Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2054/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 İlham oğlunun cavabdehlər Hüseynov İlham Nəriman oğlu, cavabdeh2 və ** saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçı iddiaçı2 İlham oğlunun cavabdehlər Hüseynov İlham Nəriman oğlu, cavabdeh2 və ** saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi ##.##.2020-ci il tarixdə Hüseynov İlham Nəriman oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir.
2. ##.##.2024-cü il tarixli Hüseynov İlham Nəriman oğlu (ipoteka qoyan) ilə cavabdeh2 (ipoteka saxlayan) ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar iddiaçı1 və iddiaçı2 İlham oğlu cavabdehlər Hüseynov İlham Nəriman oğlu, cavabdeh2 və ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı1 cavabdeh Hüseynov İlham Nəriman oğlu ilə rəsmi nikahdadır. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binasını və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsini əldə etmişdirlər. Hüseynov İlham Nəriman oğlu onun razılığını almadan birgə mülkiyyətləri olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,0320 ha torpaq sahəsi ilə bağlı digər cavabdeh cavabdeh2 ilə ## ###### 2024-cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. Əmlak ipoteka ilə yüklü edilməzdən öncə əmlakın üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur. İddiaçıların sözügedən ipoteka müqaviləsindən xəbərləri olmamış və onlar razılıq verməmişdirlər.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçılar iddiaçı1 və iddiaçı2 İlham oğlunun - cavabehlər Hüseynov İlham Nəriman oğlu, cavabdeh2 və ** saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata iddiaçı iddiaçı1 münasibətdə xitam verilmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, birgə nikah dövründə əldə edilən əmlak barəsində sərəncam verilən zaman yalnız ər-arvadın hər ikisinin razılığı tələb olunur. Həmin əmlak barəsində sərəncam verilən zaman digər ailə üzvlərinin razılığının alınması məcburi deyildir və qanunvericilikdə də təsbit olunmamışdır. İddiaçı isə cavabdeh İlham Hüseynovun oğlu olmaqla ailə üzvüdür və sözügedən əmlak barəsində İlham Hüseynov tərəfindən hər hansı sərəncamverici hərəkətlər aparılarkən iddiaçıdan razılıq almasına hər hansı bir zərurət yoxdur. Göründüyü kimi əmlak birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan İlham Hüseynov arvadı iddiaçı1 etibarnamə əsasında nümayəndəsi kimi əmlakı ipoteka ilə yüklü edərkən arvadının ona vermiş olduğu səlahiyyət əsasında müqavilənin bağlanmasına notariat ofisində razılıq vermiş və notarius da öz növbəsində həmin müqaviləni təsdiq etmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 277.1, 307.6, 307.7, 337.1, 339.3, 359.1, 362.1 və 362.2 -ci maddələrinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2 və 33.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. İddiaçı iddiaçı2 İlham oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı notariat ofisi qanunun tələblərini kobud şəkildə pozmaqla bu şərtlərə riayət etmədən, birgə nikah dövründə əldə olunmuş, iddiaçının pay haqqı olan mübahisə predmeti olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. İpoetka müqaviləsi ancaq Hüseynov İlham Nəriman oğluna 3 il əvvəl iddiaçı tərəfindən verilən etibarnamə əsasında aparılmışdır. Halbuki qanunvericilik birmənalı şəkildə nikahda olan şəxslərin hər ikisinin notarial qaydada təsdiq olunmuş razılığını tələb edir. Həmçinin qeyd edir ki, Hüseynov İlham Nəriman oğlu etibarnamədən öz xeyrinə stifadə edərək qanunsuz şəkildə qeyri-yaşayış sahəsini yüklü etmişdir. Onun etibarnamədən öz xeyrinə istifadə etməsi cavabdeh2 50.000 manat məbləğində borc pul götürməsi ilə şərtlənir. Bu hal məlum olduqdan sonra dərhal ümumiyyətlə həmin ##.##.2021-ci il tarixli, 7E-**** reyestr nömrəli etibarnamə ləğv olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiaçı2 İlham oğlu tərəfindən qətnamədən apellyasiya şikayətində iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.139-1.1 və 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 18.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 19.158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 20.158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 21.269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 22.271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 23.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 24.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 25.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun
26.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
27. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 30.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 33.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 34.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və etirazın dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir. 36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirmiş, işin faktiki hallarını düzgün müəyyən etmiş, həmin hallara tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmiş və prosessual hüquq normalarının pozulmasına yol vermədən qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mahiyyət etibarilə iddia ərizəsində irəli sürülmüş dəlilləri təkrar etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin səhv olduğunu təsdiq edən yeni hüquqi və ya faktiki əsaslar ehtiva etmir. 37.Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. 38.Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsındən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər. 39.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 40.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı iddiaçı2 İlham oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev