Məhkəmə qərarları › İş №2-2(107)-120/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-120/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-120/2024 19.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X3 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “4740.11 manat borc və 67.41 manat dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2-2(117)-1001/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 151 nömrəli alğı-satqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Zərdab rayonunun Bəyimli kəndində yerləşən 10 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi ilə 462,00 manat məbləğində çöp doğrama, 710,00 manat məbləğində şum, 560,00 manat məbləğində mala, 112,00 manat məbləğində kanal çəkmə, 238,00 manat məbləğində çiyid səpini, 600,00 manat məbləğində pambığın maşınla yığımı, 250,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2106,00 manat məbləğində toxumluq çiyid olmaqla ümumilikdə 5038 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir.

3. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 2453,53 manat məbləğində, 3066,91 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi borcu qalmışdır.

4. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 192 nömrəli alğısatqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Zərdab rayonunun Bəyimli kəndində yerləşən 10 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.

5. Tərəflər arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” üzləşmə aktından görünür cavabdehin sifarişi ilə iddiaçı 250 manat məbləğində arat pulu 2500 manat məbləğində alaq təmizləmə və suvarma pulu və 1000 manat avans olmaqla cəmi 3750 manat dərman, gübrə və petsiditlər üçün 6800 manat, əkin üçün toxumluq çiyidə görə 7342,72 manat, pambığın əllə yığımına görə 712,96 manat olmaqla ümumilikdə 27775,76 manatlıq işlər görmüş, fermer isə bunun əvəzində 25638,04 manat məbləğində xam pambıq vermiş, onun ödənilməmiş 2137, 62 manat borcu qalmışdır.

6. Cavabdeh Məmməd oğlunun İddiaçı MMC-nin baş direktorunun adına yazdığı ərizənin əslindən görünür ki, MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli 192 saylı alqı-satqı müqaviləsinə əsasən pambığın becərilməsi üçün ona 22775, 66 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmət göstərilmişdir. Mövsüm başa çatdıqda 25638 manat məbləğində 32449,87 kq xam pambıq vermiş, 2137,7 manat məbləğində borcu qalmışdır. Həmin borcdan 2024-cü ilin sentyabr ayının 12-nə qədər 500 manat ödəəyəcək. Qalan hissəsini isə ilin yekununadək ödəyəcəyinə söz verir.

7. İddiaçı həmçinin gübrə kultivasiya ilə bağlı 20 manat dəyərində xidmət göstərildiyini iddia edir.

8. İddiaçı borcun ödənilməsi barədə cavabdehə müraciət etməsinə baxmayaraq sonuncu borcunu ödəməkdən üzrsüz səbəblərdən yayındığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır.

II. Birinci instansiya məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsi MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

10. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 15 avqust 2024-cü il tarixli, e-2-2(117)-1001/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 2584,47 manat borc, 36.75 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi 2584,47 manat borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə rədd ediləmlidir.

12. İddiaçı MMC Şəki Kommersiyа Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2- 2(117)-1001/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

13. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, aktlar, ödəniş tapşırığı, qaimə-fakturalar, qiymətlərin razılaşdırma protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hər iki il üzrə mövsümün sonunda tərəflərin iştirakı ilə tərtib edilib imzalanmış xx.xx.2023cü il tarixli və xx.xx.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsinə dair üzləşmə aktlarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 2022-ci ilin yekunu üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt, istərsə də 2023-cü il mövsümü üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt bütün tərəflərin iştirakı ilə tərtib edilmiş və imzalanmış, cavabdehin 2022-ci il təsərrüfat mövsümü üzrə 2135,64 manat (2137,62 manat borcdan əvvəlki mövsümdən artıq qalan 1,98 manat çıxılmaqla), 2023-cü il mövsümü üzrə 2604,47 manat, yekun olaraq 4740,11 manat borclu olması tam olaraq sübuta yetirilir. (2135,64+2604,47=4740,11). Üzləşmə aktı cavabdeh tərəfindən imzalandığından 4740,11 manat məbləğində borcun məbləği ilə bağlı tərəflər arsaında mübahisə mövcud olmamış, həmçinin cavabdehin təqdim etdiyi yazılı ərizəsində 2023-cü il mövsümü üzrə 2137,62 manat məbləğində borclu olması onun tərəfindən etiraf edilmişdir. Beləliklə, cavabdehin iştirakı ilə tərtib edilmiş iş və xidmətlərin yerinə yetirilməsinə dair xx.xx.2023-cü il tarixli aktla 2135,64 manat, xx.xx.2024-cü il tarixli aktla 2604,47 manat, ümumilkdə isə 4740,11 manat məbləğində borclu olması tam təsdiq edilir. Lakin məhkəmə iddia tələbini qismən təmin etməklə, 2022-ci il mövsümü üzrə 2135,64 manat məbləğində borc tələbini əsassız olaraq rədd etmişdir. Cavabdeh 2022-ci il mövsümü üzrə xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsinə dair aktla 2135,64 manat, 2023-cü il mövsümü üzrə xx.xx.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsinə dair aktla 2604,47 manat, yekun olaraq 4740,11 manat borcu yaranmışdır. Cavabdeh üzləşmə aktlarına imza etməklə yanaşı, ərizə yazaraq borcu etiraf etmişdir. Eyni zamanda məhkəmə 2023 təsərrüfat mövsümü üzrə 20,00 manat məbləğində 1 ha sahədə rotasion kultivasiya işlərinin görülməsinə dair hüquqmüəyyənedici mühasibat sənədlərinin təqdim edilməməsi ilə bağlı həmin mövsüm üzrə 2584,47 manat məbləğində borc tələbini təmin etmişdir. (50382453,53=2584,47). Lakin məhkəmə iş üzrə elektron portala 1 ha sahədə rotasion kultivasiya işlərinin görülməsi barə aktın əlavə edilməsinə qiymət verməmişdir. Bununla bağlı məhkəmə işin faktiki hallarını hərtərəfli və tam olaraq araşdırmadan, iddia tələbini əsassız olaraq qismən təmin etmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiyа Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2-2(117)-1001/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.4-cü maddəsinə əsasən, hazırkı mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrində yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiyа Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2-2(117)-1001/2024 saylı qətnaməsi qismən ləğv edilməlidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 151 nömrəli alğı-satqı müqaviləsinin icrası ilə əlaqədar cavabdehin sifarişi 462,00 manat məbləğində çöp doğrama, 710,00 manat məbləğində şum, 560,00 manat məbləğində mala, 112,00 manat məbləğində kanal çəkmə, 238,00 manat məbləğində çiyid səpini, 600,00 manat məbləğində pambığın maşınla yığımı, 250,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2106,00 manat məbləğində toxumluq çiyid olmaqla ümumilikdə 5038 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal aqrotexniki xidmətlərin görülməsi barədə akt, malların təhvil-qəbul aktları, ödəniş tapşırığı, qiymətlərin razılaşdırılma protokolu ilə təsdiq edilir.

47. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 192 nömrəli alğı-satqı müqaviləsinin icrası ilə də əlaqədar cavabdehin sifarişi ilə iddiaçı 250 manat məbləğində arat pulu 2500 manat məbləğində alaq təmizləmə və suvarma pulu və 1000 manat avans olmaqla cəmi 3750 manat, dərman, gübrə və petsiditlər üçün 6800 manat, əkin üçün toxumluq çiyidə görə 7342,72 manat, pambığın əllə yığımına görə 712,96 manat olmaqla ümumilikdə 27775,76 manatlıq işlər görmüş, fermer isə bunun əvəzində 25638,04 manat məbləğində xam pambıq vermiş, onun ödənilməmiş 2137, 62 manat borcu qalmışdır.

48. Eyni zamanda iddiaçı 20 manat məbləğində gübrə kultivasiya xidməti göstərmişdir.

49. Tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur.

50. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alqı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir.

51. Apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilməyən, yəni 2022-ci il mövsümü üzrə 2135,64 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır.

52. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi göstərmişdir ki, ümumilikdə müqavilənin icrası ilə əlaqədar 5058 manat xidmət göstərildiyi iddia edilsə də, 20 manat gübrə kultivasiya xidmətinin göstərilməsi sübut edilmədiyindən 5038 manat xidmət göstərilməsini məhkəmə qəbul edir ki, həmin yerinə yetirilmiş iş və xidmətlər qarşılığında cavabdeh tərəfindən iddiaçının etiraf etdiyi kimi 2453.53 manat dəyərində 3066.91 kq xam-pambıq təhvil verilmiş, qalan görülmüş iş və xidmətlərin qarşılığı ödənmədiyindən ödənilməmiş 2584,47 manat borc öhdəliyi qalmıdşır (5038 - 2453.53 = 2584,47).

53. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması iş materiallarında olan ödəniş tapşırığı, aktlar ilə öz təsdiqini tapır. Bu səbəbdən xx.xx.2023-cü il tarixli 151 nömrəli alq-ısatqı müqaviləsinin icrası ilə əlaqədar yerinə yetirilmiş iş və xidmətlərin dəyərinin qalıq 2584,47 manat borc hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. İddia tələbinin ötən illərdən qalıq borc kimi 2135,64 manat borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir.

55. Məhkəmə araşdırması zamanı ötən illərdən 2135,64 manat qalıq borc ilə bağlı müqavilənin bağlanması və onun icrası ilə bağlı hansı işlərin və xidmətlərin görülməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehlı iddiaçı arasında 2023-cü ildən öncəki tarixlərdə müqavilə münasibətinin olmasını və ötən illərdən qalıq borcun həqiqi dəyərinin iddiaçının iddia etdiyi kimi olmasını müəyyən etmək mümkün deyildir. Odur ki, tələb bu hissədə sübuta yetirilmədiyindən əsassızdır və rədd edilməlidir.

56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır.

57. Belə ki, ilk öncə kollegiya qeyd edir ki, birinci instansiya hazırkı işə yazılı icraat qaydasında baxmışdır. Halbuki qanunun tələbinə görə, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, iş üzrə əlavə araşdırmanın..... zərurəti yaranırsa, məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır (MPM, maddə 284-5.4.4, 284-5.4.3, 284-5.4.4).

58. Məhkəmə kollegiyası da işin qeyd olunan diqqətə layiq hallarını və iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq iş üzrə iddia icraatına keçərək işə baxmışdır.

59. Bundan sonra apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə edilmiş iş üzrə Cavabdeh tərəfindən yazılmış 30 avqust 2024-cü il tarixli ərizənin əsli, həmin ərizədə 12 sentyabr 2024-cü il tarixədək ödənilməsi vəd edilmiş 500 manat məbləğin ödənilibödənilməməsini təsdiq edən qəbz və iş üçün əhəmiyyəti olan digər sənədlərin Şəki Apellyasiya Məhkəməsinə təqdim olunması ilə bağlı İddiaçı MMC-yə sorğu göndərilmişdir.

60. İddiaçı MMC-nin 05 noyabr 2024-cü il tarixli, 001/1504 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki; ... Cavabdeh İddiaçı MMC-yə ünvanladığı 30 avqust 2024-cü il tarixli ərizədə, xx.xx.2022-ci il tarixli, 192 saylı alqı-satqı müqaviləsinə əsasən borclu qaldığı 2137,62 manat məbləğində borcun 500 manatını 2024-cü ilin sentyabr ayının 12 qədər ödəyəcəyi bildirilsə də, qeyd olunan məbləğdə vəsait bu günə kimi cəmiyyətin hesabına daxil olmamışdır.

61. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında bağlanmış arasında bağlanmış xx.xx.2022-ci il tarixli 192 nömrəli alğı-satqı müqaviləsini və həmin müqavilənin icrası ilə bağlı tərəflərin yerinə yetirdikləri işlərə dair 05 yanvar 2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” üzləşmə aktını, aqrotexniki xidmətlərin görülməsi barədə akt, malların təhvil-qəbul aktları, ödəniş tapşırıqlarını qiymətlərin razılaşdırılma protokolunu birinci instansiya məhkəməsinin tələbi ilə həmin məhkəməyə göndərmişdir. Lakin ona məlum olmayan səbəblərə görə birinci instansiya məhkəməsi həmin sənədləri iş materiallarına əlavə etməmiş və bununla da qəbul etdiyi qətnamədə onlara istinad etməmişdir. İddiçının nümayəndəsi qeyd olunan sənədləri məhkəmə kollegiyasına təqdim etmişdir.

62. Cavabdehin əvvəlki ildən 2135,64 manat qalıq borc ilə bağlı müqavilənin bağlanması və onun icrası ilə bağlı hansı işlərin və xidmətlərin görülməsinə dair sübutların mövcudluğuna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi işin bu diqqətəlayiq hallarını nəzərə almamışdır.

63. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

65. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

66. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

67. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiyа Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2- 2(117)-1001/2024 saylı qətnaməsi qismən - “iddianın rədd edilən” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir.

68. Hazırkı kommersiya mübahisəsi üzrə üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: qətnamənin 42-ci bəndi). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Şəki Kommersiyа Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, e-2-2(117)-1001/2024 saylı qətnaməsi qismən - “iddianın rədd edilən” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh 2022-ci il mövsümü üzrə 2155,64 manat məbləğində borc, ödənilmiş 64,37 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar