Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2064/2020 11.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 54.274,94 manat əsas borcun, 5.427,49 manat dəbbə pulunun və 30.00 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxx 2015-ci il tarixli, 018-X-2015 saylı serverin yerləşdirilməsi xidməti müqaviləsi, rabitə kanallarının qoşulması ilə bağlı xx xxxxx 2015-ci il tarixli, 027-X-2015 saylı müqavilə, İT xidmətlərin göstərilməsi ilə bağlı xx xxxxxxxx 2015-ci il tarixli, 067-X-2015 saylı müqavilə imzalanmışdır. Qeyd edilən müqavilələrin şərtlərinə müvafiq olaraq, İddiaçı MMC Cavabdeh MMC-yə hər ay müvafiq xidmətləri göstərmiş və server avadanlıqlarını təhvil vermişdir. xx xxxx 2015-ci il tarixli, 018-X-2015 saylı serverin yerləşdirilməsi xidməti müqaviləsinin 2.2-ci maddəsinə görə sifarişçi ödənilməli olan məbləğləri manatla icraçının hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura sifarişçi tərəfindən qəbul olunduqdan 5 bank günü ərzində ödəyir. xx xxxxx 2015-ci il tarixli, 027-X-2015 saylı müqavilənin 3.2-ci maddəsinə görə sifarişçi ödənilməli olan məbləğləri manatla operatorun hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura sifarişçi tərəfindən qəbul olunduqdan 7 bank günü ərzində ödəyir. xx xxxxxxxx 2015-ci il tarixli, 067-X-2015 saylı müqavilənin 3.2-ci maddəsinə görə sifarişçi ödənilməli olan məbləğləri manatla operatorun hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura sifarişçi tərəfindən qəbul olunduqdan 7 bank günü ərzində ödəyir. Lakin Cavabdeh MMC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq İddiaçı MMC tərəfindən xidmətlər göstərilməyinə və aylıq xidmət müqavilələri üzrə hesablar təqdim etməyinə baxmayaraq xx xxxx 2015-ci il tarixli, 018-X-2015 saylı müqavilə üzrə 34408.80 (18 % ƏDV ilə) manat, xx xxxxx 2015-ci il tarixli, 027-X-2015 saylı müqavilə üzrə 18216.50 (18 % ƏDV ilə) manat, xx xxxxxxxx 2015-ci il tarixli, 067-X-2015 saylı müqavilə üzrə 1649,64 (18 % ƏDV ilə), cəmi 54.274,94 manat (18 % ƏDV ilə) məbləğində ödənişi bugünə kimi həyata keçirməmişdir. Cavabdeh MMC-yə xx xxxx 2019-cu il tarixində borcun ödənilməsinə dair pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. xx xxxx 2015-ci il tarixli, 018-X- 2015 saylı müqavilənin 2.2-ci bəndinə görə əgər sifarişçi ödənişləri gecikdirirsə, hər gecikdirilmiş gün gecikdirilmiş məbləğin üçün 0,1 %-i həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). xx xxxxx 2015-ci il tarixli, 027-X-2015 saylı müqavilənin 3.2-ci bəndinə görə əgər sifarişçi ödənişləri gecikdirirsə, 1 (bir) aydan sonra hesab faktura alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). xx xxxxxxxx 2015-ci il tarixli, 067-X-2015 saylı müqavilənin 3.2-ci bəndinə görə əgər sifarişçi ödənişləri gecikdirirsə, 1 aydan sonra hesab faktura alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). xx.xx.2020-ci il tarixdə iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə, Cavabdeh MMCnin “xxxx” ASC-də olan bank hesablarının üzərinə iddia tələbi həcmində həbs qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesablarında olan pul vəsaitinin üzərinə, işçilərinin əmək haqlarının verilməsinə məhdudiyyət qoyulmadan, 59.702,43 manat həcmində həbs qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxxx 2015-ci il tarixdə “Serverin Yerləşdirilməsi Xidməti” haqqında 018-X-2015 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini müqaviləyə əlavədə qeyd edilən Sifarişçiyə məxsus serverlərin icraçının Bakı şəhəri, Cəfər Xəndan küç., 50 ünvanında yerləşən server otağmda yerləşdirilməsi və İnternet xəttinin verilməsi xidmətindən istifadə etməklə əlaqədar tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. 2.1-ci bəndinə görə avadanlıqların yerləşdirilməsi və İnternet xidmətinin göstərilməsinin 1 aylıq haqqı bu Müqaviləyə əlavələr ilə müəyyən edilir. 2.2-ci bəndinə əsasən hesabat dövrü hər təqvim ayının 1-ci günündən axırıncı gününə kimi təyin olunur. İcraçı sifarişçiyə hesabat dövrü başladıqdan sonra 3 bank günü ərzində hesab-faktura təqdim edilir. Sifarişçi ödənilməli olan məbləğləri manatla icraçının hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura sifarişçi tərəfindən qəbul olunduqdan 5 bank günü ərzində ödəyir. Əgər sifarişçi ödənişləri gecikdirirsə, hər gecikdirilmiş gün gecikdirilmiş məbləğin üçün 0,1 %-i həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%- indən artıq olmamaq şərti ilə). Əgər ödəniş aparılmalı olduğu tarixdən 10 gün müddətində ödəniş aparılmazsa, icraçının yazılı məlumat verməklə xidmətləri dayandırmaq hüququ var. 3.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx xxxxxx 2016-cı il tarixinədək qüvvədədir. 3.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasına ən azı 1 ay qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin dayandırılması barədə digər tərəfə yazılı şəkildə rəsmi xəbərdarlıq etmədikdə müqavilə tərəflər arasında hər dəfə əlavə 1 il müddətinə uzadılmış hesab olunur. 4.1.2-ci bəndinə görə sifarişçiyə 42U ölçülü şkafı (Rack) icraçının server otağından ayırmaq, sifarişçiyə müqaviləyə əlavələr ilə müəyyən edilən ayrıca limitsiz İnternet xəttini ayırmaq, sifarişçinin avadanlıqlarını server otağında yerləşdirmək icraçının vəzifələrinə aid edilmişdir. Sifarişçi müqaviləni imzaladıqdan və xidmət haqqını ödədikdən sonra iİcraçı bu Müqavilədə nəzərdə tutulan xidmətin göstərilməsini təmin edir. 4.2.2-ci maddəsinə əsasən icraçı tərəfindən göstərilən xidmət haqqını vaxtında ödəmək sifarişçinin vəzifəsinə aid edilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxx 2015-ci il tarixli, 018-X-2015 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, 42U ölçülü şkafın icarəsi (Rack) aylıq 500 manat, 20 mb/s internet (DeltaTelecom) görə aylıq 350 manat, 20 mb/s internet (AzerTelecom) görə aylıq 350 manat, cəmi 18% ƏDV daxil 1416 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC (operator) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxxxx 2015-ci il tarixdə 027-X-2015 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən operator bu müqavilə ilə əlavə 1-də göstərilən şərtlərlə sifarişçini (səsin hər hansı formada ötürülməsi istisna olmaq şərti ilə, hər hansı səs protokolundan istifadə etmədən, səs ötürülmədən, tutumları sıxlaşdırmadan, 3-cü şəxsə xidmət göstərmədən) fasiləsiz şəbəkəyə qoşulmasını təmin edir (rabitə kanalı) və öz növbəsində sifarişçi istifadə olunan rabitə kanalının xidmət haqqını ödəyir. 2.1-ci bəndinə görə bu müqavilə xx xxxxx 2015-ci il tarixindən xx xxxxxx 2015-ci il tarixinə kimi etibarlıdır. Müqavilə müddətinin başa çatmasına ən azı 1 ay qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin dayandırılması barədə digər tərəfə yazılı şəkildə rəsmi xəbərdarlıq etmədikdə müqavilə tərəflər arasında əlavə 1 il müddətinə uzadılmış hesab olunur. Növbəti illər üçün qeyd olunan şərtlər eyni dərəcədə şamil edilir. 3.1-ci bəndinə əsasən istifadəyə verilmiş rabitə kanalından istifadə tarifləri bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də müəyyən olunmuşdur. Tərəflər arasındakı hesablaşmalar Azərbaycan Respublikasının Milli Valyutası olan manatla köçürmə və ya nəğd yolu ilə aparılır. 3.2-ci bəndinə görə hesabat dövrü hər təqvim ayının 1-ci günündən axırıncı gününə kimi təyin olunur. Müvafiq qaydada operator ilə sifarişçi arasında istifadəyə verilmiş kanaldan istifadə olunması haqqında sifarişçiyə hesabat dövrü başladıqdan sonra 3 (üç bank günü ərzində hesab-faktura təqdim edilir. Sifarişçi ödənilməli olan məbləğləri manatla operatorun hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura sifarişçi tərəfindən qəbul olunduqdan 7 bank günü ərzində ödəyir. Əgər sifarişçi ödənişləri gecikdirirsə, 1 aydan sonra hesab faktura alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). Əgər ödəniş aparılmalı olduğu tarixdən 10 (on) gün müddətində ödəniş aparılmazsa, operatorun yazılı məlumat verməklə şəbəkəni dayandırmaq hüququ var. 4.1-ci bəndinə əsasən bu müqaviləyə qüvvəyə mindiyi gündən etibarən 30 iş günü ərzində kanalı quraşdırıb təhvil vermək, ayrılmış kanalın yüksək keyfiyyətli, fasüəsiz işini təmin etmək, istifadəyə verilmiş rabitə kanalları ilə bağlı hər hansı nasazlıq, xəttin kəsilməsi, onların səbəbləri və qeyd olunan kanalın normal işinin təmin olunması üçün tələb olunan müvafiq ölçü götürülməsi haqqmda sifarişçini dərhal məlumatlandırmaq (Telefonla və ya faksla iş gününün 1 saatı ərzində) operatorun vəzifələrinə aid edilmişdir. 4.2-ci bəndinə görə sifarişçi istifadəyə verilmiş rabitə kanallarından bu Müqavilədə nəzərdə tutulmayan məqsədlər üçün operatorun razılığı olmadan istifadə etmir, sifarişçi bu Müqavilənin 3-cü maddəsində müəyyən olunduğu və Əlavələrdə qeyd olunan qaydada ödənişi yerinə yetirir, sifarişçi operatorun razılığı olmadan istifadəyə verilmiş rabitə kanallarını üçüncü tərəfin istifadəsinə vermir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxx 2015-ci il tarixli, 027-X-2015 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, FO üzərindən 1Gb/s data kanal (Cavabdeh Datacenter – Cavabdeh baş ofis) aylıq ödəniş 650 manat, 18% faiz ƏDV 117 manat, cəmi 767 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxxxxxxx 2015-ci il tarixdə 067-X-2015 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu Müqavilə İT xidmətlərin (bundan sonra "xidmətlər" adlandırılacaq) icraçı tərəfindən sifarişçiyə göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə görə xidmətlərin adı, xüsusiyyətləri və qiymətləri (tariflər) bu müqaviləyə əlavə edilən, onun ayrılmaz hissəsi sayılan X1 göstərilir. 2.1.1-ci bəndinə əsasən sifarişçiyə bu müqaviləyə əlavə edilən, onun ayrılmaz hissəsi sayılan X1 göstərilən xidmətləri göstərmək icraçının vəzifəsinə aid edilmişdir. 2.3-cü bəndinə görə göstərilən xidmətə görə bu Müqavilə ilə müəyyən edilmiş qaydada ödəniş etmək, icraçıya vəzifələrini icra etmək üçün şərait yaratmaq sifarişçinin vəzifələrinə aid edilmişdir. 3.2-ci bəndinə görə hesabat dövrü hər təqvim ayının 1-ci günündən axırıncı gününə kimi təyin olunur. Müvafiq qaydada operator ilə sifarişçi arasında istifadəyə verilmiş kanaldan istifadə olunması haqqında sifarişçiyə hesabat dövrü başladıqdan sonra 3 (üç bank günü ərzində hesab-faktura təqdim edilir. Sifarişçi ödənilməli olan məbləğləri manatla operatorun hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura sifarişçi tərəfindən qəbul olunduqdan 7 bank günü ərzində ödəyir. Əgər sifarişçi ödənişləri gecikdirirsə, 1 aydan sonra hesab faktura alındığı gündən hesablamaqla, hər gecikdirilmiş gün üçün 0,03% həcmində əlavə haqq ödəyəcəkdir (hesab-fakturada göstərilən ümumi məbləğin 10%-indən artıq olmamaq şərti ilə). Əgər ödəniş aparılmalı olduğu tarixdən 10 (on) gün müddətində ödəniş aparılmazsa, operatorun yazılı məlumat verməklə şəbəkəni dayandırmaq hüququ var. 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə icraçı və sifarişçi bu müqavilə və qüvvədə olan qanunvericliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxxxxxx 2015-ci il tarixli, 067-X-2015 saylı müqaviləyə 1 saylı əlavədən – X1n görünür ki, “xxxx” MMC-dən SİP Trunkin (30 nömrə) FO kabel üzərindən Cavabdeh MMCnin baş ofisinə daşınmasına görə aylıq xidmət haqqı 60 manat, 18% ƏDV 10,80 manat, cəmi 70,80 manat müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -xx xxxx 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx xxxx 2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2015-ci il tarixli, 018-X-2015 saylı müqavilə üzrə 34.408,80 manat, xx.xx.2015-ci il tarixli, 027-X-2015 saylı müqavilə üzrə 18.216,50 manat, xx.xx.2015-ci il tarixli, 067-X-2015 saylı müqavilə üzrə 1649.64 manat, xx.xx.2020-ci il tarixinə qalıq borc (ƏDV daxil) 54.274,94 manat məbləğində borcu vardır. -xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx xxxx 2020-ci il tarixə olan borcu 45.995,71 manat, ƏDV 8.279,23 manat, cəmi 54.274,94 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin baş direktoruna ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktub ilə təsdiq edilir ki, cavabdehdən 54.274,94 manat məbləğində borcun 5 bank günü ərzində təmin edilmədiyi təqdirdə xidmətlərin dayandırılacağı və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxx 2015-ci il tarixli, 018-X-2015 saylı, xx xxxxx 2015-ci il tarixli, 027-X-2015 saylı və xx xxxxxxxx 2015-ci il tarixli, 067-X-2015 saylı xidmət müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə serverin yerləşdirilməsi, rabitə kanallarının qoşulması və İT xidmətləri göstərmiş, lakin Cavabdeh MMC göstərilən xidmətlərin haqqını tam şəkildə ödəməmiş, nəticədə İddiaçı MMC–yə 54.274,94 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 54.274,94 manat məbləğində borcunun yarandığını, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehdən 54.274,94 manat məbləğində əsas borc tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 5.427,49 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 54.274,94 manat (əlli dörd min iki yüz yetmiş dörd manat doxsan dörd qəpik) məbləğində əsas borc, 1000 (bir min) manat məbləğində dəbbə pulu, cəmi 55.274,94 manat (əlli beş min iki yüz yetmiş dörd manat doxsan dörd qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2064/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2064/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver