Məhkəmə qərarları › İş №e-2-2(113)-1938/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1938/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1938/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı” MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 2416 manat əsas borc məbləğinin, borcun vaxtında ödənilmədiyinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə hesablanmış 8432 manat məbləğində dəbbə pulunun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 121 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 11000 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli subagent müqaviləsinin 1-ci bəndinə əsasən agent mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən subagent hər təqvim ayının 01, 11, 21-i üzrə aviadaşımaların satışından əldə olunan bütün məbləği bir qayda olaraq, agentə ödəməlidir. Göstərilən tarixlər istirahət gününə, yaxud iş günü hesab olunmayan günə düşərsə, ödəniş həmin gündən əvvəlki iş günündə aparılmalıdır. Qeyd olunan müqavilə üzrə İddiaçı MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş, sərnişin daşımaları satışı üzrə hüquqlar Cavabdeh MMC-yə verilmiş, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən 3763,36 məbləğində avidaşımalar üzrə satış həyata keçirilmişdir. Lakin Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmiş, müqavilə üzrə yaranmış 3763,36 manat məbləğində borcdan 1347 manat ödəniş etmiş, qalıq 2416,36 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Beləliklə, Cavabdeh MMC nin İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixli subagent müqaviləsi üzrə 2416 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehə xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək müqavilə üzrə yaranmış 2416 manat məbləğində borcun ödənilməsini xahiş etmişlər, lakin cavabdeh müraciətə cavab verməmiş, ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Öhdəlik münasibətlərinin yaranmasına əsas olmuş xx.xx.2018-ci il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən qeyd olunan müddət ərzində məbləğ tam ödənilmədiyi halda, subagent ödənişi gecikdirdiyi hər bir gün üçün, qabaqcadan razılaşdırılmış tarixin növbəti günündən etibarən ödəniş məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 2416 manat məbləğində borcu vaxtında ödəməməklə dəbbə pulunun ödənilməsi öhdəliyi də yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər müqavilə üzrə ödənilməli olan 2416 manat məbləğində ödənişi 349 gün gecikdirmişdir. Bu səbəbdən 8432 manat məbləğində dəbbə pulu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.AR MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edirlər ki, 2416 manat üçün illik 5 %, yəni 121 manat (2416x5%) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru) X2 xx.xx.2020-ci il tarixdə iddiaya etiraz verərək, iddia tələbi ilə razı olmadığını, iddiaçının iddia tələbində göstərdiyi borc məbləğinin tamamilə şişirdildiyini, İddiaçı MMC tərəfindən ona xx.xx.2020-ci il tarixində email vasitəsilə göndərilmiş təhvil-təslim aktında borc məbləğinin 2195,86 manat göstəriliyi halda iddia tələbində borc məbləğinin fərqli göstərildiyini, İddiaçı MMC-nin hüquqşünası ilə telefon vasitəsilə əlaqə saxlayarkən borc məbləğinin mart ayından başlayaraq hissə-hissə ödəyəcəyini və COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejiminə görə fəaliyyət göstəmədiyindən qazanclarının olmaması səbəbilə borcu ödənişini yerinə yetirə bilmədiklərini qeyd edərək, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 298 nömrəli subagent müqaviləsindən görünür ki,agent - İddiaçı MMC mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə - Cavabdeh MMC-yə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli, 298 nömrəli subagent müqaviləsinin: 6.1-ci bəndinə əsasən subagent hər təqvim ayının 01, 11, 21-i üzrə aviadaşımaların satışından əldə olunan bütün məbləği bir qayda olaraq, agentə ödəməlidir. Göstərilən tarixlər istirahət gününə, yaxud iş günü hesab olunmayan günə düşərsə, ödəniş həmin gündən əvvəlki iş günündə aparılmalıdır. 6.2-ci bəndinə əsasən qeyd olunan müddət ərzində məbləğ tam ödənilmədiyi halda, subagent ödənişi gecikdirdiyi hər bir gün üçün, qabaqcadan razılaşdırılmış tarixin növbəti günündən etibarən ödəniş məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2019-cu il tarixli 3642 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respubliaksındakə filialına 1347 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-xx.xx.2020-ci il dövr ərzində satılmış aviadaşımalar üzrə üzləşmə aktından görünür ki, həmin dövrə qədər ümumilkdə 3763,36 manat aviabiletlər satılmış, 1347 manat ödəniş edilmiş və qalıq borc 2416,36 manat təşkil edir. Eyni zamanda Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-xx.xx.2020-ci il dövr ərzində satılmış aviadaşımalar üzrə üzləşmə aktından görünür ki, həmin dövrə qədər ümumilkdə 3542,86 manat aviabiletlər satılmış, 1347 manat ödəniş edilmiş və qalıq borc 2195,86 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, aviadaşımaların satışından əldə edilmiş 3542,86 manat pul məbləğindən 1347 manat ödəniş etmiş, 2195,86 manat məbləğində pul ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas borcun tələbi hissəsində qismən əsaslı olduğundan 2195,86 manat həcmində təmin edilməlidir. Məhkəmə əsas borcun qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən və cavabdeh tərəfindən təqdim edilən üzləşmə aktlarına müqayisəli qiymət verilərək, belə nəticəyə gəlinmişdir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X1 təqdim etdiyi üzləşmə aktına görəsatılmış aviadaşımalar üzrə hesablaşmalar digər üzləşmə aktına nisbətən daha sonrakı dövrü, yəni, xx.xx.2020-ci il tarixini (49 gün sonranı) əhatə edir. Bu da onu deməyə əsas verir ki, ikinci (A.Hüseynova tərəfindən) təqdim edilən üzləşmə aktı üzrə hesablaşmalar sonuncu dövr üzrə edilən hesablaşmaları əks etdirir. Həmçinin Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 özü də etiraz ərizəsində 2195,86 manat məbləğində borcu mübahisələndirməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 8432 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 4,14 manat məbləğində müəyyən edilməlidir. İddiaçı öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 121 manat məbləğində pul tələb etsə də, bununla bağlı heç bir sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilə bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, 298 nömrəli subagent müqaviləsi üzrə yaranmış 2195,86 manat məbləğində əsas borc, 4,14 manat cərimə borcu, cəmi 2200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödədiyindən, 10969 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 2200 manatının (20,1%) təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 6,03 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, 1 manat bank xərci olduğundan və ödənilmiş dövlət rüsumu kimi tələb edildiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 298 nömrəli subagent müqaviləsi üzrə yaranmış 2195,86 manat məbləğində əsas borc, 4,14 manat cərimə borcu cəmi 2200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 6,03 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar