Məhkəmə qərarları › İş №e-2-2(113)-2259/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2259/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2259/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, sübutetmə, dəbbə pulunun azaldılması) X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2022-ci il tarixli müqavilə əsasında yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq ƏDV daxil 110387.95 (Bir yüz on min üç yüz səksən yeddi manat, doxsan beş qəpik) manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 32096.79 (otuz iki min doxsan altı manat, yetmiş doqquz qəpik) manat məbləğin, 433 (dörd yüz otuz üç) manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 142917.74 (bir yüz qırx iki min doqquz yüz on yeddi manat, yetmiş dörd qəpik) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı MMC ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2010-cu il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Şirkətin əsas fəaliyyəti qida məhsullarının satışı və iaşə xidmətlərinin göstərilməsi üzərində qurulmuşdur. İddiaçı MMC (bundan sonra “İcraçı”) ilə Cavabdeh MMC (bundan sonra “Sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə (bundan sonra “Müqavilə”) əsasən İcraçı tərəfindən Sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. “İcraçı” Müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, Sifarişçi tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilməmiş və Sifarişçinin İcraçıya əsas borc olaraq 110.387.95 (Bir yüz on min üç yüz səksən yeddi manat, doxsan beş qəpik) manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 32096.79 (otuz iki min doxsan altı manat, yetmiş doqquz qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. 2.2. Son olaraq iddiaçı tərəfindən göstərilən xidmətə görə xx.xx.2023-cü il tarixində təqdim edilən EBDN 799977 seriyalı elektron qaimə-fakturada **********- Göstərilmiş catiring xidmətinə əsasən 5762,63 manat (ƏDV) və 32014,60 manat olmaqla, xx.xx.2023-cü il tarixində təqdim edilən EBDQ 140742 seriyalı elektron qaimə-fakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 4890,08 manat (ƏDV) və 32057,18 manat olmaqla, xx.xx.2023-cü il tarixində təqdim edilən EBDS 931522 seriyalı elektron qaiməfakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 4087,55 manat (ƏDV) və 26796,15 manat olmaqla, xx.xx.2024-cü il tarixində təqdim edilən EBDX 059668 seriyalı elektron qaimə-fakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 4738,63 manat (ƏDV) və 31064,33 manat olmaqla, xx.xx.2024-cü il tarixində təqdim edilən EBEB 587298 seriyalı elektron qaimə-fakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 3196,39 manat (ƏDV) və 20954,09 manat olmaqla, xx.xx.2024-cü il tarixində təqdim edilən EBEB 587479 seriyalı elektron qaimə-fakturada **********-Göstərilmiş catiring xidmətinə əsasən 3163,57 manat (ƏDV) və 20738,97 manat olmaqla, elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən tam ödəniş aparılmamışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 7.3-cü bəndinə əsasən Sifarişçi İcraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda İcraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir. 2.3. Məhz iddiaçının tələbinə əsasən cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi səbəbindən mavafiq borclar yaranmışdır. İddiaçı tərəfindən göndərilmiş olan qaimə-fakturaya əsasən ödəniş tam həyata keçirilmədiyi üçün qeyd olunan məbləğə cərimənin hesablanması üçün hüquqi əsaslar mövcuddur. Belə ki, xx.xx.2023-cü il tarixli, EBDN 799977 seriyalı, xx.xx.2023-cü il tarixli EBDQ 140742 seriyalı, xx.xx.2023-cü il tarixli EBDS 931522 seriyalı, xx.xx.2024-cü il tarixli EBDX 059668 seriyalı, xx.xx.2024-cü il tarixi EBEB 587298 seriyalı, xx.xx.2024-cü il tarixili EBEB seriyalı - illər ərzində göndərilmiş olan elektron qaimə-fakturada qeyd edilən məbləğə günlük cərimə məbləği hesablandıqda cərimənin məbləği 32096.79 manat təşkil etmiş və cərimə məbləği qaimə fakturanın göndərildiyi tarixdən etibarən 5 iş günü keçdikdən sonra hesablanmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 442, 445, 462-ci və s. maddələri göstərilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. Məhkəmə baxışının hədləri:

1. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı

2. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

3. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. 2.4. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Şirkətimin əsas fəaliyyəti qida məhsullarının satışı və iaşə xidmətlərinin göstərilməsi üzərində qurulmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən İcraçı tərəfindən Sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. “İcraçı” Müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, Sifarişçi tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilməmiş və Sifarişçinin İcraçıya əsas borc olaraq (ƏDV daxil) 110.387.95 manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 32096.79 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

4. İddiaçı xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin 110.387.95 manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 32096.79 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

5. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

6. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

7. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

8. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

9. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022 nömrəli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

10. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

11. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

12. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

13. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərinin 110.387.95 manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 32096.79 manat məbləğində pulun tutulmasına subyektiv hüququ mövcuddur.

14. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

16. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

20. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 110.387.95 (Bir yüz on min üç yüz səksən yeddi manat, doxsan beş qəpik) manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Xidmət müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

21. İddia ərizəsində iddiaçı həmçinin qeyd edilən məbləğə hesablanmış 32096.79 (otuz iki min doxsan altı manat, yetmiş doqquz qəpik) məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

22. xx.xx.2022-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 7.3-cü bəndinə əsasən Sifarişçi İcraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda İcraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-i miqdarında dəbbə pulu ödəməlidir.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

24. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

26. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi halda, eyni zamanda xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun tələb edilməsinə rəvac vermişdir.

27. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, müqavilənin cərimə ilə bağlı şərtlərini və iddiaçının cərimə tələb etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 5519,39 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

28. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 5519,39 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

29. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 433 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

30. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********73 nömrəli mədaxil qəbzi ilə 433 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

34. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §44) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.

35. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 433 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

IV. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixidə bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq 110.387.95 (Bir yüz on min üç yüz səksən yeddi manat, doxsan beş qəpik) manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 5519.39 (beş min beş yüz on doqquz manat, 39 qəpik) manat məbləğ, 433 (dörd yüz otuz üç) manat məbləğində dövlət rüsumu – ümumilikdə 116.340.34 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar