Məhkəmə qərarları › İş №e-2-2(113)-1470/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1470/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1470/2021 17.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkili Nümayəndə2 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMC iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus FİAT DOBLO markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində iddiaçı dəymiş zərər 996 manat məbləğində vəsaitin, nümayəndəyə göstərdiyi yardıma görə 300 manat məbləğində xərcin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 22.09.2020-ci il tarixində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, cavabdehin şirkətində sığortalanmış BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus olan FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla mane edərək yol nəqliyyat hadisəsi törətmişdir. Bunun nəticəsində iddiaçının avtomobilinə ciddi zərər dəymişdir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edən şəxs Elman Quliyev olmuş, həmin avtomobil cavabdeh şirkətində sığortalanmış və avtomobilə sığorta şəhadətnaməsi verilmişdir. Hadisə zaman baş verən bütün sənədlər DYPİ YNH inspektoru inspektoru Anar Rəsulov tərəfindən cavabdehə göndərilmişdir. DYPİ YNH inspektoru Anar Rəsulov tərəfindən Elman Quliyev yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs kimi bilinərək onu barəsində 05.10.2020-ci il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərar qəbul etmişdir. İddiaçı cavabdehə müraciət edərək yol nəqliyyat hadisəsi zamanı qəza törətmiş BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilin təqsiri nəticəsində dəymiş zərər 991,20 manatın iddiaçıya ödənilməsi xahiş etmişdir. Cavabdeh isə yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin 350 manat məbləğində qiymətləndirildiyini qeyd edərək həmin məbləğin sığorta ödənişinin həyata keçirilməsinin mümkün olduğunu bildirmişdir. Hesab edirlər ki, cavabdehin ödəniş etmək istədiyi 350 manat həddindən artıq azdır və real zərəri əks etdirmir. Belə ki, qeyd etmək istəyirlər ki, iddiaçıya məxsus olan FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin buraxılış ili 2019-cu ildir. Həmin avtomobili iddiaçı yeni almışdır və istifadə etdiyi müddət ərzində heç bir yol nəqliyyat hadisəsi törədilməmişdir. Avtomobil yeni olduğundan iddiaçı cavabdehə avtomobilin arxa qapasını tamamilə dəyişdirilərək yenisi ilə əvəz edilməsi bildirmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və avtomobilin yararsız vəziyyətdə uzun müddət qalması onun sahibkarlıq fəaliyyətinə təsir etmişdir. Autouniversal MMC tərəfindən yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilin sırıdan çıxan arxa qapısı yenisi ilə dəyişdirilmişdir. Bunun nəticəsində iddiaçı Autouniversal MMC-yə 991,20 manat vəsait ödəmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-20 №-li qərarı ilə təsdiq edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaların 40.1.2-ci maddəsinə əsasən avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta hadisəsi baş verdikdə üçüncü şəxsin əmlakına dəyən birbaşa zərərin əvəzi əmlak qismən zədələndikdə həmin əmlakın sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan xərc məbləğində ödənilir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi, vəkili Nümayəndə2 izahatında iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyək izahatında avtomobilə dəyən ziyanın tələb edilən həcmdən az olduğundan və bəzi detalların dəyişməyə ehtiyacı olmadığına görə tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10 dekabr 2020-ci il tarixli 05/01-1352 nömrəli "xxxx" ASC-nin məktubdan görünür ki, FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər şirkət tərəfindən 350 manat məbləğində qiymətləndirilmişdir. 24 sentyabr 2021-ci il tarixli 9/5030 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 996 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. EBAQ seriyalı 646354 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ilə bağlı İddiaçı MMC-dən 991,20 manat pul tələb etmişdir. “Unibank” KB-nın çıxarışından görünür ki, EBAV seriyalı 615173 nömrəli elektron qaiməyə əsasən 300 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Məhkəmə baxışında tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, 22.09.2020-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən icbari sığorta olunan və X1 idarə etdiyi BMW markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsus olan FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Həmin zərərin həcmini "xxxx" ASC 350 manat, İddiaçı MMC və ekspert 996 manat kimi qiymətləndirmişlər. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin məbləği 991,20 manat kimi müəyyən edilməlidir, belə ki, İddiaçı MMC tərəfindən zədələnmiş FİAT DOBLO minik ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil təmir edilməsi üçün "xxxx" MMC-də təhvil verilmiş və həmin cəmiyyət tərəfindən avtomobil təmir ediləndən sonra 991,20 manat məbləğində çəkilən xərc ilə bağlı EBAQ seriyalı 646354 nömrəli elektron qaimə İddiaçı MMC-yə təqdim edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən edilməli və FİAT DOBLO markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilmiş xərc kimi 991,20 manat və hüquqi yardıma görə çəkilmiş 300 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 99,51%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 99,51%-i, yəni 29,85 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 99,51%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 99,51 manatı "xxxx" ASC-dən, 0,49 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. FİAT DOBLO markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş 991,20 manat, hüquqi yardıma görə çəkilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 29,85 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 100 manat məbləğində pulun 99,51 manatı "xxxx" ASC-dən, 0,49 manatı isə İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar