Məhkəmə qərarları › İş №e-2(060)-1885/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1885/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1885/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 5174 manat məbləğində borcun, 50 manat cərimənin, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 500 manat məbləğində borcun, 10 manat cərimənin və 77,34 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 5174 manat məbləğində borcun, 50 manat cərimənin, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 300 manat məbləğində borcun, 10 manat cərimənin və 77,34 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərində alqı-satqı müqavilələri, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 18000 manat olan mal almışdır. Həmin məbləğin 3200 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 14800 manatı 14 iyun 2021-ci il tarixli qiymətlərin razılaşma protokoluna və qrafikə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə xx.xx.2021-cü il tarixli müqaviləyə əsasən əsas məbləg üzrə qalıq borc 5174 manat, cərimə borcu isə 50 manat təşkil edir. xx.xx.2023-cü il tarixli müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 700 manat olan mal almışdır. Həmin məbləğin 0 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 700 manatı 03 avqust 2023-cü il tarixli qiymətlərin razılaşma protokoluna və qrafikə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas məbləg üzrə qalıq borc 500 manat, cərimə borcu isə 10 manat təşkil edir. Bununla bağlı cavabdehə pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra alıcı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir. Həmin müqavilənin 6.5ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri alıcı tərəfindən tam ödənilənədək satıcının özündə qalır. Alıcı mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Alıcı malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda satıcı istənilən vaxt malı alıcıdan geri götürə bilər.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, "X4" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti gözəllik salonlarına aid xırdavat malların satışını həyata keçirir. Cavabdehlə avadanlığın alınması barədə 2 alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh ilkin ödəniş etmiş, lakin daha sonra ödənişləri həyata keçirməmişdir. Cəmi 14800 manat borcdan 4626 manat ödəmişdir. Maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 5174 manat borc, 50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas məbləğ üzrə 500 manat məbləğində borc, 10 manat cərimə borcu vardır. Ödənişlər edilmədiyi təqdirdə avadanlığın fəaliyyətini dayandıra bilərlər. Lakin onlar bu tədbirə əl atmamışdırlar. Hazırda da fəaliyyət göstərsə də, ödənişləri etmir. Hətta cavabdehə güzəşt edərək aylıq ödənişinin məbləğini də azaltmışdırlar. Bütün bunlara baxmayaraq cavabdeh vaxtı-vaxtında ödəniş etmir. Məhkəməyə müraciət etdiklərini biləndən sonra xx.xx.2024-cü il tarixində 200 manat məbləğində ödəniş etmişdir. Cavabdeh könüllü ödənişlərə razı olsa, iddia ərizəsini geri götürə bilərlər. Aylıq ödəniş qrafiki məlumdur.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, aparata olan borcu az olmuşdur. Daimi olaraq ödənişlər etmişdir. Lakin bir müddət sonra evdə onkoloji xəstə olduğu üçün ödənişləri həyata keçirməkdə çətinlik çəkmişdir. Onlara da bu barədə məlumat vermiş, onlar isə bununla əlaqədar ona vaxt vermişdirlər. Daha sonra gözəllik salonunu bağlamış və bu barədə məlumat vermişdir. Ödəniş etməyə razıdır. Borcu olduğunu qəbul edir. İddiaçı MMC-nin əməkdaşları evdəki vəziyyət barədə məlumatlı olmuşdurlar. 1 il ərzində onkoloji xəstəyə baxmışdır. 4 ay ərzində isə aparatdan istifadə edə bilməmişdir. Aylıq qrafik müəyyən olunsa, ödəniş etməyə hazırdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 avqust 2023-cü il tarixli, 020151 nömrəli və 14 iyun 2021-ci il tarixli alqı-satqı müqavilələrdən görünür ki, satıcı ümumi dəyəri və təyinatı bu müqavilələrin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və əlavə 1də əks olunmuş formada satıcıya ödəməyi öhdələrinə götürmüşlər.

7. 03 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşma protokolundan (1 saylı əlavə) görünür ki, müqavilə üzrə tərəflər alqı-satqı predmeti olmuş mal üçün cavabdeh tərəfindən 03 sentyabr 2023-cü il tarixdən 03 oktyabr 2024-cü il tarixədək hər ay 50 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

8. 03 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, təhvil-təslim aktı üzrə qeyd olunan mallar Cavabdeh tərəfindən təhvil alınmışdır.

9. 14 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşma protokolundan (1 saylı əlavədən) görünür ki, müqavilə üzrə tərəflər cavabdeh tərəfindən alqı-satqı predmeti olmuş mal üçün 19 iyul 2021-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək hər ay 740 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəlmişlər.

10. 14 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, 14 iyun 2021-ci il tarixində təhvil-təslim aktı üzrə qeyd olunan mallar Cavabdeh tərəfindən təhvil alınmışdır.

11. İddiaçı MMC tərəfindən tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 500 manat əsas borc, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5174 manat və 50 manat cərimə borcu vardır.

12. 22.01.2024-cü il tarixli pretenziyadan görünür ki, şirkətdən aldığı mala görə 510 manat məbləğində olan qalıq borcu bu pretenziya məktubunu aldığı andan 3 gün müddətində İddiaçı ödənməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. Hazırki işdə də iş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilənin predmeti olan əşyalar cavabdehə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə satılan əşyanın ümumi qiyməti 18000 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti 19 iyul 2021-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək, ödəniş məbləği isə hər ay 740 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə satılan əşyanın ümumi qiyməti 700 manat müəyyən edilmiş və tərəflərin razılığına əsasən ödəniş müddəti 3 sentyabr 2023-cü il tarixdən 3 oktyabr 2024-cü il tarixədək, ödəniş məbləği isə hər ay 50 manat olmaqla müəyyən edilmişdir.

18. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışlarında cavabdehin xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsi üzrə 500 manat əsas borc, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5174 manat və 50 manat məbləğində borcunun olduğu qeyd edilmişdir.

20. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən borc məbləğinin 200 manat hissəsinin ödənildiyini bildirmiş və bununla əlaqədar olaraq məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmişdir.

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək iddiaçıya tələb olunan məbləğdə borcu olduğunu, lakin həmin borcu hissə-hissə ödəmək imkanının olduğunu bildirmişdir.

22. Beləliklə, satıcı, yəni iddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilənin predmeti olan əşyaları cavabdehə təhvil vermiş və onlar öz aralarında ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin alıcı Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

23. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

25. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsində qeyd edilmişdir ki, alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1 faizi həcmində satıcıya cərimə ödəyir.

26. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 3 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

27. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc qismində 5174 manat, cərimə borcu qismində 2 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc qismində 300 manat, cərimə borcu qismində 1 manat olmaqla, cəmi 5477 (beş min dörd yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 (yetmiş yeddi) manat, 34 (otuz dörd) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc qismində 5174 manat, cərimə borcu qismində 2 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc qismində 300 manat, cərimə borcu qismində 1 manat olmaqla, cəmi 5477 (beş min dörd yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 (yetmiş yeddi) manat, 34 (otuz dörd) qəpik pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar