Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1334/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 260 (iki yüz altmış) manat pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilə “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi ilə İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh mənzilindən su axıdılması nəticəsində, mənzilə qismən zərər dəymişdir. Hadisə öz təsdiqini 145 saylı MKİS-in 30 iyun 2020-ci il tarixli aktında tapmışdır. Baş vermiş hadisə ilə bağlı, 260 (iki yüz altmış) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirik ki, ödənilmiş 260 (iki yüz altmış) manat məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşdə iştirak edən şəxslərin izahatları və iddiaya münasibətləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianı müdafiə etmişlər.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz etmiş və yazılı etirazını belə əsaslandırmışdır ki, 27 iyun 2020-ci il tarixdə ondan asılı olmayan səbəbdən, yəni gecə vaxtı mənzilində su xətti borusunun partlaması nəticəsində aşağı mərtəbəyə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1 A, mənzil 15-də yaşayan qonşusu Naiq Həsənov ilə olan şifahi razılığa əsasən su sızması nəticəsində onun mənzilinə dəymiş zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitini N.Həsənova ödəmişdir. Onun və qonşusu N.Həsənovun mənzili icbari sığortalı olduğundan, həm onun, həm onun sığortaçısı müvafiq qaydada mənzillərə baxış keçirtmişdir. 18 dekabr 2023-cü il tarixdə "xxxx" ASC pretenziya məktubu ilə ona müraciət edərək, 3 il 6 ay müddət keçdikdən sonra baş vermiş subasma hadisəsi nəticəsində dəymiş zərərin əvəzi qismində sığortaçı tərəfindən ödənilmiş 260 manat pul məbləğinin subroqasiya hüququ əsasında 15 gün ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuş, ödənilməyəcəyi təqdirdə isə müvafiq məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Lakin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən hazırki icbari sığorta hadisəsi üzrə sığortaçının ona qarşı subroqasiya hüququ yaranmamışdır. Belə ki, “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişi verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində(subroqasiya hüququ) və bu qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin qanunun 25-ci maddəsində isə sığotaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması halları göstərilmişdir. Göründüyü kimi qanunverici sığortaçının subroqasiya hüququnun yaranmasının əsasını (İcbari sığortalar haqqında” AR qanunun 25-ci maddəsi ilə şərtləndirmişdir. İşin hallarından müəyyən olunduğu kimi qeyd olunan qanunun 25.1.1- 25.1.8-ci maddəsində göstərilən hallar hazırki icbari sığorta hadisəsi üzrə mövcud deyildir. Bundan başqa qeyd olunan qanunun 25-ci maddəsində göstərilən hallar mövcud olsa belə, qanunun mənasına görə sığortaçının verdiyi sığorta ödənişi məbləğində yalnız sığortalıya və sığorta olunana qarşı subroqasiya hüququ yarana bilər. Hesab edir ki, icbari sığorta üzrə sığortaçı "xxxx" ASC-nin subroqasiya hüququ qaydasında ona qarşı iddia tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur.
5. Cavabdeh bundan əlavə məhkəmə iclaslarında bildirmişdir ki, qonşusu Naiq Həsənovla şifahi razılığa gələrək su sızması nəticəsində onun mənzilinə dəymiş zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti ödəmişdir. Həmin mənzil Naiq Həsənovun anası Şəfiqə Həsənovanın adına olsa da, mənzildə N.Həsənov yaşayırdı. Lakin o da, hazırda mənzili satmışdır. Hadisə olan vaxt həkim olduğuna görə rayonda yerləşən xəstəxanaların birinə ezam olmuşdur. O qızına bu barədə məlumat vermiş və qızı evinə baxış keçirən zaman mənzildə su turbasının partladığını aşkar etmişdir. Halbuki o mənzilini yenicə təmir elətdirmiş və su turbalarını yeniləmişdir. Bununla belə sığorta şirkəti, həm də bələdiyyənin nümayəndəsi həm onun, həm qonşunun evinə baxış keçirtmişlər. O qonşudan sığorta şirkəti tərəfindən ona ödəniş edilib-edilmədiyini soruşduqda, sonuncu çox cuzi ödəniş edildiyini bildirmişdir. Bundan sonra o utandığından dəymiş zərərin əvəzi olaraq 500 manat vəsaiti Naiq Həsənova ödəmişdir. Bundan əlavə Naiq Həsənovla bu günlərdə əlaqə saxladıqlarını və ona sığorta şirkəti tərəfindən cəmi 60 manat ödəniş edildiyini dediyini bildirdi.
6. Üçüncü şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 1 A, mənzil 15 "xxxx" ASC-də “daşınmaz əmlakın icbari sığortası” sığorta növü ilə sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığorta məbləği 25000 manat, azadolma məbləği isə 250 manat məbləğdə müəyyən edilmişdir. Sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2020-xx.xx.2021-ci il dövrü əhatə etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının mənzilindən sığortalı əmlaka su axma nəticəsində sığorta hadisəsi baş vermişdir. Həmin sığorta hadisəsi nəticəsində zərərin məbləği 510 manat müəyyən edilmiş və 250 manat azadolma məbləği çıxılmaqla sığortalıya 260 manat ödənilmişdir. Sığorta hadisəsi nəticəsində dəyər zərərin qiyməti müstəqil ekspert tərəfindən müəyyən edilmiş, sığorta hadisəsi ilə bağlı isə 145 saylı MKİS-nin mühəndisi, mühasibi, santexnik-çilingəri tərəfindən xx.xx.2020-ci il tarixdə AKT tərtib edilmişdir. Ümumiyyətlə cavabdehin mənzilindən sığorta olunan mənzilə su axması və bunun nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh də bu faktı təsdiq edir.
8. Hazırda iddiaçı ödədiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsə qarşı subroqasiya tələbi irəli sürmüşdür.
9. Cavabdeh isə iddianı qəbul etmir və bildirir ki, o, sığorta hadisəsi baş verəndən sonra dəymiş zərərin əvəzi qismində sığorta olunana 500 manat ödəmişdir. Bundan əlavə icbari sığorta üzrə ona qarşı subroqasiya hüququ yarana bilməzdi. Eyni zamanda onun da icbari sığortası olmuşdur və bu səbəbdən ona qarşı tələb yönəldilməməlidir. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
12. 897.4-cü maddəsinə əsasən icbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
13. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
14. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
15. 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
16. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
17. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
18. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
19. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun:
21. 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
22. 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.
23. 23.1.6. sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır.
24. 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
25. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
26. 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.
27. 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manatdır.
28. 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
29. 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
30. 42.2. Təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.
31. 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
32. 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. Məhkəmənin əsaslandırması:
33. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi daşınmaz əmlakın iki sığorta növü vardır. Bunlar “daşınmaz əmlakın icbari sığortası” və “daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Ümumiyyətlə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
34. Bundan əlavə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda subroqasiya hüququnun yaranması əsasları yalnız mülki məsuliyyətin icbari sığortasına münasibətdə tənzimlənmişdir. Yəni qeyd olunan qanunda daşınmaz əmlakın digər sığorta növü üzrə, yəni “daşınmaz əmlakın icbari sığortası” ilə bağlı subroqasiya hüququ ilə bağlı məsələlər tənzimlənməmişdir. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, həmin icbari sığorta növü üzrə subroqasiya hüququ ilə bağlı münasibətlər Mülki Məcəlləyə əsasən tənzimlənməlidir.
35. Hazırki işin hallarından da müəyyən edildiyi kimi iddiaçı daşınmaz əmlakın icbari sığortası üzrə subroqasiya tələbini irəli sürmüşdür. Hansı ki, Mülki Məcəllənin bununla bağlı müvafiq normaları həmin sığorta növü üzrə subroqasiya tələbini istisna etməmişdir.
36. Odur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində sığortalıya zərər vurulduğundan və tələb olunan məbləğdə sığortaçı tərəfindən faydalanan şəxsə sığorta ödənişi edildiyindən iddiaçının həmin məbləğdə zərərvurana qarşı subroqasiya hüququ əsaslı hesab edilməlidir.
37. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə onu qeyd edir ki, əgər cavabdeh zərərin məbləğindən əlavə, sığorta ödənişindən məlumatlı olmadan sığortalıya(faydalanan şəxsə) hər hansı vəsait ödəmişdirsə onun əsassız varlanma qaydasında tələb hüququ istisna edilmir. Bundan əlavə cavabdeh daşınmaz əmlakın icbari sığorta növündə sığortalanmış olsaydı belə, onun mülki məsuliyyəti istisna edilməyəcək idi, çünki həmin sığorta növünün təyinatı sığortalıya məxsus daşınmaz əmlaka dəyən zərərin əvəzinin ödənilməsindən ibarətdir. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
42. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
43. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 260 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 260 (iki yüz altmış) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev