Məhkəmə qərarları › İş №e-2(004)-1299/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1299/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1299/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 530 L” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 770 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21723” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “BMW 530 L” markalı 90 UM156 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “BMW 530 L” markalı 90 UM156 dövlət qeydiyyat nişanlı avtomobilə 770 manat ziyan dəymişdir. PAT********** saylı icbari sığorta müqaviləsinə, 073212 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “BMW 530 L” markalı ** UM *** qeydiyyat nişanlı avtomobilə 770 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli olması xx.xx.2019-cu il tarixli Bakı Şəhəri Yasamal DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: PAT********** saylı, xx.xx.2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21723” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan və xx.xx.2019-cu il tarixli TP № ******* saylı inzibati təhbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə idarə etdiyi “VAZ 21723” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində “BMW 530 L” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsində sürücü Cavabdeh təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı , 327.1-ci maddələri ilə cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin ekspertiza şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi” barədə hesabata uyğun olaraq, “BMW 530 L” markalı 90 UM156 dövlət qeydiyyat nişanlı avtomobilə 770 manat ziyan dəymişdir. 073212 saylı xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “BMW 530 L” markalı ** UM *** qeydiyyat nişanlı avtomobilə ödənilməli sığorta ödənişin məbləği 770 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 9919 saylı ödəniş tapşırığı və ona 1 saylı əlavəyə əsasən sığorta ödənişi alan şəxslərin siyahısına “BMW 530 L” markalı avtomobilin sahibi zərərçəkmiş X1 da daxil edilmiş, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ona 770 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublardan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh “BMW 530 L” markalı ** UM *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi mərhələsində iştirak etməsi üçün öz ofislərinə dəvət etmiş və həyata keçirdikləri 770 manat sığorta ödənişini 7 iş günü ərzində geri ödəməyi Cavabdeh xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2728 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı “BMW 530 L” markalı, ** UM *** döylət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 710,0 manat müəyyən edilir. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdehin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində zərərçəkmişə zərər vurması və həmin zərərin sığorta müqaviləsinə əsasən iddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla belə məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tərəfindən müəyyən edilmiş zərər məbləği nəzərə alınaraq iddia sığorta ödənişi tələbi hissəsində qismən təmin edilməli və cavabdehdən 710 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun 28,03 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. O cümlədən, ekspertiza tədqiqatının dəyəri olan 50 manat xərcin 3,90 manatı iddiaçıdan, 46,10 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 710 (yeddi yüz on) manat dəymiş zərər, 28,03 (iyirmi səkkiz manat üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat xərcin 46,10 (qırx altı manat on qəpik) manatı Cavabdeh, 3,90 (üç manat doxsan qəpik) manatı İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar