Məhkəmə qərarları › İş №e-2(011)-4684/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4684/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4684/2023 06.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «Ekosoft” MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçl İddiaçı MMC-nin xeyrinə 1.340 manat əsas borcu, 500 manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 200 manat məbləği olmaqla, cəmi 2.040 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 41 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli MK/104-2019 saylı nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 2.640 (iki min altı yüz qırx) manat dəyəri olan “Mondial 100 SFC” markalı “Motosikl” nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 220 (iki yüz iyirmi) manat ilkin ödəniş edərək əşyanı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh nisyə satış müqaviləsinə Əlavə №1 üzrə (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmişdir və nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçıya 1.340 (bir min üç yüz qırx) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu, cəmi 1.840 (bir min səkkiz yüz qırx) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh xx.xx.2019-cu il tarixli MK/104- 2019 saylı nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2019-cu il tarixdə 200 (iki yüz) manat, ümumilikdə 1.080(bir min səksən) manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% (yeddi faiz) müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8% (səkkiz faiz) müəyyən etmişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 93 manat (1340*7%=93 manat), 2022-ci il üçün 107 manat (1340*8%=107 manat), cəmi 200 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «Ekosoft” MMC ilə Cavabdeh arasında bağlanmış MK/104-2019 saylı xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.1ci maddəsinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya təhvil-təslim aktında (əlavə 2) göstərilən daşınar əmlakı (bundan sonra “Motosiklet”) satır. “Alıcı” isə həmin “Motosikleti” qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada “Motosiklet” dəyərini “Satıcı”ya ödəyir. Həmin müqavilənin 1.3-cü maddəsinə görə “Satıcı” bu müqaviləyə əsasən dəyəri 2.640 (iki min altı yüz qırx) olan “motosiklet”i “Alıcı”ya nisyə satmağı. “Alıcı” isə satılmış əşyaya görə 220 (iki yüz iyirmi) manat ilkin ödəniş edərək, “Motosikleti” qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu ildə bağlanmış MK/104-19 saylı nisyə satış müqaviləsinə əlavə 2-dən görünür ki, “Mondial 100 SFC SnAPPYX” markalı motosiklet Cavabdeh təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli MK/104-19 saylı müqaviləyə Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində hər ay 162 manat olmaqla pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh «Ekosoft” MMC-yə 1.340 manat məbləğində əsas, 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1.840 manat məbləğində borcu vardır. İşdən görünür ki, «Ekosoft” MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. İddia tələblərinin xx.xx.2019-cu il tarixli MK/104-2019 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehdən əsas borc və cərimənin tutulması ilə bağlı məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Belə ki, cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsi əsasında mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 500 manat məbləğində deyil, 90 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022ci illər üçün 200 manat məbləğinin cavabdehdən tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Belə ki, həmin iddia tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun olan 41 (qırx bir) manat məbləği Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, MK/104-2019 saylı nisyə-alqı-satqı müqaviləsinə əsasən 1.340 (bir min üç yüz qırx) manat əsas borc, 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 1.430 (bir min dörd yüz otuz) manat borc məbləği və 41 (qırx bir) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar