Məhkəmə qərarları › İş №e-2-2(113)-1293/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1293/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1293/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, sığorta ödənişi, müqavilənin standart şərtinin etibarsızlığı, tələbi cavabsız qoymaq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh Sığorta Şirkəti ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********2 nömrəli sığorta şəhadətnaməsinin tərkib hissəsi olan 30 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Atəşgah" Sığorta Şirkəti ASC-nin “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 6.1.2-ci maddəsinin etibarsız hesab edilməsi, cavabdehdən 1318,93 manat sığorta ödənişinin, 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faizlə hesablanmaqla dəbbə pulunun və ödənilmiş 100 manat dövlət rüsumunun, 200 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan “Toyota Rav 4 Hibrid” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdə könüllü sığorta edilmiş və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********2 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı dairəvi yolunda (Lökbatan yolu) baş vermiş sığorta hadisəsi nəticəsində öndə gedən “Kamaz” markalı yük maşının arxa təkərindən çıxan daş “Toyota Rav 4 Hibrid” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinə dəymiş və şüşə yararsız hala düşmüşdür. Nəticədə iddiaçıya məxsus maşına zərər dəymişdir. Həmin zərər cavabdeh tərəfindən təklif edilmiş qiymətləndirmə şirkətində qiymətləndirilmiş və zərərin 1318,93 manat olduğu müəyyən edilmişdir. 2.2. Lakin cavabdeh bu məbləğin ancaq 450 manat hissəsini ödəməyə razı olduğunu bildirərək digər hissəsini ödəməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası" Qaydalarının 6.1.2-ci maddəsində müəyyən olunan müddəalarla əsaslanmışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, “...Bu maddə əsasında hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir...’’. Halbuki sığorta qaydalarının 6.1.2-ci maddəsi etibarsızdır. Belə ki, Mülki Məcəlləyə 926-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta şəhadətnaməsində sığorta məbləği 49 000 manat müəyyən edilmişdir. Sığorta qaydalarının 4-cü maddəsində sığorta ödənişi ilə bağlı müddəalar öz əksini tapmışdır. Həmin maddədən göründüyü kimi, avtonəqliyyat vasitəsinin zədələndiyi halda sığorta ödənişi avtonəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılaraq onun əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təmir xərcində və zədələnmiş hissələrin eyni hissələrlə əvəz edilməsi ilə bağlı xərclərdə ifadə olunmuşdur. Həmçinin sığorta qaydalarının 6.1.1-ci maddəsində isə qeyd olunmuşdur ki, ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq. Halbuki sözügedən maddələrə zidd olaraq sığorta qaydalarının 6.1.2-ci maddədə sığortaçı tərəfindən zərərin əvəzinin ödənilməsində 500 manat hədd müəyyənləşdirilmişdir. Etimad və vicdanlılıq prinsiplərinə zidd olmaqla iddiaçı üçün zərərli olan həmin maddə Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən etibarsızdır. 2.3. Belə ki, **********2 nömrəli sığorta şəhadətnaməsi və sığorta qaydalarında standart şərtlər nəzərdə tutulmuşdur. Yəni həmin sənədlər dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan standart şərtli müqavilələrdir və cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında bu faktı təsdiq etmişdir. Nəzərə almaq lazımdır ki, yüksək məbləğdə sığorta haqqı ödəyərək (1411,20 manat) avtomobilini könüllü sığorta etdirən sığortalının marağı nəqliyyat vasitəsinə dəyən zərəri sığorta təminatı altına almaqdır. Lakin sığorta qaydalarının 6.1.2-ci maddəsinə əsasən sığortalıya ödənilməsi təklif olunan məbləğ onun sığorta maraqlarına cavab verməməklə sığortalının mənafelərinə ziddir. Həmçinin sözügedən sığorta qaydaları 2009-cu ildə qəbul edilmişdir. Məlumdur ki, bu illər ərzində baş verən devalvasiya və digər mənfi iqtisadi dəyişikliklər 2009-cu illə müqayisədə manatın dəyərini dəfələrlə azaltmışdır. Belə bir vəziyyətdə 15 il əvvəl qəbul edilmiş, sığortalı üçün məcburiyyət, sığortaçının isə hüquqdan sui-istifadəsinə şərait yaradan standart şərtli müqavilənin tərkib hissəsi olan sözügedən maddə etibarsız hesab edilməlidir 2.4. Dəfələrlə iddiaçı tərəfindən rəsmi qaydada cavabdehə müraciət olunaraq ödənişin tam edilməsi tələb olunsa da, bu müraciətlər nəticəsiz qalmışdır. Mübahisənin mediasiya mərhələsində də həlli mümkün olmamış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.5. Bundan başqa, sığorta ödənişinin gecikdirilən hissəsinə görə (1318,93 manat – 450 manat = 868,93 manat) xx.xx.2023-cü il tarixdən başlayaraq hər gecikdirilmiş gün üçün 0,1 faiz dəbbə pulu hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2.6. Həmçinin iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar Vəkil ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 200 manat məbləğində pul ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər verilmiş, mübahisənin məhkəmədən kənar qaydada – mediasiya vasitəsi ilə həll edilməsi üçün müvafiq tədbirlər görülmüş, bu tədbirlər nəticə vermədiyinə görə isə iddia ərizəsi tərtib edilərək məhkəməyə təqdim edilmiş, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. Bu səbəbdən iddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 420, 442, 934-cü və s. maddələri göstərilmişdir.

4. Cavabdeh iddiaya etiraz təqdim edərək İddiaçı MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “pulun tutulması və s.” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

5. İddiaya etirazın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. nəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə “X5” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehdə sığortalanmışdır. Həmin avtomobil Bakı dairəvi yolunda hərəkətdə olarkən qarşıda gedən avtomobilin arxa təkərindən çıxan daşın ön şüşəyə dəyməsi nəticəsində zədələnmişdir. 5.2. Sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan hüquqi şəxslər üçün nəzərdə tutulmuş xx.xx.2009-cu il tarixli “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydalarını”-n 6.1.2-ci maddəsinin “ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyanın ödənilməsi” ilə bağlı tələbinə əsasən, hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır, bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir. 5.3. Tərəflər arasında bağlanmış müqaviləni təsdiq edən **********2 saylı şəhadətnamə üzrə şərtlər yuxarıda qeyd olunmuş qaydalara əsasən müəyyənləşdirilir və tənzimlənir. Sığorta şəhadətnaməsində sığorta qaydalarına keçid üçün QR kod qeyd olunmuşdur. Həmin şəhadətnamənin 2-ci səhifəsində qeyd olunub ki, sığortalı aşağıda yerləşdirilmiş QR kod vasitəsilə müvafiq sığorta qaydaları ilə tanış olub və onlarla razıdır. Sığortalı tərəfindən 9 mart 2023-cü ildə sığorta haqqının ödənilməsi ilə sığorta şəhadətnaməsi qüvvəyə minmişdir. 5.4. Müqavilə şərtləri nəzərə alınmaqla cavabdeh tərəfindən avtomobilin şüşəsinə dəyən zərər üzrə sığorta ödənişi 450 manat müəyyən olunmuşdur. Sığorta ödənişinin həyata keçirilməsi üçün iddiaçıdan bank hesabının təqdim edilməsi xahiş olunsa da, iddiaçı bank rekvizitlərini təqdim etməmiş və sığorta ödənişi ilə razılaşmamışdır. İddia ərizəsində qeyd edilən məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilmiş, lakin Mərkəzi Bank bu halda cavabdehin hərəkətlərində qanunvericiliyin və müqavilə şərtlərinin pozulması faktı müəyyən etməmişdir. 5.5. Qanunvericiliyə əsasən, sığorta ödənişi zərər məbləği razılaşdırıldıqdan sonra verilir. İddiaçı müqavilə şərtlərinə əsasən ona ödənilməli olan məbləğ ilə razılaşmadığı üçün sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Sığorta ödənişinin gecikdirildiyi hər gün üçün 0,1% dəbbə pulunun tələb edilməsi də əsassızdır.

6. İddiaya etirazda etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 903, 926, 927-ci və s. maddələr göstərilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1293/2024 nömrəli qərardadı ilə 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə xx.xx.2023-cü il tarixdən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faizlə hesablanmaqla dəbbə pulunun tutulması hissəsində iddia tələbinin baxılmamış saxlanılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, cavabdeh 450 manat sığorta ödənişinin ödənilməsini təklif etsə də, iddiaçı həmin məbləğlə razı deyildir. Tərəflər arasında dəymiş zərərin məbləği ilə bağlı mübahisə yoxdur. Mübahisəli məsələ sığorta ödənişinin zərəri tam əhatə etməməsi ilə bağlıdır.

9. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verdi və göstərdi ki, 450 manat məbləğində pulun ödənilməsi hissəsində iddia ilə razıdırlar. Cavabdeh həmin vəsaitin ödənilməsi üçün iddiaçıdan bank hesabı məlumatlarını istəmiş, lakin sonuncu həmin məlumatları təqdim etməmişdir.

10. Məhkəmənin və iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq cavabdehin nümayəndəsi qeyd etdi ki, hüquqi şəxslərlə bağlanan bütün avtonəqliyyat vasitələrinin könüllü sığortası müqavilələri eyni qaydada bağlanır, həmin müqavilələrin imzalanması ilə xx.xx.2009-cu il tarixli “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları” ilə kontragent razı olduğunu təsdiq edir. Müqavilələr standart olaraq hazırlanır, lakin sığorta haqqı və sığorta məbləği ilə bağlı şərtlər tərəflərin razılığından asılı olur. Sığorta ödənişi isə yalnız sığorta qaydalarına əsasən müəyyən edilir.

11. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Sığorta müqaviləsi şərtinin etibarsızlığı və sığorta ödənişinin tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli **********2 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi verilmiş, sığorta təminatı xx.xx.2009-cu il tarixində Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları” əsasında həyata keçirilmiş, iddiaçıya məxsus “Toyota Rav 4” hibrid markalı, 2021-ci il buraxılışı 99PE070 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən avtonəqliyyat vasitələrinə dəyən zərərin sığortası qaydasında 49000 manat sığorta məbləği həddində 1411,20 manat sığorta haqqı müqabilində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. Adıçəkilən avtomobil Bakı dairəvi yolunda hərəkətdə olarkən qarşıda gedən avtomobilin arxa təkərindən çıxan daşın ön şüşəyə dəyməsi nəticəsində zədələnmiş, dəymiş zərər müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və 1318,93 manat müəyyən edilmişdir. Cavabdeh xx.xx.2009-cu il tarixində Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları”nın 6.1.2-ci bəndinə istinad etməklə 450 manat məbləğində sığorta ödənişinin edilməsi üçün 24 iyul 2023-cü il tarixli 0-AP-2023-0837 nömrəli məktubla iddiaçıdan bank hesabı məlumatlarının təqdim edilməsini xahiş etmiş, iddiaçı tərəfindən həmin məlumatlar təqdim edilməmişdir.

16. İddiaçı **********2 nömrəli sığorta şəhadətnaməsinin tərkib hissəsi olan 30 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 6.1.2-ci maddəsinin müqavilənin standart şərti olduğunu və etibarsız hesab edilməsini, cavabdehdən 1318,93 manat sığorta ödənişinin tutulmasını tələb edir.

17. Cavabdeh iddiaya “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinin etibarsız hesab edilməsi və 868,93 manat məbləğində sığorta ödənişinin tutulması hissəsində etiraz edir və sığorta qaydalarına əsasən hazırkı halda maksimum 450 manat ödənişin edilə biləcəyini qeyd edir.

18. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Əvvəla, göstərilməlidir ki, tərəflər arasındakı mübahisə 868,93 manat məbləğində sığorta ödənişi ilə bağlıdır. İddiaçı da “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinin etibarsızlığını məhz həmin bəndin sığorta müqaviləsinin standart şərti olduğunu göstərərək irəli sürür, başqa sözlə müqavilə şərtinin etibarsız hesab edilməsini tələb edir və bu mənada həmin tələbə məhkəmə qaydasında baxılması mümkündür.

20. Hazırda mübahisəli məsələ isə (cavabdeh tərəfindən etiraz edilən) biri digəri ilə səbəb-nəticə əlaqəsində olan iki hissədən ibarətdir: 1) müqavilə şərtinin etibarsızlığı; 2) 863,93 manat sığorta ödənişinin tutulması.

21. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Belə ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığına dair (339-342 və 344-cü maddələri), müqavilələrin standart şərtlərinə dair (417-420-ci maddələri) normalar da nəzərdə tutulmuşdur.

23. Müqavilənin standart şərtləri ilə bağlı müddəalar Mülki Məcəllənin 20-ci fəslinin 3-cü paraqrafında təsbit edilmişdir. Həmin paraqrafda standart şərtlərin hüquqi məzmunu, standart şərtlərin müqavilənin tərkib hissəsinə çevrilməsi qaydası və etibarsızlıq şərtləri əks olunmuşdur.

24. Məhkəmə qarşısında müqavilənin standart şərti kimi hər hansı bəndinin etibarsızlıq tələbi irəli sürüləndən müvafiq şərtin müqavilənin standart şərti olubolmaması, həmin şərtin müqavilənin tərkin hissəsinə çevrilib-çevrilməməsi və müqavilənin standart şərtinin etibarsızlığı üçün əsasın olub-olmaması istiqamətində müvafiq yoxlama həyata keçirilir.

25. Mülki Məcəllənin 417-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

26. Göründüyü kimi, şərtin standart olması üçün o, əvvəlcədən ifadə olunmalı, eyni məzmunlu bir çox müqavilələrdə dəfələrlə istifadə edilməsi nəzərdə tutulmalı, bir tərəf digər tərəfə təqdim etməli və əvvəl müəyyən edilmiş normalardan fərqli olmalı və onları tamamlamalıdır.

27. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 30 yanvar 2009-ci il tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın “ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan” adlanan 6-cı maddəsinə əsasən, sığortaçı sığortalanmış Avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş ziyanın əvəzini Sığortalıya aşağıda göstərilən qaydada ödəyir: ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış Avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq (6.1.1). Bu maddə əsasında hər bir sığorta olunmuş Avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir (6.1.2). Bu maddə yalnız eyni hadisənin nəticəsində Avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi 4-cü maddədə müəyyən edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir (6.2).

28. Mülki Məcəllənin 915-ci maddəsində sığorta qaydalarına sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu kimi istinad edilmiş, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda isə sığorta qaydalarına sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən; bu Qanunun 16.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən və ya bu Qanunun 16.6-cı maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və bu Qanunun tələbləri nəzərə alınmaqla qəbul edilən, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd kimi anlayış verilmişdir.

29. Mülki Məcəllənin 916-cı maddəsində isə sığorta qaydalarının məzmunu müəyyənləşdirilmiş, müvafiq sığorta növünün aid olduğu və ya bu növdə birləşdirilmiş sığorta sinifləri; sığorta predmetlərinin – sığorta olunanların, sığortalanan əşyaların və ya halların konkret kateqoriyası; sığorta məbləğlərinin müəyyən edilməsi qaydası; sığorta riskləri; sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər; sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası; tərəflərin hüquqları və vəzifələri; sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri; sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı; sığorta ödənişinin verilməsindən imtinanın əsasları; sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti; sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti; mübahisələrin həlli qaydası; sığorta tarifləri və onların iqtisadi əsaslandırılması sığorta qaydalarının məzmun elementi kimi təsbit edilmişdir.

30. Başqa sözlə, sığorta qaydaları bu və ya digər sığorta növü üçün sığortaçı tərəfindən və ya müvafiq hallarda digər qurum tərəfindən qəbul edilən sənəd olmaqla həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edir, əvvəlcədən ifadə olunma, eyni məzmunlu bir çox müqavilələrdə dəfələrlə istifadə edilməsi nəzərdə tutulma, sığortaçının kontragentə təqdim etməsi və əvvəl müəyyən edilmiş normalardan fərqli olmalı və onları tamamlamaları kimi xüsusiyyətlərlə xarakterizə edilir. Belə olan halda Mülki Məcəllənin 417-ci maddəsindən çıxış etməklə həmin şərtlər müqavilənin standart şərtləri hesab olunur.

31. Digər tərəfdən, həmin şərtlərin müqavilənin tərkib hissəsinə çevrilməsi üçün: təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd etməli və bu şərtlərə istinad etməli, digər tərəf isə həmin şərtlərlə tanış olmaq imkanını əldə etməli və razı olduqda, bu şərtləri qəbul etməlidir. Belə ki, Mülki Məcəllənin 418.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.

32. Bu mənada sığorta müqaviləsinin formasından bəhs edən 819-cu maddəsində sığorta müqaviləsinin bağlanma formalarından biri kimi təsbit edilmişdir ki, sığorta müqaviləsi müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlana bilər.

33. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********2 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, sığorta təminatının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 30 yanvar 2009-ci il tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları” əsasında verildiyi göstərilmiş və sığortalı (iddiaçı) QR kod vasitəsilə yerləşdirilən sığorta qaydaları ilə tanış olduğunu və onlarla razı olduğunu təsdiq etmişdir.

34. Belə olan halda, məhkəmə “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın müqavilənin standart şərti kimi tərəflər arasında bağlanmış sığorta müqavilənin tərkib hissəsinə çevrildiyini hesab edir.

35. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın müqavilənin standart şərti olduğunu, həmin şərtin tərəflər arasında bağlanmış müqavilənin standart şərti olduğunu müəyyən edən məhkəmə adıçəkilən şərtlərin etibarsızlığı üçün əsasların olubolmamasının müəyyənləşdirilməsini zəruri hesab edir.

36. Müqavilənin tərkib hissəsinə çevrilən standart şərtlərin etibarsızlığı əsasları Mülki Məcəllənin 420-ci maddəsində təsbit edilmişdir. Həmin Məcəllənin 420.1 və 420.3cü maddələrində təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərinin etibarsızlıq halları göstərilmiş, 420.2-ci maddədə isə kontragentin statusundan asılı olmayaraq müqavilənin standart şərtlərinin etibarsızlığının ümumi norması əks olunmuşdur.

37. Belə ki, Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

38. İddiaçı adıçəkilən normaya istinad etmiş və sığorta qaydalarının 2009-cu il tarixdə qəbul edildiyini, həmin dövr üçün ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan üçün sığorta ödənişinin maksimal həddinin 500 manat müəyyənləşdirilməsinin ağlabatan olduğunu, hazırda isə uzun müddət keçdiyini, bu səbəbdən də həmin müddəanın düzgün olmadığını, sığortalının hüquqlarını əsassız məhdudlaşdırdığını göstərir.

39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).

40. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 420.2-ci maddəsində də təsbit edildiyi kimi, məhkəmənin vəzifəsi sığortaçı üçün sığorta ödənişinin həddini müəyyənləşdirmək, həmin ödənişi mövcud bazar qiymətləri baxımından şərh etmək deyildir. Əks yanaşma, müqavilə azadlığı prinsipinə və konstitusion təminat altına alınan azad sahibkarlıq hüququna əsassız müdaxilə təşkil edər. Məhkəmənin baxış predmeti müstəsna olaraq “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq kontragentə zərər verib-verməməsidir.

41. Mülki Məcəllənin 926-cı maddəsində təsbit edilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

42. Göründüyü kimi, mülki qanunvericilikdə sığorta ödənişinin hər hansı aşağı həddi təsbit edilməmiş, könüllü sığortada sığorta ödənişinin miqdarı sığorta müqaviləsindən asılı edilmişdir. Bu mənada “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndi hüquq qaydasından hər hansı kənara çıxmanı ehtiva etmir. Digər tərəfdən, həmin şərtin vicdanlılıq və etimad prinsiplərinə zidd olmasını təsdiq edən hər hansı dəlil də məhkəməyə təqdim edilməmişdir. Əksinə, həmin şərt sadə formada ifadə edilmiş, internet resurslarında dərc edilmiş, iddiaçı real vaxt rejimində həmin şərtlə tanış olmaq imkanına malik olmuşdur. Başqa sözlə, iddiaçının güvənmiş olduğu, bilsə idi, müqaviləni bağlamaqdan imtina edəcəyi, lakin bilməsinin mümkün olmadığı şərt kimi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndi nəzərdən keçirilə bilməz.

43. Belə olan halda, məhkəmə sığorta müqaviləsinin tərkib hissəsi kimi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinin etibarsız hesab edilməsi tələbini əsassız olduğundan rədd edir.

44. İddia tələbinin 863,93 manat sığorta ödənişinin tutulması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı həmin tələbi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinin etibarsızlığına əsaslanmaqla irəli sürmüşdür. Həmin Qaydaların etibarsızlığı üçün əsas müəyyən edilmədiyindən sığorta ödənişinin dəymiş zərər həddində ödənilməsi üçün hər hansı hüquq əsas da yoxdur. Belə olan halda, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6.1.2-ci bəndinə uyğun olaraq ödənilməli sığorta ödənişi 450 manat təşkil edir və zərərin digər hissəsinin cavabdehdən tutulması tələbi təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, sığorta ödənişi olaraq 450 manat məbləğində pul Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməldir.

b) Məhkəmə xərcləri ilə bağlı

46. İddiaçı həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun, 200 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

51. Məhkəmə qeyd edir ki, iddianın təmin olunan hissənə münasibətdə cavabdeh 24 iyul 2023-cü il tarixli 0-AP-2023-0837 nömrəli məktubla 450 manat məbləğində sığorta ödənişinin köçürülməsi üçün iddiaçıdan bank hesabı məlumatlarının təqdim edilməsini xahiş etmiş, iddiaçı isə həmin məlumatları təqdim etməmişdir. Başqa sözlə, tələb olunan sənədləri göndərməmək bilavasitə iddianın təmin olunan hissəsinə münasibətdə məhkəmə mübahisəsinin yaranmasına rəvac olmuşdur.

52. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 450 (dörd yüz əlli) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar