Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1583/2021 19.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh1 (eyni zamanda digər cavabdeh “Cavabdeh2 MMC-nin qanuni təmsilçisi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Cavabdeh2 MMC-yə qarşı Cavabdeh1 60000 manat alınması, İddiaçı Cavabdeh2 MMC-dən iştirakçılıqdan çıxmağının təmin edilməsi, cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, bu zaman cəmiyyətin balansında yeganə əmlak olan “Solimec” markalı, R-416 tipli, AZ10Z-151 texniki qeydiyyat nişanlı yerqazan maşının hərracda satılaraq əldə edilən gəlirin 25 % hissəsinin ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 60 000 (altmış min) manat alınıb ona ödənilməsi, Cavabdeh1 direktoru olduğu Cavabdeh2 MMC-dən iştirakçılıqdan çıxmağının təmin edilməsi, cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsnin ödənilməsi, bu zaman cəmiyyətin balansında yeganə əmlak olan “Solimec” markalı, R-416 tipli, AZ10Z-151 texniki qeydiyyat nişanlı yerqazan maşının hərracda satılaraq əldə edilən gəlirin 25 % hissəsinin ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X2 (əvvəlki məhkəmə iclasında) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər, eyni zamanda MMC-dən çıxmağa dair hüquqi şəxsə məhkəmədən öncə müraciət etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda digər cavabdeh “Cavabdeh2 MMC-nin qanuni təmsilçisi) izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə qeyd edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qayda mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququn subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırki iş üzrə iddiaçının tələblərindən biri Cavabdeh2 MMC-dən iştirakçılıqdan çıxması ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 150.0.7-ci maddəsinin tələbi ilə cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2013-cü il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, MM-nin 95-ci maddəsinin mahiyyətinə görə iştirakçının cəmiyyətdən çıxması – iştirakçının, onunla cəmiyyət arasında mövcud olan korporativ hüquq münasibətlərinə son qoyulmasına yönələn, şərtsiz iradə ifadəsidir. Lakin cəmiyyətdən çıxma müvafiq dəyişikliklərə gətirib çıxarır. İlk öncə belə çıxma cəmiyyətin iştirakçılarının tərkibində dəyişikliklərə səbəb olur. Bununla əlaqədar cəmiyyətdən çıxma barədə ərizə daxil olduqda cəmiyyətin icra orqanı növbədənkənar iclas çağırmalı, iştirakçının cəmiyyətdən çıxması barədə ərizəsini, MM-in 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və ya cəmiyyət ilə razılaşmaya əsasən əmlakın dəyərinin natura ilə əvəz edilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərini iclasın gündəliyinə salmalıdır. MM-in 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh2 MMC-dən iştirakçılıqdan çıxması barədə MMC-yə müraciət etməmiş və bu barədə hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə iddianın Cavabdeh1 60000 manat pulun tutulması ilə bağlı hissəsi İddiaçı Cavabdeh2 MMC-dən iştirakçılıqdan çıxması ilə bağlıdır. Belə ki, iddiaçının özünün bildirdiyi kimi 60000 manat pul onun tərəfindən müvafiq biznes fəaliyyətinin qurulması üçün verilmiş verildikdən sonra Cavabdeh2 MMC təsis edilmiş və onun Cavabdeh2 MMCnin balansında olan texnikaya pay hüququ yaranmışdır. Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırlanadək pretenziya qaydasına riayət edilmədiyindən iddiaya mahiyyəti üzrə baxılması prosessual normaların tələblərinə uyğun olmadığından baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və “Cavabdeh2 MMC-yə qarşı Cavabdeh1 60000 manat alınması, İddiaçı Cavabdeh2 MMC-dən iştirakçılıqdan çıxmağının təmin edilməsi, cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, bu zaman cəmiyyətin balansında yeganə əmlak olan “Solimec” markalı, R-416 tipli, AZ10Z-151 texniki qeydiyyat nişanlı yerqazan maşının hərracda satılaraq əldə edilən gəlirin 25 % hissəsinin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1583/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1583/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver