Məhkəmə qərarları › İş №e-2-2(113)-1537/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1537/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1537/2023 08.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "xxxx" ASCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7305,29 manat məbləğində sığorta haqları, 62090,50 manat məbləğində dəbbə pulu, 1148,35 manat qaytarılmamış inventarların qalıq dəyəri, 400 manat mediasiya xərci cəmi 70944,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-xx.xx.2021-ci il tarixləri ərzində "xxxx" ASC-nin “Favorit” Nümayəndəliyinin rəhbəri olmuşdur. Həmçinin bildirmək istəyirik ki, Cavabdeh ilə Cəmiyyətimiz arasında xx.xx.2016-cı il tarixli vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh sığortalılara çatdırılması üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə, daşınmaz əmlakın icbarı sığortası növü üzrə, səyahət sığortası növü üzrə və yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələri (blanklar) təhvil verilmiş, lakin cavabdeh sığortalılardan almış olduğu 7305,29 manat məbləğində sığorta haqlarını şirkətin hesabına köçürülməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx tarixli, saylı xx aktdan da göründüyü kimi daşınmaz əmlakın icbari sığortası üzrə ümumilikdə 5600 manat məbləğində, yaşıl kart üzrə 1630 manat məbləğində, səyahət sığortası üzrə isə 75,29 manat məbləğində şəhadətnamələrin sığortalılara çatdırılması, sığortalılardan müvafiq sığorta haqqı məbləğlərinin alınaraq Cəmiyyətimizin hesabına köçürülməsi üçün sığorta müqavilələri Cavabdeh verilmişdir. Həmin müqavilələr sığortalılara çatdırılaraq onlardan şəhadətnamə üzrə sığorta haqları alınsa da həmin sığorta haqları Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına köçürülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsindən görünür ki, bu müqavilə ilə sığorta agentinə sığortaçının malik olduğu lisenziya və aparılmasına icazə verilən bütün sığorta növləri üzrə sığorta müqavilələrinin bağlanmasında vasitəçilik etmək səlahiyyəti verilir. Müqavilənin 5.1-ci bəndinə əsasən sığorta müqaviləsi üzrə hesablanmış və qəbul edilmiş sığorta haqları sığorta agenti tərəfindən hər ayın 3-dən gec olmayaraq sığortaçıya təhvil verilir. Sığortaçı sığorta agentindən gecikdirilmiş hər gün üçün təhvil verilməmiş məbləğin 1%-i həcmində dəbbə pulu tələb edə bilər. xx.xx.2020-ci il tarixli Cavabdeh izahatından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 6771,92 manat məbləğində debitor borcu vardır. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 11 şəxsin imzası ilə təsdiq edilən inventarizasiya aktından görünür ki, “Favorit” nümayəndəliyin balansında olan 6 ədəd “Notebook”, “Netbook” və “Printer” kimi cihazların ümumi qalıq dəyəri 1435,41 manatdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Atasığorta ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 410 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq tapşırıq müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2020-ci il tarixə "xxxx" ASC-yə 6771,92 manat məbləğində debitor borcu yaranmışdır. Göründüyü kimi "xxxx" ASC sığorta haqları kimi 7305,29 manat məbləğində pulu tələb etsə də, məhkəməyə 6771,92 manat məbləğində debitor borcun olması ilə bağlı sübut təqdim etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia debitor borcu 6771,92 manat hissəsində, həmçinin mediasiya xərci 400 manat məbləğində təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin 62090,50 manat məbləğində cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək olan cərimə azaldılaraq 228,08 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 1148,35 manat qaytarılmamış inventarların qalıq dəyərinin ödənilməsi ilə bağlı hissədə rədd edilməlidir, belə ki, "xxxx" ASC 6 ədəd “Notebook”, “Netbook” və “Printer” kimi cihazların ümumi qalıq dəyərinin 1435,41 manat olmasını əks etdirən xx.xx.2020-ci il tarixli inventarizasiya aktını məhkəməyə təqdim etsə də, həmin cihazların Cavabdeh təhvil verilməsini və sonuncunun maddi məsul şəxsin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh inventar qalığı kimi 1148,35 manat məbləğində borcu vardırsa, niyə görə "xxxx" ASC tərəfindən sonuncudan həmin borcu təsdiq edən izahat (6771,92 manat məbləğində debitor borcu kimi) və ya ərizə alınmamışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 6771,92 manat məbləğində debitor borc və 228,08 manat cərimə cəmi 7000 manat, həmçinin 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6771,92 manat məbləğində debitor borc və 228,08 manat cərimə cəmi 7000 manat, həmçinin 400 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar