Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-186/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Cavabdehin və nümayəndəsi Vəkil iştirakı ilə, “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tarixli 2-2(121)-1412/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: “X6 Kompleksi” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 62463,80 manat, hesablanmış cərimə borcuna görə 12492,76 manat və ödənilmiş dövlət rüsumuna görə 314,87 manat olmaqla, cəmi 75271,43 manat məbləğində pul vəsaitin cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X6 Kompleksi” MMC, tədarükçü qismində “X6 Kompleksi” MMC-nin “X3 və Tədarükü Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 286 saylı xam pambığın alğı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 100 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 134156,10 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli 286 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 62463,80 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 12492,76 manat təşkil edir. Verilməmişdir: 62463,80 manat х 20% = 12492,76 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında və məhkəmə iclasında verdiyi şifahi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən avans olaraq onun hesabına həqiqətən 72560 manat məbləğində pul vəsaiti köçürülmüş, müəyyən işlər görülmüş, dərman, çiyid və s. verilmişdir. Lakin görülən işlərin və verilən dərman, çiyid və s. həcmi və məbləğləri iddiaçı tərəfindən şişirdilmişdir. Həmçinin məhsulun yaxşı yetişməməsində onun yox, iddiaçının təqsiri daha çoxdur və o bu barədə dəfələrlə iddiaçıya və yuxarı orqanlara şikayətlər etmişdir. İddiaçı onu və digər fermerləri aldadaraq üzləşmə aktlarına imza etdirmişdir. Belə ki, iddiaçı ona üzləşmə aktını imzalayaraq borcu etiraf etməsini, borcunu siləcəklərini və ona qarşı hər hansı bir tələblərinin olmayacağını bildirsə də, sonradan ona qarşı əsassız iddia irəli sürmüşdür. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1412/2024 saylı qətnaməsi ilə (Zaur Abbasov) iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2021-ci il tarixli 286 nömrəli müqavilə üzrə 62463,80 manat məbləğində əsas, 1000 manat məbləğində cərimə borcu və 280,39 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 63744,19 manat məbləğində pulun tutularaq iddiaçı “X6 Kompleksi” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı “X6 Kompleksi” MMC tərəfindən artıq ödənilmiş 34,48 mant məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən ona verilən mal və materialın dəqiq məbləğini müəyyənləşdirmədən iddia tələbini əsas götürərək qətnamə qəbul etmişdir. Halbuki, müqavilə şərtinə görə iddiaçının ona verdiyi malların qaimə və fakturaları məhkəməyə gətirilməli və araşdırılmalıydı. Belə ki, məhkəməyə və hazırda təqdim etdiyi qaimədən də görünür ki, həmin qaimədə ümumiyyətlə onun imzası yoxdur. Bu da ona əsas verir ki, iddiaçı iddia tələbini əsassız və saxta sənədlərlə şişirtmişdir. Məhkəmə isə üş üçün əhəmiyyətli olan halı, yəni tərəfindən iddiaçı təşkilatdan nə qədər mal material götürməyi ilə bağlı halları sübut etməmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, uzun müddətdir ki pambıqçılıqla məşğul olur. Müvafiq sahədə ali təhsili olmasa da, pambıq təsərrüfatlarında aqronom kimi çalışıb. Ali təhsili olmadığına görə sənədlərlə iş təcrübəsi azdır. Üzləşmə aktında olan imza ona məxsusdur. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, onun sayəsində 60-70 nəfər ailə çörək pulu qazanır, o pambıq əkməkdən imtina etsə, onlar işsiz qalar. İddiaçı ona su pulu, şum pulu dərman, çiyid puluna və s, dair üzləşmə aktlar verib bildirmişdir ki, “62 min borcun var, imzala, narahat olma borcun silinəcək”. O da aktı imzalamışdır. Sonradan ona qarşı əsassız iddia irəli sürmüşdür. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, hüquqlarını təsmil etdiyi şəxsin dediyinə görə qarşı tərəfin təqdim etdiyi sənədlər mötəbər deyildir. Belə ki, qarşı tərəf məhkəmə iclasında iştirak edərək müvafiq qəbzlərin, qaimələrin təqdim etməyi iş üçün vacib əhəmiyyətlidir. Hazırkı məhkəmə iclasında bildirmişdir ki, üzləşmə aktının tərtib olunması üçün əsas olan sənədlər məhkəməyə təqdim olunmalıdır və bunu əsasında ekspertiza təyin olunmalıdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1412/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 286 nömrəli “2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində “Fermer” mülkiyyətində, istifadəsində və ya icarəsində olan 100 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkib “Alıcı”ya satmağı, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə “Fermer”ə ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 2.1.1-ci bəndinə görə “Fermer” mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 100 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib “Alıcı”nın mülkiyyətinə verir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir. Müqavilənin 2.1.3-cü bəndinə əsasən müqavilənin 2.1.2-ci bəndində göstərilən işlərin vaxtında və qusursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq “Alıcı”dan avans vəsaitlər – (nağdsız qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir. Habelə müqavilənin 2.1.7-ci bəndinə görə “Alıcı”ya məxsus texnikalarla görülmüş şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s. göstərilən xidmətlərin, toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nəğdsiz qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir. Adıçəkilən müqavilənin 5.2-ci bəndinə əsasən “Fermer” üzərinə götürdüyü öhdəlikdən az miqdarda xampambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xampambığın dəyərinin 20%-i həcmində (xam-pambığın 1-ci növ qiyməti ilə) cərimə ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı”ndan görünür ki, həmin aktla xx.xx.2022-ci il tarixinə fermer Cavabdeh "xxxx" MMC-nin X3 və Emalı Zavoduna 62463,80 manat borcunun olması tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, “X6 Kompleksi” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 286 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 62463,80 manat məbləğində borcun 3 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq “X6 Kompleksi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xam pambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin (avansın) qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Məhkəmə tərəflərin daxil olduqları hüquq münasibətinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə uyğun gəlir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya satılmasına nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqı-satqısının həyata keçirilməsi barədə konsensual razılığın əldə edildiyini göstərir. Buna görə də, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırkı işə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən etdikdən sonra iddiaçının hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini öhdəsinə götürmüşdür. İşdə olan üzləşmə aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 134156,10 manat məbləğində aqrotexniki xidmətlər, mal-material, nağd vəsait və s. şəklində avans verilmişdir. Cavabdeh isə müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirməmiş və nəticədə onun iddiaçıya verilən avansın məbləğindən ödənilməmiş 62463,80 manat məbləğində borcu yaranmışdır. Məhkəmə cavabdehin etirazında göstərdiyi dəlillərə tənqidi yanaşaraq qeyd edir ki, həmin dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, cavabdeh üzləşmə aktını aldadılaraq imzalamasını bildirsə də, bu xüsusatı təsdiq edə biləcək heç bir sübutu təqdim edə bilməmiş və ağlabatan səbəb göstərə bilməmişdir. Məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlərə və tərəflərin izahatlarına əsasən cavabdehin əvvəllər iddiaçı təşkilatda əmək müqaviləsi üzrə işləməsi, pambıq əkini və satışı sahəsində uzun müddətli təcrübəyə malik olması kimi hallar nəzərə alındıqda, onun mövcud olmayan borcun etirafına dair sənədi imzalaması ağlabatan mühakiməyə uyğun deyildir. Hazırkı işdə tərəflər arasında bağlanmış müqavilə üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuş, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən müqavilə üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də, iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 12492,76 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də, məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Kollegiya diqqətə çatdırır ki, işdə olan xx.xx.2022-ci il tarixli “Üzləşmə Aktı”na əsasən xx.xx.2021-ci il tarixli 286 saylı xam pambığın alğı-satqı müqaviləsinə əsasən həmin tarixə Cavabdeh "xxxx" MMC-yə 62463,80 manat borcunun olması tərəflərin imzaları ilə təsdiq edilmişdir. Bu baxımdan, nəzərə alınmalıdır ki, MM-in 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. MM-in 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MM-in 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququ tərəflər arasında etibarlı şəkildə bağlanılmış xam pambığın alqı-satqısına dair müqavilədən irəli gəlir. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə avans verilməsini və xidmətlər göstərilməsini öhdəsinə götürmüşdür. İşdə olan Üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə 62463,80 manat borcunun olması müəyyən edilmişdir. Cavabdeh iş materiallarından da göründüyü kimi Üzləşmə aktını özü imzaladığını və həmin vaxt ona göstərilən məbləğdə borcunun mövcudluğu bildirilmişdir. Ancaq o, həmin aktı imzalayarkən aldadılmasını borcun gələcəkdə silinməsi ilə əsaslandırmışdır ki, bu hal da borcun olması faktını inkar etmir. Bundan əlavə, cavabdeh iddiaçının ona verdiyi malların qaimə və fakturalarındakı imzaları mübahisələndirmişdir ki, adıçəkilən sənədlər (habelə apellyasiya şikayətinə əlavə edilmiş və onda olan 2021-ci ilə aid Qaimə-faktura) Üzləşmə aktı ilə borcun etiraf edilməsindən əvvəlki tarixə aid olmaqla hazırkı tələb üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, ona göstərilən xidmətlər və s. üzrə yaranmış mövcud borcu tərəfindən həmin aktla qəbul olunmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri tədqiq edildikdə müəyyən edilir ki, o, öz dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1412/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmamalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-1412/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-186/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-186/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver