Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(123)-550/2025 13.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" MMC-nin cavabdeh “X2 Dövlət Agentliyi” PHŞ-nə qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 12 noyabr 2025-ci il tarixdə poçt vasitəsilə göndərilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "X2 Dövlət Agentliyi" PHŞ-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 25027 (iyirmi beş min iyirmi yeddi) manat 80 (səksən) qəpik (ƏDV daxil) əsas borc, 800 (səkkiz) manat dəbbə pulu, cəmi 25827 (iyirmi beş min səkkiz yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul və 167 (yüz altmış yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığını nəzərə alaraq ərizə və digər sənədlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim olunması qanunla müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 15 iyul 2019-cu il tarixli, 17-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydalarının: 3.2-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. 5.2-ci bəndinə əsasən sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 22ci maddəsi ilə müəyyən edilmiş quruluşda və elektron sənədə dair tələblər gözlənilməklə həyata keçirilməsini müəyyən etmişdir. Eyni zamanda məhkəmə, ərizə, şikayət və digər sənədlərin göndərilməsi ilə yanaşı işdə iştirak edən şəxslərin özlərinə aid sənədləri (məlumatları) əldə etməsində və iş üzrə icra edilmiş prossesual hərəkətlərin izlənilməsində əlçatanlığın təmin edilməsi məqsədilə izah edir ki, “Elektron kabinetin” yaradılması EMİS-dən (Elektron Məhkəmə İnformasiya Sistemindən) qeydiyyatdan keçməklə mümkündür. Belə ki, Məhkəmə-Hüquq Şurasının 2025-ci il 24 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 95-ci bəndinə əsasən EMİS-in iştirakçıları (hakimlər və məhkəmə aparatı işçiləri) və EMİS-in istifadəçiləri (işdə iştirak edən şəxslər, cinayət prosesinin iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) EMİS-dən “Vahid məhkəmə portalı” vasitəsilə “Elektron kabinet”ə giriş etməklə istifadə edirlər. Həmin Təlimatın 96-cı bəndinə əsasən EMİS-də “Elektron kabinet”, X1 “X3” (Digital login) vasitəsilə qeydiyyatdan keçməklə yaradılır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsindən çıxış edərək onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər elektron kabinet vasitəsilə elektron formada məhkəməyə təqdim edilmə ilə yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsilə müəyyən olunmuş “İddia ərizəsinin forması və məzmunu” və 150 - ci maddəsi ilə müəyyən olunmuş “İddia ərizəsinə əlavə edilən sənədlər”-ə dair müddəalara riayət edilərək, həmin Məcəllənin 151-ci, 152-ci və 153-cü maddələrinin tələbləri nəzərdə saxlanılmaqla verildikdə, iddia ərizəsinin məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.10-cu maddələrinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iş üzrə elektron kabinet vasitəsilə təqdim olunması nəzərdə tutulmuş ərizənin poçt vasitəsilə məhkəməyə daxil olması iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Həmin Məcəllənin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsində, iddia ərizəsinə əlavə sənədlərin siyahısı göstərilsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində ödənilmiş dövlət rüsumunun geri qaytarılması tələbini qoysa da, verilmiş tələb üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən, beləliklə də dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada ödənilməsi sübuta yetirilmədiyindən, iddia ərizəsi ilə birgə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə məsələyə toxunulmaması qənaətindədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMCnin cavabdeh “X2 Dövlət Agentliyi” PHŞ-nə qarşı pul tələbi barədə 12 noyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə poçt vasitəsilə göndərilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin cavabdeh “X2 Dövlət Agentliyi” PHŞ-nə qarşı pul tələbi barədə 12 noyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə poçt vasitəsilə göndərilmiş iki vərəqdən ibarət olan iddia ərizəsi geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan bütün nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №2-2(123)-550/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(123)-550/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver