Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1266/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icbari sığorta müqaviləsi, sığorta haqqı) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Sığorta Şirkəti ASC Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları:
1. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş sığorta haqqı borcu üzrə 176 manat və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin göstərilməsinə görə haqqın əvəzi olaraq ödənilmiş 30 manat pulun Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onun əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində **********755 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli qoşma imzalanmışdır. Lakin cavabdeh QH********** nömrəli qoşma üzrə yaranmış 176 manat məbləğində sığorta haqqı borcunu ödəmədiyindən borcunun 5 iş günü ərzində ödənilməsinin təmin olunması tələbini özündə əks etdirən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə ödəniş üçün yeni müddət müəyyən edilmiş, lakin sığorta haqqı borcu bugünədək ödənilməmişdir. Sığortalı ilə imzalanmış xx.xx.2022-ci il tarixində **********755 nömrəli müqavilənin 9.2.1-ci maddəsinə əsasən sığortalının icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi mövcuddur. Eyni zamanda hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə sığorta haqqının ödənilməsinə dair mübahisənin mediasiya vasitəsilə aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə mübahisənin mediasiya sessiyasında həll edilməsi mümkün olmamış, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.2, 903.1, 903.5, 903.6-cı maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC (Sığortaçı) ilə Cavabdeh MMC (Sığortalı) arasında xx.xx.2022-il tarixdə **********755 nömrəli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sığortalının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində həmin Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada (bundan sonra müqavilənin mətni üzrə “müqavilənin qoşması”) nəzərdə tutulmuş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı həmin Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Həmin Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, sığorta haqqının ödənilmə qaydası, habelə sığorta haqqının müqavilə ili üzrə ümumi məbləği müqavilənin qoşmasında göstərildiyi kimi razılaşdırılır. Bu müqavilənin tələblərinə riayət edilməməsinə görə tərəflər mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
6. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx/xx/2022 tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasında sığorta məhsulları üzrə qiymətlər tərəflər arasında razılaşdırılmış, 276 manat ümumi sığorta haqqının birdəfəlik ödənilməsi müəyyən olunmuşdur.
7. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda borcun 5 iş gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
8. Araşdırma zamanı müəyyən olundu ki, tərəflər arasında sığorta müqaviləsi imzalanmış, həmin müqavilə üzrə sığorta xidmətinin göstərilməsi razılaşdırılmışdır. Cavabdeh MMC sığorta haqqını ödəmək vəzifəsi olsa da, həmin öhdəliyini icra etməmişdir. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 903.6-cı maddəsinə əsasən hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
10. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması Mərkəzi Bank tərəfindən müəyyən edilir. 14.1-ci maddəsinə əsasən sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. 14.2-ci maddəsinə əsasən sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi:
13. Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında sığota müqaviləsi imzalanmış, həmin müqavilə üzrə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, habelə icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Buna görə də iddiaçının Mülki Məcəllənin 903.6-cı maddəsinə əsasən cavabdehdən sığorta haqqının ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
14. Eləcə də, iddiaçı 30 manat ödənilmiş mediasiya dair xərcin də, cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia tələbi təmin edildiyindən və cavabdeh üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyindən 30 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 176 (yüz yetmiş altı) manat sığorta haqqı və 30 (otuz) manat mediasiya xərci tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov