Məhkəmə qərarları › İş №2(5-117)-383/2026

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-117)-383/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - Yük daşınması müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(5-117)-383/2026 12.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı 5180 manat yükdaşıma xidməti olan pul, 2040 manat dayanma pulu və dövlət rüsumu kimi ödədiyi 93 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakteri daşıyır. Belə ki, Vahid Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilən çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Onun fəaliyyət istiqaməti pirojki satışı üzrə fəaliyyətdir. Eyni zamanda, Cavabdeh1 da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Onun fəaliyyət istiqaməti isə kartofun becərilməsidir. Digər cavabdeh kimi cəlb olunan "xxxx" MMC isə hüquqi şəxsdir. Göründüyü kimi, mübahisə tərəflərin həyata keçrdikləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin İddiaçı tərəfindən ödənilmiş 93 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 93 (doxsan üç) manat məbləğində pul (mədaxil qəbzinin nömrəsi – **********62) İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar