Məhkəmə qərarları › İş №e-2-2(113)-1793/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1793/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1793/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, X1, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu qəsəbə nümayəndəliyinin şəxsi hesabına elektrik enerjsisi üçün əsassız olaraq hesablanmış 28780,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Başçısının Sabunçu qəsəbəsi üzrə Nümayəndəliyi Sabunçu qəsəbəsində İddiaçı fəaliyyətini təmin etmək üçün yaradılmışdır. Nümayəndəliklər yarandığı vaxt qəsəbələrdə yerləşən məktəbəqədər təhsil müəssisələri, kitabxanalar nümayəndəliklərin nəzdində fəaliyyət göstərmişdir. Məktəbəqədər təhsil müəssisələri və kitabxanalar qəsəbə nümayəndəlklərin balansında olduğu üçün onların əmlakı nümyəndəliklərin balansında olmuş və kommunal xidmətləri (işıq, su, qaz) nümayəndəliklər tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006-cı il tarixli 1399 nömrəli, Nazirlər Kabinetinin xx xxx 2006-cı il tarixli 113 nömrəli, Təhsil Nazirliyinin xx xxx 2006-cı il tarixli 320 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2006-cı il tarixli 772 nömrəli sərəncamları əsasında müvafiq olaraq İddiaçı Başçısının qəsəbələr üzrə nümayəndəliklərinin balansında olan məktəbəqədər müəssisələr müəyyən edilmiş qaydada Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin, kitabxanalar isə Mədəniyyət və Turizm Nazirliyinin balansına verilmişdir. 2006cı ildən kitabxanalar Mədəniyyət və Turizm Nazirliyinin balansına verilsə də həmin müəssislərin kommunal xidmətlər üzrə borcları nümayəndəliklərə hesablanmışdır. Məktəbəqədər təhsil müəssisələri və kitabxanaların mühasibatlığı qəsəbə nümayəndəlikləri ilə eyni inzibati binada yerləşdiyindən kommunal xidmət idarələri onların qəsəbə nümayəndəliklərinin balansından çıxmasından xəbəri olmamışdır. Buna görə də 2006-cı ildən 2010-cu ilə kimi məktəbəqədər təhsil müəssisələrinin və kitabxanaların kommunal xidmət xərcləri nümayəndəliklərə hesablanmışdır. Hal-hazırda xxxxxxxx ASCnin Sabunçu RETSİ tərəfindən xx.xx.2020-ci il tarixinə kimi X2 28780,50 manat elektrik enerjisi borcu olduğu bildirilmişdir. Qeyd olunan borclar qəsəbə nümayəndəliklərinə aid deyildir. Əlavə olaraq bildirmək istəyirlər ki, qəsəbə nümayəndəliklərinin nəzdində olmuş kitabxanalar və məktəbəqədər təhsil müəssisələri təkcə elektrik enerjisinə olan borcları deyil digər xidmətlərə görə olan borcları da İddiaçı Başçısının qəsəbələr üzrə nümayəndəliklərinə hesablanmışdır. Buna misal olaraq, “xxxxxxxx” ASC tərəfindən Bakı şəhəri İddiaçı Başçısının Bakıxanov, Ramana, Balaxanı, Nardaran və Bilgəh qəsəbəsi üzrə Nümayəndəliklərinə ümumilikdə 51781,85 manat borc pul hesablanmış borclar 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-122/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə silinmişdir. Qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 303/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-303/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)387/18 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsaslanaraq bildirirlər ki, mübahisə predmeti olan borclar tələb edilə bilməz, belə ki, həmin borcla bağlı iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, X4 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əsassız yazılmış borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxxxxxx” ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək, izahatında məktəbəqədər təhsil müəssisələri və kitabxanalar 2006-cı ildən Sabunçu rayon qəsəbə üzrə nümayəndəliyinin balansından çıxarılmış və həmin vaxtdan yalnız sözügedən qəsəbin istifadə etdiyi elektrik enerjisinə görə borc yazıldığına görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli elektrik enerjisindən istifadəyə görə tərəflər arasında imzalanmış üzləşmə aktından görünür ki, Sabunçu rayon qəsəbə nümayəndəliyinin xx.xx.2017-ci il tarixə yekun qalıq borcu 28394,74 manat o cümlədən Sabunçu qrafasında 22592,21 manat, “xxxxxxxx” ASC qarafasında 5802,53 manat olmaqla təşkil edir. xx.xx.2020-ci il tarixli elektrik enerjisindən istifadəyə görə üzləşmə aktından görünür ki, Sabunçu rayon qəsəbə nümayəndəliyinin xx.xx.2020-ci il tarixə yekun qalıq borcu 28780,50 manat (o cümlədən Sabunçu qrafasında 22592,21 manat, “xxxxxxxx” ASC qrafasında 6188,29 manat) təşkil edir. “xxxxxxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 151 nömrəli Sabunçu rayon qəsəbə nümayəndəliyinin dövriyyəsi haqqında arayışdan görünür ki, Sabunçu rayon qəsəbə nümayəndəliyinin xx.xx.2002-ci il tarixə qalıq borcu 22592,21 manat olmaqla, 2003-2006-cı illər ərzində müvafiq olaraq 2798 manat, 3092 manat, 4779 manat və 4333 manat məbləğində elektrik enerjisi sərf olunmuş, sonrakı illərdə yəni, 2007-2020-ci illər ərzində müvafiq olaraq 1520 manat, 1316 manat, 1332 manat, 1271 manat, 1083 manat, 963 manat, 846 manat, 1012 manat, 806 manat, 1147 manat, 1116 manat, 1194 manat, 1401 manat 879 manat olmaqla, ümumilikdə 2003 yanvar ayından sentyabr 2020-ci ilə qədər cəmi 30974 manat məbləğində elektrik enerjisi sərf olunub, 24812 manat ödəniş edilib və qalıq borc 6163 manat təşkil edir. “xxxxxxxx” ASC tərəfindən təqdim edilmiş hesab ödəniş vərəqələrindən görünür ki, xx.xx.2003-cü ildən xx.xx.2020-ci illər ərzində Sabunçu rayon qəsəbə nümayəndəliyi sərf etdiyi elektrik enerjisinə görə vaxtaşırı ödənişləri yerinə yetirməklə “xxxxxxxx” ASC qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli hakimiyyətləri haqqında əsasnamənin 1.6-cı bəndinə əsasən müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2.1-ci maddsəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, İddiaçı tabeliyində olan Sabunçu rayon qəsəbə nümayəndəliyinin “xxxxxxxx” ASC-yə ümumilikdə 28780,50 manat olan borcunun 22592,21 manatı xx.xx.2002-ci il tarixə olan qalıq borcdur, 6188,29 manatı isə sentyabr 2020-ci ilə qədər istifadə etdiyi elektrik enerjisinə görə vaxtaşırı ödəniş aparmaqla yığılan borcdur. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1 və 551.2.1-ci maddəsinin tələblərinə görə həmin 22592,21 manat məbləğində olan borcun ödənilməsi tələbi 5 il, hətta on il (adi müddət) müddət keçdiyinə görə öz qüvvəsini itirmiş, "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələbinə görə 6188,29 manat borc isə istifadə edilmiş elektrik enerjisinə görə yığılan borc (sərf edilmiş elektrik enerjisi haqqı) olduğu üçün həmin hissədə tələb öz qüvvəsini itirməmişdir. İddiaçı iddia ərizəsində İddiaçı Başçısının qəsəbələr üzrə nümayəndəliklərinin balansında olan məktəbəqədər müəssisələrin müəyyən edilmiş qaydada Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin, kitabxanalar isə Mədəniyyət və Turizm Nazirliyinin balansına 2006-cı il tarixdə verildiyindən 2006-cı ildən 2010-cu ilə kimi məktəbəqədər təhsil müəssisələrinin və kitabxanaların kommunal xidmət xərclərinin nümayəndəliklərə hesablanmasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, hər il elektrik enerjisinə görə yaranan borcun dinamikası əksini göstərir, belə ki, Sabunçu rayon qəsəbə nümayəndəliyinin sərf etdiyi elektrik enerjisinin dövriyyəsi 2003-2006-cı illər ərzində müvafiq olaraq 2798 manat, 3092 manat, 4779 manat və 4333 manat məbləğində olsa da, sonrakı illərdə təxminən 2-3 dəfə azalaraq yəni, 2007-2020-ci illər ərzində müvafiq olaraq 1000-1500 manat civarında olmuş, bu da ona dəlalət edir ki, 2007-cı ildən məktəbəqədər təhsil müəssisələrinin və kitabxanaların kommunal xidmət xərcləri Sabunçu rayon qəsəbə nümayəndəliyinə hesablanmamışdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Sabunçu qəsəbə nümayəndəliyinin şəxsi hesabına elektrik enerjisi üçün xx.xx.2002-ci il tarixə qalıq borc kimi hesablanmış 22592,21 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edidiyinə görə 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxx” ASC-dən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “xxxxxxxx” ASC tərəfindən X2 hesablanmış 22592,21 manat məbləğində borc silinsin. Cavabdeh “xxxxxxxx” ASC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar