Məhkəmə qərarları › İş №e-2-2(113)-2035/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2035/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2035/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı qərarın etbarsız hesab edilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə Qərarın etibarsız sayılması (əsas: xx.xx.2024-cü il tarixli, 12-9/2-S-42-1053/2024 tarixli bildiriş) barədə və sığorta şəhadətnaməsində göstərilmiş (əsas: BS-**********-XS şəhadətnamə) 3568,74 manat müqavilə üzrə hesablanmış sığorta məbləğinin ödənilməsini və ödənilməyən məbləğin hər gün üçün 0,1 faiz dəbbə pulun hesablanaraq tam ödənilməsi haqqında qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı – aqrar sığorta sistemi üzrə bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxsi hesab olunur. 8.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. 17.1-ci maddəsinə əsasən sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. 17.4-cü maddəsinə əsasən sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2-ci maddəsinə əsasən isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarına əsasən qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlara aid edilmişdir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bağlanmış aqrar sığorta müqaviləsi üzrə sığorta ödənişinin tam və ya qismən verilməsi və ya verilməsindən imtina edilməsi aqrar sığorta orqanı (Aqrar Sığorta Fondu) tərəfindən qəbul edilən və inzibati akt hesab edilən qərar əsasında həyata keçirilir. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 4-cü bəndinə görə isə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi mübasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 15.4-cü bəndinə uyğun olaraq, Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırkı halda xx.xx.2024-ci il tarixdə cavabdeh Aqrar Sığorta Fondu tərəfindən İddiaçı kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-XS saylı sığorta müqaviləsi əsasında sığortalanan sahəyə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən sığorta ödənişlərinin verilməsindən imtina edilmişdir. Belə olan halda İddiaçı pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin verilməsindən imtina barədə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (etibarsız sayılması) dair iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı qərarın etibarsız hesab edilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı qərarın etbarsız hesab edilməsi və sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı iddia ilə məhkəmə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddia verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 55.68 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar