Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1459/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri, satıcının cavabdeh olduğu qüsurlar, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 7700 manat məbləğində pulunun və ödənilmiş 97 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı və cavabdeh arasında bağlanmış GS-961/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən 2024-cü ilin fevral ayında ƏDV ilə birlikdə 7700 manat dəyərində 5 tonluq vinç (telfer) satın alınmışdır. Lakin telfer iddiaçıya təhvil verilərkən malın vəziyyəti yoxlanılmamışdır. Belə ki, iddiaçı cavabdehlə uzun müddətdir ki, əməkdaşlıq edir və cavabdehdən əvvələr də başqa məhsullar satın almış və həmin məhsullar tam qaydasında olmuşdur. Odur ki iddiaçı cavabdehə güvəndiyindən telferi yoxlamağa ehtiyac bilməmişdir. 2.2. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh tərəfindən həmin telfer yeni deyil, işlənmiş vəziyyətdə satılmışdır. Belə ki, həmin malı satın almaqda məqsəd onu dönən krana birləşdirib bir məhsul kimi "xxxx" MMC-yə satmaq və gəlir əldə etmək olmuşdur. Ona görə də "xxxx" MMC və iddiaçı arasında 01 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə dönən kran (cavabdehdən alınan həmin 5 tonluq telfer (vinç) ilə birlikdə) satılmış və kran həmin şirkətin istehsalat sahəsində quraşdırılmışdır. Həm "xxxx" MMC, həm də iddiaçının əməkdaşları tərəfindən kran sınaqdan keçirilərkən kranın tərkib hissəsi olan telferdə bəzi qüsurların olması və həmin malın yeni deyil, işlənmiş mal olması məlum olmuşdur: telferin üzərində, valında və dişli çarxında cızıqlar, telferin boyasının istehsalçı zavod tərəfindən vurulmuş boya deyil, sonradan vurulmuş boya olması, boyanın altında paslı hissələrin olması aşkarlanmışdır. Nəticədə "xxxx" MMC “5 tonluq telfer (vinç) ilə dönən kran”ı təhvil almaqdan imtina etmiş və telferin yenisi ilə əvəz olunması həm şifahi, həm də yazılı qaydada iddiaçıdan tələb edilmişdir. 2.3. Belə olan halda iddiaçının əməkdaşları tərəfindən telferin cari vəziyyəti aktlaşdırılmış və cavabdehin əməkdaşlarına və rəhbərliyinə dərhal bu barədə məlumat verilərək, telferin vəziyyətini əks etdirən fotoşəkillər onlara təqdim edilərək satılmış telferin geri götürülməsi və onun yenisi ilə əvəz olunması xahiş olunsa da, cavabdeh tərəfindən bu məslənin həlli istiqamətində heç bir addım atılmamışdır. Sonradan dəfələrlə cavabdehə həm şifahi, həm də yazılı qaydada müraciət edilərək təkrar olaraq telferin vəziyyətini əks etdirən məlumatların təqdim edilərək onun yenisi ilə əvəz olunması xahiş edilmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya göndərilərək GS-961/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq işlənmiş, yeni olmayan vəziyyətdə satılmış 5 tonluq vinçin (telferin) xx.xx.2024cü il tarixədək yenisi ilə əvəz edilməsi xahiş edilmiş, əks halda 5 tonluq telferin (vinç) alışına görə ödənilmiş ƏDV ilə birlikdə 7700 manat məbləğində pul vəsaitinin, dəymiş zərərin, hüquqların müdafiəsi üçün çəkilən xərclərin əvəzinin ödənilməsi ilə bağlı iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 2.4. Lakin bu günədək cavabdeh tərəfindən telfer yenisi ilə əvəz edilməmişdir. GS- 961/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 3.2.1-ci bəndinə əsasən satıcı malı müqavilə ilə müəyyən edilən şərtlərlə və qaydada alıcıya təhvil verməyi; müqavilənin 3.2.4-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən malın keyfiyyəti istehsalçı müəssisənin elan etdiyi standartlar əsasında müəyyən olunur. Satıcı təqdim etdiyi malların keyfiyyətinə görə bu müqavilə ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə AR-nin qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 2.5. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq yeni deyil, məhz işlənmiş telfer satmışdır və cavabdeh müqavilə şərtlərinə zidd olaraq həmin telferi yenisi ilə əvəz etməkdən imtina etmişdir. Bununla yanaşı, "xxxx" MMC və iddiaçı arasında bağlanılmış 01 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə iddiaçıdan alınan həmin 5 tonluq telfer (vinç) ilə birlikdə dönən kran satılmış və kran həmin şirkətin istehsalat sahəsində quraşdırılmışdır. Lakin 5 tonluq telfer işlənmiş vəziyyətdə olduğuna görə "xxxx" MMC “5 tonluq telfer (vinç) ilə dönən kran”ı təhvil almaqdan imtina etmiş və telferin yenisi ilə əvəz olunmasını tələb etmişdir. "xxxx" MMC sonuncu xəbərdarılq göndərərək telferin tez bir zamanda yenisi ilə əvəz edilmədiyi təqdirdə, kranı geri götürməklə krana görə ödənilmiş pul vəsaitinin qaytarılmasını xahiş edir. 2.6. Beləliklə, cavabdeh GS-961/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə öz vəzifələrini lazımınca icra etməmişdir, yəni müqavilə üzrə telferi satsa da, onu yeni vəziyyətdə deyil, məhz işlənmiş vəziyyətdə satmışdır. Eyni zamanda cavabdeh öz vəzifələrini icra etməyərək işlənmiş telferi yenisi ilə əvəz etməkdən imitna etmişdir. Halbuki müqavilə şərtlərinə görə cavabdeh təqdim etdiyi malların keyfiyyətinə görə məsuliyyət daşıyır. Belə olan halda isə "xxxx" MMC tərəfindən dönən krana görə ödənilmiş pul vəsaitinin "xxxx" MMC-yə qaytarmaq məcburiyyəti yaranacaq ki, bu da iddiaçının 36 580 manat məbləğində gəlirlərdən məhrum olması ilə nəticələnəcək və iddiaçıya həmin məbləğ qədər zərər dəyəcəkdir (əldən çıxmış fayda). Odur ki "xxxx" MMC qarşısında öhdəliklərin lazımınca icrası və zərərin dəyməsinin (əldən çıxmış fayda) qarşısının alınması üçün həmin telferi başqa satıcıdan sifariş vermək məcburiyyətindədir. Belə olan halda isə cavabdehə ödənilmiş ƏDV ilə birlikdə 7700 manat məbləğində pul vəsaiti qaytarılmalıdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 445-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək, iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, müqavilə əsasında 15 fevral 2024-cü il tarixdə 7700 manat məbləğində 5 tonluq vinç (telfer) satılmışdır. 15 fevral 2024-cü il tarixdə malların təhvil-qəbul aktına əsasən mallarda təhvil zamanı hər hansı bir nasazlıq aşkarlanmamışdır və vinç (telfer) iddiaçıya tam və qüsursuz şəkildə təhvil verilmişdir. Daha sonra iyun və noyabr ayında iddiaçı tərəfindən məhsulun qüsurlu olması və yenisi ilə əvəz edilməsi tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin iddiası qanunsuz və əsassızdır. Belə ki, müqavilənin 3.4.4-cü bəndinə əsasən mallar alıcı tərəfindən təhvil alınmamışdan öncə nəzərdən keçirilməli, hər hansı qüsur və ya çatışmazlıq olarsa, dərhal satıcıya bildirilməli və bununla bağlı akt tərtib olunmalı idi. Mallarda isə təhvil zamanı hər hansı bir nasazlıq aşkarlanmamış və iddiaçının bildirdiyi məlumata əsasən isə mallar 1 ay müddətində anbarda saxlanılmışdır. Malların qüsuru isə yalnız iddiaçı tərəfindən 3-cü tərəfə satıldıqdan və quraşdırıldıqdan sonra aşkarlanmışdır. Sözügedən məhsul “X3 Vinç, X5. Tic.” İhr. Ltd. ŞTİ-dən satın alınmışdır. İddiaçı tərəfindən bildiriş göndərildikdən sonra satıcı şirkətə məktub ünvanlanmış və məhsulun vəziyyəti barədə məlumat verilməsi xahiş edilmişdir. Satıcı şirkət 26 dekabr 2024-cü il tarixli məktubunda məhsulun yeni olduğunu və ümumiyyətlə istifadə edilmiş məhsul satmadıqlarını bildirmişdir. Müqavilə üzrə malların qüsuruna dair bildirişin verilməsi müddəti həddən artıq gecikdirildiyindən, malların saxlanılması və quraşdırılması şəraiti şübhə doğurduğundan həmin malların geri qaytarılması və ya əvəzlənməsi qəbul olunmazdır və iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası tamamilə əsassız olduğundan rədd edilməlidir.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 570.1.1, 571.1, 595-ci və s. maddələrinə istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli GS-961/19 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik müasibəti yaranmış, cavabdeh iddiaçıya sifariş olunmuş malları satmağı, iddiaçı isə həmin malı qəbul edib müqavilənin ayrılmaz tərkib hissələri sayılan sifariş forması ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli GS-2311656 nömrəli malların təhvil-qəbul aktı əsasında 1 ədəd 5 tonluq telfer (vinç) iddiaçıya verilmiş, həmin təhvilqəbul aktına istinad edilməklə xx.xx.2024-cü il tarixli EBDZ 509964 seriya və nömrəli elektron qaimə tərtib edilərək iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı əsasında adıçəkilən elektron qaiməyə istinadla ödəniş edilmişdir.
13. İddiaçı xx.xx.2019-cu il tarixli GS-961/19 nömrəli alqı-satqı müqaviləsi üzrə verilmiş 1 ədəd 5 tonluq telferin (vinçin) lazımi keyfiyyətdə olmadığına istinad edərək əşyanın dəyərini tələb edir.
14. Cavabdeh əşyanın iddiaçı tərəfindən qəbul edildiyini, bu zaman da hər hansı qüsurun aşkar olunmadığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Göstərilməlidir ki, Mülki Məcəllənin 587-ci maddəsində lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri təsbit edilmişdir.
21. Belə ki, həmin maddəyə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin (587.1): alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə (587.2): alqısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir (587.5).
22. Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
23. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, əşyanın keyfiyyəti ilə bağlı tələblər pozulduqda, əvvəla, alıcı tərəfindən satıcıya bu barədə bildiriş verilməlidir. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.
24. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyun və noyabr ayında bildiriş verilmiş, cavabdeh tərəfindən əşyanın əvəz edilməsi və ya geri qaytarılmasından imtina edilmiş, əsas kimi bildirişin verilməsi müddəti həddən artıq gecikdirildiyi və əşyanın təhvil-təslimi zamanı hər hansı hər hansı nasazlıq aşkar edilmədiyi göstərilmişdir.
25. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
26. Həmin Məcəllənin 582.1 – 582.2-ci maddələrinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.
27. Həmin Məcəllənin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
28. Göründüyü kimi, satıcı alqı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətdə əşyanı alıcıya verməlidir. Həmçinin satıcı əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan qüsurları üçün təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. Bu mənada qüsurun yaranma anı mühüm əhəmiyyət kəsb edir. Belə ki, ümumi qaydaya görə, alıcı qüsurun satcının təqsirindən yarandığını sübut etməli olmasa da, qüsurun əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etməlidir. Lakin əşya üçün keyfiyyət qarantiyası verildiyi halda qanunverici sübutetmə qaydasını dəyişərək, satıcının qüsurlar üçün cavabdehliyini prezumpsiya edir, əksinin – əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyinin sübut edilməsi vəzifəsi satıcının üzərinə düşür.
29. Hazırda mübahisəli məqan isə əşyanın qüsurlarının əşya alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranıb-yaranmamasıdır.
30. xx.xx.2019-cu il tarixli GS-961/19 nömrəli alqı-satqı müqaviləsinin 3.4.4-cü bəndinə əsasən, “Alıcı” malı qəbul etməmişdən öncə onun keyfiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmalı, alacağı malı yoxlamalıdır. Malın yoxlanması zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmazlıqları və digər qüsurları aktlaşdıraraq bu barədə dərhal “Satıcı”ya xəbər verməlidir. Belə bir akt olmazsa, mal “Alıcı” tərəfindən bəyənilmiş, keyfiyyətə uyğun hesab edilmiş sayılır.
31. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində alıcının malı qəbul etməmişdən əvvəl yoxlaması, keyfiyyətlə bağlı qüsurları aktlaşdıraraq dərhal satıcıya bildirmək vəzifəsi təsbit edilsə də, xx.xx.2024-cü il tarixli GS-2311656 nömrəli malların təhvil-qəbul aktında iddiaçının əşyanın kefiyyəti ilə bağlı hər hansı qeyd-şərti olmamışdır.
32. Digər tərəfdən, əşyanın qüsurlu olması ilə bağlı iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda əşyanın qüsurlarının üzərində, valında və dişli çarxında cızıqların olması, boyasının sonradan vurulmuş boya olduğunun qeyd olunduğu görünür. Başqa sözlə, həmin qüsurlar adi baxışla görünə bilən, hər hansı xüsusi bilik və ya müayinə tələb edilmədən aşkar edilə bilən qüsurlardır. Belə olan halda, iddiaçının aşkar görünən qüsurlara nəzər yetirmədən malı təhvil alması ağlabatan deyildir.
33. Bundan başqa, xx.xx.2024-cü il tarixdə qüsurdan məlumatlı olduğunu qeyd edən iddiaçı ağlabatan müddətdə cavabdehə hər hansı bildiriş verməmiş, aktı cavabdehə təqdim etməmiş, yalnız 2024-cü ilin iyun ayında öz pretenziyasını şifahi qaydada irəli sürmüşdür.
34. Bununla yanaşı, mallarda qüsurun olmasından xx.xx.2024-cü il tarixdə məlumatlı oluğunu və xx.xx.2024-cü il tarixdə qüsur aktının tərtib edildiyini bildirən iddiaçı həmin əşyanın dəyərini qüsurun aşkar olunması tarixi kimi istinad etdiyi tarixdən sonra – xx.xx.2024-cü il tarixdə ödəmişdir. Halbuki əşya iddiaçının bildirdiyi kimi qüsurlu idisə həmin əşyanın dəyərinin ödənilməsinin səbəbləri məhkəməyə aydın deyildir.
35. Eyni zamanda məhkəmə iddiaçının əşya təhvil alınarkən yoxlanılmadığı ilə bağlı mövqeyinə münasibətdə göstərir ki, işdə iştirak edən şəxslər nəzərə almalıdır ki, mülki məhkəmə icraatında məhkəmənin səlahiyyətləri, prosessual statusu onun üçün obyektiv həqiqətin müəyyənləşdirilməsini qeyri-mümkün edir. Bu mənada məhkəmə icraatının həqiqəti müəyyənləşdirilməsi konstitusion vəzifəsi mülki məhkəmə icraatında “hüquqi həqiqət”in müəyyən edilməsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərar).
36. Göstərilənlər onu deməyə əsas verir ki, müqavilədən irəli gələn münasibətlərdə tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlərin lazımi qaydada rəsmiləşdirilməməsi, yazılı sənədlərin, o cümlədən təhvil-qəbul aktlarının tərtib olunmaması, natamam tərtib olunması, ödənişlərin qeyri-rəsmi edilməsinin, müqaviləndən irəli gələn vəzifələrinin icra edilməməsinin riskini daşıyırlar və bu zaman müvafiq sübutlarının olmaması səbəbindən obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə sübutların toplanması və sübutetmə vəzifəsini məhkəməyə həvalə edə bilməzlər. Belə ki, tərəflər mülki məhkəmə icraatında hüquqi həqiqətin müəyyən olunduğunu nəzərə almalıdırlar.
37. Beləliklə, iş materialları ilə əşyanın qüsurlarının onun alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yarandığı öz təsdiqini tapmır, əksinə aşkar “qüsurlar” olduğu halda malın qəbul edilməsi, qüsurlar aşkar edildikdən sonra ağlabatan müddətdə bildiriş verilməməsi, “qüsurlu” malın dəyərinin ödənilməsi kimi hallar əşyanın qüsurlarının məhz əşya təhvil alındıqdan sonra iddiaçının və ya üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində yarandığını təsdiq edir.
38. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı eyni zamanda ödənilmiş 97 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Beləliklə, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova