Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1132/2020 14.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh “X1” LLC-nin nümayəndəsi, Vəkil1 və cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı “X1” LLC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı pul tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “X1” LLC-yə qarşı razılaşma hesabatının qismən və xx.xx.2018-ci il tarixli, 23/18 saylı razılaşmanın etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “X1” LLC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 480100 ABŞ dolları məbləğində əsas öhdəliyin, 125000 ABŞ dolları məbləğində çəkilmiş xərcin və 96749 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğinin, ümumilikdə 701849 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, zaminin cavabdehin ümumi öhdəliklərinə zamin hesab edildiyi 125000 ABŞ dolları məbləğində pulun zamin və cavabdehdən birgə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müxtəlif biznes münasibətləri mövcud olmuşdur. Bu münasibətlərə mal alqı-satqısı, borc, investisiya və.s münasibətlər daxildir. Tərəflər, xx xxxxxx 2018-ci il tarixdə o dövrə qədər aralarında olan biznes münasibətlərindən yaranmış fərqləri üzləşdirmiş və xx xxxxxx 2018-ci il tarixli razılaşma hesabı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya 480100 ABŞ dolları borcu olduğunu təsdiq etmişdirlər. Bundan əlavə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2018-ci il tarixli, 23/18 nömrəli razılaşmaya əsasən, razılaşma hesabatı ilə təsdiqlənmiş borc məbləğinin oktyabr, 2018-ci tarixindən başlayaraq yanvar, 2019-cu il tarixinə qədər iddiaçıya tam şəkildə ödəmək öhdəliyi götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli, 23/18 nömrəli razılaşmanın 6-cı bəndinə əsasən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçının qarşılıqlı münasibətlərin başlanıldığı andan etibarən 125000 ABŞ dolları xərc çəkdiyini təsdiq etmiş və öhdəliklərini yerinə yetirmədiyi təqdirdə çəkilən xərcləri də mübahisəsiz şəkildə ödəyəcəyini bildirmişdir. Qeyd edilən razılaşmalara əlavə olaraq, xx xxxxxx 2018-ci il tarixdə iddiaçı və Cavabdeh1 (zamin) arasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin bir qisminə eyni zamanda zaminin də cavabdeh olduğu barədə zaminlik müqaviləsi imzalanmışdır. xx xxxxxx 2018-ci il tarixli, 2/08 nömrəli zaminlik müqaviləsinə əsasən zaminin cavabdeh olduğu məbləğ 125000 ABŞ dolları təşkil edir. Razılaşmanın xx xxxxxx 2018-ci il tarixində əldə olunması və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərini ödəmə müddətinin oktyabr 2018-ci il tarixdə başlamasına baxmayaraq, 2019-cu ilin dekabr ayınadək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir ödəniş edilməmiş və öhdəliklərinə əməl edilməmişdir. Bu vəziyyəti nəzərə alaraq, İddiaçı, etibarnamə əsasında səlahiyyət verdiyi, hüquqi xidmətlər göstərən şirkət vasitəsilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə pretenziya məktubu göndərmişdir. Pretenziya məktubu, xx.xx.2019-cu il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi X2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 102, X7, 8-ci mərtəbədə yerləşən ofisində imzalanaraq təhvil alınmışdır. Pretenziya məktubunun verilməsindən iki aydan çox müddət keçməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. xx xxxxxx 2018-ci il tarixli, 23/18 nömrəli razılaşmada və xx xxxxxx 2018-ci il tarixli üzləşdirmə nəticəsində müəyyən olunmuş razılaşma hesabatında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya xx xxxxxx 2018-ci il tarixinə 480100 ABŞ dolları borcu olması əksini tapmışdır. xx xxxxxx 2018-ci il tarixli, 2/08 nömrəli zaminlik müqaviləsində zaminin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya olan öhdəliklərinin 125000 ABŞ dolları olan hissəsinə zamin hesab olunduğu əksini tapmışdır. Təqdim olunmuş sənədlərə əsasən ödənilməli olan 480100 ABŞ dolları əsas öhdəliyə və iddiaçı tərəfindən münasibətlərin başlanğıcından etibarən çəkilmiş xərc olan 125000 ABŞ dolları vəsaitlərə 2018-ci il üzrə xx xxxxxx 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş illik 12 faiz dərəcəsi (10 faiz uçot dərəcəsi + 2 faiz) tətbiq olunmaqla müvafiq olaraq 20324 ABŞ dolları və 5291 ABŞ dolları, 2019-ci il üzrə illik 11,75 faiz dərəcəsi tətbiq olunmaqla müvafiq olaraq 56447 ABŞ dolları və 14687 ABŞ dolları faizlər hesablanmış və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməli olan ümumi məbləğ 701849 ABŞ dolları olaraq müəyyən olunmuşdur. Cavabdeh “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Razılaşma Hesabatının qismən, yəni “xxxx” MMC tərəfindən 150000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxx” MMC cavabdeh təşkilatdan 541000 ABŞ dolları dəyərində nağd pul vəsaiti və mal almamış, qeyd olunan məbləğ tamamilə şişirdilmiş və cəmiyyətin mühasibatlıq sənədlərində həmin pul vəsaitinin və malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyildir. Buna baxmayaraq həmin aktı imzalayan zaman “xxxx” MMC -nin direktoru (qanuni təmsilçisi) olmuş X3 mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Halbuki, cavabdeh təşkilat tərəfindən “xxxx” MMC-nin bank hesabına xx xxxxxx 2017-ci il tarixdə 100000 ABŞ dolları və xx xxxx 2018-ci il tarixdə 50000 ABŞ dolları olmaqla, ümumilikdə 150000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd olunan məbləğdən başqa cavabdeh təşkilat tərəfindən “xxxx” MMC-yə 391000 ABŞ dolları dəyərində pul vəsaiti və ya mal verilməmiş və bu halı təsdiq edən hər hansı sənəd (sübut) mövcud deyildir. Həmçinin “xxxx” MMC ilə “X1” LLC arasında başlanmış xx xxxxxx 2018-ci il tarixli, 23/18 saylı «Razılaşma»ya əsasən, xx xxxxxx 2018-ci il tarixli “Razılşma Hesabatı”nda göstərlmiş borc məbləği “xxxx” MMC tərəfindən 4 ay müddətində hissə-hissə cavabdeh təşkilata ödənilməlidir. xx xxxxxx 2018-ci il tarixli «razılaşma hesabatı»na əsasən “xxxx” MMC tərəfindən cavabdeh təşkilata 60900 ABŞ dolları dəyərində pul vəsaiti və mal verilmişdir. Belə olan halda “xxxx” MMCnin cavabdeh təşkilata 89100 ABŞ dolları dəyərində borcu qaldığından xx xxxxxx 2018-ci il tarixli, 23/18 saylı «Razılaşma»nm əhəmiyyəti qalmamışdır. Sadalanan xüsusatlara əsasən hesab edirlər ki, “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli «Razılaşma Hesabatı»nın qismən, yəni “xxxx” MMC tərəfindən 150000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsinə və xx xxxxxx 2018-ci il tarixli, 23/18 saylı «Razılaşma»nın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, Vəkil2 məhkəməyə ilkin iddiaya xx.xx.2020-ci il tarixdə etiraz (və mülahizələr) verərək, qeyd etmişdir ki, iddiaçı iddia tələbində “X1” LLC tərəfindən “xxxx” MMC-yə balıq məhsullarının alınması məqsədilə 2017-ci ilin fevral ayından 2018-ci ilin iyun ayınadək olan dövr ərzində 150000 ABŞ dolları hissəsinin banka köçürməsi, 391000 ABŞ dolları hissəsi isə nağd qaydada olmaqla, ümumilikdə 541000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsini iddia etsə də “xxxx” MMC iddiaçı təşkilatdan 391000 ABŞ dolları məbləğində pul vəsaitinin nağd qaydada almasını qəti şəkildə təkzib edir, tərəflər arasında hüquq münasibətlərinin yaranmasına əsas olan xx xxxxxx 2017-ci il tarixli və xx xxxx 2018-ci il tarixli Beynəlxalq müqavilələrin 2.4-cü bəndinə əsasən məhsulun hər partiyasına görə ödəniş alıcı tərəfindən İnvoys alındıqdan sonra 5 iş günü ərzində pul vəsaitlərinin satıcının bank hesabına köçürülməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirilir, həmin müqavilələrdə pul vəsaitlərinin nağd qaydada verilməsini nəzərdə tutan hər hansı bir şərt müəyyənləşdirilməmişdir. Həmçinin Azərbaycan Respublikası X6 Heyətinin xx xxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezident və qeyrirezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydalarda rezidentlər tərəfindən ixrac edilən malların, işlərin, xidmətlərin müqabilində qeyri-rezidentlər tərəfindən rezidentlərə nağd şəkildə ödənişləri aşağıdakı tələblərə əməl etməklə nağd şəkildə edirlər: - müqavilədə, kontraktda və ya bu əqdi təsdiq edən digər razılaşma sənədlərində (bundan sonra, “müqavilə") ödənişin nağd hesablaşma yolu ilə aparılması nəzərdə tutulmalıdır; - vəsaitlər yalnız malı alan qeyri-rezidentdən və ya həmin qeyri-rezident tərəfindən müvafiq surətdə müvəkkil edilmiş fiziki şəxsdən qəbul edilməlidir; - qeyri-rezidentlər (qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs) tərəfindən əvvəlcədən respublikaya gətirilmiş xarici valyuta vəsaitləri gömrük orqanlarında bəyan edilməlidir; - vəsaitlər ölkəyə gətirilməsi və gömrük orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində rezidentin kassasına mədaxil edilməlidir; - rezidentlər vəsaitləri xəzinələrinə qəbul etdikdən sonra 2 is günü ərzində bankdakı hesabına mədaxil etməlidir. Banklar vəsaitləri qəbul edərkən aşağıdakı sənədləri tələb etməlidir: - ixrac müqaviləsinin əsli; - mədaxil-kassa orderinin surəti; - vəsaitlərin nağd şəkildə respublikaya gətirilməsini təsdiqləyən gömrük sənədləri; - qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs olan nümayəndənin səlahiyyətlərini təsdiq edən vəkalətnamə; - valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən sənəd (vəsaitin məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda). Qeyd olunan qaydalara əsaslanaraq, bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçı tərəfindən pul vəsaitlərinin nağd qaydada verilməsini nəzərdə tutuan hər hansı bir şərt müəyyənləşdirilməmiş, iddia tələbində qeyd olunmuş nağd pul vəsaitlərinin xx.xx.2018-ci il tarixli razılaşma hesabatında qeyd olunan tarixlərdə iddiaçının adından kimin tərəfindən “xxxx” MMC-yə təqdim edilməsi, qeyd olunan nağd pul vəsaitlərinin gömrük orqanlarında bəyan edilməsi, tarixindən 10 gün müddətində cəmiyyətin kassasına mədaxil edilməsinə dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əgər iddiaçı “xxxx” MMC-yə iddia tələbində qeyd olunan məbləğdə nağd pul vəsaitini vermiş olsaydı, o zaman qeyd olunan qaydaların şərtlərinə əməl edilməsini təmin etməli idi. “Azərbaycan Respublikasında rezident və qeyrirezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydaların 8.1-ci bəndinə əsasən bu qaydaların tələblərini pozan müvəkkil banklar, habelə müvəkkil banklar vasitəsilə valyuta əməliyyatları aparan rezident və qeyri-rezidentlər, o cümlədən onların vəzifəli şəxsləri Azrəbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyət daşıyırlar, “xxxx” MMC həmin qaydaların tələbinə əsasən iddiaçı tərəfindən ona ödənilmiş nağd pul vəsaitini qəbul etdikdən sonra 2 iş günü ərzində bankdakı hesabına mədaxil etməlidir və bu tələbə əməl edilməməsi həmin qaydaların 8.1-ci bəndinin tələblərinə görə cəmiyyətin vəzifəli şəxslərin məsuliyyət daşımasına nəticələnmiş olur. Belə olan halda “xxxx” MMC tərəfindən hər hansı məbləğdə nağd pul vəsaitinin alınmadığı və pul vəsaitinin nağd qaydada alınmasını qeyd olunan qaydaların müvafiq şərtlərinə əməl edilməsi ilə verilməsi iddiaçı tərəfindən sübut olunmadığı halda, qeyd olunan iddia tələbinin təmin edilməsi nəticəsində gələcəkdə “xxxx” MMC-nin vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər. Həmçinin iddia tələbinin təmin olunacağı halda “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında” Qaydalarının tələblərinə uyğun olaraq ölkəyə gətirilməmiş və alınmamış külli miqdarda xarici valyuta şəklində pul vəsaitinin məhkəmə qətnaməsinin icrası qaydasında ölkədən çıxarılmasına zəmin yaranacaqdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfə mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi üçün 89100 ABŞ dolları pul vəsaitinin ödənilməsi təklif edilsə də iddiaçı bu təklifi qəbul etməmişdir. Bu səbəbdən “X1” LLC MMC-nin “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin 89100 ABŞ dollarından artıq pul vəsaitinin tələb edilməsi hissəsində təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh “X1” LLC MMCnin nümayəndəsi, Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixli razılaşma hesabata əsasən iddiaçı tərəfindən cavabdehə 541000 ABŞ dolları məbləğində mal və pullar verilmiş, həmin pulların bir qismi bank köçürməsi, bir qismi isə nağd şəklində verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının qarşısında 60900 ABŞ dolları məbləğində öhdəlikləri yerinə yetirildiyinə görə “xxxx” MMC-nın 480100 ABŞ dolları məbləğində borcun olduğu müəyyən edildiyindən və tərəflər arasında pulun ödənilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə razılaşma imzalanmış, həmçinin digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, lakin heç bir öhdəlik yerinə yetirilməmişdir. Bununla yanaşı investisiya yatırılması məqsədi ilə daxili iddiaçı tərəfindən bazarın monitorinqi (mütəxəssislərin gəlməsi, qalmaq, yemək və digər xərclər) keçirilmiş və buna görə 125000 ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Odur ki, məhkəmədən yuxarıda qeyd olunan vəsaiti, həmçinin “xxxx” MMC həmin pulu özündə qanunsuz saxlamaqla faydalandığına görə Mərkəzi Bankın müəyyən etdiyi illik 12% faiz dərəcəsinə əsasən yaranmış 96749 ABŞ dolları məbləğində faizin tutulması ilə bağlı iddia tələblərinin tam təmin olunmasını, qarşılıqlı iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, Vəkil2 qarşılıqlı iddia ərizəsi və ilkin iddiaya vermiş olduğu etiraz ilə eyni məzmunlu izahat verərək, “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Razılaşma Hesabatının qismən, yəni “xxxx” MMC tərəfindən 150000 ABŞ dollarından (bank köçürmələri) artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi barədə iddia tələblərinin təmin olunmasını, “X1” LLC-nin “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin 89100 ABŞ dollarından artıq pul vəsaitinin tələb edilməsi hissəsində təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli 4 nömrəli tərəflər arasında bağlanmış beynəlxalq müqavilədən (bundan sonra - müqavilə) görünür ki, Satıcı – “xxxx” MMC məhsulu (təzə dondurulmuş kilkə) qiyməti, miqdarı və çeşidi danışıqlar yolu ilə müəyyən etməklə müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə invoys əsasında alıcıya - “X1” LLC-yə təhvil verməyi (satmağı), Alıcı – “X1” LLC də öz növbəsində məhsulu müqavilədə göstərilmiş miqdarda, çeşiddə və qiymətə qəbul etməyi, məhsulun hər bir partiyasına görə ödəniş onun tərəfindən İnvoys aldıqdan sonra 5 iş günü ərzində pul vəsaitlərinin satıcının bank hesabına köçürürlməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirməklə öz öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 100000 ABŞ dolları təşkil edir və müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və xx.xx.2017-ci ilədək etibarlıdır. xx.xx.2018-ci il tarixli 3 nömrəli tərəflər arasında bağlanmış beynəlxalq müqavilədən (bundan sonra - müqavilə) görünür ki, Satıcı – “xxxx” MMC məhsulu (təzə dondurulmuş kilkə) qiyməti, miqdarı və çeşidi danışıqlar yolu ilə müəyyən etməklə müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə invoys əsasında alıcıya - “X1” LLC-yə təhvil verməyi (satmağı), Alıcı – “X1” LLC də öz növbəsində məhsulu müqavilədə göstərilmiş miqdarda, çeşiddə və qiymətə qəbul etməyi, məhsulun hər bir partiyasına görə ödəniş onun tərəfindən İnvoys aldıqdan sonra 5 iş günü ərzində pul vəsaitlərinin satıcının bank hesabına köçürürlməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirməklə öz öhdəsinə götürmüşdür. Müqavilənin ümumi qiyməti 500000 ABŞ dolları təşkil edir və müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və xx.xx.2019-cu ilədək etibarlıdır. xx.xx.2018-ci il tarixli “xxxx” MMC və “X1” LLC arasında razılaşma hesabatından görünür ki, “xxxx” MMC tərəfindən 2017-ci il fevral-2018-ci il may aylarını əhatə edən dövrdə ümumilikdə 541000 ABŞ dolları məbləğində pul vəsaitləri və inventar alınmış və bunun müqabilində “X1” LLC tərəfindən 2018-ci ilin aprel- iyul aylarını əhatə edən dövrdə ümumilikdə 60900 ABŞ dolları məbləğində pul vəsaitləri və inventar alınmış, xx.xx.2018-ci il tarixə “xxxx” MMC-nin ümumi borcu 480100 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixli (imzalanmış), 23/18 nömrəli razılaşmadan görünür ki, borclu “xxxx” MMC şirkətlər arasında imzalanmış xx.xx.2018-ci il tarixli yekun aktına əsasən və əvvəlki razılaşmalar çərçivəsində aldığı mal-maddi və pul-kredit vəsaitlərinə görə kreditora “X1” LLC-yə bu razılaşmanın imzalandığı günə 480100 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edir, borclu 2018-ci il oktyabr-dekabr, 2019-cu ilin yanvar ayında hər ay 120025 ABŞ dolları olmaqla ödəməyi öz öhdəsinə götürür, razılaşmanın şərtləri borclu tərəfindən pozulduğu halda kreditor qarşılıqlı kredit münasibətlərinin başlandığı andan çəkdiyi xərclərin əvəzi olaraq əlavə 125000 ABŞ dollarından 60000 ABŞ dolları əlavə olaraq borcludan tələb etmək hüququna malikdir. 2/08 nömrəli, xx xxxxxx 2018-ci il tarixli zaminlik müqаviləsindən görünür ki, Cavabdeh1 “xxxx” MMC-nin kreditorla (“X1” LLC şirkəti) bağladığı xx.xx.2018-ci il tarixli, 23/18 nömrəli razılaşmaya uyğun olaraq üzərinə götürdüyü borcun qaytarılması üzrə öhdəliklərin bir qisminin icrasına görə kreditor qarşısında cavabdeh qismində çıxış etməyi öz üzərinə götürür. Məsuliyyət məbləği 125000 ABŞ dolları təşkil edir və bu məsuliyyət borclu tərəfindən kreditora 300000 ABŞ dolları ödənildiyi zamandan bitmiş sayılır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443, 449, 567, 598-ci maddələri). Göründüyü kimi “X1” LLC ilə “xxxx” MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, “X1” LLC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin “xxxx” MMC isə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək, 2017-ci il fevral-2018-ci il may aylarını əhatə edən dövrdə ümumilikdə 541000 ABŞ dolları məbləğində “X1” LLC-dən almış olduğu pul vəsaitlərinin və inventarın müqabilində ümumilikdə 60900 ABŞ dolları məbləğində ödəniş etməklə, xx.xx.2018-ci il tarixə 480100 ABŞ dolları borcu qalmışdır. Həmçinin “xxxx” MMC “X1” LLC-yə 480100 ABŞ dolları məbləğində borcunun olmasını və borcun müəyyən olunmuş qarfikə uyğun olaraq (4 ay ərzində) hər ay 120025 ABŞ dolları olmaqla ödəməyi öz üzərinə götürsə də öhdəliklərini yerinə yetirməmiş və tərəflər aralarında olan razılaşmaya əsasən xxxx” MMC-nin “X1” LLC MMC-nin çəkdiyi xərclərin əvəzi olaraq əlavə 125000 ABŞ dollarından 60000 ABŞ dolları əlavə olaraq borcludan tələb etmək hüququ olduğundan 480100 ABŞ dolları məbləğdən əlavə 125000 ABŞ dolları borcu da yaranmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xxxx” MMC ilə “X1” LLC arasında qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış, xx.xx.2018-ci il tarixdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən cavabdeh xxxx” MMC-nin iddiaçıya 480100 ABŞ dolları məbləğində borcun olması təsdiq edilmiş və həmin tarixdə bağlanmış razılaşmaya əsasən həmin borcun ödənilməsinin qaydası tərəflər arasında razılaşdırılmış, Cavabdeh1 isə həmin öhdəliyin bir hissə ilə bağlı zamin duraraq müvafiq müqaviləni imzalamışdır. Göründüyü kimi xxxx” MMC iddiaçı “X1” LLC qarşısında 480100 ABŞ dolları məbləğində əsas borcun olması, Cavabdeh1 isə iddiaçının qarşısında 125000 ABŞ dolları məbləğə münasibətdə zamin durması məhkəmədə öz təsdiqini tapmış, lakin iddiaçı “X1” LLC daxili bazarın monitorinqinə (mütəxəssislərin gəlməsi, qalmaq, yemək və digər xərclər) görə çəkdiyi xərclə bağlı 125000 ABŞ dolları məbləğində vəsait tələb etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı cavabdehin 480100 ABŞ dolları məbləğində vəsaiti özündə qanunsuz saxlamaqla faydalanması ilə bağlı iddiaçı tərəfindən 1 il üçün 12% dərəcəsi ilə faizin tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh “xxxx” MMC-nin həmin vəsaiti özündə saxladığı dövrdə istifadə etməklə fayda, gəlir, artım və ya bəhər əldə etməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyinə görə faiz dərəcəsi Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsi ilə deyil, mülki qanunvericilikdə müəyyən etdiyi 5%-lə hesablanmalıdır. Belə ki, illik faiz dərəcəsi 5% olduğu təqdirdə 480100 ABŞ dolları məbləğində borcun faizi 24005 ABŞ dolları (480100:100x5) təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC “X1” LLC ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli Razılaşma Hesabatının qismən və “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi tələb etsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbinin 71,82%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 71,82%-i, yəni 21,54 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, ilkin iddiası qismən təmin edilməli, cavabdeh “xxxx” MMC-dən 480100 ABŞ dolları məbləğində əsas borc, 24005 ABŞ dolları faiz, ümumilikdə 504105 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,54 manat məbləğində pul tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilməlidir. 480100 ABŞ dolları məbləğində olan əsas borcdan cavabdeh “xxxx” MMC tərəfindən 300000 ABŞ dolları məbləğində pul ödənilənədək, əsas borcun 125000 ABŞ dolları məbləğində olan hissəsi ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla cavabdehlər “xxxx” MMC və Cavabdeh1 birgə tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “X1” LLCyə qarşı “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Razılaşma Hesabatının qismən, yəni “xxxx” MMC tərəfindən 150000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 480100 ABŞ dolları məbləğində əsas borc, 24005 ABŞ dolları faiz, cəmi 504105 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,54 manat məbləğində pul tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilsin. 480100 ABŞ dolları məbləğində olan əsas borcdan cavabdeh “xxxx” MMC tərəfindən 300000 ABŞ dolları məbləğində pul ödənilənədək, əsas borcun 125000 ABŞ dolları məbləğində olan hissəsi cavabdehlər “xxxx” MMC və Cavabdeh1 birgə tutularaq iddiaçı “X1” LLC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “X1” LLCyə qarşı “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli Razılaşma Hesabatının qismən, yəni “xxxx” MMC tərəfindən 150000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, “xxxx” MMC ilə “X1” LLC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23/18 saylı Razılaşmanın etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1132/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1132/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver