Məhkəmə qərarları › İş №e-2-2(113)-1080/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1080/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1080/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “satınalma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: satınalma müqaviləsi, mütəxəssis rəyi, sübutun mötəbərliyi, çeşid, miqdar, müqavilənin lazımınca icra edilməməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndələri X5, X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “satınalma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra XXXX PHŞ) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 may 2020-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş 177 481,48 manat məbləğində pulun və 3000 manat ekspertiza xərcinin, 400 manat mediasiya xərcinin, ödənilmiş 68 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan bərk və yumşaq inventarların təhvil verilməsini öhdəsinə götürür. Görüləcək işlər cavabdehin təklifinə və adıçəkilən müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, cavabdeh aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Eyni zamanda sözügedən müqaviləyə görə, cavabdeh malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) iddiaçıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 2.2. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bəzi işləri isə yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yerinə yetirilmiş və yerinə yetirilməmiş işlərin həcminin, dəyərinin dəqiq hesablanaraq müəyyən edilməsi üçün iddiaçı tərəfindən “X10 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. Ekspertlər tərəfindən əmtəəşünaslıq ekspertizası aparılmış, tədqiqatın obyektləri isə cavabdeh tərəfindən 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqaviləyə əsasən iddiaçının Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binasında və ünvan 2s binasında olan inventarlar və təqdim olunmuş sənədlər olmuşdur. Tədqiqatın nəticəsində 107 nömrəli 30 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi təqdim olmuşdur. Həmin rəyə əsasən aparılmış tədqiqatın nəticəsi ondan ibarətdir ki, 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqaviləyə əsasən inventar malları ilə təchiz olunmalı işlər qismən yerinə yetirilmiş, yəni müqavilədə nəzərdə tutulmuş inventarlar tam şəkildə alınmamış, digər formada başqa inventarlarla əvəzlənmişdir; təqdim olunmuş inventar malları 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğundur, yəni keyfiyyət və əmtəə görünüşləri müqaviləyə tam uyğun deyil; faktiki olaraq iddiaçıya təqdim olunmuş inventarlar mallarının gətirilməsi və quraşdırılması işlərinin dəyəri 339 764,48 manat təşkil etməli olduğu halda, 122 467 manat təşkil edir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş hesab-fakturalara uyğun iddiaçı tərəfindən cavabdehin bank hesabına 299 998,48 manat köçürülmüşdür. 2.3. Bundan sonra cavabdehin nümayəndələri ilə bir neçə dəfə söhbət aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Eləcə də cavabdehə 2022-ci ilin mart ayında bildiriş göndərilmiş, lakin sonuncu bu bildirişə cavab verərək öz tərəfindən hər hansı yerinə yetirilməmiş öhdəliklərinin olmamasını vurğulamışdır. Mübahisənin sülh qaydasında həll edilməsinin mümkün olmaması aydın olduqdan sonra qarşı tərəfə bir daha 2022-ci ilin noyabr ayında bildiriş göndərilmiş, artıq ödənilmiş pulun geri qaytarılmasının zəruriliyi onun diqqətinə çatdırılmışdır. Lakin cavabdeh bu dəfə də hər hansı öhdəliklərinin olmamasını bildirmişdir. Mediasiya prosesi də hər hansı nəticə verməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 448.1-ci və s. maddələr qeyd edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək göstərilmişdir ki: 4.1. iddiaçı öz iddia tələbində yalnız “X10 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 30 dekabr 2021-ci il tarixli 107 nömrəli mütəxəssis rəyinə əsaslanır ki, bu da iddiaçının tələblərinin yerinə yetirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında bütün münasibətlər 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqavilə, həmin müqaviləyə 1 №-li və 2 №-li Əlavələr və digər hüquq normaları ilə tənzimlənir. Müqaviləyə 1 №-li Əlavədə müqavilənin xüsusi şərtləri, 2 №-li Əlavədə isə satın alınacaq bərk və yumşaq mebellərin miqdarı və dəyəri X3 öz əksini tapmışdır. Göstərilən müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq dövlət müəssisə və təşkilatları tərəfindən malların dövlət vəsaiti hesabına satın alınmasında tərtib olunur. 4.2. Cavabdehin əməkdaşları müqavilə öhdəliyinin icrası zamanı “Covid-19” pandemiyası dövründə iddiaçının 100 illik yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq sonuncu qarşısında öz üzərinə götürmüş olduğu müqavilə öhdəliyini yerinə yetirməyə ciddi səy göstərmiş, 299 998,48 manatlıq bərk və yumşaq inventarları iddiaçıya təhvil verərək onun quraşdırılmasını həyata keçirmişdir. Faktiki görülən işlər iddiaçıya təqdim edilmiş elektron qaimələrdə (6 ədəd) öz əksini tapmışdır ki, bunun da nəticəsi olaraq müqaviləyə 1 №-li əlavəyə uyğun olaraq göstərilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Faktiki görülmüş işlərə görə keçirilmiş birgə baxış nəticəsində heç bir qüsur aşkar edilməmiş, heç bir akt tərtib edilməmiş, bildiriş verilməmişdir. Belə olan halda, cavabdeh müqavilədə nəzərdə tutulmuş bütün şərtlərə əməl etmişdir. Lakin iddiaçının məhkəmədə qaldırdığı iddia tələbində öz əksini tapmış hallar (inventarların tam alınıb təhvil verilməməsi və ya başqa inventarlarla əvəz edilməsi, malların müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğunluğu, inventarların dəyərinin aşağı olması və s.) həqiqətə uyğun deyil. Cavabdeh sözügedən müqavilənin 2 №-li əlavəsində öz əksini tapmış bütün malları iddiaçıya təqdim etmişdir. Lakin o dövrdə müqavilənin icrasına nəzarəti həyata keçirən iddiaçının rektorunun inzibati və tikinti işləri üzrə prorektoru Ədilxan Xəlilovun xahişi ilə universitetdə gedən cari təmir işlərinin başa çatmamasını nəzərə alaraq, təqdim olunmuş 39766 manatlıq inventar müvəqqəti olaraq geri qaytarılmışdır ki, bu inventarların siyahısı məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, iddiaçının xahişini nəzərə alaraq və işin gedişatına uyğun olaraq müqavilədə nəzərdə tutulmayan, ümumi dəyəri 60726,81 manat olan əlavə bərk və yumşaq mebellər iddiaçıya təqdim edilmişdir. İddiaçı qeyd edilən əlavə inventarların dəyərinin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu günə qədər həmin mebellərin dəyəri ödənilməmişdir. Həmin mebellərin siyahısı da məhkəməyə təqdim edilmişdir. 4.3. Həmçinin iddiaçı tərəfindən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində məktub (bildiriş) göndərilmişdir. Təqribən eyni məzmunda olan hər iki məktuba (bildirişə) dərhal, elektron qaydada dəqiq və əsaslı şəkildə cavab verilmişdir. Müqavilədə nəzərdə tutulmuş işlərin görülməsində cüzi dəyişikliklər isə iddiaçının xahişi ilə aparılmışdır. İddia ərizəsində göstərilən, faktiki olaraq təqdim olunmuş inventar mallarının gətirilməsi və quraşdırılması işlərinin dəyərinin aşağı olması tələbi isə heç ağlabatan deyil. Çünki bu məsələlərin tənzimlənməsi sözügedən müqaviləyə 2 №-li Əlavədə (qiymətlərin razılaşma protokolunda) öz əksini tapmışdır. Eyni zamanda müqaviləyə görə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır.

5. Cavabdeh iddiaya etirazının hüquqi əsası kimi Mülki Məcəllənin 589.12, 591.1 və s. maddələrə istinad etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçının tədris binalarında cari təmir-tikinti və abadlıq işlərinin həyata keçirilməsi və müvafiq inventarların alınması üçün tenderlər elan edilmiş və tenderlərin qalibləri yaxın şirkətlər olmuşdur. Hər iki tenderlə bağlı işlər qüsurlarla icra edilmişdir. Təmir-tikinti və abadlıq işləri ilə bağlı qüsurlar daha çox olduğundan iddiaçının nümayəndələri bir müddət həmin məsələ ilə məşğul olmuşdur. Daha sonra hər iki tender üzrə görülmüş işlərin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət edilmiş və satınalma müqaviləsinin icrasındakı qüsurlar təsdiq olunmuşdur. Belə ki, həm təqdim edilmiş bəzi mallar qiymətləndirmə protokolunda nəzərdə tutulmamışdır, həm də qiymətləndirmə protokolunda nəzərdə tutulmuş malların əksər hissəsi təqdim edilməmişdir. Eyni zamanda mütəxəssis rəyi ilə təsdiq olunur ki, tərəflər arasında razılaşdırılmış qiymətlər yüksək olmuş, malların real dəyərini əks etdirməmişdir. Mütəxəssis rəyi dekabr ayında təqdim olunsa da, imtahan prosesləri ilə bağlı yalnız 2022-ci ilin mart ayında cavabdehə rəsmi məktub ünvanlanmışdır. Lakin rəsmi məktuba qədər də qüsurların aradan qaldırılması üçün şifahi danışıqlar aparılmış, cavabdeh tərəflə razılıq əldə olunmamışdır.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, satınalma müqaviləsi üzrə malların qəbulunu baş mühasib və universitetin inzibati və təsərrüfat şöbəsinin əməkdaşları həyata keçirmişdir. Həmin əməkdaşların yol verdikləri nöqsanlar nəticəsində təqdim edilməyən mallar üzrə də hesab-fakturalar əsasında ödənişlər aparılmışdır. Bundan başqa, tədris ilinin başlanması zərurəti ilə əlaqədar müqavilədə nəzərdə tutulan əşyaların əvəzi kimi təqdim edilən əşyalar da istifadə edilib. Hazırda tələb olunan məbləğ iddiaçı tərəfindən edilmiş ödənişdən mütəxəssis rəyi ilə hesablanmış məbləğ çıxıldıqdan sonra qalan artıq ödənilmiş məbləğdir. Mütəxəssisə cavabdehin təqdim etdiyi əmlaklar təqdim olunmuş, rəydə qeyd olunanlar isə mütəxəssisin aşkar etdikləri əsasında qeyd olunub. Eləcə də “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim edilmiş ərizədə iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, xx.xx.2021-ci il tarixli 107 nömrəli mütəxəssis rəyində “siyahı üzrə olmayan, lakin faktiki yerində aşkarlanmış” adlanan qrafalar öz əksini tapıb. Bu qrafalarda olan inventarların sayının elektron qaimələrdə olan saydan çox olmasının səbəbi onunla bağladır ki, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş inventarı tam təhvil verməli olsa da, əslində daha az və siyahı üzrə olmayan inventar gətirmişdir. Həmin rəydən görünür ki, bir çox inventar, ümumiyyətlə, aşkarlanmayıb və ya miqdarlar arasında fərq mövcuddur. “Siyahı üzrə olmayan, lakin faktiki yerində aşkarlanmış” adlanan qrafalarda qeyd olunan inventar cavabdeh tərəfindən çatışmayan malların əvəzinə iddiaçıya təqdim olunmuşdur. Cavabdeh belə hesablamışdır ki, universitet tədris ilinin başlanmasına iki aydan az qalmasını nəzərə alıb təqdim olunan malları məcbur qalıb qəbul edəcək.

8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – universitetin inzibati və təsərrüfat işləri üzrə prorektoru X6 izahatında bildirdi ki, malların təhvil-təslim prosesində iştirak etməmiş, yalnız 2021-ci ilin iyul ayından bu vəzifəyə təyin olunmuşdur. Universitet tərəfindən cavabdehə təqribən 300 000 manatlıq ödəniş edilib, lakin malların sayı, ölçüləri, adı uyğun gəlmədiyi üçün anbara mədaxil edilməyib. Təqdim edilən, lakin qiymətlərin razılaşdırılması protokolunda olmayan mallar bu səbəbdən universitetin əsas vəsaitinə aid edilə bilmir, bu isə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçiriləcək dövri yoxlama zamanı pozuntu kimi qiymətləndiriləcəkdir. İddiaçının tələbini qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulan, lakin təhvil verilməyən malların dəyərinin ödənilməsi təşkil edir. Belə ki, iddiaçı bəzi malların razılaşdırılandan bir neçə santimetr fərqli verilməsini qəbul edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onda olan məlumata əsasən mallar təhvil verilərkən ödənişlər edilmişdir. Həmçinin iddiaçının razılaşdırılmış qiymətlərlə bağlı iddiası da yoxdur. Belə ki, tender elan edilib, cavabdeh qalib olub və qiymətlərin razılaşdırılması protokolu imzalanıb.

9. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclaslarında iştirak edərək iddianın rədd olunması xahiş etdi və qeyd etdi ki, müqavilə üzrə razılaşdırılan mallar 2020-ci ilin mayavqust aylarında tam təhvil verilib, lakin universitetdə digər şirkət cari təmir-tikinti və abadlıq işləri həyata keçirdiyindən iddiaçı tərəfin xahişi ilə 39760 manat dəyərindəki əşyalar geri qaytarılıb. Həmçinin universitetin 100 illiyinin keçirilməsi ilə bağlı universitet rəhbərliyinin xahişi əsasında müqavilədə nəzərdə tutulmayan 60726 manat dəyərində mal qarşı tərəfə təqdim edilərək quraşdırılıb. Bu məsələlər iddiaçının rəsmi bildirişlərinə əsaslandırılmış cavab verilərkən də qeyd edilmişdir. Həmçinin əgər həqiqətən də malları təqdim edilməyibsə, iddiaçının onların dəyərini ödəməsi də ağlabatan deyil. Çünki müqavilədə avans ödənişi nəzərdə tutulmamışdır. Eyni zamanda ekspertizaya müraciət edilməmişdən əvvəl cavabdehə bildiriş göndərilməli, cavabdehin ekspertizanın keçirilməsində iştirak imkanı təmin edilməli idi, lakin bu prosedurlara əməl edilmədən birtərəfli ekspertiza həyata keçirilmişdir. Eyni zamanda bildirmişdir ki, malların ölçüsündə cuzi dəyişikliklər iddiaçının rəhbərliyinin xahişi ilə edilmişdir.

10. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclaslarında iştirak edərək qeyd etdi ki, malların təhvili prosesinə cavabdeh tərəfindən o rəhbərlik etmişdir. Belə ki, malların bir qismi sayla, bir qismi də quraşdırılmaqla təhvil verilmişdir. Malların təhvili zamanı iddiaçının möhürü ilə təsdiqlənmiş həm elektron qaimə, həm də hesab-faktura iddiaçının nümayəndələrinə təqdim edilirdi, bundan sonra iddiaçı ödəniş edirdi. Ödənişi edilən mallardan 39760,10 manat dəyərindəkilər universitetin xahişi ilə geri qaytarılmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qaytarılan malla eyni dəyərdə başqa növdə mal iddiaçıya təqdim olunmuş, həmin mala dair qaimə təqdim olunmamış, qaimələrə düzəliş etmək üçün iddiaçıya müraciət etdikdə iddiaçının nümayəndəsi bildirmişdir ki, qaiməyə düzəliş edilməsi çətindir, onsuzda eyni dəyərdə başqa mal təhvilmişdir, qaytarılan mallar gətirildikdən sonra qaiməyə düzəliş edilər. Ona görə də təhvil verilən 39760,10 manat dəyərində digər mallara görə elektron qaimə təqdim olunmamışdır. İddiaçının xahişi ilə əlavə mallar da təhvil verilmiş və həmin mallar üçün iddiaçının əlavə ödəniş etməsi də nəzərdə tutulmuşdur ki, bu həyata keçməmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Pulun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.

13. Məhkəmə təqdim olunmuş sübutlar əsasında müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq 05 may 2020-ci il tarixli 04-20 nömrəli satınalma müqaviləsi bağlanmışdır. Məhkəmə təqdim olunmuş sübutlar əsasında müəyyən edir ki, iddiaçı bərk və yumşaq inventarların satın alınması üçün cavabdehin 339 764,48 manat (vergi, rüsum, digər xərclər daxil) məbləğində təklifini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların cavabdehdən qəbul edilməsini və dəyərinin ödənilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan bərk və yumşaq inventarların təhvil verilməsini, alınacaq mallar iddiaçının təklifinə və müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasını öhdələrinə götürmüşdür. X8 Protokolu ilə cəmi dəyəri 339 764, 48 manat (51 828,48 manat ƏDV daxil) olan 12 adda yeməkxana avadanlığı, 3 adda əlavə təhsilin mebelləri, 11 adda muzey-kitabxana mebelləri, 3 adda 5-ci mərtəbədə konfrans zalı üçün mebel-avadanlıq, 4 adda akt zalı və ya auditoriya üçün mebel-avadanlıq, 5 adda auditoriyalar üçün mebel-avadanlıq, 4 adda foye üçün mebel-avadanlıq, 4 adda ADNSU-nun işçi kabineti üçün mebel-avadanlığın ayrı-ayrılıqda qiymətlərini, miqdarını və çeşidini razılaşdırmışlar.

14. Məhkəmə eyni zamanda müəyyən edir ki, cavabdeh (icraçı) ümumi dəyəri 299 998,48 manat olan malların təhvil verilməsi ilə bağlı XXX seriya və nömrəli xx.xx.2020-ci il tarixli, XXXseriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAM XXX seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAN XXXX seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBANXXX seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAP XXXXeriya və nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələri, eyni zamanda 20 iyul 2020-ci il tarixli 1 nömrəli, 23 iyul 2020-ci il tarixli 2 nömrəli, 28 iyul 2020-ci il tarixli 3 nömrəli, 10 avqust 2020-ci il tarixli 4 nömrəli və 24 avqust 2020-ci il tarixli 5 nömrəli hesab-fakturaları iddiaçıya (sifarişçiyə) təqdim etmiş, hesab-fakturalara “ödənilsin” qeydi ilə iddiaçının rektoru tərəfindən dərkənar qoyulduqdan sonra bank köçürməsi yolu ilə 299 998,48 manat məbləğində pul ödənilmişdir.

15. Bundan başqa müəyyən olunur ki, X3 sadalanan əşyalardan “Əlavə təhsilin mebelləri” və “Auditoriyalar” hissəsində qeyd olunmuş müvafiq olaraq 26 və 32 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stolskameykaları (ölçüləri: stul 55 sm*40 sm, stol 60 sm*2,43m, hündürlüyü 75 sm)” istisna olmaqla (qeyd olunan əşyadan müvafiq olaraq 73 və 52 ədəd təhvil verilməsi razılaşdırılmış, hesab-fakturalarla 47 və 20 ədədinin təhvil verildiyi əks olunmuşdur) qalan əşyaların təhvil verilməsi elektron qaimə və hesab-fakturalarda əks olunmuş, təhvil verilməsi elektron qaimə və hesab-fakturalarda əks olunmayan qeyd olunan əşyaların dəyəri isə ƏDV daxil 39766 manat (((26 ədəd x 570 manat)+(32 ədəd x590 manat))=33700 manat (malın dəyəri), 33700 x18% /100=6066 manat (ƏDV), 33700+6066)) təşkil etmişdir.

16. İddiaçı bildirir ki, cavabdeh təhvil verilməsi razılaşdırılan bəzi əşyaları təhvil verməmiş, əlavə olaraq müqavilədə nəzərdə tutulan əşyaların əvəzi kimi başqa əşyalar vermiş, həmin əşyalar isə istifadə edilmişdir. Əşyaların dəyəri isə X3 yüksək göstərilmiş, qeyd olunanlar mütəxəssis rəyi ilə də təsdiq olunur. Cavabdehin təqdim etdiyi, müqavilədə nəzərdə tutulan və müqavilədə nəzərdə tutulmasa da, qəbul edilərək istifadə edilən əşyaların mütəxəssis tərəfindən hesablanan ümumi dəyəri 122 467 manat təşkil edir. Lakin iddiaçı tərəfindən cavabdehə 299 998,48 manat pul köçürülmüşdür. Bu səbəbdən iddiaçı köçürülən məbləğdən mütəxəssis rəyi ilə hesablanan 122 467 manat çıxıldıqdan sonra qalan 177 481,48 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

17. Cavabdeh X1 qeyd olunan bütün əşyaların təhvil verildiyini, lakin həmin əşyaların 39 760,10 manat dəyərində hissəsinin (uzunluğu 3950 mm olan stollar, 6 nəfərlik MDF şpon – 22 ədəd, işçi stol (3000x1500mm) və jurnal stolu dəsti-xarici istehsal – 1 ədəd, zalda, qalınlığı 30 mm laminatdan hazırlanmış 5 nəfərlik stol-xarici istehsal – 1 ədəd, kreslolar – 3 ədəd) iddiaçının xahişi ilə geri qaytarıldığını, “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykaları”nın hesab-fakturalarda əks olunmayan hissəsinin (26 və 32 ədəd) dəyəri ilə qaytarılan malların dəyəri eyni olduğundan fakturalarda dəyişiklik edilmədiyini, malların ölçüsündə cüzi dəyişikliklərin iddiaçının rəhbərliyinin xahişi ilə edildiyini, sonuncunun xahişi ilə müqavilədə nəzərdə tutulmayan 60726,81 manat məbləğindəki malların iddiaçıya təqdim edildiyini qeyd edərək iddianın rədd olunmasını xahiş edir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz.

19. Əvvəla göstərilməlidir ki, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Dövlət satınalmaları” haqqında Qanun) müəyyən edir.

20. Həmin Qanunda malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının metodlarını kimi açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender və s. göstərilmişdir. Eləcədə həmin Qanunun 40.4-cü maddəsinə əsasən, satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir.

21. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanan 05 may 2020-ci il tarixli 04-20 nömrəli müqavilə malların satınalınması müqaviləsi olub mahiyyətcə Mülki Məcəllədə nəzərdə tutulmuş alqı-satqı müqaviləsidir. Mübahisə də məhz “Dövlət satınalmaları” haqqında Qanun, Mülki Məcəllədə nəzərdə tutulmuş imperativ maddi hüquq normaları və tərəflərin razılaşdırdıqları şərtlər əsasında həll edilməlidir.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Məhkəmə hazırkı iş üzrə əvvəlcə malların təhvil verilməsi və ödəmələrin həyata keçirilməsi mexanizminin şərh edilməsini zəruri sayır.

24. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (601.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (601.2).

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Hazırkı iş üzrə müqavilədə və ona əlavə olunmuş xüsusi şərtlərdə (1 №-li əlavə) tərəflər ödəmələr barəsində razılaşdırmışlar ki, avans ödənişi tətbiq edilmir, müqavilə üzrə ödəmələr Sifarişçi (iddiaçı) tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının (cavabdeh) təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcək. Hissə-hissə ödənişə yol verilir.

28. Göründüyü kimi, tərəflər ödəmələrin malların təhvilindən sonra yalnız cavabdehin təqdim etdiyi sənədlər – qaimə, hesab-faktura və s. əsasında 15 bank günündən gec olmayaraq bank hesabına köçürmə yolu ilə hissə-hissə ödənilməsini razılaşdırmışlar. Hesab-fakturalardan da görünür ki, rektor tərəfindən “ödənilsin” qeydi qoyulduqdan sonra ödəniş edilmiş, iddiaçının nümayəndəsi də təsdiq etmişdir ki, ödənişlər əşyalar təhvil verilərkən edilmişdir. Lakin iddiaçının nümayəndəsi əşyaların qəbulunu baş mühasib və universitetin inzibati və təsərrüfat şöbəsinin əməkdaşlarının həyata keçirdiyini, həmin əməkdaşların yol verdikləri nöqsanlar nəticəsində təqdim edilməyən mallar üzrə də hesabfakturalar əsasında ödənişlər aparıldığını qeyd edir, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmir. Nəzərə alınsa ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur və Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır, onda bu və ya digər işçinin səhvlərinin iddiaçını müvafiq məsuliyyətdən azad etməsi mülki dövriyyənin sabitliyi və mülki dövriyyə iştirakçıları arasında qarşılıqlı etimad münasibətləri ilə uzlaşmır. Həmçinin iddiaçı baş mühasibin əmək funksiyalarının icrasından yayınması əsası ilə deyil, öz ərizəsi əsasında işdən azad olunduğunu da qeyd etmişdir.

29. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildiyindən öhdəliyin qarşılıqlı icrası sayılır və satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə Mülki Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

30. Belə ki, Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmçinin xüsusi norma kimi həmin Məcəllənin 575.1-ci maddəsində də qeyd olunmuşdur ki, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

31. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı təhvil verilmədiyini və ya razılaşdırılmamış əşyaların təhvil verildiyini iddia etdiyi əşyalar üzrə Mülki Məcəllənin 441ci maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək öhdəliyin icrasını dayandırmamış, alqı-satqı müqaviləsinin icrasından və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etməmiş, müqavilədə razılaşdırılmış mexanizmlərdən istifadə etməmiş, əksinə həmin əşyaların dəyərini ödənmişdir.

32. Halbuki, müqavilə şərtlərində tərəflər müqavilənin icrası müddətində qüsurların aradan qaldırılmasının iki fərqli mexanizmini (qüsurların aşkar edilmə anından asılı olaraq) müəyyən etmişlər. Belə ki, müqavilənin 18-ci hissəsinə əsasən, müqavilənin icrası müddətində Sifarişçi (iddiaçı) aşkar olunmuş qüsurlar haqqında İcraçıya (cavabdeh) dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir (18.1). İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır.

33. Müqavilənin 19-cu maddəsinə isə göstərilmişdir ki, müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, İcraçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) 12 ay müddətinə texniki təminat verir (19.1). Təminat müddətində Sifarişçi tərəfindən aşkar olunmuş qüsurlar icraçının vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır (19.2). İcraçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, Sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər (19.3). Sözügedən müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş xüsusi şərtlərdə də qeyd edilmişdir ki, satıcı müqavilə çərçivəsində gətirilmiş mallara 12 ay müddətində texniki təminat verir. Göndərilən malların tam komplektləşdirilməməsi və ya aşağı keyfiyyətli olması aşkar edildikdə, sifarişçinin tələbindən keçən 5 gün ərzində onları komplektləşdirir, keyfiyyətli mallarla əvəz edir. İcraçı göndərilən mallarda aşkar olunan qüsurları tələb olunan müddətdə aradan qaldırmazsa, sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər.

34. Göründüyü kimi, tərəflər müqavilənin icrası zamanı aşkar olunan qüsurlar üçün aradan qaldırılmadıqları təqdirdə cavabdehə ödəniləcək məbləğin azaldılmasını, təminat müddətində aşkar olunmuş qüsurlar üçün isə aradan qaldırılmadıqları təqdirdə cərimənin tətbiq olunması qaydasını razılaşdırmışlar. Lakin iddiaçı Mülki Məcəllədə nəzərdə tutulmuş hüququndan istifadə etmədiyi kimi, müqavilənin 18-ci hissəsinin ona verdiyi hüquqlardan da istifadə etməmişdir.

35. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı müqavilə üzrə mallar təhvil verildikdən yalnız 1 il 6 ay sonra – 11 mart 2022-ci il tarixdə cavabdehə rəsmi bildiriş göndərək 177 531,48 manat məbləğində pulun 7 gün ərzində ödənilməsini tələb etmişdir. Daha sonra eyni məzmunlu bildiriş 02 noyabr 2022-ci il tarixdə də göndərilmişdir. Hər iki məktuba cavabdeh iddiaya etirazda qeyd edilən dəlillərlə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə cavab vermişdir. Halbuki Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

36. Belə olan halda, hesab-fakturada nəzərdə tutulmuş 299 998,48 dəyərindəki əşyaların həqiqətən də iddiaçıya təhvil verildiyi əsaslı şübhə doğurmur. Lakin cavabdeh bildirir ki, X1 qeyd olunan bütün mallar iddiaçıya təhvil verilmiş, ancaq təqdim edilən mallardan 39 760,10 manat dəyərində mallar (uzunluğu 3950 mm olan stollar, 6 nəfərlik MDF şpon – 22 ədəd, işçi stol (3000x1500mm) və jurnal stolu dəsti-xarici istehsal – 1 ədəd, zalda, qalınlığı 30 mm laminatdan hazırlanmış 5 nəfərlik stol-xarici istehsal – 1 ədəd, kreslolar – 3 ədəd) iddiaçının xahişi ilə geri qaytarılmış, həmin malların dəyəri ilə hesab-fakturalarda əks olunmayan 26 və 32 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykaları”nın dəyəri eyni olduğundan fakturalara düzəliş edilməmiş, daha sonra edilməsi nəzərdə tutulmuşdur.

37. Beləliklə, təhvil verilməsi razılaşdırılmış ümumi dəyəri 339 764,48 manat (ƏDV daxil) olan əşyalara görə iddiaçı 299 998,48 (ƏDV daxil) manat ödəniş etmişdir. Hesabfakturalarla 299 998,48 manat dəyərində əşyanın təhvil verilməsi təsdiq olunur. Cavabdeh həmin əşyalardan 39 760,10 manat (ƏDV daxil) dəyərində olan hissəsinin geri qaytarıldığı faktını etiraf edir. Eyni zamanda, hesab-fakturalarda əks olunmayan və dəyəri 39766 manat (ƏDV daxil) olan 58 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar”ın da təhvil verildiyini bildirir. İddiaçının dəyərini ödədiyi 299 998,48 manat dəyərində olan əşyadan 39 760,10 manat dəyərində olan hissəsinin geri qaytarıldığı cavabdeh tərəfindən fakt kimi etiraf olunduğundan, eyni zamanda həmin əşyalarla eyni dəyərdə olan “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar”ın təhvil verildiyi qeyd olunduğundan məhkəmənin müəyyən etməli olduğu məqam hesab-fakturada əks olunmayan 58 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar”ın təhvil verilib-verilməməsidir.

38. X3 125 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar (ölçüləri: stul 55sm*40 sm, stol 60sm*2,43m, hündürlüyü 75 sm)”ın təhvil verilməsi razılaşdırılmışdır. İddiaçının təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, “Əlavə təhsilin mebelləri” və “Auditoriyalar” bölmələrində “Siyahı üzrə olmayan, lakin faktiki yerində aşkarlanmış” qrafalarında “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykaları” ölçüləri: “stul 43sm*40 sm, stol 0,45 m*1,5 m” və “stul 45 sm*40 sm, stol 60 sm*1,5 m, hündürlüyü 75 sm” qeyd olunmaqla 144 ədəd (55+89) aşkar olunduğu qeyd olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili ölçüləri fərqli olsa da, qeyd olunan sayda həmin əşyanın təhvil verilməsini inkar etməmişdir. Əksinə məhkəmə tərəfindən qeyd olunan faktın dəqiqləşdirilməsi təklif olunmuş, mütəxəssis rəyində qeyd olunanları bir daha təsdiq etmişdir.

39. Məhkəmə müəyyən edir ki, hesab-fakturalarla təhvil verilmiş “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar”ın 67 ədədinin təhvil verilməsi təsdiq olunsa da, faktiki olaraq qeyd olunan adda 144 ədəd əşya təhvil verilmişdir. Beləliklə, tərəflərin razılaşdıqları əşyalardan 299 998,48 manat dəyərində əşyaların iddiaçıya təhvil verildiyi təsdiq olunur.

40. İddiaçı təhvil aldığı mallar üçün müvafiq hesab-faktura əsasında ödədiyi (müqavilədə nəzərdə tutulan malların təqdim edilmədiyini iddia etməsinə baxmayaraq) ƏDV daxil olmaqla 299 998,48 manat məbləğində puldan 177 481,48 manat məbləğində pulu tələb edərkən, müqavilənin lazımınca icra edilmədiyinə – miqdar və çeşidlə bağlı şərtlərin pozulduğuna istinad edir. İş materiallarına əlavə edilən mütəxəssis rəyindən və iddiaçının nümayəndələrinin yekun mövqeyindən malların keyfiyyəti ilə bağlı tələb irəli sürülmədiyi aydın olur.

41. Məhkəmə tərəflər arasında imzalanmış müqavilədən və mülki qanunvericiliyin normalarından irəli gələrək müqavilənin lazımınca icra edilib-edilməməsi, lazımınca icra edilməyibsə, çeşid və miqdarla bağlı şərtlərin pozulması nəticələrinin şərh edilməsini və iddiaçının hazırkı tələblə çıxış edərkən mütəxəssisin müəyyən etdiyi qiymətlərə istinad etməsinə münasibət bildirməyi zəruri sayır.

42. İş materiallarına əlavə edilmiş “X10 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 dekabr 2021-ci il tarixli 107 nömrəli mütəxəssis rəyindən 30 sentyabr – 30 dekabr tarixlərində iddiaçının Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binasında və ünvan 2s binasında olan inventarlar və təqdim olunmuş sənədlər əsasında əmtəəşünaslıq ekspertizasının keçirildiyi, müqavilə üzrə təqdim edilmiş və müqavilədə nəzərdə tutulmayan, lakin yerində aşkarlanmış inventarların faktiki dəyərinin 122 467 manat olduğu məlum olur.

43. Rəyin mötəbərliliyi ilə bağlı qeyd edilməlidir ki, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə malik olması, montaj və saxtalaşdırma əlamətlərinin və ya buna dair əsaslı şübhələrin, ehtimalların olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Bu mənada məhkəmə cavabdehin nümayəndələrinin ekspertizanın keçirilməsində iştirakının təmin edilməməsi ilə bağlı, ekspertizanın birtərəfli aparılması ilə bağlı cavabdehin arqumetləri ilə razılaşır, lakin prosedur qaydalara riayət edilməməsi nəticəsində rəyin tamamilə mötəbər olmadığı ilə bağlı fikirləri qəbul etmir. Belə ki, müqavilədə nəzərdə tutulmuş əşyaların verilməsini təsdiqləyən sübutlar qismində mülki qanunvericiliyin və tərəflər arasındakı müqavilənin şərtlərinə əsasən, sonuncuların təsdiq etdiyi hesab-fakturalar və elektron qaimələr çıxış edir.

44. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilən 30 dekabr 2021-ci il tarixli 107 nömrəli mütəxəssis rəyində “aşkar olunmayıb” kimi qeyd edilən mallar onların təqdim edilməsindən uzun müddət – təqribən 1 il sonra keçirilən ekspertizanın nəticəsinə əsaslandığından və mütəxəssisə hansı malların təqdim edildiyi, hansılarının təqdim edilmədiyi, ümumilikdə müqavilə üzrə iddiaçıya verilən bərk və yumşaq inventarların tam olaraq mütəxəssisə verilib-verilməməsinin qeyri-müəyyən olduğu nəzərə alındığında, məhkəmə müvafiq rəyin yalnız verilən əşyaların eyniliyi ilə bağlı mötəbər olduğunu hesab edir. Eyni zamanda vurğulanmalıdır ki, iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə müqavilənin icrası vaxtından uzun müddət keçməsi, təqdim olunan əşyaların sıradan çıxması və ya hər hansı digər formada universitetin binasından çıxarılması ehtimalı nəzərə alındıqda məhkəmə tərəfindən hər hansı ekspertizanın keçirilməsi də mötəbər nəticələr verməyəcəkdir, həmçinin iddiaçı da belə bir ekspertizanın aparılması üçün vəsatət verməmişdir.

45. Eyni zamanda mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən yekun qiymət kimi hesablanan 122 467 manat məbləğ X3 razılaşdırılan qiymətlər əsasında deyil, mütəxəssisin müəyyən etdiyi qiymətlər əsasında hesablanmışdır. Halbuki, həmin rəydə aşkarlanmış kimi qeyd olunan əşyaların qiymətləri tərəflərin razılaşdıqları qiymətlər əsasında hesablandıqda həmin əşyaların 250 000 manatdan artıq qiymətinin olduğu müəyyən olunur.

46. Mülki Məcəllənin 398-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir (398.1); müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir (398.2); alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ... ödəməyə ... borcludur. Bundan başqa, “Dövlət satınalmaları haqqında” Qanunun “Satınalma müqaviləsinin qiymətində dəyişiklik” adlanan 51.1-ci maddəsinə əsasən satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Bu maddəyə əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır.

47. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər keçirilmiş tenderin nəticəsinə əsasən satınalma müqaviləsi bağlamış, müqavilənin ümumi qiymətini müəyyən etmiş, X3 əşyaların ayrı-ayrılıqda qiymətlərini müəyyən etmişlər. Qeyd olunan müqavilənin qiymətində dəyişiklik edilməsi ilə bağlı isə qanunvericilikdə müəyyən olunmuş qaydada tərəflərin hər hansı razılaşması olmamışdır. Belə olan halda, iddiaçının mütəxəssinin müəyyən etdiyi qiymətlər əsasında aparılmış hesablamaya istinad edərək iddia irəli sürməsi əsassızdır.

48. Bundan başqa, mütəxəssis rəyində “siyahı üzrə olmayan, lakin faktiki yerində aşkarlanmış” qrafalarında qeyd olunan əşyaların X3 əks olunan eyni adda əşyalar olmaqla ölçülərində fərqliliklər göstərilməklə həmin qrafalarda qeyd olunmuşdur. Həmçinin, həmin qrafalarda qeyd olunan əşyaların sayının razılaşdırılandan çox olduğu da görünür.

49. Məhkəmə mübahisənin həlli ilə bağlı tətbiq edilməli olan hüquq normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

50. Mülki Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

51. Həmin Məcəllənin 578.2-ci maddəsinə əsasən əgər satıcı alıcıya alqı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydada satıcıya bu barədə bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün əşyaları qəbul edə bilər.

52. Həmin Məcəllənin 578.3-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsində göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş əşyalar, əgər tərəflərin razılaşması ilə ayrı qiymət müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün müəyyənləşdirilmiş qiymətlə ödənilir.

53. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

54. Həmin Məcəllənin 580.2-ci maddəsinə əsasən, əgər satıcı alıcıya alqı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin (580.2.1); verilmiş əşyaların hamısından imtina etsin (580.2.2); çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin (580.2.3); verilmiş əşyaların hamısını qəbul etsin (580.2.4).

55. Həmin Məcəllənin 580.4-cü maddəsinə görə, alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.

56. Həmin Məcəllənin 580.5-ci maddəsinə əsasən, əgər alıcı çeşidi alqı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir.

57. Göründüyü kimi, alqı-satqı müqaviləsi ikitərəfli (sinalaqmatik) müqavilədir və bu xüsusiyyətdən irəli gələrək mülki qanunvericilik bir tərəfdən alıcının miqdarla və çeşidlər bağlı şərtlər pozulduqda Mülki Məcəllənin 578.1, 578.2 və 580.2, 580.4-cü maddəsində qeyd olunan hüquqlarını nəzərdə tutulmuş, digər tərəfdən isə əşyalar qəbul edilərsə, həmin Məcəllənin 578.3 və 580.5-ci maddəsində qeyd olunan vəzifələrini təsbit etmişdir. Hazırkı iş üzrə isə iddiaçı çeşid və miqdarla bağlı cavabdehin öhdəliyini pozduğunu qeyd etsə də, əşyalar iddiaçı tərəfindən qəbul edilərək istifadə edilmiş, iddiaçı Mülki Məcəllədə nəzərdə tutulduğu kimi ağlabatan müddətdə cavabdehə hər hansı bildiriş göndərməmiş, əşyaların təhvil verilməsindən 1 il 6 ay sonra cavabdehə müraciət etmiş, Mülki Məcəllədə və tərəflərin bağladıqları müqavilədə razılaşdırılmış müdafiə vasitələrindən istifadə etməmişdir. Əksinə təqdim olunan sənədlər əsasında iddiaçıya 299 998,48 manat dəyərində əşyaların təhvil verildiyi təsdiq olunur.

58. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 05 may 2020-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş 177 481,48 manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.

59. İddiaçı mütəxəssisə ödənilmiş 3000 manat pulun cavabdehdən tutulmasını xahiş edir.

60. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

61. Məhkəmə qeyd edir ki, iddiaçının mütəxəssisə ödənilmiş pul kimi tələb etdiyi 3000 manat pul hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərc olmaqla real zərər kimi qiymətləndirilə bilər. Lakin iddiaçının hüququnun pozulmadığı müəyyən edildiyindən məhkəmə qeyd edir ki, tələb qeyd olunan hissədə də əsassızdır və təmin oluna bilməz.

b) Məhkəmə xərcləri ilə bağlı

62. İddiaçı 400 manat mediasiya xərcinin və ödənilmiş 68 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

63. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MŞB/6-7546 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 24 dekabr 2022ci tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənmişdir.

64. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********** nömrəli qəbzlə 68 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

65. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

66. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

67. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

68. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

69. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. V. Nəticə:

71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “satınalma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar