Məhkəmə qərarları › İş №e-2-2(113)-1451/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1451/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1451/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 01.12.2017-ci il tarixli “Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı ümumi müqavilənin şərtlərinə əsasən, iddiaçının göstərdiyi ekspeditor (yük daşıma) xidmətlərinə görə cavabdeh tərəfindən ödənilməmiş cəmi 5762,49 manat məbləğində xidmət haqqı borcunun, o cümlədən hazırki iddiaya görə iddiaçı tərəfindən mediasiya (dövlət rüsumu) üçün çəkilmiş cəmi 100 manat miqdarında olan xərcin və vəkil (nümayəndə) üçün çəkilmiş 310 manat xərcin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 01.12.2017-ci il tarixli “Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı ümumi müqavilənin şərtlərinə əsasən, iddiaçının göstərdiyi ekspeditor (yük daşıma) xidmətlərinə görə cavabdeh tərəfindən ödənilməmiş cəmi 5762,49 manat məbləğində xidmət haqqı borcunun, o cümlədən hazırki iddiaya görə iddiaçı tərəfindən mediasiya (dövlət rüsumu) üçün çəkilmiş cəmi 100 manat miqdarında olan xərcin və vəkil (nümayəndə) üçün çəkilmiş 310 manat xərcin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında rəsmi qaydada 01.12.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı Ümumi Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 6.3-cü bəndində qeyd edilənlərə əsasən, sözügedən müqavilə və onun şərtləri hazırda da qüvvədədir və tərəflər üçün şərtlərin icra edilməsi məcburidir. LLC23350 nömrəli İNVOİCE üzrə cavabdehə göstərilmiş xidmətə görə iddiaçıya 3230,19 manat məbləğində, LLC22996 nömrəli İNVOİCE üzrə isə 2532,30 manat məbləğində olmaqla, cəmi 5762,49 manat məbləğində ödənilməmiş xidmət haqqı borcu vardır. Belə ki, cavabdehin və ərizədə 3-cü şəxs qismində göstərilən "xxxx" MMC-nin təsisçisi və rəhbərliyi eyni şəxs olduğundan, sonuncu dəfə LLC22996 nömrəli İNVOİCE üzrə cavabdehin 5032,30 manat məbləğində olan xitmət haqqı borcundan, 3-cü şəxs "xxxx" MMC cavabdehin əvəzinə yalnız 18.03.2020-ci il tarixində iddiaçının müvafiq bank hesabına 2500 manat məbləğində pul köçürmüş, qalıq qalan məbləğlər isə bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. 3-cü şəxs tərəfindən LLC22996 nömrəli İNVOİCE istinad edilməklə iddiaçının müvafiq bank hesabına 2500 manat məbləğində pulun köçürülməsini iddiaçı qəbul edir və hesab edir ki, həmin köçürülmüş məbləğ məhz cavabdehin 5032,30 manat məbləğində olan xitmət haqqı borcundan çıxılmalıdır və LLC22996 nömrəli İNVOİCE üzrə cavabdehin iddiaçıya 2532,30 manat məbləğində borcu ödənilməmiş qalmaqdadır. LLC23350 nömrəli İNVOİCE üzrə cavabdehə göstərilmiş xidmətə görə iddiaçıya 3230,19 manat məbləğində, LLC22996 nömrəli İNVOİCE üzrə isə 2532,30 manat məbləğində olmaqla, cəmi cavabdehin iddiaçıya hazırda 5762,49 manat məbləğində ödənilməmiş xidmət haqqı borcu vardır. Göründüyü kimi cavabdeh, tərəflər arasında rəsmi qaydada bağlanmış və hazırda da qüvvədə olan 01.12.2017-ci il tarixli “Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı Ümumi Müqavilənin şərtlərini pozmuşdur. Hazırda həmin borcun tələb edilməsi iddiaçı tərəfindən mübahisələndirilir və iddiaçının bu tələbinin əsaslı olmasını iddia edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, müqavilə üzrə xidmətlər yalnız cavabdehə göstərilə bilər. Bu müqavilə üzrə üçüncü şəxslərə xidmət göstərilə bilməz. Bu müqavilə üzrə xidmətin "xxxx" MMC-ə göstərilməsi mümkün deyildir. Bu iş üzrə sifarişçi "xxxx" MMC-dir. Hazırda sifarişçi "xxxx" MMC-nin borcunun cavabdehdən tutulması düzgün deyildir. Qarşı tərəf etiraf etmişdir ki, xidmətin sifarişçisi "xxxx" MMC-dir. Eyni zamanda iddia müddətinin tətbiqi zamanı Mülki Məcəllənin 861-ci maddəsinin nəzərə alınaraq iş üzrə xüsusi iddia müddəti tətbiq olunmalıdır. Həmin maddə üzrə göstərilmişdir ki, daşıma və ekspeditor xidmətləri üzrə iddia müddəti 1 ildir. 29.12.2017-ci il tarixli və 13.02.2018-ci il tarixli elektron qaimələr əsasında irəli sürülmüş 5762,49 manat pul tələbinə iddia müddəti tətbiq edilməlidir. Ona görə də iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01.12.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı Ümumi Müqavilədən görünür ki, iddiaçı hazırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş pul məbləğinə ve müştərinin hesabına müştərinin sifarişi ilə yüklərin beynəlxalq daşınmasını təşkil etmək, daşınma haqqında müqavilə bağlamaq (Müştərinin adından, ya da öz adından), daşınma üçün lazım olan sənədlərin alınması, yaxud onların rəsmiləşdirilməsi, məsələn: nəqliyyat qaimələri, konosamentlər, avia qaimələr və dəmiryol qaimələri, gömrük və ya digər rəsmiləşdirmələrin təşkili, yükvurma-yiikboşalma işlərin yerinə yetirilməsi, yükün kəmiyyətinin və keyfiyyətinin yoxlamasının həyata keçirilməsi, yükün saxlanılması, yükün göndərilməsinin təmin edilməsi, ya da yükün təyinat məntəqəsində alınması, tərəflərin razılığı ilə digər xidmətlər yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi, cavabdeh isə yüklərin daşınması üçün göstərilən xidmətlərin haqqının ödənilməsini öhdələrinə götürmüşlər. 12.02.2018-ci il tarixli LLC23350 saylı hesabdan, 19.02.2018-ci il tarixli HR seriyalı 653803 saylı elektron vergi hesab-fakturasından görünür ki, iddiaçı tərəfindən 3230,19 manat dəyərində daşınma xidməti cavabdehin sifarişi əsasında göstərilmişdir. 27.12.2017-ci il tarixli LLC22996 saylı hesabdan və 03.01.2018-ci il tarixli HR seriyalı 071981 saylı elektron vergi hesab-fakturasından görünür ki, iddiaçı tərəfindən 5032,30 manat dəyərində daşınma xidməti "xxxx" MMC-nin sifarişi əsasında göstərilmişdir. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Həmin Məcəllənin 861.2-ci maddəsinə əsasən ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01.12.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı Ümumi Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı hazırki müqavilənin 3-cü bəndində müəyyən edilmiş pul məbləğinə ve müştərinin hesabına müştərinin sifarişi ilə yüklərin beynəlxalq daşınmasını təşkil etmək, daşınma haqqında müqavilə bağlamaq (Müştərinin adından, ya da öz adından), daşınma üçün lazım olan sənədlərin alınması, yaxud onların rəsmiləşdirilməsi, məsələn: nəqliyyat qaimələri, konosamentlər, avia qaimələr və dəmiryol qaimələri, gömrük və ya digər rəsmiləşdirmələrin təşkili, yükvurmayiikboşalma işlərin yerinə yetirilməsi, yükün kəmiyyətinin və keyfiyyətinin yoxlamasının həyata keçirilməsi, yükün saxlanılması, yükün göndərilməsinin təmin edilməsi, ya da yükün təyinat məntəqəsində alınması, tərəflərin razılığı ilə digər xidmətlər yerinə yetirməyi, yaxud onların yerinə yetirilməsini təşkil etməyi, cavabdeh isə yüklərin daşınması üçün göstərilən xidmətlərin haqqının ödənilməsini öhdələrinə götürmüşlər. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, yükləri daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Lakin iddiaçı iddia ərizəsində yük daşınmaya görə cavabdeh tərəfindən ödənilməmiş 5762,49 manat məbləğində daşınma haqqı borcu olduğunu qeyd etsə də, tələbin əsası kimi məhkəməyə təqdim edilmiş 12.02.2018-ci il tarixli LLC23350 saylı və 27.12.2017-ci il tarixli LLC22996 saylı hesablardan görünür ki, iddiaçı tərəfindən 12.02.2018-ci il tarixli LLC23350 saylı hesab üzrə 3230,19 manat dəyərində daşınma xidməti cavabdehin sifarişi, 27.12.2017-ci il tarixli LLC22996 saylı hesab üzrə 5032,30 manat dəyərində daşınma xidməti isə cavabdehin deyil, "xxxx" MMC-nin sifarişi əsasında həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 3230,19 manat dəyərində daşınma xidməti həyata keçirilmişdir ki, bu halda məhkəmə hesab edir ki, 12.02.2018-ci il tarixli LLC23350 saylı hesab üzrə 3230,19 manat dəyərində daşınma haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01.12.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı Ümumi Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və 3 il müddətində qüvvədə qalır. Göründüyü kimi müqavilənin müddəti 01.12.2020-ci il tarixdə qurtarmışdır ki, bu halda məhkəmə müqavilə tələbi üzrə iddia müddətinin 3 il olmasını nəzərə alaraq, hesab edir ki, göstərilən müqavilə tələbi üzrə iddia müddəti keçmədiyindən hazırki işə münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə tətbiq oluna bilməz. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında Mülki Məcəllənin 861-ci maddəsinə istinad etməklə iş üzrə xüsusi iddia müddətinin tətbiq olunmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə daşıma və ekspeditor xidmətləri üzrə iddia müddəti nəzərdə tutulsa da, iddia müddətinin daşıyıcıya və ya ekspeditora qarşı iddialar üzrə nəzərdə tutulmuşdur ki, hazırki halda iddia tələbi daşıyıcıya və ya ekspeditora qarşı verilmədiyindən Mülki Məcəllənin 861-ci maddəsinin tələbləri tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 22.02.2022-ci il tarixli 184 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə 310 manat “Fides” Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 310 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 100 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 80,72 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 58,29 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiyaya görə 66,33 manat (100 (mediasiya xərci) – 33,67 (80,72 manat dövlət rüsumunun iddiaçıya aid olan hissəsi) = 66,33 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 01.12.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı ümumi müqaviləyə əsasən 3230,19 manat məbləğində xidmət haqqı, mediasiya xərcinə görə 66,33 manat və vəkilin göstərdiyi yardıma görə 310 manat, cəmi 3606,52 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.12.2017-ci il tarixli Daşınma və Gömrük Xidmətləri Üzrə MGL/HDS/011217 saylı ümumi müqaviləyə əsasən 3230,19 manat məbləğində xidmət haqqı, mediasiya xərcinə görə 66,33 manat və vəkilin göstərdiyi yardıma görə 310 manat, cəmi 3606,52 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar