Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2310/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndələri X1, X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsuzu markalı, JAANPR75LN7100425 şassi nömrəli nəqliyyat vasitəsinə dəymiş zərərə görə 3124,51 (üç min yüz iyirmi dörd manat əlli bir qəpik) manat zərər məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı MMC arasında bağlanmış C0200/24 saylı “Yük sığortası” müqaviləsinə (şəhadətnamə) əsasən gəmi və yük maşını daşıması vasitəsi ilə daşınan İsuzu markalı, JAANPR75LN7100425 və JAANPR75LN7100422 şassi nömrəli nəqliyyat vasitələri Bakı/Azərbaycan-Bəndər Abbas/İran - Dubay/BƏƏ marşurutu üzrə daşınması zamanı baş verə biləcək sığorta hadisəsi nəticəsində məruz qalacağı ziyan və zərərlərə görə sığortalanmışdır. Həmin nəqliyyat vasitələri xx.xx.2024-cü il tarixində daşıma şirkəti vasitəsi ilə başlanğıc nöqtəsi olan Bakı ərazisindən Bəndər Abbas ərazisinə, oradan da yekun çatdırılma məntəqəsi olan Dubay/BƏƏ ərazisinə çatdırılması üçün yola düşmüşdür. Yük quru yolun yekun məntəqəsi olan Bəndər Abbas, İran ərazisinə çatdırıldıqda konteynerlər açılmış və ilkin baxışda məlum olmuşdur ki, JAANPR75LN7100425 şassi nömrəli nəqliyyat vasitəsinin ön paneli, alın şüşəsi və radiator barmaqlığı zədələnmişdir. “X7 Workshop” LLC tərəfindən tərtib edilmiş qüsur aktına uyğun olaraq JAANPR75LN7100425 şassi nömrəli nəqliyyat vasitəsinə 8,220 AED, yəni 3804,51 (üç min səkkiz yüz dörd manat əlli bir qəpik) manat zərər dəyməsi müəyyən olunmuşdur. İSUZU markalı, JAANPR75LN7100425 şassi nömrəli nəqliyyat vasitəsinə dəymiş zərərə görə cavabdeh sığortaçı"xxxx" ASC tərəfindən iddiaçı sığortalı İddiaçı-yə ödəniş olunmamışdır. Belə ki, əvvəlcə şifahi qaydada məlumat verildikdən sonra 17 may 2024-cü il tarixində iddiaçı tərəfindən elektron poçt vasitəsilə yazılı qaydada "xxxx" ASC-yə müraciət olunaraq baş vermiş sığorta hadisəsinin təfərrüatları qeyd edilmiş ("xxxx" ASCnin tələb etdiyi sənədlər və video görüntü əlavə olunmaqla) və sığorta hadisəsi üzrə sığortalıya sığorta ödənişinin ödənilməsi xahiş edilmişdir. Həmçinin bu da qeyd edilmişdir ki, yük təyinat ünvanına (Dubay/BƏƏ) çatdırılmadığından tələb edilən sənədlər arasından qüsur aktının həmin anda təqdim edilməsi mümkün olmayacaq. Lakin qüsur aktı əldə edildikdən sonra sığortaçıya təqdim ediləcəyi bildirilmişdir (qoşmaya əlavə edilir). Bu imeylə sığortaçı tərəfindən heç bir cavab verilməmişdir. Təyinat ünvanında yerləşən “X7 Workshop” LLC avtomobil təmir servisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı iddiaçıya təqdim edildikdən sonra 19 avqust 2024-cü il tarixində nəzərdə tutulan və tələb edilən qüsur aktı iddiaçı tərəfindən elektron poçt vasitəsilə "xxxx" ASC-yə göndərilmiş və sığorta hadisəsi üzrə sığorta haqqının məbləğinin müəyyən edilməsi və sığortalı İddiaçı MMC-yə sığorta ödənişinin edilməsi xahiş edilmişdir. “X7 Workshop” LLCnin tərtib etdiyi qüsur aktına əsasən JAANPR75LN7100425 şassi nömrəli nəqliyyat vasitəsinə dəymiş zərər 8220 AED, yəni yerli valyuta ilə 3804,51 manat müəyyən edilmişdir (qoşmaya əlavə edilir). İlk müraciətə cavab verməyən "xxxx" ASC uzun müddət keçdikdən sonra qüsur aktı əlavə edilmiş 19 avqust tarixli müraciətə qüsur aktındakı məbləği görüb imtina cavabı vermişdir və bunu da təminatla əsaslandırmışdır. Bu əsaslandırma ilə razı olunmadığı sığortaçıya bildirilməsinə və xx.xx.2024-cü il tarixində pretenziya məktubunun rəsmi qaydada "xxxx" ASC-yə təqdim olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Belə ki, Yük Sığortasına dair C0200/24 saylı şəhadətnamənin sığorta şərtlərində 21 dekabr 2010-cu il tarixli "xxxx" ASC-nin Yük Sığortası Qaydalarının C 1/1/82 qeyd-şərtinə əsaslandığı qeyd edilmişdir. Bildirilir ki, 21 dekabr 2010-cu il tarixli "xxxx" ASC-nin Yük Sığortası Qaydalarının C 1/1/82 qeyd-şərtində də qeyd edilmişdir ki, bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə münasibətdə sığorta təminatı verir. (həmin qaydalar qoşmaya əlavə edilir.) Həmçinin qaydaların C 1/1/82 qeyd-şərtinin 2-ci bəndində qeyd edilir ki, bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir. Göründüyü kimi qaydaların 2-ci bəndi də təsdiq edir ki, baş vermiş hadisə 4,5,6,7-ci bəndlərdə göstərilən istisnalara daxil deyilsə, hansı ki, hal-hazırda qeyd edilən şassi nömrəli n/v-nin zədələnməsi ilə baş vermiş sığorta hadisəsi bu istisnalara daxil deyil, sığorta ödənişi ödənilməlidir. Şəhadətnamənin xüsusi şərtlər adlanan hissəsində müharibə və tətil riskləri daxil olmamaqla İCC C qeyd-şərti əsasında bağlandığı qeyd edilmişdir. İCC C qeyd-şərtinin 1-ci bəndində qeyd edilir ki, bu sığorta təminatı 4, 5, 6 və 7-ci bəndlər istisna olmaqla yükə ziyan vurulması və məhv olma ilə əlaqədar dəyən zərərə aid edilir. JAANPR75LN7100425 şassi nömrəli nəqliyyat vasitəsinin ön paneli, alın şüşəsi və radiator barmaqlığı zədələnməsi ilə bağlı baş vermiş sığorta hadisəsi sadalanan istisnaların heç birini əhatə etmir və dəymiş zərərlə bağlı sığorta ödənişi həyata keçirilməlidir. Əlavə olaraq bildirilir ki, tərəflər arasında olan razılaşmaya əsasən şərtsiz azadolma məbləği 400ABŞ dolları təşkil edir. Bu səbəbdən zərərə görə tələb olunan məbləğin həcmi zərər məbləğindən 400 ABŞ dolları, yəni 680 manat azadolma məbləği çıxılmaqla ümumilikdə 3124,51 manat müəyyən olunmuşdur.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cəmiyyətin “Yük sığortası” Qaydalarında A 1/1/82, B 1/1/82 və C 1/1/82 olmaqla 3 (üç) ədəd qeyd-şərt nəzərdə tutulmuşdur. “Yük sığortası” Qaydalarının A 1/1/82-ci qeyd şərtinə əsasən sığorta olunan risklər siyahısına daxildir: Bu sığorta, aşağıdakı 4,5,6 və 7-ci maddələrdə göstərilənlər istisna olmaqla, sığorta predmetinin məhv olması və ya zədələnməsi üzrə bütün risklərə münasibətdə sığorta təminatı verir. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir. Bu sığorta daşıma müqaviləsinin “Hər iki tərəfin günahına görə toqquşma haqqında” maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər. “Yük sığortası” Qaydalarının B 1/1/82-ci qeyd şərtinə əsasən sığorta olunan risklər siyahısına daxildir: Bu sığorta, aşağıdakı 4,5,6 və 7-ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə münasibətdə sığorta təminatı verir: sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması yanğın və ya partlayış gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici obyektlə toqquşması fəlakət limanında yükün boşaldılması zəlzələ, vulkan püskürməsi, ildırım sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər və ya yükün gəmidən bayırda qalması gəmidə yük daşman konteynerə və ya yükün saxlandığı yerə dəniz, göl, çay suyunun dolması bağlama yükün bayırda olarkən və ya gəmiyə yüklənməsi, boşaldılması zamanı düşməsi və ya itməsi nəticəsində tam zərər Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir. Bu sığorta daşıma müqaviləsinin «Hər iki tərəfin günahına görə toqquşma haqqında» maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər. “Yük sığortası” Qaydalarının C 1/1/82-ci qeyd şərtinə əsasən sığorta olunan risklər siyahısına daxildir: Bu sığorta, aşağıdakı 4,5,6 və 7—ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə münasibətdə sığorta təminatı verir: sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması yanğın və ya partlayış gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici obyektlə toqquşması fəlakət limanında yükün boşaldılması sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir. Bu sığorta daşıma müqaviləsinin «Hər iki tərəfin günahına görə toqquşma haqqında» maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər. Yuxarıda qeyd edilənlərdən görünür ki, “Yük sığortası” Qaydalarındakı hər 3 (üç) qeyd şərt sığorta riskləri dairəsinə görə fərqlənir. Belə ki, A 1/1/82-ci qeyd şərtində qeyd edildiyi kimi və 7-ci maddələrdə göstərilənlər istisna olmaqla, sığorta predmetinin məhv olması və ya zədələnməsi üzrə bütün risklərə münasibətdə sığorta təminatı verilir. A 1/1/82-ci qeyd şərtindən fərqli olaraq B 1/1/82 və C 1/1/82 qeyd-şərtlərində 4,5,6 və 7-ci maddələrdə göstərilənlər istisna olmaqla, əlavə olaraq aşağıda qeyd edilən bütün risklərə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 901.1-ci maddəsinə əsasən sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd- sığorta şəhadətnaməsi verməlidir. "xxxx" ASC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, C0200/24 saylı yük sığorta şəhadətnaməsinin xüsusi şərtlərində C qeyd şərtinin tətbiq olunması ilə bağlı sığortaçı tərəfindən təminat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi nəticəsində sığorta ödənişinin verilməsindən imtina edir. Cəmiyyətin “Yük sığortası” Qaydalarından və xx.xx.2024-cü il tarixli, C0200/24 saylı yük sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş hadisə sığorta riskini əhatə etmədiyindən, ümumiyyətlə, sığorta hadisəsi hesab edilmir. Yalnız daşıma vasitəsinin qəza etməsi nəticəsində daşınan yükə (sığorta predmetinə) dəyən zərərlər təminata daxildir. Bu hadisədə isə daşıma vasitəsi heç bir zərər görməmiş, lakin konteynerin içərisində olan daşınan yükə (sığorta predmetinə) ziyan dəymişdir. Qeyd etmək lazımdır ki, C0200/24 saylı yük sığortası şəhadətnaməsində sığorta predmeti İSUZU markalı, 77JB266&77JB399 qeydiyyatlı nişanlı nəqliyyat vasitəsidir. Qeyd edilən sığortalanmış daşınar yükə (sığorta predmetinə) zərər dəyməsinə səbəb olan risk cəmiyyətin xx.xx.2010-cu il tarixli “Yük sığortası qaydalar”ının Yük Sığortası üzrə C 1/1/82 saylı qeyd-şərtində göstərilən sığorta olunan risklərə aid olmadığından daşınar yükə (sığorta predmetinə) dəyən zərər sığorta təminatına daxil deyildir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında cavabdehin nümayəndələri X1 və X4 ayrı-ayrılıqda iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
6. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, C0200/24 saylı “Yük sığortası” müqaviləsinə (şəhadətnamə) əsasən gəmi və yük maşını daşıması vasitəsi ilə daşınan İsuzu markalı, JAANPR75LN7100425 və JAANPR75LN7100422 şassi nömrəli, 2022-ci il buraxılış illi nəqliyyat vasitələri Bakı/Azərbaycan-Bəndər Abbas/İran-Dubay/BƏƏ marşurutu üzrə daşınması zamanı baş verə biləcək sığorta hadisəsi nəticəsində məruz qalacağı ziyan və zərərlərə görə sığortalanmışdır.
10. İddiaçı (satıcı) ilə “X6” LLC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 15/21 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə satıcı alıcıya mal satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
11. xx.xx.2024-cü il tarixli, 15/21 nömrəli müqaviləyə əlavə 1-də müqavilə üzrə təhvil veriləcək malın adı, 1 ədədinin qiyməti, ödəniş müddəti və forması öz əksini tapmışdır.
12. İddiaçı tərəfindən “X6” LLC-yə xx.xx.2024-cü il tarixli, EVK-001 nömrəli 40000 ABŞ dolları məbləğində invoys təqdim olunmuşdur.
13. BB516636 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə 77JB266 qeydiyyat nişanlı, 2022-ci il istehsalı, İsuzu markalı, “NPR 75LD xüsusi təy.” modellli (mühərrik nömrəsi: 0PF945) nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir.
14. BB516637 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə 77JB399 qeydiyyat nişanlı, 2022-ci il istehsalı, İsuzu markalı, “NPR 75LD xüsusi təy.” modellli (mühərrik nömrəsi: 0PF914) nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir.
15. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 24/453 nömrəli bildiriş ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
16. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 24/836 nömrəli bildiriş ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
17. İddiaçı (müştəri) ilə "xxxx" MMC (ekspeditor) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10/03 nömrəli yükdaşıma xidmətləri haqqında müqaviləyə görə ekspeditor müştərinin sifarişinə əsasən beynəlxalq marşrutlar üzrə yükdaşıma xidmətlərini təqdim etməyi, müştəri isə tərəflər arasında razılaşdırılmış ekspeditorun xidmət haqqını ödəməyi öz öhdəsinə götürür.
18. xx.xx.2024-cü il tarixli, 10/03 nömrəli yükdaşıma xidmətləri haqqında müqaviləyə əlavə 1-də müqavilə üzrə daşınacaq yük (2 ədəd “isuzu” markalı “NPR 75 LD Xüsusi Təy. Model “Evakuator” tipli nəqliyyat vasitələri), yükün götürülmə yeri, təhvil verilmə yeri, daşımanın dəyəri və ödəniş forması öz əksini tapmışdır.
19. X7 Vorkshop LLC tərəfindən verilmiş invoysa əsasən nəqliyyat vasitəsinə dəymiş ziyan 8220 AED (3804,51 manat) təşkil edir.
20. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
23. 913-cü maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
24. 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
25. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
26. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
27. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
28. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
29. 933.1.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə həyata keçirilir.
30. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
31. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
32. İşin araşdırılan hallarından məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixli, C0200/24 saylı “Yük sığortası” müqaviləsinə (şəhadətnamə) əsasən gəmi və yük maşını daşıması vasitəsi ilə daşınan İsuzu markalı, JAANPR75LN7100425 və JAANPR75LN7100422 şassi nömrəli, 2022-ci il buraxılış illi nəqliyyat vasitələri Bakı/Azərbaycan-Bəndər Abbas/İran-Dubay/BƏƏ marşurutu üzrə daşınması zamanı baş verə biləcək sığorta hadisəsi nəticəsində məruz qalacağı ziyan və zərərlərə görə sığortalanmışdır. Həmin sığorta müqaviləsində Xüsusi şərtlər bölməsində “Yük sığortası üzrə sığorta Qaydaları”nın İCC C qeyd-şərti ilə nəzərdə tutulmuş hallar olduqda sığorta ödənişinin verilməsi tərəflər arasında razılaşdırılmış, iddiaçı “Yük sığortası üzrə sığorta Qaydaları” ilə tanış olmasını, orada yazılan şərtlərlə razı olmasını, qaydaların və müqavilənin bir nüsxəsini almasını imza və möhürü ilə təsdiq etmişdir.
33. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta edilmiş nəqliyyat vasitəsi yükün daşınması zamanı zərər görmüş, iddiaçı cavabdehə sığorta ödənişinin verilməsi üçün müraciət etdikdə sonuncu sığorta hadisəsinin baş verməməsi səbəb kimi göstərməklə sığorta ödənişinin verilməsindən imtina etmişdir.
34. Cavabdeh tərəfindən qəbul edilmiş 2010-cu il tarixli “Yük sığortası üzrə sığorta Qaydaları”nın (Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir) “A 1/1/82 qeyd şərtinə əsasən bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, sığorta predmetinin məhv olması və ya zədələnməsi üzrə bütün risklərə münasibətdə sığorta təminatı verir. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir. Bu sığorta daşıma müqaviləsinin “Hər iki tərəfin günahına görə toqquşma haqqında” maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
35. Qaydaların B 1/1/82 qeyd şərtinə görə:
36. 1. Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə münasibətdə sığorta təminatı verir.
37. 1.1 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması
38. 1.1.1 yanğın və ya partlayış
39. 1.1.2 gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi
40. 1.1.3 yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması
41. 1.1.4 gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici obyektlə toqquşması
42. 1.1.5 fəlakət limanında yükün boşaldılması
43. 1.1.6 zəlzələ, vulkan püskürməsi, ildırım
44. 1.2 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması
45. 1.2.1 ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər
46. 1.2.2 gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər və ya
47. yükün gəmidən bayırda qalması
48. 1.2.3 gəmidə yük daşınan konteynerə və ya yükün saxlandığı yerə dəniz, göl, çay suyunun dolması
49. 1.2.4 bağlama yükün bayırda olarkən və ya gəmiyə yüklənməsi, boşaldılması zamanı düşməsi və ya itməsi nəticəsində tam zərər.
50. 2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
51. 3. Bu sığorta daşıma müqaviləsinin “Hər iki tərəfin günahına görə toqquşma haqqında” maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.
52. Qaydaların C 1/1/82 qeyd şərtinə görə:
53. 1. Bu sığorta, aşağıdakı 4,5,6 və 7–ci maddələrdə göstərilənlər istisna olmaqla, bütün risklərə münasibətdə sığorta təminatı verir.
54. 1.1 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması:
55. 1.1.1 yanğın və ya partlayış;
56. 1.1.2 gəminin, bərənin və ya qayığın saya oturması, sahilə çıxması, batması və ya çevrilməsi;
57. 1.1.3 yerüstü nəqliyyat vasitəsinin aşması və ya dəmir yolu xəttindən çıxması;
58. 1.1.4 gəminin, bərənin və ya qayığın su nəqliyyatından başqa hər hansı digər xarici obyektlə toqquşması;
59. 1.1.5 fəlakət limanında yükün boşaldılması;
60. 1.2 sığorta predmetinə aşağıdakılar nəticəsində ziyan vurulması və ya məhv olması;
61. 1.2.1 ümumi qəza zamanı bilərəkdən edilmiş itkilər;
62. 1.2.2 gəminin qəza etmə təhlükəsi zamanı gəminin göyərtəsindən dənizə atılan yüklər.
63. 2. Bu sığorta, daşıma müqaviləsi və/və ya müvafiq qanun və təcrübə əsasında müəyyən edilən və hesablanan, 4,5,6, və 7-ci bəndlərdə və ya bu sığortanın hər hansı başqa yerində əks olunmuş istisnalarda göstərilmiş səbəblərdən fərqli səbəblər üzündən baş verən itkinin qarşısının alınması məqsədi ilə çəkilən ümumi qəza və ya xilas etmə xərclərini əhatə edir.
64. 3. Bu sığorta daşıma müqaviləsinin «Hər iki tərəfin günahına görə toqquşma haqqında» maddəsi üzrə, sığortalının, bu sığorta ilə əhatə olunan zərərlərlə əlaqədar yaranan məsuliyyətinin müvafiq hissəsi üçün sığorta təminatı verir. Göstərilmiş maddə üzrə gəmi sahibləri tərəfindən hər hansı tələbin irəli sürülməsi halında, sığortalı, bu haqda sığortaçıları məlumatlandırmağı öhdəsinə götürür. Sığortaçılar öz hesablarına Sığortalını bu cür tələblərə qarşı müdafiə etmək hüququna malikdirlər.”
65. Göründüyü kimi, adıçəkilən Qaydaların C 1/1/82 qeyd şərtində göstərilmiş sığorta təminatı verilmiş hallardan hər hansı biri baş vermədiyi üçün cavabdehin iddiaçı qarşısında sığorta ödənişinin verilməsi ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır.
66. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının sığorta ödənişi tələb etmək hüququ yaranmadığından iddia tələbi təmin edilməməlidir.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 52 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova