Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1992/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə haqqının ödənilməsi barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 1206,15 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, bildirmişdir ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra xx.xx.2025-ci il tarixədək cavabdeh tərəfindən icarə haqqı ödənişləri həyata keçirilmədiyindən borc məbləği artaraq 1481,84 manat olmuşdur, odur ki, 1481,84 manat məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 40 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 1226.6 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 1206.15 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-16719/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişlər. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, ərizəsində göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış 30 may 2005-ci il tarixli, 40 nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 1226.6 kv.m. torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin müqavilənin beşinci bəndinə görə müqavilə 1 il müddətinə imzalanmışdır. Yəni, xx.xx.2006-cı il tarixə müqavilə müddəti başa çatmışdır. Həmin müqavilənin 5-4 cü bəndinə əsasən, müqavilə müddəti başa çatdıqdan sonra 10 gün ərzində tərəflərin ona xitam verilməsi barədə bir-birinə müraciətləri olmadıqda, o eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur. Yəni, müqavilə müddəti 2007-ci ildə başa çatmışdır. İddia ərizəsinin 2024-cü ildə məhkəməyə göndərildiyi nəzərə alınsa, hazırkı iş üzrə adı çəkilən müqavilədən irəli gələn tələbə görə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.2-ci maddələrinin tələblərinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmçinin torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının mənim tərəfimdən xx.xx.2024-cü il tarixinə ödənilməli olan 1206,15 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X2 İdarəsinin hesabına köçürülməsi tələbinə dair iddiası üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir, iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh tərəfin müqavilənin ləğv edilməsi barədə pretenziya verməsi cavabdehin hazırda müqavilənin qüvvədə olmasını etiraf etməsidir, eyni zamanda cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş 2024-cü ilin iyul ayında olmuşdur. İcarə müqaviləsi üzrə icarə haqqının sonradan artırılaraq 241 manat müəyyən edilməsi isə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının qanunvericilikdə xüsusi qaydada tənzimlənməsi ilə bağlı olmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh icarə müqaviləsi bağlasa da, hesab etmişdir ki, müqavilənin müddəti bir il uzadılmış, sonra qüvvədən düşmüşdür, ona görə müqavilənin ləğv edilməsi üçün müraciət etməmişdir. Cavabdeh həmin torpaq sahəsində 1-2 fəaliyyət göstərmiş, daha sonra torpağı və orada aparılan tikinti işlərini tərk etmişdir. Sonradan icarə müqaviləsi üzrə icra haqlarının kimin tərəfindən ödənilməsini dəqiq bilmirlər, lakin icarə haqları cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin icarə haqqının 241 manata qaldırılması zamanı da cavabdehin razılığı alınmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 40 nömrəli Müqavilədən görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi əvəzi ödənilməklə Cavabdeh müddətli istifadəsinə verilmişdir. Müqavilənin 4-cü bəndindən görünür ki, aylıq icarə haqqı 65418,67 manat (manatın denominasiyasından əvvəl) müəyyən edilmişdir. 4-cü bəndin 3-cü hissəsində isə qeyd edilmişdir ki, dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır. Müqavilənin 5-ci bəndindən görünür ki, icarə müddəti xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək müəyyən edilir. Müqavilənin müddəti başa çatdıqdan sonra 10 gün ərzində tərəflərin ona xitam verilməsi barədə bir-birinə müraciətləri olmadıqda, o eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur. xx.xx.2025-ci il tarixli Şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə müqavilə üzrə borc məbləği 1481,84 manatdır, son ödəniş 2024-cü ilin iyul ayında edilmişdir. 15.10 2024-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Cavabdeh icarə haqqı üzrə borcun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli bildirişi təqdim etmək üçün vətəndaşın yaşadığı ünvana müraciət etmişlər, lakin icarəçi bildiriş məktubunu qəbul etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixli, 40 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və müqavilə öhdəliklərinə xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanunu:
1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir...
14. ...Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır... “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli Əsasnaməsi:
8. Torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə sübut olunmuşdur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarə haqqı 13,08 manat (manatın denominasiyasından əvvəl 65418,67 manat ) müəyyən edilmiş, sonradan icarə haqqı artırılaraq 241,23 manat müəyyən edilmiş, icarə müqaviləsi üzrə mütəmadi olaraq ödənişlər həyata keçirilmiş, lakin icarəçi tərəfindən öhdəlik tam icra olunmamış və nəticədə şəxsi hesab vərəqinə əsasən xx.xx.2025-ci il tarixə 1481,84 manat borc yaranmışdır. Cavabdehin iddiaya etirazının əsas dəlilləri odur ki, icarə müqaviləsi xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş, daha sonra müqavilənin 5.4-cü bəndinə əsasən müddət uzadılmış olsa belə, 1 il müddətinə uzadıldığı üçün müqavilə müddəti 2007-ci ildə başa çatmışdır. Odur ki, iddaçı həmin müqavilədən irəli gələn tələb üçün iddia müddətini ötürmüşdür. Etirazın digər dəlili odur ki, cavabdeh torpaqdan 2007-ci ildə çıxmışdır və daha sonrakı illərdə icarə haqqının kimin tərəfindən ödənilməsi ona dəqiq məlum olmasa da, icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. İddiaya etirazın digər dəlili isə icarə müqaviləsində müəyyən edilən 13,08 manat icarə haqqının 241,23 manata artırılmasına cavabdehin razılığının alınmamasıdır. Etirazın dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, icarə müqaviləsinin 5.4-cü bəndinə əsasən icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra 10 gün ərzində tərəflərin ona xitam verilməsi barədə bir-birinə müraciətləri olmadıqda o, eyni şərtlərlə və eyni müddətə uzadılmış hesab olunur. Odur ki, icarə müqaviləsi hər il eyni şərtlərlə uzadıldığından və iş materiallarında müqaviləyə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişdən başqa bildiriş mövcud olmadığından (eləcə də, xx.xx.2024-cü il tarixində müqavilənin müddəti başa çatdıqdan 10 gün ərzində müqaviləyə xitam verilməsi barədə bildiriş) məhkəmə hesab edir ki, müqavilə hər ilin 30 may tarixindən növbəti ilin 30 may tarixinədək uzadılmışdır və icarə müqaviləsi xx.xx.2025-ci il tarixədək qüvvədədir. Digər tərəfdən şəxsi hesab vərəqəsi ilə təsdiq edilmişdir ki, 2024-ci ilin iyul ayından sonra müqavilə üzrə ödəniş olmamışdır. Odur ki, tələb edilən icarə haqqının son 7 ayda ödənilməyən məbləğə əsasən hesablandığı nəzərə alındıqda məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 373.3-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir. İcarə haqqının cavabdeh tərəfindən ödənilməməsi ilə bağlı etirazın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, icarə müqaviləsi cavabdehlə bağlanmışdır, sonradan cavabdehin icarə müqaviləsi üzrə ödəniş hesabını hər hansı başqa şəxslərə verməsi və ödənişlərin digər şəxslər tərəfindən həyata keçirilməsi cavabdehi bağladığı icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borclarını ödəməkdən azad etmir. İcarə müqaviləsində müəyyən edilən 13,08 manat icarə haqqının 241,23 manata artırılmasına cavabdehin razılığının alınmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən müqavilənin qiyməti müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən normativlərə əsasən müəyyən edilə bilər. Qanunvericiliyin bu tələbi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.3-cü bəndində də qeyd edilmişdir (4.3. Dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır). Odur ki, məhkəmə hesab edir ki, icarə haqqının 13,08 manatdan 241,23 manata artırılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, icarə haqqı artırıldıqdan sonra artırılmış qiymətlə mütəmadi olaraq ödənişlər həyata keçirilmiş və icarə haqqına etiraz edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə 1481,84 manat məbləğində borcun ödənilməsi tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1481,84 manat tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. 34,84 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: X3