Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-665/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması, təmir və hüquqi yardıma görə çəkilmiş xərclərin tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsindən cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCnin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Koporasiyası” ASC-dən 45.071 manat pul vəsaitinin, 60 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 225,21 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü il tarixli, ***** nömrəli müqaviləyə əsasən aralarında "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ünvan 2 məhəllə ünvanında yerləşən * saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət *** saylı mənzili iddiaçıya müqavilə ilə müəyyən edilmiş qaydada hər ay 598,88 manat olmaqla cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Maddi durumunda yaranmış sıxıntı nəticədə cavabdehlə bağlanmış müqavilənin birtərəfli ləğv edilməsinə səbəb olmuşdur, daha dəqiq desək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2015ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsi və tərəfindən mənzilin boşadılması qət edilmişdir. Baxmayaraq ki, qətnamə 2015-ci ildə qəbul edilmişdir, 2022-ci ilədək iddiaçı ailəsi ilə birlikdə ünvan 1 məhəllə ünvanında yerləşən * saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət *** saylı mənzildə yaşamağa davam etmişdir. Bildiyi qədərilə 2022-ci ildə mənzil başqasına satılmışdır. Bundan sonra onların oranı tərk etməsi tələb edilmişdir. Buna baxmayaraq, mənzil satıldıqdan sonra belə mənzilə ödədiyi ilkin ödəniş, eyni zamanda aylıq ödənişlər geri qaytarılmamışdır. Belə ki, cavabdehlə aralarındakı müqavilənin 2.3-cü maddəsinə əsasən alıcı məbləğin 1 aylıq ödənişi miqdarında ilkin ödəniş ödəyir. Müqavilənin 2.2-ci maddəsinə əsasən mənzilin qiyməti kimi ödəniləcək ümumi məbləğin hər ay üçün müəyyənləşdirilmiş məbləği olan 598,88 manat pulu hər ayın 26-dək ödəyəcək. Ümumilikdə cavabdehə 16.846 manat ödəniş edilmişdir. Eyni zamanda, ünvan 1 məhəllə ünvanında yerləşən * saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət *** saylı mənzil tərəfindən əsaslı təmir edilmişdir. Mənzil cavabdeh tərəfindən tam təmirsiz verilmişdir. Müqavilə əsasında istifadəsində olan mənzilin təmiri üçün 28.225,40 manat pul xərclənmişdir. Təmirə sərf olunmuş pul vəsaitini iddia ərizəsində qrafikdə açıqlamasını təqdim edir. Həmin müqavilənin 3.1.1.8-ci maddəsinə əsasən müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəsinin isə mənzil yalnız başqa şəxsə satıldıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur. Sözügedən maddədən də göründüyü kimi, ev satıldıqdan sonra cavabdeh sözügedən vəsaiti iddiaçıya qaytarmalı idi, bununla belə cavabdeh nə onlara ödədikləri məbləği, nə də ki təmirə xərclədiyi məbləği iddiaçıya qaytarmamışdır. Bununla belə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsi və tərəfindən mənzilin boşadılması qət edilmişdir. Belə olan halda isə cavabdeh əsassız olaraq varlanmışdır.
3. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil ##.##.2025-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 45.071 manat pul vəsaitinin, 1060 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin, 500 manat ekspertiza üçün ödənilmiş pulun və 225,21 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 16864,64 manat məbləğində pul vəsaitinin, 19970 manat təmirə çəkilmiş xərclərin əvəzinin, dövlət rüsumuna görə ödənilmiş məbləğin 200,5 manat hissəsinin, ekspertiza xərcinə görə ödənilmiş 500 manatın və hüquqi yardıma görə ödənilmiş 1060 manatın tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilənin 3.1.1.8-ci bəndi müqavilənin yalnız alıcı, yəni İddiaçı təşəbbüsü ilə ləğv edildiyi hallara şamil edilir. Lakin preyudisial əhəmiyyətə malik məhkəmə aktlarından (Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci tarixli *(***)-****/**** saylı qətnaməsi) göründüyü kimi, müqavilənin ləğvinin təşəbbüskarı alıcı deyil, satıcı “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olmuşdur. Bu səbəbdən pulun tutulması ilə bağlı hər hansı qeyd-şərtlər (ilkin ödənişin qaytarılmaması və sair) tətbiq edilə bilməz. Buna görə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 16864,64 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
6. İddia tələbinin mənzilin təmirinə çəkilmiş 28.225 manat pulun cavabdehdən xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanacaq və bu hal da cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. İddiaçı bildirdiyinə görə, 2013-cü ildən 2022-ci ilə qədər mənzili təmir edərək, ünvan 2 məhəllə ünvanında yerləşən * saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət *** saylı mənzilində yaşamışdır. Məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbinə qiymət verilən zaman mənzilin iddiaçı tərəfindən istifadə olunması nəticəsində köhnəlmə faizi nəzərə alınmalıdır. Buna görə də məhkəmə köhnəlmə nəzərə alınmaqla mənzilin təmirinə sərf olunmuş məbləğin 19970 manat olmaqla (mütəxəssis rəyinə əsasən), cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
7. Cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilə məhkəmə qaydasında iddiaçının müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələrini əhəmiyyətli dərəcədə pozması üzündən ləğv edildiyi üçün iddiaçının mənzilə görə cavabdehə ödədiyi pul ona geri qaytarılmamalıdır. İddiaçı 2013-cü ildən 2022ci ilədək cavabdehdən aldığı mənzilin pulunu ödəmədən həmin mənzildə yaşamışdır. Bu müddət ərzində o kirayədə yaşamış olsaydı, hər ay ən azı 400 manat ödəməklə 9 ilə (9 il x 12ay=108 ay) 43200 manat kirayə haqqı ödəməli idi. Lakin məhkəmə qətnamə çıxararkən ədalət prinsipini pozaraq əksinə hesab etmişdir ki, cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC iddiaçının mənzilə görə ödədiyi pulu iddiaçıya vaxtında geri qaytarmamaqla əsassız varlanmış olur. Hesab edirlər ki, əksinə iddiaçının mənzilə görə ödədiyi pul 16864,64 manat ona qaytarıldıqda iddiaçı 9 il (108 ay) müddətində ödəmədiyi kirayə haqqı məbləği (43200 manat) həcmində əsassız varlanmış olur. Məhkəmə təmir xərci məbləğinim 19970 manat olması qənaətinə gələrkən qanunsuz və əsassız tərtib edilmiş ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyində qiymətlər şişirdilmiş, köhnəlmə (aşılanma) faizi düzgün müəyyən edilməmişdir. Rəydə Ekspert 3.5 faiz amortizasiya (köhnəlmə) faizi tədbiq edərkən hansı qanunvericiliyə əsaslandığını qeyd etmir. Məlumdur ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 114-cü maddəsinə əsasən köhnəlmə (aşılanma) faizi ilə 7 faiz müəyyən edilir. Cavabdeh məhkəməyə təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə həmin vəsatətə baxmamış, cavabdehin əsaslı vəsatətinə qiymət belə verməmişdir. Məhkəmə təmir xərcinin ödənilməsi qənaətinə gələrkən də heç bir sübuta əsaslanmadan hesab etmişdir ki, cavabdeh həmin mənzili satarkən əsassız varlanacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının ##.##.2026 və ##.##.2026-cı il tarixli məhkəmə iclaslarında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahatlar verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; - 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən həmin hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarında olan ##.##.2013-cü il tarixli, ***** saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Bakı şəhəri, Sabunçu rayonu, **** saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, * saylı binanın, 1 blok, 11 mərtəbə, *** saylı mənzilini alıcı İddiaçı satmışdır. Mənzilin dəyəri 86865,6 manat məbləğində müəyyən olunmuş və alıcı hər ay 598,88 manat olmaqla, həmin məbləği 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.
18. İs materiallarında olan arayışdan görünür ki, alıcı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, **** saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, * saylı binanın, 1 blok, 11 mərtəbə, *** saylı mənzili bron etmək üçün 200 manat ödəmişdir. Hal- hazırda mənzil üzrə ödəniş etməklə müqavilə bağladığı üçün, ödənilmiş 200 manat bron haqqı 300110011100108 kodlu hesab üçün həqiqi hesab olunmuşdur.
19. İş materiallarında olan “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Mənzil Təhvil Komissiyasının sədri Elşən Fətəliyev, Komissiyanın üzvləri İradə Ovçiyeva və Şahin Mahmudov tərəfindən imzalanaraq tərtib edilmiş ##.##.2013-cü il tarixli aktdan görünür ki, “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, **** saylı məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, * saylı binanın, 1 blok, 11 mərtəbə, *** saylı inşa etdiyi mənzili ***** saylı, ##.##.2013-cü il tarixli müqavilənin 3.1.2.3 bəndinə uyğun olaraq təhvil vermiş alıcı İddiaçı isə təhvil almışdır. Tərəflərin bir-birinə qarşı binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyası mövcud deyil və buna görə də bu aktı imza edirlər.
20. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə İddiaçı arasında ünvan 1 məhəllədə yerləşən * saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət *** saylı mənzilinə dair bağlanmış ***** saylı, ##.##.2013-cü il tarixli müqavilə ləğv edilmiş, ünvan 1 məhəllədə yerləşən * saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqdan ibarət *** saylı mənzilin boşaldılması və mənzilin “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə təhvil verilməsi, İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur.
21. İş materiallarında olan ##.##.2013-cü il tarixli, ##.##.2013-cü il tarixli 3 ədəd, ##.##.2013-cü il tarixli, ##.##.2014-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə cəmi 16.846,64 manat “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə pul vəsaiti ödənilmişdir.
22. İş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı “xxxx” MMC-nə 500 manat xidmət ödənişi etmişdir.
23. İş materiallarında olan ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı Vəkil cəmi 1.060 manat hüquqi yardım üçün ödəniş etmişdir.
24. İş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, **** saylı məhəllə ünvanında yerləşən * saylı binanın 1-ci blokunun sahəsi 110,57 kv.metr olan 3 otaqlı *** saylı mənzilində yerinə yetirilmiş tikinti-təmir və quraşdırma işlərinin 2013-cü ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, ümumi təqribi dəyəri 26003 manat, köhnəlmə faizi (23,2%) nəzərə alınmaqla təqribən 19970 manat, köhnəlmə faizi (6,5%) nəzərə alınmaqla təqribən 24313 manat məbləğində müəyyən edilir.
25. Tərəflər arasında olan mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərildiyi kimi həll edilmişdir.
26. Cavabdeh məhkəmənin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, iddiaçı 2013-cü ildən 2022-ci ilədək cavabdehdən aldığı mənzilin pulunu ödəmədən həmin mənzildə yaşamışdır. Bu müddət ərzində o kirayədə yaşamış olsaydı, hər ay ən azı 400 manat ödəməklə 9 ilə (9 il x 12ay=108 ay) 43200 manat kirayə haqqı ödəməli idi. Lakin məhkəmə qətnamə çıxararkən ədalət prinsipini pozaraq əksinə hesab etmişdir ki, cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC iddiaçının mənzilə görə ödədiyi pulu iddiaçıya vaxtında geri qaytarmamaqla əsassız varlanmış olur. Hesab edirlər ki, əksinə iddiaçının mənzilə görə ödədiyi pul 16864,64 manat ona qaytarıldıqda iddiaçı 9 il (108 ay) müddətində ödəmədiyi kirayə haqqı məbləği (43200 manat) həcmində əsassız varlanmış olur.
27. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə qiymət verərək ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 2013-cü ildən 2022-ci ilədək cavabdehdən aldığı mənzilin pulunu ödəmədən həmin mənzildə kirayədə yaşayacağı halda, bu müddət ərzində müəyyən miqdarda kirayə haqqı ödəməli olub-olmaması hazırki mübahisənin predmeti deyil. Bunun mübahisələndirilməsi üçün ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək cavabdehin hüququdur.
28. Hazırki mübahisənin predmeti iddiaçının mənzil alınması və təmir edilməsi üçün ödədiyi pul vəsaitinin cavabdehdən tələb edilməsi ilə bağlıdır.
29. İş materiallarından göründüyü kimi İddiaçı mübahisəli mənzilin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsilə tərəflər arasında olan alqı-satqı müqaviləsi ləğv edilərək mübahisəli mənzilin boşaldılması və mənzilin “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə təhvil verilməsi qət edilmişdir.
30. Tərəflər arasında bağlanmış ***** saylı, ##.##.2013-cü il tarixli müqavilənin 3.1.1.8ci bəndinə əsasən müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəsinin isə mənzil yalnız başqa şəxsə satıldıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur.
31. Lakin işin hallarından göründüyü kimi müqavilənin ləğvinin təşəbbüskarı alıcı deyil, satıcı “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə pulun tutulması ilə bağlı hər hansı qeyd-şərtlər (ilkin ödənişin qaytarılmaması və sair) tətbiq edilə bilməyəcəyi barədə düzgün nəticəyə gəlmişdir.
32. Bundan əlavə, yuxarıda göstərilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, ##.##.2013-cü il tarixli, ***** saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 16.846,64 manat məbləğində pul ödənilmişdir. İddiaçı hazırda həmin mənzildə yaşamır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzilin iddiaçı İddiaçı tərəfindən boşaldılaraq “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə təhvil verilməsi qət edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən ödənilmiş məbləği cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur.
33. Cavabdeh həmçinin apellyasiya şikayətində iddiaçının mübahisəli mənzilin təmirinə xərclədiyi məbləğin miqdarını mübahisələndirir. Onun əsas dəlili ondan ibarətdir ki, məhkəmə təmir xərci məbləğini 19970 manat olması qənaətinə gələrkən qanunsuz və əsassız tərtib edilmiş ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyində qiymətlər şişirdilmiş, köhnəlmə (aşılanma) faizi düzgün müəyyən edilməmişdir. Rəydə Ekspert 3.5 faiz amortizasiya (köhnəlmə) faizi tədbiq edərkən hansı qanunvericiliyə əsaslandığını qeyd etmir. Məlumdur ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 114-cü maddəsinə əsasən köhnəlmə (aşılanma) faizi ilə 7 faiz müəyyən edilir.
34. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, mütəxəssis rəyində Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə istinad edilərək aşağıdalar göstərilmişdir: “Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən, binalar və tikintilər üzrə illik amortizasiyanın (köhnəlmənin) maksimum həddi 7%-dir. Nəzərə alınsa ki, tədqiq olunan mənzildə təmir işləri 2013-cü ildə aparılmışdır və iddiaçı həmin mənzildə 2022-ci ilədək yaşamışdır, bu zaman tədqiq olunan mənzil təmirli vəziyyətdə 9 il (2022-2013-cü il) müddətində iddiaçının istifadəsində olmuşdur. Belə olan halda, mənzilə təqribi olaraq orta hesabla illik 3,5% amortizasiya (köhnəlmə) tətbiq edilməsi məqsədəmüvafiq hesab olunur. Tədqiq olunan mənzilin təmirliyinə uyğun olaraq istismar müddətinə görə amortizasiyanın (köhnəlmə) təqribən 23,2% ((9,0-3,5%) =8.685)-3,5%=8,381)-3,5%=8,088)-3,5%=7,804)-3,5%=7,53)-3,5=7,27)-3,5%=7,01)- 3,5%=6,768%)-3,5%=6,63)x3,5) olduğu nəzərə alınmaqla, tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir və quraşdırma işlərinin ümumi təqribi dəyərinin 19970,0 (26003,0-23,2%) manat məbləğində olduğu müəyyən edilir. Eyni zamanda, iddia ərizəsinə əsasən, tərəflər arasında bağlanmış müqavilənin 2015-ci il tarixdə ləğv edilməsini nəzərə alaraq, tədqiq olunan mənzil təmirli vəziyyətdə iddiaçının istifadəsində 2 il (2015-2013-cü il) müddətində olmuşdur. Belə olan halda, mənzilin təmirliyinə uyğun olaraq istismar müddətinə görə amortizasiyanın (köhnəlmə) təqribən 6,5% ((2,0-3,5%)=1.93)- 3,5%=1,86)x3,5) olduğu nəzərə alınmaqla, tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş tikintitəmir və quraşdırma işlərinin ümumi təqribi dəyərinin 24313,0 (26003,0-6,5%) manat məbləğində olduğu müəyyən edilir”.
35. Mütəxəssis rəyindən göründüyü kimi, mütəxəssis tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla mübahisəli mənzilin təmirinə dair illər üzrə köhnəlmə faizi hesablanaraq yekun rəy verilmişdir.
36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən edilən mütəxəssis rəyini əsaslı və mötəbər sübut kimi qəbul edir və hesab edir ki, birinci instansiya məhkəməsi həmin rəyə istinad edərək iş üzrə düzgün nəticəyə gəlmişdir və cavabdehin bununla bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “xxxx Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov