Məhkəmə qərarları › İş №7(3-6)-1123/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1123/2026

29.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1123/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Əliyeva Aytən Heydər qızı və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Prokuror, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X1, Məhkum Məhkum və müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakı ilə, Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum ümumi rejimli cəza çəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin olunmamışdır. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror X1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkum Məhkum şəxsi işi və mülahizədən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tairxli qarı ilə cəzası 6 ilə endirilmiş, hökmlə barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbiri Xəzər rayon Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Cəzasının əvvəli ##.##.2022-ci il, cəzasının sonu isə ##.##.2028-ci ildir. Məhkum Məhkum Təqdimat verən orqan ##.##.2023-cü il tarixdə Bakı istintaq təcridxanasından qəbul edilmişdir. Qəbul olunduğu gündən ona müəssisənin daxili intizam qaydaları, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Məhkum verilən tövsiyələrdən düzgün nəticə çıxararaq rejim qaydalarına ciddi riayət etməklə islah yoluna yönəlməyə səy göstərmişdir. Cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşimançılıq hissi keçirdiyini bildirir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Dəstədə keçirilən mədəni-kütləvi və tərbiyə tədbirlərində iştirak edir. Məhkum yoldaşları ilə münasibətdə səmimidir. Xasiyyətcə sakitdir. Asudə vaxtını səmərəli təşkil etməyi bacarır. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Fərdi söhbətlər zamanı ailəsini törətdiyi cinayətlə üzləşdirmiş olduğu çətinliklərə görə xəcalət çəkdiyini və azadlığa çıxaraq doğmalarına qovuşub, cəmiyyətdə layiqli yer tutmaqla onlara maddi və mənəvi dəstək olmaq arzusunda olduğunu bildirir. Cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkumun ekspertiza xərci ilə əlaqədar dövlətə olan 114 manat borcu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-T nömrəli əmri ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı komissiya"nın ##.##.2026-cı il tarixli ** nömrəli iclas protokoluna əsasən məhkum Məhkum şəxsi işi öyrənilmiş və barəsində müsbət rəy verilmişdir. Azərbaycan Respublikası CIM-nin 70.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə görə, müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən, az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli Qərarının 1ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Müəyyən olunur ki, məhkəmə məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti və islah olunmasını nəzərə almalıdır. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Qüvvədə olan tənbeh tədbirini nəzərə alaraq və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək məhkəmə hesab edir ki, Məhkum hazırkı vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkumun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun ərizəsinin təmin edilməməsi barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, məhkum Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 15 (on beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 15 (on beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Aytən Əliyeva Anar Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar