başa çatdırılması vaxtı yubadılmış müddət qədər avtomatik olaraq artırılır. Bu səbəbdən o, cavabdeh Quba rayonu Birinci Nügədi bələdiyyəsinə 24 avqust 2020-ci il tarixdə müqavilənin icra edilməsinə süni maneələrin aradan qaldırılması üçün həm elektron, həm də kağız formasında xəbərnaməli rəsmi xəbərdarlıq məktubu göndərmişdir. Bağlanmış müqavilənin tələbləri cavabdeh tərəfindən əsassız olaraq pozulduğundan, cavabdeh zərərə görə yuxarıda qeyd edilən müqavilənin 2.1.5-ci bəndinin tələbi ilə xidmətin 2 mislini, yəni 4000 manat (razılışdırılmış xidmətin dəyəri 2000 x 2) “İcraçı”ya ödəməlidir. Mülki Məcəllənin tələbinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, tərəflərin razılaşması ilə mümkündür; tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icra edilməsi barədə dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Cavabdehə göndərilmiş sonuncu xəbərdarlıq məktubu (pretenziya) 25 fevral 2021-ci il tarixdə imza edilərək qəbul edilməsinə və bundan 56 gün müddət keçməsinə baxmayaraq, hazıradək öhdəliyə əməl edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-628/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Quba rayonu Birinci Nügədi bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 462-467-ci maddələrinə və digər normalara istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işdən görünür ki, İddiaçı ilə Quba rayonu Birinci Nügədi bələdiyyəsi arasında audit yoxlamasının aparılması üçün müqavilə bağlanmışdır. İddiaçı müqavilə şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək və müqavilənin 2.1.5-ci bəndinin tələbindən çıxış edərək pul tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir, yəni iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl, mübahisənin həll edilməsi üçün Auditorlar Palatasına müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsində işlərə baxılarkən nəzərə alınmalıdır ki, MPM-nin 259-cu maddəsində sadalanan bütün əsaslar həmin mərhələdə qətnamənin ləğvi və ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-nin 259-cu maddədə sadalanan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Bu baxımdan apellyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-nin 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. MPMnin 259-cu maddəsində sadalanan digər əsaslar apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsini ləğv etmək üçün əsas ola bilməz.” Azərbaycan Respublikası MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-628/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.4, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-628/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Quba rayonu Birinci Nügədi bələdiyyəsinə qarşı 4000 (dörd min) manat məbləğində zərərin və məhkəmə baxışı üçün ödənilmiş olan 30 (otuz) manat rüsumun alınaraq onun hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar