Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(090)-214/2025 02.12.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqısatqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, 2 ədəd GREE kondisioner üçün 3074.04 (üç min yetmiş dörd manat, 04 qapik) manat ödənilməmiş hissə, 307.40 (üç yüz yeddi manat, 40 qəpik) manat cərimə 2. Ümumilikdə, 3381.44 manat borc və 53.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «АBС Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, 2 ədəd GREE kondisioner almış və nəticədə 3381.44 (üç min üç yüz səksən bir manat, 44qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3074.04 (üç min yetmiş dörd manat, 04 qəpik) manat (yənі 18 ay x 170.78 + 0 manat ilkin ödəniş) olan 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, 2 ədəd GREE kondisioner üçün ümumilikdə, 3381.44 (üç min üç yüz səksən bir manat, 44qəpik) manat olmaqla ondan 3074.04 (üç min yetmiş dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 307.40 (üç yüz yeddi manat, 40 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını bağlanılmış müqavilə, onun cədvəlindən ibarətdir. Şahbuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2(090)-214/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 18304365 nömrəli fakturaya əsasən şəxsin aldığı məhsul və xidmətlər üzrə hesablanmış məbləğ ilə, göstərilən aylıq ödəniş və ödənmiş məbləği əsasında hesablanan məbləğ arasında fərq mövcuddur. Belə ki, GREE GWH18AACXD-K3NNA2B/İ 1 ədəd olmaqla 1199 manat, 99 qəpik, GREE GWH18AACXD-K3NNA2B/İ 1 ədəd olmaqla 1199 manat, 99 qəpik, qısa qapanma zəmanəti 1 il (TV/Böyük məişət) 1 ədəd 39 manat, 99 qəpik, qısa qapanma zəmanəti 1 il (TV/Böyük məişət) 1 ədəd 39 manat, 99 qəpik, zəmanət + 2 il 96 manat, zəmanət + 2 il 96 manat, express çatdırılma iş 19 manat, 99 qəpik olmaqla, ümumilikdə 2691 manat, 95 qəpik təşkil edir. Lakin 18304365 nömrəli fakturada 18 aylıq kredit müddəti və 170.78 manat aylıq ödənişə əsasən, ümumilikdə ödənilməli məbləğ isə 3074 manat 04 qəpik təşkil edir. Göründüyü kimi məbləğlər arasında 382 manat, 09 qəpik (3074.04- 2691.95=382.09) fərq mövcuddur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə “29” noyabr 2025-ci il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – MM) 567-ci maddəsi təşkil edir. Həmin normaya əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş 12 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, 2 ədəd GREE kondisioner olan əşyaların alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqavilənin müvafiq olaraq 1.2-ci bəndinə əsasən 'Müştəri' bu Müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün 'ABC' tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı\xidmət(lər)i (bundan sonra bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmətlər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq 'Mal' adlanacaq) 'ABC'yə sifariş verir, 'ABC' həmin 'Mal'ı Müqavilədə (onun aynimaz tərkib hissəsi olan müvafiq əlavo(lər)də) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, Müştəri isə həmin Malın dəyərini razılaşdırılmış qaydada ABC'yə ödəyir. İş materiallarına əlavə edilmiş 18304365 nömrəli fakturaya əsasən GREE GWH18AACXD-K3NNA2B/İ 1 ədəd olmaqla 1199 manat, 99 qəpik, GREE GWH18AACXD-K3NNA2B/İ 1 ədəd olmaqla 1199 manat, 99 qəpik, qısa qapanma zəmanəti 1 il (TV/Böyük məişət) 1 ədəd 39 manat, 99 qəpik, qısa qapanma zəmanəti 1 il (TV/Böyük məişət) 1 ədəd 39 manat, 99 qəpik, zəmanət + 2 il 96 manat, zəmanət + 2 il 96 manat, express çatdırılma iş 19 manat, 99 qəpik olmaqla, ümumilikdə 2691 manat, 95 qəpik təşkil edir. İş materiallarında olan 12 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, 2 ədəd GREE kondisioner olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 29 avqust 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 02 sentyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh İddiaçınə 12 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 2 ədəd ZƏMANƏT + 2 İL xidməti, 2 ədəd GREE kondisioner üçün 3074.04 (üç min yetmiş dörd manat, dörd qəpik) manat ödənilməmiş hissə və 307.40 (üç yüz yeddi manat, qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3881.44 (üç min səkkiz yüz səksən bir manat, qırx dörd qəpik) manat məbləğində borcu mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən əsas borc olaraq 3074.04 (üç min yetmiş dörd manat, dörd qəpik) manat tələb etsə də iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən cədvəldə aydın şəkildə əks olunan alqı-satqı qiymətinin (1199.99+1199+.99+39.99+39.99+96+96+19.99) 2691.95 (iki min altı yüz doxsan bir manat, 95 qəpik) müəyyən olunur. Məhkəmə ilk olaraq müqavilənin qiyməti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.2-ci maddəsinin tələbinə görə əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin məcəllənin 601.1.-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 420.1.2-ci maddələri). Məhkəmə yuxarıda göstərilənlərrə əsasən hesab edir ki, müqavilə üzrə əsas borc kimi xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən cədvəldə aydın şəkildə əks olunan alqı-satqı qiyməti olaraq 2691.95 (iki min altı yüz doxsan bir manat, 95 qəpik) nəzərə alınmalıdır. Həmçinin məhkəmə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 307.40 (üç yüz yeddi manat, qırx qəpik) manat məbləğində cərimə (dəbbə) pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələb qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 12 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 307.40 (üç yüz yeddi manat, qırx qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 134.59 (bir yüz otuz dörd manat, əlli doqquz qəpik) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, 2691.95 (iki min altı yüz doxsan bir manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə və 134.59 (bir yüz otuz dörd manat, əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2826.54 (iki min səkkiz yüz iyirmi altı manat, əlli dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 53.82 (əlli üç manat, səksən iki qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 44.98 (qırx dörd manat, doxsan səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12 yanvar 2025-ci il tarixli, ********** nömrəli müqavilə üzrə 2691.95 (iki min altı yüz doxsan bir manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə və 134.59 (bir yüz otuz dörd manat, əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2826.54 (iki min səkkiz yüz iyirmi altı manat, əlli dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 53.82 (əlli üç manat, səksən iki qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 44.98 (qırx dörd manat, doxsan səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(090)-214/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(090)-214/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver