Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-117/2026 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8590/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh MMC-yə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 64.310 (altmış dörd min üç yüz on) manat əsas borcun, 3.216 (üç min iki yüz on altı) manat cərimənin və 282,93 (iki yüz səksən iki, doxsan üç qəpik) manat dövlət rüsumunun, cəmi 67.808,93 (altmış yeddi min səkkiz yüz səkkiz, doxsan üç qəpik) manatın cavabdeh "xxxx" MMC-dən tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8590/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə “pul” tələbinə dair iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixində Cavabdeh MMC həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8590/2025 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə bu şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi göstərilən prosessual normalarda nəzərdə tutulan müddət ərzində, işin baxılmasına başlanana kimi, yəni 07 noyabr 2025-ci il tarixində verilmişdir. Qarşılıqlı iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilmişdir, lakin onlardan asılı olmayan səbəblərdən (göstərilən ərizənin məhkəmə portalına düzgün yerləşdirilməsi üçün həmin portalın qaynar xətti ilə əlaqə yaradılmışdır, verilmiş daxili nömrə ilə danışılaraq, yükləmə prosesinin xronoloji ardıcıllığı birəbir qaydada onlara deyildikcə tərəflərindən yerinə yetirilmişdir.), yəni bu texniki olaraq səhv qaydada yerinə yetirildiyindən məhkəməyə ilkin iddia kimi təqdim edilmişdir və bu e-2-2(113)-9409/2025 saylı məhkəmə qərardadında da qeyd edilmişdir. Göründüyü kimi müddətin üzrlü səbəbdən ötürülməsi tərəflərindən kifayət qədər əsaslandırılmışdır. 17 noyabr 2025-ci il tarixində məkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası MPM-in 133 (prosessual müddətlərin bərpası) və 155.2-ci maddələrini rəhbər tutub, prosessual müddətlərin bərpa edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini və sonrakı prosessual hərəkətlərin edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-8590/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8590/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından, eləcə də şikayətin dəlillərindən də müəyyən olunur ki, Cavabdeh MMC qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək istəsə də, müraciəti texniki olaraq səhv qaydada həyata keçirmiş və qarşılıqlı iddianı yeni iddia kimi elektron qaydada məhkəməyə təqdim etmişdir. Lakin qarşılıqlı iddia ilk iddia ilə birlikdə baxılmaq üçün və iddia verilməsinin ümumi qaydalarına uyğun verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələblərinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində, yəni iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilməlidir. Lakin qarşılıqlı iddiaçı həmin müddəti ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmçinin, həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İş materiallarından görünür ki, qarşılıqlı iddiaçı iddia ərizəsinə qarşılıqlı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə etməmişdir. Bu isə iddia ərizəsinin geri qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biridir. Belə ki, Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə görə iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 152.1.6-ci maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8590/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8590/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-6)-117/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-117/2026
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver