Məhkəmə qərarları › İş №e-2-2(113)-104/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-104/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-104/2020 20.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və nümayəndəsi, vəkil X1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbi barədə ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı sığorta şəhadətnaməsi blankının alınaraq qaytarılması və ya qaytarılmadığı təqdirdə hər bir blanka görə cərimənin ödənilməsi tələbi barədə qarşılıqlı iddia tələbi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (bundan sonra – İddiaçı) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Sığorta Şirkəti ASC-yə (bundan sonra - Cavabdeh Sığorta Şirkəti ASC) qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26603 manat komisyon muzdu, 776 gecikmiş faizi, 60000 manat müştərilər üçün kompensasiya, 20000 manat maddi zərər, 10000 manat mənəvi ziyanın, 1000 manat hüquqi xidmət xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 118409 manat pulun cavabdeh AXA-MBASK Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, onunla “xxxx” ASC arasında xx xxxxxxxx 2014-cü ildə “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında o, 2012-ci ildən bəri AXA-MBASK Sığorta Şirkəti ASC-nin sığorta agenti kimi fəaliyyət göstərmiş Çalışdığı dövr ərzindən işinə vicdanla yanaşmış, peşəkar, bacarıqlı bir sığorta agenti kimi fəaliyyət göstərmiş və hər il bu şirkətin çoxlu miqdarda, yəni orta hesabla illik 3.5% həcmində sığorta məhsulunun satışını həyata keçirmişdir (ümumi həcm isə 2 milyon manatdan çoxdur). Bu səbəblə o, dəfələrlə mükafatlandırılmışdır. Lakin Şirkətdə 2016-cı ildən etibarən, sədr Səlcuq Adıgözəlin dostu, sirdaşı, həmrəyçisi Fuad Musanın rəhbərliyə gətirilməsi səbəbi ilə yeni rəhbərlik onun yüksək satış miqdarına məhəl vermədən onun agentlik müqaviləsinə heç bir əsas olmadan, yalnız xxxx ASC-nin Türkiyədəki rəhbərliyinə şikayət etmək hüququndan istifadə etdiyi üçün 2018-ci ilin may ayının 23-də xitam verilmişdir. Bununla birlikdə ona çatası 26603 manat komisyon muzdu, 60000 manat məbləğindəki müştərilər üçün kompensasiyanı AXA-MBASK Sığorta Şirkəti ASC ona ödəməmiş, həmin pullar qanunsuz olaraq saxlanılmış və bu səbəblə də ona əlavə maddi və mənəvi zərər də dəymişdir. 1) 26603 manat məbləğindəki Komisyon muzda dair əsaslandırma: - Komisyon muzdu o 2016-ci ilin noyabr ayının 1-dən 2017-ci ilin may ayının 23-ə qədər (sığorta agentliyi haqqında müqaviləyə xitam verildiyi tarixə qədər) bağladığı və ya bağlamağa nail olduğu sığorta müqavilələrindən AXA-MBASK Sığorta Şirkəti ASC-nin hesabına daxil edilən cəmi sığorta haqqının 20%-i təsbit edilərək hesablanmışdır. Belə ki, onunla AXA-MBASK Sığorta Şirkəti ASC arasında bağladığı xx xxxxxxxx 2014-cü ildə “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”nin 6-cı bəndinə görə sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növləri və bağladığı hər bir sığorta müqaviləsi üzrə Sığortaçının hesabına daxil olmuş sığorta haqqından əldə edəcəyi Komisyon muzdunun miqdarı hər bir sığorta növü üzrə standart dərəcəsinə əsasən 20 faiz müəyyən edilmişdir. O AXA-MBASK Sığorta Şirkəti ASC üçün bağladığı və ya bağlamağa nail olduğu sığorta müqavilələri əsasında 2016-ci ilin noyabr ayında 32769,75 manat, 2016-cı ilin dekabr ayında 23859,80 manat, 2017-ci ilin yanvar aynda 21130,50 manat, 2017-ci ilin fevral ayında 18239,50 manat, 2017-ci ilin mart aynda 10360 manat, 2017-ci ilin aprel ayında 15102,75 manat, 2017-ci ilin may ayında 11555,75 manat dəyərində, cəmi 133017,75 manat dəyərində sığorta haqqı təsbit edilmiş sığorta müqaviləsinin bağlanmasına nail olmuş və həmin cəmi sığorta haqqı məbləği 133017,75 manat AXA- MBASK Sığorta Şirkəti ASC-nin hesabına daxil olmuşdur. Bu 133017,75 manatın 20 faizi olan 26603 manat məbləğindəki Komisyon Muzdu hələ də sığorta agenti olaraq onun hesabına ödənilməmişdir. 2) 776 manat gecikmə faizinə dairə saslandırma: - Sığorta agenti olaraq, onunla AXA-MBASK Sığorta Şirkəti ASC-i arasında bağlanmış xx xxxxxxxx 2014-cü ildə “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”nin 6.5-ci maddəsinə görə, “Sığortaçıya tam ödənilmiş və ya ötürülmüş sığorta haqları Sığortaçının hesabına daxil olduqdan sonra Komisyon Muzdu ayda bir dəfə Tərəflər arasında tərtib olunan akt əsasında hesablanır. Akt hər iki tərəfdən imzalandıqdan sonra Komisyon Muzdu 10 gün müddətində Sığorta Agentinin bank hesabına köçürmə yolu ilə və ya özünə yaxud səlahiyyətli nümayəndəsinə nağd qaydada ödənilir”. AXA- MBASK Sığorta Şirkəti ASC-nin hesabına yuxarıda göstərilən sığorta haqları Sığorta agentinin əməyi sayəsində keçməsinə baxmayaraq AXA-MBASK Sığorta Şirkəti ASC ona çatası komisyon muzdunun ödənilməsini qanunsuz olaraq gecikdirmişdir. Sığorta şirkətinin 2018-ci ilin iyun ayından 2019-cu ilin fevral ayına qədər (7 ay) gecikdirdiyi 26603 manat məbləğindəki Komisyon Muzdu üzərinə hesablanacaq illik 5 faiz dəyərindəki gecikmiş faiz olan 776 manat onun hesabına ödənilməlidir. 3) 60000 manat məbləğindəki müştərilər üçün kompensasiya dair əsaslandırma: - Məlum olduğu kimi bütün mülki hüquqi müqavilələr onun şərtləri, xüsusi sahəvi qanunlar ilə birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə də tənzimlənir. Yəni müqavilədə olan bir məsələ müqavilə şərtləri və sahəvi qanunlar ilə tənzimlənmədiyi durumda Azərbaycan Respublikası Mülki Məcəlləsində həmin məsələyə tətbiq oluna bilən norma vardırsa, həmin norma ilə tənzimlənir. Bu səbəblə deyə bilər ki, Almaniya, Türkiyədə olduğu kimi Respublikamızda da “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”ndə boşluq meydana gəldiyi zaman həmin boşluq Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Ticarət agentliyi haqqında müqavilə”nin tənzimləyən 789-799-cu maddələrinin tələbləri tətbiq olunaraq həll olunur. Çünki “ticarət agentliyi müqaviləsi”, “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”n də əhatə edən geniş bir hüquqi anlayışdır. Ona görə də İddiaçı ilə AXA-MBASK Sığorta Şirkəti ASC-nin arasında bağlanmış xx xxxxxxxx 2014-cü ildə “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”nə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 796-cı maddəsinin tələbi bir başa şamil olunur. 4) 20000 manat əlavə maddi zərərin ödənilməsi tələbinə dairə saslandırma: - Qeyd edildiyi kimi Cavabdeh SŞ ASC ilə onun arasında bağlanmış olan “Sığorta vasitəçiliyi xidməti haqqında Agent müqaviləsi”-nə 2018-ci ilin may ayının 23-də qanunsuz olaraq xitam verilmişdir. Həmin müqavilənin 9.3-cü bəndinə görə, tərəflərdən biri digərinə 30 gün əvvəlcədən rəsmi qaydada xəbərdarlıq etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Xəbərdarlıq müddəti ərzində tərəflər arasında qarşılıqlı hesablaşmalar aparılır. Sığorta şirkəti Müqavilənin 9.3-bəndini pozaraq heç bir rəsmi xəbərdarlıq etmədən, qarşılıqlı hesablaşmalar aparmadan müqaviləyə xitam vermiş və mənə əlavə maddi zərər də vurmuşdur. Şirkət rəhbərliyinin müqaviləyə xitam verilməsini yalnız eyni gündə, heç bir xəbərdarlıq edilmədən etmələri onun böyük maddi itkilərinə səbəb olmuşdur. Hər ay orta hesabla 50 min manatlıq sığorta müqaviləsi satmalı olduğu halda bundan birdən-birə məhrum olunub. Yüzlərlə insanın çalışdığı, onlarla rayonu əhatə edən subagent şəbəkəsi 1 günün içində dağıldı. İddiaçı Agentlik müqaviləsinə xitam haqsız və əsassız olaraq xitam verildikdən sonra o, uzun müddət işsiz qalmış və nəticədə xeyli miqdarda (20000 manat məbləğində) gəlirləri əldən çıxmışdır. 5) 10000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair əsaslandırma: - MM-nin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Məlum olduğu kimi mənəvi zərərin tələb oluna bilməsi üçün 4 əsas şərt tələb olunur. Bunlar zərərin törədən şəxsin hüquq normalarını pozulması, onun təqsirli olması, zərərziyanın meydana gəlməsi və səbəbli nəticə əlaqəsinin olmasıdır. Birinci şərt olan hüququn pozulması reallaşıb: Məlum olduğu kimi, Sığorta şirkəti mülki qanunvericiliyi və Agentlik müqaviləsini pozmuşdur. İkinci şərt olan təqsirli olmaq reallaşıb: Sığorta şirkəti sığorta müqaviləsinin pozduğu təsdiqlənmişdir. Tərifin müqaviləni pozması durumunda təqsirli olduğu əsas qaydadır. Bunun əksini iddia edən iddiasını sübut etməlidir. Üçüncü şərt olan mənəvi zərə dəymə reallaşıb: Onunla olan agentlik müqaviləsinə xitam verildyi üçün o, ailəsinin qazancını təmin edə bilməmiş, bununla da mənən sarsılmış və iztirab keçirmiş, depressiyaya düşmüş, bu səbəblə uzun müddət müallicə almış və sanatoriyalara getməli olmuşdur. Dördüncü şərt olan səbəbli əlaqə reallaşıb: Sonuncu olaraq, Sığorta Şirkətinin müqavilənin və qanunvericiliyi pozması hərəkəti ilə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə mövcuddur. Qeyd etməlidir ki, mənəvi zərər ilə bağlı bir çox xarici ölkə məhkəmə qərarları, o cümlədən X5 Məhkəməsi ilə birlikdə Respublikanın məhkəmələri bir çox əsaslı qərarlar qəbul etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC İddiaçı qarşı “sığorta şəhadətnaməsi blankının alınaraq qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı "Cavabdeh Sığorta Şirkəti" ASC-yə qarşı “ödənilməmiş komisyon muzdunun, müştərilər üçün kompensasiyanın, digər maddi və mənəvi zərərlərin ödənilməsi tələbinə dair” ilkin iddiasının rədd edilməsinə; "Cavabdeh” Sığorta Şirkəti ASC-nin İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilərək, İddiaçı 916 ədəd sığorta şəhadətnaməsi blankının qaytarılması və ya qaytarılmadığı təqdirdə hər bir blanka görə 100 manat olmaqla 91600 manat cərimənin alınaraq, "Cavabdeh Sığorta Şirkəti" ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının özünün "Cavabdeh Sığorta Şirkəti" ASC qarşısında istinad etdiyi agentlik müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi sübuta yetirilir və bu səbəbdən ilkin iddia rədd edilməli, hazırkı qarşılıqlı iddia təmin edilməlidir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ilkin iddiaçı iddiasında irəli sürdüyü təbləri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir, qarşılıqlı iddiaçı qarşısında öhdəliklərini isə yerinə yetirmədiyi barədə təkzib edilməz faktlar barəsində susmağa üstünlük vermişdir. “İlkin iddiaçı”-dan fərqli olaraq, hazırkı qarşılıqlı iddianın əsaslandığı faktlar hazırkı iddiaya əlavə edilən və “ilkin iddiaçı”-nın özü tərəfindən imzalanmış sənədlərlə tam sübuta yetirilir. Belə ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC ilə İddiaçı arasında bağlanmış sığorta xidməti haqqında agent müqaviləsinin (bundan sonra “agent müqaviləsi”) tələblərinə əməl etmədiyi üçün, agent müqaviləsinin 9.4-cü bəndinə istinad etməklə müqavilə ləğv edilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə müvafiq bildirişlə cavabdehə məlumat verilmişdir. Agent müqaviləsi ləğv edilmiş olduğu üçün, həmin müqavilənin 9.5-ci maddəsinə görə, müqaviləyə xitam verilməsinin səbəbindən asılı olmayaraq, müqavilə hər hansı tərəfın təşəbbüsü ilə və ya təqsiri üzündən ləğv edilirsə, Sığorta agenti Sığortaçıya aid istifadə olunmuş və olunmamış sığorta şəhadətnamələrini, müqavilələri, qəbzləri, uçot və qeydiyyat sənədlərini, habelə Sığorta agenti vasitəsilə bağlanmış sığorta müqavilələri, o cümlədən icbari sığorta müqavilələri üzrə yığılmış sığorta haqlarını Sığortaçıya təhvil rerməyə və debetorların vaxtı çatmış borclarının ödənilməsini təmin etməyə borcludur. Lakin aradan bu qədər zaman keçməsinə baxmayaraq, şirkətin sığorta agenti kimi fəaliyyət göstərərək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari ığortası və digər icbari sığorta növləri üzrə Şirkətdən təhvil aldığı sığorta blanklarından 916 ədədi İddiaçı tərəfindən geri qaytarılmamışdır. Halbuki, “agent müqaviləsi”-nin 10.4-cü bəndinə görə, sığorta agentinə verilmiş icbari sığorta növlərinə aid olan sığorta şəhadətnaməsi blank(lar)ı Sığorta agenti tərəfindən itirildikdə, məhv olduqda, oğurlandıqda və ya sair bu kimi hal nəticəsində blankın istifadəsi və geri təhvil verilməsi mümkün olmadıqda, Sığorta agenti hər bir belə blanka görə Sığortaçıya 100 manat məbləğində cərimə ödəməlidir. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı nə təhvil aldığı sığorta blankları üzrə sığorta haqlarını sığortaçıya ödəməmiş, nə də həmin blankları sığortaçıya geri qaytarmamışdır. Belə olan halda, ilkin iddiaçının iddia ərizəsində istinad etdiyi “bağladığı və ya bağlamağa nail olduğu” sığorta müqavilələrinə görə hər hansı muzd tələb etməsinin tamamilə əsassız olmaqla yanaşı, imza etməklə təhvil aldığı sığorta blanklarının geri qaytarılması öhdəliyindən süni surətdə yayınmaq məqsədi güddüyü aydındır. Bundan əlavə, ilkin iddiaçı “müştərilər üçün kompensasiya” tələbini Mülki Məcəllənin 796-cı maddəsinə istinad etməklə əsaslandırmağa cəhd edir. Lakin yuxarıda da qeyd edildiyi kimi, (1) sığortaçının 916 ədəd sığorta blanklarının özündə saxlayıb həmin blankları qaytarmayan və ya həmin blanklardan istifadə edib bağladığı sığorta müqavilələri üzrə sığorta haqqını sığortaçıya ödəməyən ilkin iddiaçi həmin müqavilələr üzrə hər hansı ödənişə iddia edə bilməz; (2) istinad etdiyi maddi hüquq norması sığortaçı ilə sığorta agenti münasibətlərinə tətbiq edilə bilməz. Belə ki, ilkin iddiaçının istinad etdiyi 796-cı maddə Mülki Məcəllənin “Ticarət nümayəndəsi (agent)” adlanan 42-ci fəslinə aid olmaqla “istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından alğı-satqı müqavilələri və ticarət əqdləri bağlayan ticarət agenti arasında olan münasibətləri tənzimləyir. Sübut etməyə ehtiyac yoxdur ki, sığortaçı istehsalçı, sənayeçi və ya tacir” deyil. Digər tərəfdən, sığortaçı ilə sığorta agenti arasında münasibətləri tənzimləyən, onların hüquq və vəzifələrini müəyyən edən konkret normalar Mülki Məcəllənin “Sığorta” adlanan 50-ci fəslinin “Sığorta vasitəçiliyi” adlanan 4-cü paraqrafında müəyyən edilmişdir (937-942-ci maddələr). Belə olan halda ilkin iddiaçının digər ölkələrdə - “Almaniya və Türkiyədə olduğu kimi “agent müqaviləsində boşluq yarandığı halda həmin boşluqlara “ticarət agenti”-nə dair müddəaların tətbiq edilməli olması fikrinin heç bir hüquqi əsasının olmadığı aşkardır. Agent müqaviləsinə tətbiq edilməli olan normalar isə ilkin iddiaçını bağladığı sığorta müqavilələri üzrə sığorta haqlarını 5 iş günündən gec olmayan müddətə tam həcmdə sığortaçının müvafiq bank hesabına köçürmək vəzifəsini müəyyən edir. Hazırkı halda isə ilkin iddiaçı bir tərəfdən 916 ədəd sığorta şəhadətnaməsi blankı üzrə müqavilə bağlamadığını iddia edir (əks təqdirdə həmin müqavilələr üzrə sığorta haqlarını sığortaçıya ödəmiş olardı), digər tərəfdən həmin sığorta blanklarını sığortaçıya qaytarmamışdır. İddiaçı və onun nümayəndəsi, vəkil X2 məhkəməyə yazılı izahatlar və arayışlar təqdim edərək aşağıdakıları qeyd etmişlər: Belə ki, 2017-ci ildə şirkət rəhbərliyi şəxsi-qərəzlilik zəminində iddiaçıya qarşı iddia irəli sürərək, 916 sığorta şəhadətnaməsi üzrə 100000 manatlıq iddia tələbli ərizə ilə müraciət etmiş, lakin iddialarının əsassız olmasını Bakı Apelyasiya Məhkəməsi, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi sübut etmişdir. Həmin iddia ərizələrində təqdim etdikləri sığorta şəhadətnamələrinin siyahısını məhkəməyə təqdim etmişlər. Açıq-aydın görünür ki, cavabdehin məhkəməyə təqdim etdiyi 916 ədəd sığorta şəhadətnaməsinin seriya nömrələri əvvəllər iddia etdikləri 100 min manatlıq iddia ərizələrindəki siyahının 3-cü sütunundakı sığorta şəhadətnamələrinin seriya nömrələri ilə eynidir. Yəni həmin iddia ərizəsində Cavabdeh ASC deyir ki, bu 916 ədəd sığorta şəhadətnaməsi üzrə icbari sığorta müqaviləsi sığorta agenti İddiaçı vasitəsi ilə bağlanıb, lakin İddiaçı sığorta haqqını Cavabdeh ASC-nin hesabına ödəməyib. Bunun həqiqəti əks etdirmədiyi işdə qəbul edilən yekun məhkəmə qərarı ilə təsdiqləndi. İndi isə, Cavabdeh ASC qarşılıqlı iddia verib deyir ki, həmin 916 ədəd sığorta şəhadətnaməsi agent İddiaçı tərəfindən istifadə olunmayıb və şirkətə geri də qaytarılmayıb, bu səbəblə hər blank üzrə 100 manat cərimə ödəməlidir. Cavabdehin bu üslübları ilə qarşı tərəfi 1 predmet üzrə bir neçə dəfə “yükləmək” mümkündür. Heç də təsadüfi deyildir ki, cavabdeh tərəf iddia etdikləri 916 ədəd sığorta şəhadətnamələrinin konkret siyahısını uzun müddət təqdim etmək istəmirdi. Cavabdeh ASC 916 ədəd sığorta şəhadətnaməsinin geri qaytarmasını tələb etməsi qanunvericiliyə ziddir, belə ki, şığorta şəhadətnamələri ciddi-hesabat blankı olmaqla, qanunvericiliyin tələblərinə uyğun olaraq, sığorta təşkilatı tərəfindən onun seriya nömrələri müvafiq elektron sistemə daxil edilir və yeganə nüsxəsi də sığorta agentlərinə təqdim edilir. Həmin nüsxə (ciddi-hesabat blankı) sığorta agenti tərəfindən sığorta məhsulu satıldıqda, sığortalıya təqdim edilirdi. Yəni sığorta agentində heç bir sığorta şəhadətnaməsi qalmırdı. Sığorta məhsulunun satılması ilə isə, həmin sığorta şəhadətnaməsinin seriya nömrəsi müvafiq elektron sistemə daxil edildiyi üçün elektron hesabatlar üzərindən qarşılıqlı hesablaşmalar həyata keçirilirdi. Bütün bunlar səbəbi ilə praktikada sığorta agentində sığorta təşkilatına qaytarılmalı sığorta şəhadətnaməsi qalmırdı və həmin nüsxə yalnız korlandıqda, xitam və ya ləğv edildikdə geri qaytarıla bilərdi. Yəni, qanunvericiliyə görə sığorta agentində qalan sığorta şəhadətnaməsi nüsxəsi sığorta şirkətinə yalnız korlandıqda, xitam və ya ləğv edildikdə və ya istifadə edilmədikdə geri qaytarılırdı. Cavabdeh ASC-nin tələb etdiyi 916 ədəd sığorta şəhadətnaməsi iddiaçının 3 aylıq dövriyyəsi qədərdir və bu sayda sığorta şəhadətnaməsini Cavabdeh ASC-nin istifadə edilmədən onda saxlaması, onunla hesablaşma aparmaması nonsensdir. Əgər belə bir durum olsaydı, Cavabdeh ASC onun bütün satışlarını dayandıra bilərdi və ya sığorta agenti müqaviləsinə xitam vermiş olardı. Lakin həmin dövrdə bu baş vermədi. Belə ki, Cavabdeh ASC ilə işlədiyi dövrdə ayda minimum 100 maksimum isə 600, orta hesabla isə ayda 300 ədəd icbari sığorta şəhadətnaməsi təhvil almışdır. Şirkətin iddia etdiyi 916 ədəd sığorta şəhadətnaməsi isə orta hesabla, 3 aylıq dövriyyəni əhatə edən sığorta şəhadətnamələridir. İcbari Sığorta Bürosu və sığorta şirkətləri praktikada sığorta agentinin əlində yalnız 10 günlük dövriyyə həcmində sığorta şəhadətnaməsi qaldıqda yeni sığorta şəhadətnamələri verirdilər. Yəni, onun 10 günlük dövriyyəsi orta hesabla minimum 30 maksimum 100 sığorta şəhadətnaməsi olub. Əgər adında istifadə edilməyən və ya korlanmış/xitam olunmuş 100-dən artıq sığorta şəhadətnaməsi qalsaydı, sığorta şirkəti heç vaxt iddiaçıya yeni sığorta şəhadətnaməsi verməzdi. Bunu bütün sığorta şirkətlərinin işçiləri, sığorta agentləri, ekspert olaraq İSB və ya keçmiş MBNP əməkdaşları dəvət edilsə təsdiq edə bilərlər. Odur ki, 3 aylıq dövriyyəsi qədər, yəni 900-dən yuxarı sığorta şəhadətnaməsini sığorta şirkətinin onda saxlaması, hesablaşmaması nonsensdir, əks təqdirdə bütün satışları dayandıra bilərdi və ya sığorta agenti müqaviləsinə xitam vermiş olardı. Halbuki, sonuncu dəfə 2016-cı ilin oktyabrında təhvil verdiyi sığorta şəhadətnamələrindən sonra 7 ay onun sığorta müqavilələrini satmağına imkan vermiş və 450 min manata yaxın sığorta haqqı qəbul etmişdir. Təqdim etdiyi hesabatlarda aydın görünür ki, onun heç 1 ədəd belə AA kodlu icbari sığorta şəhadətnaməsi qalığı olmayıb, lakin “xxxx” ASC isə ondan AA kodlu icbari sığorta şəhadətnamələri tələb edir. Belə ki, birgə işlədiyi dövrdə gündəlik olaraq, “xxxx” ASC-nin müvafiq departamentinin rəsmi e-mail olan Elektron ünvan 1 ünvanından rəsmi olaraq sığorta agentləri tərəfindən həyata keçirilmiş gündəlik satışı, müqavilə sayını, müqavilə növünü, sığorta haqqını və təmiz blank qalığını özündə ehtiva edən elektron məktub daxil olurdu. Qoşmada əlavə etdiyi, müvafiq elektron məktublar əsasən 2017-ci ili, yəni iddia olunan sığorta şəhadətnamələrinin təhvil edildikdən sonrakı dövrü əhatə edir. Hesabatlarda aydın görünür ki, iddiaçının heç 1 ədəd belə AA kodlu icbari sığorta şəhadətnaməsi qalığı olmayıb. Ona heç vaxt @xxxx.az domen sonluqlu e-mail ünvanından 916 ədəd icbari sığorta şəhadətnaməsi qaytarılması tələbi ilə bağlı elektron məktub və ya hər-hansı digər formada qarşılıqlı iddia tələbinin predmeti ilə bağlı hər-hansı bildiriş göndərilməmişdir. Onlar bunu yalnız onların haqqı olan komisyon pullarını tələb etdikdə, gözlənilmədən iddia etməyə başlamışlar. Bunun da məhkəməni yanıltmaq, onları haqq yollarından çəkindirmək üçün istifadə edilən yol olduğunu hesab edirlər. Belə ki, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış sığorta vasitəçiliyi haqqında agent müqaviləsinə görə hər iki tərəf arasında müvafiq əlaqələr müqavilədə göstərilən email ünvanlara göndərilən elektron məktublar vasitəsilə həyata keçirilir. Müqavilədə onun tərəfindən e-mail ünvan olaraq, Elektron ünvan 2 (göstərilən müqavilənin 11.1 -ci maddəsi) göstərilmişdir. Lakin heç vaxt o @xxxx.az domen sonluqlu email ünvanlardan 916 və ya ümumiyyətlə hər-hansı icbari sığorta şəhadətnaməsinin qaytarılması ilə bağlı elektron məktub almamışdır. Bunun da qəbuledilməz olduğunu hesab edirlər. “xxxx” ASC-nin geri istədiyi və ya cərimə ödənilməsini tələb etdiyi 916 ədəd sığorta şəhadətnamələri sığortalılara təhvil verilib, yəni qüvvədə olub və vaxtı bitdikdə də qüvvədən düşüb. Belə ki, onunla “xxxx” ASC arasında bağlanmış sığorta vasitəçiliyi haqqında agent müqaviləsinin 10.4-cü bəndinə əsasən icbari sığorta şəhadətnamələri sığorta agentləri tərəfindən itirildikdə, məhv olduqda, oğurlandıqda və sair bu kimi hal nəticəsində blankm istifadəsi və geri təhvil verilməsi mümkün olmadıqda, sığorta agenti hər bir blanka görə sığortaçıya 100 manat məbləğində cərimə ödəməlidir. Bu müddəa qarşılıqlı iddianın əsasını təşkil edir. Siyahı vasitəsilə təqdim edilmiş sığorta şəhadətnamələri üzrə müqavilələr yuxarıda sübut etdikləri kimi nə itirilib, nə məhv edilib, nə oğurlanıb və ya nə də ki, şəhadətnamənin istifadəsi üçün heç bir maneə yaradılmayıb. Cavabı sadədir - həmin sığorta şəhadətnamələri istehlakçıda olub, qüvvədə olub və vaxtı bitdikdə də qüvvədən düşüb. İddiaçı İSB-a bu sığorta şəhadətnamələrinin qüvvədə olub-olmaması və ya istifadəsinin mümkün olmaması barədə məktub yazmış, onlar sığorta agentləri ilə işləmədikləri üçün elektron məktublar vasitəsilə təsdiq etdilər ki, sığorta şəhadətnamələri qüvvədə olub, onlar nə korlanıb, nə itirilib, nə də oğurlanıb. Beləcə, sığortaçının iddiası başa düşülən deyil (İSB-yə olan məktubum və onların elektron məktubları əlavədədir). Həmin müqavilənin 10.4-cü maddəsində sair hal kimi nəzərdə tutulan isə sığorta şəhadətnamələrinin ləğv edilməsi və ya xitam edilməsidir. Belə ki, sığortalı tərəfindən bu və ya digər halda sığorta şəhadətnaməsi ləğv və ya xitam edildikdə, sığorta şəhadətnaməsi sığortaçıya, yəni “xxxx” ASC-yə qaytarılmalıdır. Adətən sığortalı sığorta şəhadətnaməsinin ləğv və ya xitam edilməsini təcrübədə bir qayda olaraq, sığorta agentinin ofisinə gəlməklə həyata keçirir. Bu zaman sığorta agenti sığortaçıya elektron məktub vasitəsilə sığortaçının müəyyən və tərtib etdiyi ərizə formasını sığortalı tərəfindən doldurulduqdan sonra göndərir (qoşmada ərizə fonnası əlavə edilmişdir). Məhz bundan sonra sığorta şəhadətnaməsi sığortaçı tərəfindən ləğv və ya xitam edilir, sığortalıdan sığorta şəhadətnaməsi geri almır və sığorta agenti tərəfindən sığortaçıya təhvil-təslim aktı tərtib edilməklə təhvil verilir. Lakin məlum 916 sığorta şəhadətnaməsinin ləğv və ya xitam edilməsi, onunla bağlı müvafiq ərizə forması doldurulması, sığorta agenti olaraq onun ləğv və ya xitam edilməklə bağlı elektron məktub vasitəsilə sorğu göndərməyi, sığortalıdan sığorta şəhadətnaməsini geri almağı və sığortaçıdan bu sığorta şəhadətnaməsini ondan tələb etməsi halı olmamışdır. “xxxx” ASC qarşılıqlı iddiada onunla bağladığı sığorta agenti xidmətləri haqqında müqavilənin 10.4-cü bəndinin yalnız özlərinə sərf edən hissəsini göstərmiş, ikinci hissəsini susmaqla görməməzliyə vurmağa çalışmışdır. Belə ki, bu ikinci hissədəki müddəa onların iddialarının əsassızlığının və absurdluğunun növbəti sübutu olduğu bir haldır. Belə ki, müvafiq müqavilənin 10.4-cü maddəsində daha sonra qeyd olunub ki, sığortaçı eyni qaydada bu müqavilələrə görə İcbari Sığorta Bürosu ilə hesablaşır. Bununla əlaqədar, İSB-a məktub yazaraq, sığortaçının iddia etdiyi 916 sığorta şəhadətnaməsi ilə bağlı, yəni həmin şəhadətnamələrin korlanması, oğurlanması, itirilməsi, xitam və ya ləğv edilməsi halının olub-olmaması, olubsa da, sığortaçının İSB-yə hər bir sığorta şəhadətnaməsi üzrə 100 manat ödəməsi ilə bağlı məlumat vermələrini xahiş etmiş. Lakin İSB şifahi və elektron məktublar vasitəsilə bildirdi ki, birbaşa sığorta agentləri ilə işləmədikləri üçün, məhkəmə sorğusunun daxil olmalı olması zəruriliyini qeyd etməklə bərabər, 916 ədəd sığorta şəhadətnaməsi ilə bağlı sığortaçıya, yəni “xxxx” ASC-yə hər-hansı tələb irəli sürmədiklərini də qeyd etdilər (İSB-yə ünvanladığım məktub və İSB əməkdaşlarının rəsmi elektron məktublarının surəti də əlavə edilir). Daha bir məqam cavabdehin təqdim etdiyi təhvil-təslim aktları həqiqəti əks etdirmir. Ümumi olaraq, nəzər yetirdikdə, aydın olur ki, aktların böyük əksəriyyəti iddia müddətini keçmişdir. Ən böyük saxtakarlıq isə təhvil-təslim aktlarının tarixinin 2017-ci ildə guya ki, onun tərəfindən imzalanması və möhürlənməsidir. Belə ki, birincisi, 2016-cı ilin noyabr ayının 1-dən etibarən sığorta şəhadətnamələri fiziki olaraq ləğv edilmiş, yalnız elektron sığorta şəhadətnamələri tətbiq edilməyə başlanmışdır. Odur ki, fiziki olaraq, sığorta şəhadətnamələri mövcud olmadığı təqdirdə, elektron sığorta şəhadətnamələrinə keçdikdən az qala 1 il sonra və onunla “xxxx” ASC arasında əməkdaşlıq dayandırıldıqdan sonra təhvil-təslim aktlarının tərtib edilməsini və onun adına guya transfer edilməsini yalnız saxtakarlıq adlandırmaq olar, ikincisi, 2017-ci ilə aid olan təhvil- təslim aktlarının saxtakarlığı həm də onunla bağlıdır ki, onun imzası çox sadədir, onu saxtalaşdırmaq, imzanı oxşatmaq çox asandır. Möhürün olması ilə bağlı onu deyə bilər ki, işlədiyi dövrdə şirkət tərəfindən ona 2 möhür təqdim edilmişdir, odur ki, 3-cü möhürün olmasına heç kim təminat verə bilməz. İddia ərizəsi ilə cavabdehdən komisyon muzdu olaraq “Sığorta xidmətləri haqqında eksklüziv müqavilədə” göstərilən 15% məbləğ deyil, nə üçün 20% məbləğ tələb etdiklərinə dair; Onunla “xxxx” ASC arasında bağlanmış müqavilə eksklüziv xarakterlidir (müqavilənin 2.4-cü maddəsi), bu isə satışları böyük olduğu ilə bağlı olmuşdur. Belə ki, orta hesabla ildə 1 milyon manata yaxın sığorta haqqı yığaraq “xxxx” ASC-yə ötürmüşlər, bu isə həmin şirkətin illik satışının orta hesabla 4% qədərini təşkil etmişdir. “Sığorta xidmətləri haqqında eksklüziv müqavilənin” 6.2, 6.6-cı maddələrinə əsasən, satışdan asılı olaraq, sığortaçı ona müqavilədə göstərilməyən həcmdə fərqli komisyon muzd ödəyə bilər və əlavə motivasiya vasitələri tətbiq edə bilər. Həmin müqavilənin 7.1.4, 7.1.5, 7.1.6-cı maddələrinə əsasən sığortaçı ona aylıq təzminat, aylıq (illik və rüblük) kompensasiya, xal, puan və s. maddi vəsaitlərlə bağlı sistemlər tətbiq edə bilər, hətta istənilən vaxt bu təminatları azaltdıqda və ya ləğv etdikdə, bundan əvvəlki dövrdə bağlanmış sığorta müqavilələrinə şamil edə bilməz (müqavilənin 7.2-ci maddəsi). Qeyd edir ki, satış həcminin böyük olduğu üçün “xxxx” ASC ona AVSMMİS müqavilələri üzrə 33% komisyon muzd ödəmişdir. Onun 20% rəsmi olaraq, müvafiq aktlarla rəsmiləşdirilməklə, birbaşa olaraq, onun Accessbank QSC və Unibank ASC-dəki rəsmi hesablarına ödəmişdir. 13% puan şəklində əlavə təminatları isə müxtəlif maliyyə sxemləri, digər şirkətlər vasitəsilə kompensasiya ödənişi və nağd formada ödəməklə, həyata keçirdiyi üçün iddia etdiklkəri müqavilələrin əlavəsi kimi hər-hansı əsaslı sübutlar təqdim etməyə çətinlik çəkirlər. Odur ki, rəsmi formada ödənmiş 20%-lik haqlarının qaytarılmasını tələb edirlər. xx.xx.2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR Qanununun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan icbari müqavilələr üzrə sığorta haqlarının 20% hissəsini işlərin aparılması xərclərinə sərf edə bilər. Yəni həmin məbləğin 15% bizə komisyon muzd, 5% isə işlərin aparılması (müxtəlif xərcləri qarşılamaq üçün) xərci olaraq ödəyirdi. Qeyd edir ki, işlədiyi dövrdə milyonluq sığorta haqlarını xərclərini qarşıladıqları Bakı (4 ofis), Göyçay, Ağdaş, Ucar, Kürdəmir, Şamaxı, Şabran, Quba şəhərlərindəki “xxxx” ASC-nin reklamları olan sığorta ofisləri və onlarla səyyar sığorta xidmətləri göstərən şəxslər vasitəsilə toplamışlar. Komisyon muzdlar əsasən aktlar tərtib edilməklə ödənilirdi. Qoşmada örnək kimi bir akt nümunəsi göstərmişlər. Həmin aktda sığorta haqqı ilə bərabər sığorta agentinə ödəniləcək məbləğ də əks edilib. Belə ki, sığorta agentinə hesablanmış ümumi məbləğ göstərilir, ardınca isə sığorta agentinə ödənilən məbləğ açıqlanır. Aktda sığorta agentinə ödəniləcək məbləğ kimi komisyon mükafatı (15%) və işlərin aparılması xərcləri (5%) göstərilmişdir. “xxxx” ASC-yə satdıqları sığorta məhsullarının dəyərini ödəməmişdən əvvəl “Fonex” elektron sistemdə hər bir sığorta agenti hesabat hazırlayırdı. Bu hesabat borduro adlanırdı. Məhz bu borduro əsasında bankdan “xxxx” ASC-nin hesabına ödənişi həyata keçirirdilər. Məlumdur ki, borduro adlanan ödəniş tapşırığı olmadan banklar köçürməni həyata keçirə bilməzdi. Borduroda sığorta məhsulunun kodu, şəhadətnamə nömrəsi, müqavilə (şəhadətnamə) seriyası, sığortalının adı, pul vahidi, sığorta haqqı, hesablanmış komissiya (15%), hesablanmış əlavə(5%) və digər göstəricilər əks etdirilirdi (qoşmada borduro nümunəsi vardır, məhkəmə prosesində daha çoxu təqdim ediləcəkdir). Yuxarıda göstərilən sübutların daha dolğunluğu və təsdiqi üçün müvafiq dövrdə “xxxx” ASC ilə sığorta agenti xidmətləri üzrə müqavilə bağlamış sığorta agentlərini və şirkətin əməkdaşlarını dəvət etməklə sübut etmək olar. Bir daha bildirirlər ki, 2017-ci ilin iyun ayından 2018-ci ilin iyun ayına qədər dövlət sığorta nəzarəti funksiyalarını həyata keçirmiş AR MBNP-a çoxsaylı şikayətlərim əsasında ciddi yoxlama tədbirləri keçirilmiş və MBNP-ının sorğuları əsasında qalın qovluqlarda müvafiq məlumatları əks etdirən sənədlər toplanmışdır. Həmin sənədlərdə əməkdaşlıq etdiyi dövrdə əldə etdiləri gəlirlər, komisyon muzdlar, əlavə xidmətlər üzrə ödənişlər tam olaraq göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində, yazılı izahatlarında və eyni zamanda arayışlarında qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələblərinin tam təmin olunması, qarşılıqlı iddia tələblərinin tam əsassız olduğunu bildirərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o, izahatında 2017-ci ilin yanvarından may ayına qədər təqribən 55000 manat komisyon haqqı ödəməsi ilə bağlı qeyd etmişdir ki, həmin vəsait daşınmaz əmlakların sığortalanması ilə bağlı olmuş, o, isə daşınar əmlakların sığortalanması komissyon haqqları tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X2 iddia ərizəsində, yazılı izahatlarında və eyni zamanda arayışlarında qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələblərinin tam təmin olunması, qarşılıqlı iddia tələblərinin tam əsassız olduğunu bildirərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələblərinin müdafiə etdiklərini bildirərək, qarşılıqlı iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda o, izahatında 2017-ci ilin yanvarından may ayına qədər təqribən 55000 manat məbləğində daşınar və daşınmaz əmlakların sığortalanması ilə bağlı İddiaçı komisyon haqqların ödənildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 000656 nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı müddətsiz olaraq sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən qeydiyyat nömrəsi 670 olan xx xxx 2012-ci il tarixli lisenziya verilmişdir. 17 nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli sığorta vasitəçiliyi xidməti haqqında agent müqaviləsindən (eksklüziv agentlik) görünür ki, Sığorta agenti – İddiaçı Sığortaçının - Cavabdeh Sığorta Şirkətinin adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməyi, Sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməyi, həmçinin Sığorta agentinin fəaliyyətini dəstəkləmək məqsədilə müvafiq şərait yaratmağı və təminatlar verməyi öhdəsinə götürür. Sığorta şəhadətnamələrinin təhvil verilməsinə dair daxili qaimələrdən və sığorta blanklarının cədvəlindən görünür ki, müxtəlif müqavilələr və müxtəlif nömrəli qaimələr üzrə İddiaçı 916 ədəd sığorta şəhadətnaməsi blankları və digər sənədlər təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli, 15/0655 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən müqavilə şərtlərinə riayət olunmadığına görə (şəxslərdən toplanmış sığorta haqlarının birbaşa tərəfindən öz şəxsi hesabına mədaxil etməsi və s.) müqavilənin 9.4-cü maddəsinə əsasən Cavabdeh Sığorta Şirkəti tərəfindən müqavilənin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Müxtəlif tarixlərdə verilmiş tam sığorta haqları üzrə aktlardan, kassa məxaric orderlərindən, ödəniş tapşırıqlarından və hesabdan çıxarışlarından görünür ki, 2016-cı il dekabr-2017-ci il may ayları üzrə bağlanmış sığorta müqavilələri üzrə sığorta agentinə (İddiaçı) komisyon mükafat, işlərin aparılması xərcləri hesablanmış və müvafiq ödənişlər (hesabına ödənilmiş, nağd şəkildə alınmış və s.) edilmişdir. İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2016-xx.xx.2017-ci ili əhatə edən dövrdə rüblər üzrə vergi ödənişlərində nəinki azalma hətta əksər vaxtlarda vergi ödənişlərində stabillik və artım müşahidə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-86/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Sığorta Şirkətinin cavabdeh İddiaçının xeyrinə 81496 manat sığorta haqqı üzrə borcun, 19808 manat dəbbə pulunun, 2400 manat geri qaytarılmamış blanklara görə cərimənin, 211,91 manat xitamla bağlı sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 103945,91 manat pulun tutulması barədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 81496 manat sığorta haqqı üzrə borc, 500 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 82026 manat pul iddiaçı Cavabdeh Sığorta Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-504/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-86/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən – cavabdeh İddiaçı 81496 manat sığorta haqqı üzrə borc, 500 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 82026 manat pul iddiaçı Cavabdeh Sığorta Şirkətinin xeyrinə tutulması hissədə - ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçı Cavabdeh Sığorta Şirkətinin apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçının borclu olduğunu bildirdiyi cavabdehə 2017-ci ilin yanvarından may ayına qədər təqribən 55000 manat komisyon haqqı ödəməsi müəyyən edilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzim ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, həmin müqavilənin predmeti sığorta agenti – İddiaçı sığortaçının - Cavabdeh Sığorta Şirkətinin adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik xidməti göstərməli, sığortaçı isə bunun müqabilində bu müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmış komissiyanı və digər mükafatları ödəməlidir. Həmçinin məhkəməyə təqdim edilən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-2(103)-504/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin yanvarından may ayına qədər cavabdehə təqribən 55000 manat məbləğində komisyon haqqı ödəmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, bu müddət ərzində iddiaçı bağlanılan daşınar və daşınmaz əmlakların sığorta müqavilələri üzrə sığorta haqlarını Cavabdeh Sığorta Şirkətinə ötürmüş, sonuncu isə həmin ödənişlər əsasında sığorta agenti olan İddiaçı komisyon haqqlarının ödənişini həyata keçirmişdir. İddiaçı hazırki iddiada avtomobillərin icbari sığortası ilə bağlı ona 26603 manat məbləğində komisyon haqlarının ödənilmədiyinə istinad etsə də, sözügedən ödənilməyən komisyon haqlarının həmin həcmdə olması və ümumiyətlə onların mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı İddiaçı 2017-ci ildə Cavabdeh Sığorta Şirkəti tərəfindən təxminən 55000 manat məbləğində komissyon haqları ödənilmiş, iddiaçı isə həmin ödənişlərin içərisində avtomobillərin icbari sığortası ilə bağlı komisyon haqlarının olmaması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya 2017-ci ildə müxtəlif sığorta müqavilələri üzrə ödənilmiş 55000 manat komisyon haqların içərisində hazırki iddia tələbinin əsasını təşkil edən avtomobillərin icbari sığortası ilə bağlı komisyon haqları da vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı vergi ödəyicisi kimi 2016-cı ilin axırından 2017-ci ilin may ayına kimi rüblər üzrə dövlətə vergi ödəyicisi kimi eyni həcmdə vəsait ödəmiş (iddiaçıya ödənilən komissyon haqlarına uyğun), yəni ödənişlərin dinamikası stabil olmuş, bu isə bir daha komissyon haqların ödənilməsini təsdiq edir, əks təqdirdə, yəni komissyon haqları iddiaçıya ödənilmədikdə 2017-ci ildə vergi ödənişlərdə azalma, ödəniş dinamikasının aşağı düşməsi müşahidə olunardı. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 26603 manat komisyon muzdu tələbi ilə bağlı iddiası əsassız olduğundan təmin edilə bilməz. Bununla yanaşı 60000 manat müştərilər üçün kompensasiya, 20000 manat maddi zərər, 10000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən iddia həmin hissədə də rədd edilməlidir. Eyni zamanda yuxarıda qeyd olunan tələblər rədd olunduğundan 776 gecikmiş faizi, 1000 manat hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumu tələbi hissədə də iddia təmin edilə bilməz. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbi yəni, Cavabdeh Sığorta Şirkəti 916 ədəd sığorta şəhadətnamələrinə görə ödənilməyən sığorta haqlarının İddiaçı tələbi etməsi ilə bağlı qeyd edir ki, Cavabdeh Sığorta Şirkəti əvvəllər həmin şəhadətnamələ görə İddiaçı müştərilərdən aldığı, lakin şirkətə ödənilməyən vəsaiti tələb etmişdir. Göründüyü kimi Cavabdeh Sığorta Şirkəti şəhadətnamələrin istifadə edildiyini etiraf etmiş, İddiaçı isə bu halı mübahisələndirməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sığorta şəhadətnamələri istifadə olunduğu təqdirdə müstərinin özünə təqdim edilir. Odur ki, məhkəmə tələb olunan sığorta şəhadətnamələrin istifadə olunduğunu, yəni müştəri ilə sığorta müqavilənin bağlandığını nəzərə alaraq, hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı 26603 manat komisyon muzdu, 776 gecikmiş faizi, 60000 manat müştərilər üçün kompensasiya, 20000 manat maddi zərər, 10000 manat mənəvi ziyanın, 1000 manat hüquqi xidmət xərcinin, 30 manat dövlət rüsumunun, cəmi 118409 manat pulun tələbi barədə ilkin iddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nın cavabdeh İddiaçı qarşı 916 ədəd sığorta şəhadətnaməsi blankının qaytarılması və ya qaytarılmadığı təqdirdə hər bir blanka görə 100 manat olmaqla 91600 manat cərimənin tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar