Məhkəmə qərarları › İş №e-2(013)-729/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-729/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-729/2025 11.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE ADAPTER, İmei kod **********02070 İPHONE 14 PRO MAX markalı telefon üçün 5015,88 manat ödənilməmiş hissə, 1504,76 manat dəbbə pulu, ümumilkdə 6520,64 manat borcun və ödənilmiş 85,21 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. MMC-nin iddia ərizəsində göstərilir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh APPLE ADAPTER, İmei kod **********02070 İPHONE 14 PRO MAX markalı telefon almış və nəticədə 6520,64 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5015,88 manat /18 ay X 278,66 manat + 0 manat ilkin ödəniş/, İmei kod **********02070 İPHONE 14 PRO MAX markalı telefon üçün, ümumilikdə 6520,64 manat olmaqla ondan 5015,88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1504,76 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilməlidir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə üzrə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, cavabdehdən cəmi 6520,64 manat pul vəsaitinin tutulub MMC-nin xeyrinə ödənilməsini xahiş edir. "xxxx" MMC-nin nümayəndəsi, MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərini müdafiə etdiklərini, işə onların nümayəndəsinin iştirakrı olmadan baxılmasını xahiş etmiş, həmçinin vəsatət ünvanlayaraq saxta sənədlərin təqdim edilməsi ilə bağla cavabdeh barəsində xüsusi qərar çıxarılmasını istəmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbləri ilə bağlı qeyd etdi ki, X1 adlı şəxsə müraciət edərək işə düzəlmək istəməsini bildirmişdir. Fuad Allahverdiyev ona demişdir ki, onu mühafizəçi işinə düzəldəcək, ancaq bunun üçün qiymətli telefon götürməlidirlər, telefon lazımdır. Fuad onu tanımadığı bir yerə gətirmiş, şəkillərini çəkdirmiş, 15 dəqiqə sonra sənədlər gətirmiş, sənədlərə imza etdirmişdir. Bunlardan sonra ona telefon və sair hər hansı əşya verilməmişdir. Sonra isə Fuadı tapa bilməmiş, Fuad çıxıb getmişdir. Sənədlərə imza etmiş, şəxsiyyət vəsiqəsini vermişdir, lakin heç bir telefon götürməmişdir. Sonradan ona məlum olmuşdur ki, Fuad adlı şəxs Tərtər rayonunun Seydimli kəndinin sakinidir, lakin onu axtarsa da tapa bilməmişdir. Hazırda işsizdir, heç bir işlə məşğul olmur, heç bir pul ödəmək iqtidarında deyil. Ona görə də nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia aşağıda şərh olunanlara əsasən qismən təmin edilməlidir. İş materialarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli, 03926306 saylı müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 5015,88 manat /18 ay X 278,66 manat + 0 manat ilkin ödəniş/, telefon almışdır, ödəniş etməmiş və nəticədə onun dəbbə pulu ilə birlikdə 6520,64 manat borcu yaranmışdır. İş materialarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 03926306 saylı müqaviləyə əsasən APPLE ADAPTER, İmei kod **********02070 İPHONE 14 PRO MAX markalı telefonu tam qüsursuz halda təhvil almışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək müqavilə üzrə götürülmüş öhdəlikləri yerinə yetirməmiş, borc məbləği ödənilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kreditverən qarşısında icra etməyən borclunun dövlət rüsumu istisna olmaqla, cəmi 5015,88 manat pul borcu qalmışdır, o cümlədən 1504,76 manat penya borcu hesablanmışdır. MMC-nin Maliyyə Arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə müqavilə üzrə 5015,88 manat ödənilməmiş hissə, 1504,76 manat dəbbə pulu olmaqla, ümumilkdə 6520,64 manat borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 27 dekabr 2024-cü il tarixli Xəbərdarlıq Məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsindən və iş materiallarından görünür ki, Cavabdeh 1968ci il təvəllüdlüdür, Ağdam şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi Cavabdeh müqaviləni imzalamış, şəxsiyyəti ilə bağlı sənədləri müqavilə bağlanarkən "xxxx" MMC-yə təqdim etmişdir. Məhkəmə iclasında münavilədə olan imzaların ona məxsus olmasını inkar etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı iddia ərizəsində cavabdehdən 07 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 1504,76 manat dəbbə pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəməyə hüquq olaraq həvalə etdiyindən cavabdehin dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulmalı olan cərimənin məbləği 200 manat həddində müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 85.21 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5015,88 manat əsas borc olaraq, 200 manat dəbbə pulu və dövlət rüsumu kimi ödənilmiş 85,21 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - 5015,88 manat ödənilməmiş borc, 200 manat dəbbə pulu, ümumilkdə 5215,88 /beş min iki yüz on beş manat səksən səkkiz qəpik/ manat və dövlət rüsumu kimi ödənilmiş 85,21 /səksən beş manat iyirmi bir qəpik/ manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar