Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-270/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: alqı-satqı (göndərmə) müqaviləsi, öhdəliyin icrası, pulun tutulması, apellyasiya baxışının hədləri) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-2-2(113)-7506/2025 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları:
1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Satıcı”) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) arasında bağlanmış ##.##.2023-cü il tarixli, **/**-** nömrəli alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” “Alıcı”nın sifarişləri üzrə uyğunluq sertifikatına cavab verən, istismara yararlı qatqını təhvil verməyi, “Alıcı” isə malı qəbul edib dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ödəniş mal “Alıcı”ya təhvil verildikdən sonra 15 gün ərzində ödənilməlidir.
2. Qiymətlərin razılaşdırılma protokoluna əsasən KMI S90 adlı qatqının 1 kq-nın qiyməti ƏDV-siz 0,95 manat, KMI AC 500 adlı qatqının qiyməti isə ƏDV-siz 0,80 manat məbləğində razılaşdırılmışdır.
3. “xxxx” MMC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş 2024-cü il üzrə (##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək) 8 ədəd qaimə fakturaya əsasən ümumilikdə 80 000 kq KMI S90 və 25 000 kq KMI AC 500 adlı qatqı Cavabdeh MMC-yə təhvil verilmişdir.
4. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2024-cü il üzrə (##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək) ümumi dəyəri 113 280 manat olan 8 ədəd elektron qaimə-faktura göndərilmişdir.
5. “xxxx” MMC-yə aid bank hesabından çıxarışlara əsasən, Cavabdeh MMC tərəfindən iddiaçının bank hesabına ##.##.2023-cü il tarixdə EBDQ ****** nömrəli elektron qaiməfaktura üzrə 9 500 manat, ##.##.2024-cü il tarixdə EBDT ****** nömrəli elektron qaiməfaktura üzrə 10 000 manat, ##.##.2024-cü il tarixdə EBDR ****** nömrəli, EBDT ****** nömrəli və EBDU ****** nömrəli elektron qaimə-fakturalar üzrə 10 000 manat və ##.##.2024-cü il tarixdə EBDW ****** nömrəli, EBDW ****** nömrəli və EBDU ****** nömrəli elektron qaimə-fakturalar üzrə 10 000 manat olmaqla ümumilikdə 39 500 manat məbləğində pul ödənilmişdir.
6. ##.##.2025-ci il tarixli, ** nömrəli mühasibatlıq arayışına əsasən ##.##.2023-cü il tarixli, **/**-** nömrəli alqı-satqı müqaviləsi üzrə “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə ümumi dəyəri ƏDV daxil 159 595 manat təşkil edən 13 ədəd elektron qaimə-faktura göndərilmişdir. Həmin qaiməfakturalardan ilk beşi üzrə ƏDV daxil 46 610 manat məbləğində ödəniş həyata keçirilmiş, qalan 8 elektron qaimə-faktura üzrə isə ödənilməmiş məbləğ ƏDV daxil 112 985 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 95 750 manat əsas borc, 17 235 manat ƏDV borcu, borcun gecikdirilməsinə görə 7 181,25 manat faiz borcu, həmçinin hüquqi yardıma görə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 120 566,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehin sifarişlərinə uyğun olaraq ona müqavilə üzrə razılaşdırılmış mallar göndərilmiş, lakin cavabdeh aldığı malların dəyərindən 95 750 manat əsas borc və 17 235 manat ƏDV borcu olmaqla ümumilikdə 112 985 manat məbləğində pul vəsaitini hazırkı vaxta kimi iddiaçıya ödəməmişdir.
9. Cavabdeh yazılı etirazında bildirmişdir ki, iddiaçı borcun mövcudluğunu, məbləğin düzgünlüyünü və malların faktiki təhvil verilməsini sübuta yetirə bilməmişdir. Təqdim edilmiş elektron qaimə-fakturalarla təhvil-təslim sənədləri arasında tarix və məzmun baxımından ziddiyyətlər mövcuddur, təhvil-təslim sənədlərində imzalar fərqlidir. Zamin Əhmədzadənin şəxsiyyəti və əmək münasibətləri müəyyən edilmir, elektron qaimələrdə isə “təhvil aldı” qrafasında imza yoxdur. Həmçinin malların hansı sifariş əsasında göndərildiyi sübuta yetirilməmiş, sifarişlərin şifahi verildiyi bildirilsə də, bunu təsdiq edən sübut təqdim olunmamışdır. Elektron qaimə-fakturaların isə özlüyündə malların təqdim edilməsini təsdiq etmədiyi, onların digər sübutlarla birlikdə, müqavilə şərtləri, tərəflər arasında formalaşmış praktika və işgüzar adətlər nəzərə alınmaqla qiymətləndirilməli olduğu qeyd edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 112 985 manat əsas borc və borcun gecikdirilməsinə görə 5 650 manat faiz borcu olmaqla, cəmi 118 635 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 409 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb olunan məbləğ iş materialları ilə sübuta yetirilmişdir. Həmçinin əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 5 650 manat məbləğində faiz borcunun cavabdehdən tutulması əsaslı sayılmışdır. Cavabdehin etirazına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, elektron qaimələrin tarixlərinin təhvil sənədlərinin tarixlərindən fərqlənməsi malların təhvil verilmədiyi mənasına gəlmir. Belə ki, qaimə-fakturalar elektron qaydada göndərilir və sistem üzərindən təsdiqlənir. Bundan əlavə, müqavilədə sifarişlərin yazılı formada verilməsi tələbi nəzərdə tutulmadığından şifahi sifarişlər qəbul edilə bilər. Odur ki, tərəflər arasında uzunmüddətli işgüzar münasibətlərin mövcudluğu və cavabdeh tərəfindən fərqli praktikanı sübut edən hər hansı dəlilin təqdim edilməməsi nəzərə alınaraq cavabdehin etirazı formal və öhdəlikdən yayınmağa yönəlmiş hesab edilmişdir.
12. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini etiraz ərizəsinin dəlillərinə uyğun əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yalnız elektron qaiməfakturaların
13. sistem üzərindən təsdiq olunmasına istinad etmişdir. Eyni zamanda, malların sifariş edildiyini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamış, məhkəmə isə müqavilədə sifarişlərin mütləq yazılı formada verilməsi tələbinin nəzərdə tutulmamasına əsaslanmışdır. Həmçinin iş materiallarında tərəflər arasında digər müqavilələrin mövcudluğunu təsdiq edən sübutlar olmadığı halda, məhkəmə belə müqavilələrin mövcudluğuna və tərəflər arasında bu əsasda işgüzar münasibətlərin formalaşmasına istinad etmişdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında bildirmişdir ki, tərəflər arasında əvvəllər mövcud olmuş işgüzar münasibətlər çərçivəsində formalaşan sifarişlər əsasında mallar cavabdehə çatdırılmış və təhvil-təslim sənədləri əsasında cavabdehin anbarında qanunvericiliyə uyğun qaydada təhvil verilmişdir. Həmin sənədlərdə təhvil verən və təhvil alan şəxslərin imzaları ilə malın təhvil-təslimi təsdiq edilmişdir. Bundan əlavə, yaranmış borc üzrə elektron qaimə-fakturalar tərtib edilərək cavabdehə göndərilmiş, onlardan ikisi cavabdeh tərəfindən, qalanları isə sistem vasitəsilə avtomatik qaydada təsdiq edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
18. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. ...
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında beton qatqısı məhsullarının alqı-satqısına dair müqavilə bağlanmış və bu müqavilədən irəli gələn qarşılıqlı öhdəliklər yaranmışdır. Tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti subyekti olması və müqavilə predmetinin cavabdehin sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə təqdim edilməsi nəzərə alınmaqla, həmin münasibətlər Mülki Məcəllənin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir.
26. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən borcun mövcudluğu, malların konkret sifarişlər əsasında göndərilməsi və faktiki olaraq cavabdehə təhvil verilməsi sübuta yetirilməmişdir. Təhvil-təslim sənədləri ilə elektron qaimə-fakturaların tarixləri arasında uyğunsuzluqlar mövcuddur, habelə təhvil-təslim sənədlərindəki imzalar fərqlidir və elektron qaimə-fakturalarda “təhvil aldı” qrafasında imza yoxdur.
27. Kollegiya ilk növbədə qeyd edir ki, kommersiya münasibətlərində tərəflərin qarşılıqlı davranışı, əvvəlki təsərrüfat əməliyyatlarının icra qaydası və hesablaşma praktikası müqavilə münasibətlərinin faktiki məzmununun müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır. Tərəfin müəyyən təsərrüfat əməliyyatları üzrə təqdim olunmuş elektron qaimə-fakturalar əsasında ödənişlər həyata keçirməsi, həmin münasibətlərin mövcudluğunu və tətbiq olunan sənədləşmə qaydasını qəbul etdiyini göstərən davranış kimi qiymətləndirilə bilər.
28. Təqdim olunmuş malların dəyərinin ödənilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 113 280 manat təşkil edən 8 ədəd elektron qaimə-faktura təqdim olunmuş, lakin cavabdeh tərəfindən yalnız ##.##.2024-cü il tarixli, EBDW ****** nömrəli elektron qaimə-faktura üzrə 250 manat əsas borc və 45 manat ƏDV borcu ödənilmiş, nəticədə 112 985 manat məbləğində borc ödənilməmiş qalmışdır.
29. Kollegiya apellyasiya şikayətinin elektron qaimə-fakturaların tarixləri ilə təhviltəslim sənədlərinin tarixləri arasında uyğunsuzluğun mövcudluğu barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi hər bir təhvil-təslim sənədinin tərtib edildiyi tarixdən 1-5 gün ərzində elektron qaimə-faktura cavabdehə təqdim edilmişdir. Məsələn, ##.##.2024-cü il tarixli təhvil-təslim sənədi üzrə ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixli təhvil-təslim sənədi üzrə ##.##.2024-cü il tarixdə müvafiq elektron qaimə-faktura göndərilmişdir. Göstərilən hallar iddiaçı tərəfindən sənədləşmənin ardıcıl həyata keçirildiyini təsdiq edir.
30. Təhvil-təslim sənədlərini imzalayan şəxslərin fərqli olması ilə bağlı şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan təhvil-təslim sənədləri təhvil alan qismində “Elgün Namazov”, “Ilqar Abdullayev” və “Ceyhun” adlı şəxslər tərəfindən imzalanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında suala cavab olaraq həmin şəxslərin cavabdehlə əlaqəsinin olub-olmadığını nə özünün, nə də cavabdehi təmsil edən digər şəxslərin dəqiq bilmədiyini demişdir. Cavabdeh tərəfindən malların onun təsərrüfat fəaliyyətində istifadə edilmədiyini, yaxud sənədləri imzalayan şəxslərin malları onun adından qəbul etmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
31. Iş materiallarından göründüyü kimi bu müqavilə üzrə malların təhvilindən sonra iddiaçı tərəfindən müvafiq elektron qaimə-fakturalar tərtib edilərək cavabdehə təqdim olunmuş, cavabdeh isə həmin münasibətlər çərçivəsində əvvəlki elektron qaimə-fakturalar üzrə ödənişlər həyata keçirmişdir. Cavabdeh iddiaçı ilə bu müqavilə münasibətləri çərçivəsində təhvil-təslim əməliyyatlarının fərqli qaydada, başqa şəxslərin iştirakı ilə rəsmiləşdirildiyini göstərən və ya bu cür praktikanın mövcudluğunu təsdiqləyən hər hansı alternativ sənəd təqdim etməmişdir. Bu səbəbdən kollegiya həmin şəxslərin malları cavabdehin adından qəbul etməsi barədə nəticəyə gəlir.
32. Elektron qaimə-fakturalarda “təhvil aldı” qrafasında imzanın olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin sənədlər qanunvericiliyə uyğun olaraq elektron qaydada tərtib və təsdiq edilir və onların hüquqi qüvvəsi fiziki imzanın mövcudluğundan asılı deyildir. Elektron qaimə-fakturalar malların faktiki təhvil verilməsinin mütləq sübutu olmasa da, digər sübutlarla, o cümlədən təhvil-təslim sənədləri, tərəflər arasında formalaşmış hesablaşma praktikası və əvvəlki ödənişlərlə birlikdə qiymətləndirildikdə, tərəflər arasında müvafiq təsərrüfat əməliyyatlarının həyata keçirildiyini təsdiq edən sübutlar sisteminin tərkib hissəsi kimi çıxış edir.
33. Iş materiallarından göründüyü kimi mübahisələndirilən elektron qaimə-fakturalar müvafiq elektron sistem vasitəsilə cavabdehə təqdim edilmiş, onların bir hissəsi cavabdeh tərəfindən birbaşa təsdiqlənmiş, qalan hissəsi isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə etiraz edilmədiyinə görə sistem tərəfindən avtomatik qaydada təsdiqlənmişdir. Kollegiya hesab edir ki, həmin hallar digər sübutlarla birlikdə qiymətləndirildikdə cavabdehin müvafiq təsərrüfat əməliyyatlarından məlumatlı olduğunu göstərən əlavə sübut kimi nəzərə alınmalıdır.
34. Kollegiya malların hansı sifariş əsasında göndərilməsinin məlum olmaması ilə bağlı şikayətin dəlilini də əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən sifarişin konkret forması və ya rəsmiləşdirilmə qaydası müəyyən edilməmişdir. Müqavilədə yalnız cavabdehin sifarişi əsasında malların təhvil verilməsi və həmin malların təhvil tarixindən etibarən 15 gün müddətində ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
35. Eyni zamanda, hazırkı müqavilə çərçivəsində cavabdehə göndərilmiş əvvəlki tarixlərə dair digər elektron qaimə-fakturalar üzrə ödənişlər cavabdeh tərəfindən tam şəkildə həyata keçirilmişdir.
36. Belə ki, iş materiallarına əlavə edilmiş bank hesabı çıxarışlarından göründüyü kimi cavabdeh tərəfindən EBDQ 658921, EBDT 388434, EBDR 820703, EBDT 388434, EBDU 663929 və EBDW ****** nömrəli elektron qaimə-fakturalar üzrə ödənişlər tam şəkildə icra edilmişdir. ##.##.2024-cü il tarixli, EBDW ****** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil ümumilikdə 295 manat məbləğində qismən ödəniş edilmiş, qalan 14 750 manat məbləğin isə hazırkı iddia üzrə ödənilməsi tələb olunmuşdur.
37. Kollegiya qeyd edir ki, göstərilən hallar tərəflər arasında ## ####### 2023-cü il tarixli müqavilə üzrə davamlı təsərrüfat münasibətlərinin mövcud olduğunu, malların sifariş edilməsi və təhvil verilməsi üzrə müəyyən olunmuş praktikanın formalaşdığını, habelə cavabdehin elektron qaimə-fakturaların bir hissəsi üzrə ödənişlər etməklə həmin praktikanı təsdiq etdiyini göstərir. Bu səbəbdən mübahisə predmeti olan qaimə-fakturalar üzrə də analoji hüquqi və faktiki vəziyyətin mövcud olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır.
38. Son olaraq apellyasiya şikayətinin gecikdirmə faizinə dair hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin, yəni əsas borc məbləğinin malın ona təhvil verildiyi andan 15 gün müddətində ödənilmədiyi iş materialları ilə təsdiq olunur. Iddiaçı belə olan halda gecikdirilmiş borcun ən azı illik 5 faizinin ödənilməsini tələb etməyə haqlıdır.
39. Kollegiya qeyd edir ki, müqavilənin şərtlərinə əsasən ödəniş malların təhvil verilməsindən sonra 15 gün müddətində həyata keçirilməli olduğundan, gecikmə faizlərinin hər bir elektron qaimə-faktura üzrə ayrıca hesablanması müqavilə şərtlərinə daha uyğun olardı. Iş materiallarında mövcud elektron qaimə-fakturaların tarixləri, məbləğləri və iddianın verildiyi tarix nəzərə alınmaqla aparılmış hesablamalara əsasən gecikmə faizlərinin məbləği 7681,55 manat təşkil edir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdən artıqdır. Bununla belə, iddiaçı tərəfindən qətnamə mübahisələndirilmədiyindən və faiz məbləğinin artırılması cavabdehin vəziyyətini ağırlaşdıracağından, apellyasiya baxışının hədləri və apellyatorun vəziyyətinin ağırlaşdırılmasının yolverilməzliyinə dair reformatio in peius qadağası nəzərə alınaraq həmin hissədə qətnaməyə müdaxilə edilməsi üçün əsaslar mövcud deyildir.
40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə iş materialları ilə öz təsdiqini tapmadığından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.