Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1431/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ölümünə görə sığorta ödənişinin verilməsi öhdəliyinin Cavabdeh SŞ ASC-nin üzərinə qoyulması, hüquqi yardıma görə ödənilmiş 340 manat və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh SŞ ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən, kreditor illik 8 faiz olmaqla 48.300 manat məbləğində vəsaiti 204 ay müddətində borc verir. Həmin kredit müqaviləsinin təminatı olaraq sığortalı X6 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2014-cü il tarixli, MAP-140221-B09 saylı və xx.xx.2016-cı il tarixli, MAP-164815 saylı həyat sığortası şəhadətnamələri bağlanılmışdır. X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Sığorta şirkətinə edilmiş müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixli, O-H-2024-0364 saylı məktubla sığorta ödənişinin verilməsindən imtina edildiyi bildirilmişdir. İmtina səbəbi kimi sığorta olunan X2 bilavasitə ölümünə səbəb olmuş xəstəliyin «dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı» olduğu, bu xəstəliyin isə öz növbəsində 14 il öncədən diaqnozu qoyulmuş «virus mənşəli xroniki C hepatiti» və 10 il davam edən «digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu» xəstəliyi nəticəsində baş verdiyi qeyd edilmişdir. İddiaçı tərəf bununla bağlı bildirir ki, mərhum X6 Cavabdeh Sığorta Şirkəti ASC ilə xx.xx.2014-cü il tarixli, MAP-140221-B09 saylı və xx.xx.2016-cı il tarixli, MAP-164815 saylı həyat sığortası şəhadətnamələrini bağlayarkən onda yuxarıda qeyd olunan xəstəliklər mövcud olmamışdır və sığorta olunan özündə olmayan xəstəliyin mövcudluğu ilə bağlı sığorta şirkətinə məlumat verə bilməzdi. Cavabdehin imtina məktubunda sığorta ödənişindən imtina verilməsinə əsas kimi xx.xx.2016-cı il tarixli MAP-164815 saylı həyat sığortası müqaviləsinin 4-cü bəndində Hepatit C xəstəliyindən əziyyət çəkən xəstələrlə sığorta müqaviləsinin bağlanmadığını, müqavilə bağlandığı zaman X6 özündə Hepatit C xəstəliyinin olmadığını bəyan etməsi ilə sığortaçını sığorta riskini qiymətləndirmə imkanından məhrum etdiyini və bu səbəbdən müqavilənin tərkib hissəsi olan «Fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 4.3 və 18.1.3-cü maddələrinə əsasən sığorta ödənişinin verilməsindən imtina olunduğu qeyd edilmişdir. İddiaçı tərəf qeyd edir ki, sığorta olunan X6 MAP-164815 saylı həyat sığortası müqaviləsi bağlanarkən tam sağlam idi və Hepatit C xəstəliyindən əziyyət çəkmirdi. Göründüyü kimi Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişinin verilməsindən imtina etməsi formal mülahizələrə əsaslanır və tam olaraq qanunsuz və əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının həyat yoldaşı X7 ipoteka kreditləri üzrə borcalanların həyat sığortası üzrə 04 fevral 2017-ci il tarixli MAP-164815 saylı «Həyat Sığorta Şəhadətnaməsi» əsasında sığorta olunmuş və o, 08 may 2024-ci il tarixdə «qaraciyər çatışmazlığı» səbəbindən vəfat etmişdir. Sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 4.3.4-cü bəndinə əsasən, Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələrlə bağlı sığorta müqaviləsi bağlanmır. Qaydaların 6.6-cı bəndinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Tərəflər arasında bağlanmış 04 fevral 2017-ci il tarixli MAP-164815 saylı «sığorta şəhadətnaməsi»ndə də qeyd olunub ki, sığortalı (sığortaolunan) sığorta müqaviləsi bağlanan zaman özünün aşağıdakı şəxslər siyahısına aid olmadığını bəyan edir: Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr. Cavabdeh Sığorta Şirkəti tərəfindən S.İ.Cabbarova münasibətdə sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq üçün sığorta müqaviləsində yuxarıda qeyd edilən bəndlər mövcud olmasına baxmayaraq, S.İ.Cabbarov sığorta müqaviləsi bağlanan zaman özünün Hepatit C xəstəliyindən əziyyət çəkən xəstələr siyahısına aid olmadığını bəyan etmişdir. Baxmayaraq ki, sığortalı müqavilə bağlayan zaman özünün Hepatit C xəstəliyindən əziyyət çəkən xəstələr siyahısına aid olmadığını bəyan etmişdir, iş materiallarında olan 2 saylı Ailə Sağlamlıq Mərkəzinin 01 may 2024-cü il tarixli «X4» sənədindən görünür ki, S.İ.Cabbarovda əsas xəstəlik kimi 10 il «Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu»; əsas xəstəliyin ağırlaşması kimi 1 gün «Dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı»; yanaşı xəstəlik kimi 14 il «Virus mənşəli xroniki C hepatiti» mövcud olmuşdur. Belə ki, qısa anamnezdə qeyd edilmişdir ki, «xəstə 14 il əvvəl virus mənşəli hepatit «C» diaqnozu ilə təsdiqlənmişdir. 2010-cu ildən «qaraciyər sirrozu» diaqnozu ilə müayinə və müalicədə olmuşdur». Mərkəzi Klinikadan verilmiş 28 mart 2024-cü il tarixli epikrizdə qeyd edilmişdir ki: «Anamnesis Morbi, Uzun müddətdir, Hepatit C xəstəliyindən əziyyət çəkir. Hepatit C-yə bağlı qaraciyər sirrozu inkişaf etmiş, əməliyyat olunmaq üçün MK-ya müraciət edib. Kliniki gedişat: 29 mart 2024-cü il tarixində xəstəyə «Qaraciyər transplantasiyası» icra olundu». Bununla belə, S.İ.Cabbarov 08 may 2024-ci il tarixində «qaraciyər çatışmazlığı» səbəbindən vəfat etmişdir. Göründüyü kimi, S.İ.Cabbarov xeyrinə Sığorta müqaviləsi bağlanan zaman heç bir xəstəliyinin olmamasını bəyan etməklə əslində mövcud olan «Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu»; «Virus mənşəli xroniki C hepatiti» xəstəlikləri barədə sığortaçıya qəsdən yalnış məlumat vermiş, nəticədə sığortaçını sığorta riskini qiymətləndirmək hüququndan məhrum etmişdir. Baxılan halda, S.İ.Cabbarov qəsdən yalnış məlumat verməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Qaydaların tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 917-ci maddəsinə əsasən, sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. Həmçinin Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Qaydaların 18.1.3-cü maddəsinə əsasən, bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh Sığorta Şirkəti S.İ.Cabbarovun qəsdən yalnış məlumat verməklə sığortaçını sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək hüququndan məhrum etdiyi üçün sığorta ödənişinin verilməsindən imtina etmiş və bununla bağlı 25 iyul 2024-cü il tarixli məktubla faydalanan şəxs olan "xxxx" ASC-nin «Sumqayıt» filialına məlumat verilmişdir. Göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2017-ci il tarixli MAP-164815 saylı Həyat Sığortası Şəhadətnaməsindən və digər sənədlərdən görünür ki, X6 ipoteka kreditləri üzrə borcalanın həyat sığortası növündə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2017-ci il tarixdən saat 00:01-dən, xx.xx.2031-ci il tarixə, saat 24:00-dək müəyyən edilmişdir. Sığorta müqaviləsinin digər şərtləri müfəssəl və aydın, anlaşılan tərzdə qeyd olunmuşdur. O cümlədən, Hepatit C və sadalanan digər xəstəlik növlərindən əziyyət çəkən şəxslərlə bağlanmış sığorta müqavilələrinin bağlandığı andan etibarsız olduğu bəyan edilmişdir. Sığorta olunan sığorta müqaviləsinin şərtləri ilə tanış olaraq, «Hepatit C» və sadalanan digər xəstəlik növlərindən əziyyət çəkmədiyini bəyan etmişdir. - 2 saylı Ailə Sağlamlıq Mərkəzinin müalicə həkimi Pərvanə Mürsəlovanın tərtib etdiyi xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, 13 may 1969-cu il təvəllüdlü xəstə X6 14 il öncə virus mənşəli «Hepatit C» diaqnozu ilə təsdiqlənmişdir. 2010-cu ildən dekompensə qaraciyər sirrozu diaqnozu ilə müayinə və müalicə olunmuşdur. 08 may 2024-cü il tarixdə xəstənin vəziyyəti qəfil pisləşmiş və ailəsi Sumqayıt şəhər Təcili və X5 Stansiyasına müraciət etmişdir. Briqada qeyd olunan ünvana çatdıqda, 1969-cu il təvəllüdlü X2 meyitini aşkar etmişdir. Meyitə baxış olunmuşdur. Müayinə vaxtı meyitin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. - Cavabdeh Sığorta Şirkəti ASC-nin "xxxx" ASC-yə ünvanladığı 25 iyul 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Cavabdeh Sığorta Şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, SQ-XO-13.6.2024-001 saylı məktubu və ona əlavə olunmuş sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh Sığorta Şirkətində xx.xx.2017-ci il tarixli MAP-164815 saylı Həyat Sığortası Şəhadətnaməsi əsasında sığorta olunmuş X6 xx.xx.2024-cü il tarixdə «qaraciyər çatmamazılığı» səbəbindən vəfat etmişdir. İş materialları araşdırılmış və müəyyən olunmuşdur ki, **********28 saylı ölüm haqqında tibbi şəhadətnamədə qeyd olunur ki, sığorta olunan X2 bilavasitə ölümünə səbəb olmuş xəstəlik «dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı»dır. Bu xəstəlik isə öz növbəsində 14 il öncədən diaqnozu qoyulmuş «Virus mənşəli xroniki C hepatiti» və 10 il davam edən «Digər və dəqiqləşdirilməmiş qaraciər sirrozu» xəstəliyi nəticəsində baş vermişdir. MAP-164815 saylı sığorta müqaviləsinin 4-cü bəndində qeyd olunmuşdur ki, Hepatit C, onkoloji, xroniki ürəkdamar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİCS olan xəstələr, İÇV daşıyıcı olan xəstələrlə sığorta müqaviləsi bağlanmır. Lakin müqavilə bağlanan zaman X6 özündə Hepatit C xəstəliyin olmadığını bəyan etmiş və bununla da, sığortaçını sığorta riskini qiymətləndirmə imkanından məhrum etmişdir. Müqavilənin tərkib hissəsi olan «Fiziki şəxslərə təqdim edilən kredit müqaviləsi üzrə borclananın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarında sığortası Qaydaları»nın 4.3-cü bəndinə əsasən, sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, Hepatit C xəstəliyindən əziyyət çəkən şəxslərlə sığorta müqaviləsi bağlanmır. Qaydaların 18.1.3-cü bəndinə əsasən sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yalnış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması imtina üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Sığorta Şirkəti qeyd edilən hadisə ilə əlaqədar sığorta ödənişinin verilməsindən imtina etmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdeh tərəfin təqdim etdiyi etirazda istinad edilənlərə əsasən iddiaçının tələbləri əsassızdır. Belə ki, yuxarıda qeyd edilən sığorta müqaviləsinin bağlanması zamanı rəhbər tutulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları»nın 4.3.4-cü bəndinə əsasən, sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələrlə bağlı sığorta müqaviləsi bağlanmır. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Məhkəməyə təqdim edilmiş 04 fevral 2017-ci il tarixli MAP-164815 saylı sığorta şəhadətnaməsində qeyd olunmuşdur ki, sığortalı (sığortaolunan) sığorta müqaviləsi bağlanan zaman özünün aşağıdakı şəxslər siyahısına aid olmadığını bəyan edir: Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr. Lakin bu, həqiqətə uyğun olmamışdır. Belə ki, sığorta olunan sığorta müqaviləsi bağlanan andan illər öncədən Hepatit C xəstəliyindən əziyyət çəkdiyini bilirdi və bu hal, sığorta şirkətindən gizlədilmişdir. Sığortaçıya qəsdən yanlış məlumat verilməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 917-ci maddəsinə əsasən, sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Yuxarıda adı çəkilən Qaydaların 18.1.3-cü maddəsinə əsasən, bu Qaydaların 18.2ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən haqlı olaraq imtina etmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1431/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1431/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver