Məhkəmə qərarları › İş №e-2-2(113)-1420/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1420/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1420/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S60/22 saylı təchizat müqaviləsi əsasında 540 manat əsas, 839 manat dəbbə pulu və 33 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 1416 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X6 Company” MMC ilə cavabdeh arasında S58/22 saylı “təchizat” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X6 Company” MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “mal”ların “satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 540 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni “X6 Company” MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək xx.xx.2022-cü il tarixli, S60/22 saylı təchizat müqaviləsi əsasında 1049 manat əsas, 1643,3 manat dəbbə pulu və 46 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 2738 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Qurbanzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehə iddiaçı tərəfindən ümumilikdə 1339,36 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən nağd qaydada iddiaçıya 290 manat pul ödənilmiş, qalıq 1049,36 manat borc ödənilməmişdir. Cavabdehin təqdim etdiyi malların geri qaytarılması aktında göstərilmiş mallar iddiaçıya (anbara) geri qaytarılmamışdır. Belə ki, həmin aktda göstərilən malların bir qismi ümumiyyətlə iddiaçı tərəfindən cavabdehə satılmamışdır, aktda göstərilən malların ümumi dəyəri 745,96 manat təşkil etsə də, həmin məbləğ tələb edilən borcdan çıxıla bilməz. Belə ki, akt onların satış təmsilçisi tərəfindən imza edilsə də, təmsilçi onları anbara təhvil verməmiş, aktı anbar müdiri və sairə təsdiq etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya başqa ödəniş olmamışdır, əks halda bu barədə ödəniş qəbzi olardı.

5. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən ona təhvil verilmiş malların bir qismi (745,96 manat) tərəfindən iddiaçıya geri qaytarılmış, həmin geri qaytarma aktında göstərilən malların bir qismi iddiaçı tərəfindən ona satılmasa da, iddiaçı tərəfindən ondan borcun müqabilində alınmış, qalıq 300 manat borc isə nağd qaydada satış təmsilçisinə ödənilmiş, lakin bu barədə ona hər hansı sənəd təqdim edilməmişdir. Hazırda onun iddiaçıya ödənilməli olan borcu yoxdur.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (təchizatçı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S60/22 saylı təchizat müqaviləsinə görə təchizatçı malları alıcıya satır, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir.

8. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDK 061832 nömrəli 78,72 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDH 646737 nömrəli 94,05 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 735096 nömrəli 113,73 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 937096 nömrəli 83,07 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 721928 nömrəli 83,16 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 956188 nömrəli 284,68 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 929497 nömrəli 66,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCN 992652 nömrəli 147,18 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCN ******* nömrəli 116,16 manat məbləğində, xx.xx.2022-cü il tarixli EBCM 300945 nömrəli 272,13 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

11. Tərəflər arasında imzalanmış təhvil aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1339,36 manat dəyərində mal təhvil verilmişdir.

12. xx.xx.2023-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktına görə cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 745,96 manat məbləğində mal təhvil verilmişdir.

13. 31.05.2023-cü il tarixli kassa mədaxil orderinə görə 40 manat, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə görə 50 manat, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə görə 170 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

14. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 2023-cü ildə İddiaçı MMC də satış təmsilçisi işləmişdir. Cavabdeh2ı tanıyır, ona mal vermişdir. Sifarişi o və digər əməkdaşlar yazıb, ofisə göndərirdi, ofis isə malı göndərirdi. Cavabdeh2 nə qədər mal verildiyini xatırlamır, ödənişlər yadında deyil. 2023-cü ilin yay aylarında şirkətdən onlara deyilib ki, gedin ya borcu alın, ya da borcun əvəzinə malları götürün. Abbaszadədən də malı geri almışlar, özü də həmin vaxt iştirak etmişdir. Bu barədə akt tərtib edilmiş, aktı iddiaçı özü tərtib edərək ona vermiş, o da cavabdehin mağazasında sayım edərək aşkar edərək götürdüyü malların qarşısına saylarını yazmışdır. Şirkətin nümayəndəsi olaraq sadəcə o olmuşdur. Malı geri götürəndə tək idi. Mağazanın adı “Cahan” market idi. Gedib malı saydıqdan sonra borcun yarısından çoxunu geri almışlar. Bildiyi qədəri ilə Aydın spirtli içkiləri iddiaçıdan alırdı. Malı o vermişdir, Aydını tanıyırdı. Qiymətini akta yazırdı. Aktın birinə o qol çəkir, birini isə alıcıya verirdi. O malı yığır, sürücü də gəlib maşınla malı aparırdı. O öz funksiyasını yerinə yetirdikdən sonra malın aqibəti ilə maraqlanmağa vaxtı olmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi aktı, şəxsən tərtib edib, imzalamışdır, oradakı əlyazmalar da ona məxsusdur. Malın götürüldüyü gün ödəniş olunmamışdı, 3-4 gün sonra gələrsə borcu ödəyəcəyini demişdir. O mağazaya getmiş, cavabdeh orada ödənişi ona ödəmiş, borcu sıfırlanmışdır. Lakin cavabdehin ona nə qədər vəsait ödəməsini xatırlamır, lakin cavabdeh ödəniş etdikdən sonra iddiaçıya hər hansı borcu qalmamışdır. Həmin gün şirkətə gedəndə yığdığı malı orada görməmişdir. O işdən çıxanda şirkət tərəfindən Aydının borcunun olması barədə irad bildirilməmişdir. O, cavabdehdən pulu aldıqdan sonra iddiaçının kassasına təhvil vermiş, lakin kassir ona qəbz verməkdən müxtəlif səbəblərə görə imtina etmiş, bu səbəbdən o, cavabdehə ödənişi təsdiq edən sənəd verə bilməmişdir. Cavabdehin iddiaçıya ödənilməli olan borcu yoxdur.

15. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən iddiaçıya 290 manat vəsait ödənilmişdir.

16. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

17. Belə ki, işin mübahisəsiz olaraq məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 1339,36 manat məbləğində mal təhvil verilmişdir.

18. İddiaçı iddia ərizəsində satılmış malların müqabilində cavabdeh tərəfindən iddiaçıya cəmi 290 manat ödəniş edildiyini göstərmiş, cavabdeh etirazında əlavə olaraq 300 manat da ödəniş etdiyini bildirmişdir.

19. Cavabdeh iddiaçıya əlavə olaraq 300 manat vəsaiti nağd qaydada ödədiyini iddia etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində cavabdeh tərəfindən nağd qaydada ödəniş edildiyini, onun borcu qalmadığını bildirsə də, ifadəsində ödənişin məbləğini, hansı tarixdə edildiyini göstərə bilməmiş, bu hissədə ifadəsi ümumi sözlərlə ifadə olunmuşdur.

20. Cavabdeh məhkəməyə bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

21. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən satılan malların müqabilində naturada ümumilikdə 745,96 manat dəyərində malın iddiaçıya verildiyini iddia etsə də, cavabdeh bu halı təkzib etmişdir.

22. Cavabdeh bu hissədə məhkəməyə sübut qismində xx.xx.2023-cü il tarixli aktı və şahid X2 ifadəsini təqdim etmişdir.

23. Belə ki, xx.xx.2023-cü il tarixli akta əsasən ümumilikdə 745,96 manat dəyərində mal iddiaçı tərəfindən satışın müqabilində geri götürülmüş, aktı iddiaçının həmin akt tərtib edilən zaman satış təmsilçisi olmuş X4 imza etmişdir.

24. Göstərilən şəxsin satış təmsilçisi olmasını və həmin malların ümumi dəyərinin qaimələrdəki qiymətlər əsas götürülməklə hesablandıqda ümumilikdə 745,96 manat təşkil etməsini iddiaçının nümayəndəsi məhkəmə iclasında təsdiq etmişdir.

25. İddiaçı həmin aktı satış təmsilçisinin imza etməsinə baxmayaraq təmsilçinin həmin malları iddiaçının anbarına təhvil vermədiyini, aktın anbardar və iddiaçının digər səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilmədiyini göstərsə də, məhkəmə iddiaçının həmin arqumenti ilə razılaşmır.

26. Belə ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, satılmış malları cavabdehə həmişə satış təmsilçisi təhvil vermiş, ödənişi alıcı (cavabdeh) həmişə satış təmsilçisinə ödəmişdir.

27. Cavabdeh aktda göstərilən həmin malları da satış təmsilçisinə təhvil vermiş, göstərilən halı məhkəmə iclasında şahid qismində dindirilmiş X4 təsdiq etmişdir.

28. Məhkəmə aktda göstərilən malların bir qisminin ümumiyyətlə iddiaçı tərəfindən cavabdehə satılmadığını və bu səbəbdən borcdan çıxılmalı olmaması barədə dəlili ilə də razılaşmır.

29. Belə ki, cavabdehdən iddiaçının göstərişi əsasında satış təmsilçisi tərəfindən götürülmüş həmin malların sonradan cavabdehə geri qaytarılmasını təsdiq edə hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 303,40 manat (1049 manat - 745,96 manat) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

33. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 1643,3 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

38. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

39. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 15 manat müəyyən edilməlidir.

40. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 303,40 manat əsas borc və 15 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 16 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 303,40 manat əsas borc, 15 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, ümumilikdə 348,40 (üç yüz qırx səkkiz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 16 (on altı) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar