Məhkəmə qərarları › İş №e-2(010)-2878/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2878/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2878/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 3778 manat borcun, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 150 manatın və ödənilmiş 60 manat dövlət rüsumunun tutulub fiziki şəxs İddiaçı ödənilməsi. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 15 saylı Notariat kontorunda 3M-661 saylı ilkin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 13875 manat dəyərində “Ravon Nexia R3” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobili alan zaman 553 manat ödəniş etmiş və 24 ay müddətinə hər ay 553 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 2 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdir. Avtomobili qəzalı və nasaz vəziyyətdəxx.xx.2024-cü il tarixində təhvil vermişdir. Avtomobili Təmir məntəqəsinə apardıqda avtomobili təmir etmək üçün avtomobilə 3778 manat vəsait xərclənmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7840 saylı rəyi ilə razıdır və heç bir etirazı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, avtomaşının təmirinə görə xərc çəkib, bu barədə Express servisin qüsur aktını təqdim edir və həmin qüsur aktında çəkilən xərcin dəyəri 1650.00 manat təşkil edir. O, avtomaşını alandan sonra iki ayının pulunu ödəyib. Həmin avtomaşınla qəza edib və avtomaşını təmir etdirmişdir. İş materialları İddiaçı (Satıcı) və Cavabdeh (Alıcı) arasında notarial qaydada bağlanmış xx.xx.2023cü il tarixli nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsindən görünür ki, “Satıcı” və “Alıcı” bu müqavilədə müəyyən edilmiş şərtlərlə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cu il tarixli BB 453934 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XWBTF69V9HA044212, mühərrikin nömrəsi və buraxılış ili 2017 olan Satıcıya məxsus RAVON NEXİA R3 MİNİK SEDAN markalı **-LN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair gələcəkdə əsas alqı satqı müqaviləsi bağlamağı öhdələrinə götürüllər. Avtomobilin satış qiyməti 13875 (on üç min səkkiz yüz yetmiş beş) manat müəyyən edilir. Alıcı bu müqavilənin 2-cı bənddə müəyyən edilən pulun 553 (beş yüz əlli üç) manatını müqavilə bağlandığı anında, qalan 13272 (on üç min iki yüz yetmiş iki) manatını bu müqavilənin 6-cı bəndinə uyğun olaraq ödəyəcəkdir. Alıcı bu müqavilənin 3-cü bəndində ilkin olaraq 553 (beş yüz əlli üç) manat nəzərdə tutulan məbləği Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Avtomobilin qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Alıcı borclu olduğu 13272 (on üç min iki yüz yetmiş iki) manat məbləği hər ay 553 (beş yüz əlli üç) manat olmaqla 24 ay ərzində Satıcıya nəğd və ya kart vasitəsilə ödəməyo öhdəsinə götürür. Satıcı İddiaçı ilə Alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhviltəslim aktından görünür ki, Alıcı buraxılış ili 20-17-ci il olan "RAVON NEXİA R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini müqavilə öhtəliklərini yerinə yetirə bilmədiyinə görə avtomobili nasaz vəziyyətdə satıcıya təhvil verdi. Satıcı avtomobili 3 (üç) gün müddətində avtoservisdə yoxladıqdan sonra, avtomobildə hər hansı bir nasazlıq varsa ziyan aktı tərtib edilərək təhvi-təslim aktına əlavə ediləcək. Müqavilə üzrə avtomobilə görə ödənilmiş məbləğlə bağlı alıcının heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaq. “X1” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qüsur aktından görünür ki, buraxılış ili 2017-ci il olan, "RAVON NEXİA R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin ümumilikdə 3778,00 manat (ehtiyyat hissələri – 2358,00 manat; işçilik – 1420 manat) məbləğində olması müəyyən edilmişdir. “Express Servis” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş qüsur aktından görünür ki, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin ümumilikdə 1650,0 manat məbləğində olması müəyyən edilmişdir. Elektron qaydad ödəniş qəbzi ilə müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Vəkil 150 manat məbləğində ödəniş etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7840 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə "X1” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli zərər aktında 2017-ci il buraxılışlı “Ravon R3” markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3121,0 müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2001,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1120,00 manat. Cədvəlin 16-22-23-cü bəndində göstərilən mallar haqqında kifayət qədər məlumat (marka, model, litr və güc) olmadığından onların qiymətləndirilməsi mümkün olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 324. Əqd anlayışı və onun növləri. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 402. İlkin müqavilə. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, tərəflər arasında avtomobilin ilkin alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, İddiaçı Cavabdeh avtomobil satmış, cavabdeh 24 ay müddətinə hər ay 553 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh cəmi 2 ay ödəniş etmiş və müqavilə şərtlərini kobud surətdə pozaraq ödəniş etməmişdir. Cavabdeh avtomobili qəzalı və nasaz vəziyyətdə xx.xx.2024-cü il tarixində təhvil vermişdir. Göründüyü kimi, avtomobil xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında cavabdehin faktiki sahiblik və istifadəsində olmuşdur. İddiaçı iddia edir ki, cavabdeh avtomobili nasaz vəziyyətə gətirmiş, buna görə iddiaçı, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün avto-servis mərkəzinə müraciət etmiş və onun maşınına dəyən zərər 3778 manat həddində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7840 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 2017-ci il buraxılışlı “Ravon R3” markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3121 müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissəyə münasibətdə ödənilmiş dövlət rüsumuna görə 51,21 (əlli bir manat iyirmi bir qəpik) manat, vəkillə hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh əmlaka dəymiş zərərə görə 3121 manat, hüquqi xidmət üçün çəkilmiş xərcə görə 150 manat və ödənilmiş dövlət rüsumuna görə 51,21 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əmlaka dəymiş zərərə görə 3121 (üç min bir yüz iyirmi bir) manat, hüquqi xidmət üçün çəkilmiş xərcə görə 150 (bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 51,21 (əlli bir manat iyirmi bir qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar