Məhkəmə qərarları › İş №e-2-2(113)-2693/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2693/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2693/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2023-cü il tarixli “Dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında” AST-10/23 nömrəli müqavilənin icrası ilə bağlı yaranmış 5921,10 manat məbləğində ödənilməmiş qalan borcun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC 12 aprel 2023-cü il tarixli “Dəmiryol nəqliyyat-ekspedisiya xidmətləri haqqında” AST-10/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin tapşırığı və onun hesabına müqavilə ilə müəyyən edilmiş ərazidə yüklərin dəmir yolu nəqliyyat vasitəsi ilə daşınmasının təşkili ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin təşkili, onlarla əməliyyatların, o cümlədən yüklərin göndərilməsi üçün naryadın alınması, vaqonların, konteynerlərin verilməsi, daşınma haqlarının ödənilməsi, habelə tərəflərin razılaşdırdığı şərtlərlə yüklərin beynəlxalq və ya daxili daşımalarının və onlarla əməliyyatların təşkili ilə bağlı digər xidmətlərin icra edilməsi iddiacıya həvalə edilmişdir. Bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər tam icra edilmiş, razılaşdırılmış xidmət və yüklərin daşınması həyata keçirilmiş, lakin görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Belə ki, 2023-cü ilin may ayında qeyd olunan müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 5921,10 manat dəyərində dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinin icra edilməsi ilə bağlı EBDG535088 nömrəli elektron qaimə göndərilmiş, lakin həmin görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Cavabdehin iddiaçı qarşısında ödənilməmiş qalan 5921,10 manat məbləğində borcu elektron qaimə, görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair akt, dövriyyə cədvəli, üzləşmə aktı və hesab-fakturalarla təsdiq olunur. Görülmüş işlərin dəyərinin ödənilməsi barədə iddiaçı tərəfindən dəfələrlə cavabdehə məktubla və pretenziya qaydasında müraciət edilmiş, cavabdeh hər dəfə botcunu etiraf edərək, cavabında bildirmişdir ki, yaxın zamanda yaranmış borcunu ödəyəcək, lakin bu günə qədər borcu ödənilməmiş qalmışdır. Bununla da, tərəflər arasında bağlanmış 12 aprel 2023-cü il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi cavabdeh tərəf icra etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.3, 448.1, 448.2, 448.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili məhkəmənin hazırlıq iclasında iştirak edən zaman iddianı qəbul etdiyini bildirmişdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, ekspeditor qismində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, AST-10/23 nömrəli dəmiryol nəqliyyateskpedisiya xidmətləri haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə (müqavilənin predmeti) əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq ekspeditor sifarişçinin tapşırığı ilə və onun hesabına bu müqavilə ilə müəyyən edilmiş ərazidə yüklərin dəmir yolu nəqliyyat vasitəsi ilə daşınmasının təşkili ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin təşkili, onlarla əməliyyatların, o cümlədən yüklərin göndərilməsi üçün naryadın alınması, vaqonların, konteynerlərin verilməsi, daşınma haqlarının ödənilməsi, habelə tərəflərin razılaşdırdığı şərtlərlə yüklərin beynəlxalq və ya daxili daşımalarının və onlarla əməliyyatların təşkili ilə bağlı digər xidmətlər göstərir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ekspeditor yüklərin göndərilməsini yalnız bir ton yükün qiymətinin yükün ehtimal edilən çəkisinin fraxta vurulması yolu ilə hesablanmış ödənişlər daxil olduqdan sonra həyata keçirir. Daşınma haqqı məbləğinin ekspeditorun hesabına köçürülməsi ilə bağlı bütün xərclərin ödənilməsi sifarişçinin hesabına həyata keçirilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşması əsasında hər daşıma üzrə tarif dərəcələri və şərtləri, o cümlədən daxili yük daşımalar üzrə ödəniləcək əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmaqla, nəqliyyat-ekspedisiya xidmətlərinin dəyəri müəyyən edilir və ödənilməsi üçün sifarişçiyə təqdim edilir.

9. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 535088 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9083,10 manat təşkil edir.

10. İddiaçı tərəfindən iş materiallarına "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilən hesab-fakturalar əlavə edilmişdir.

11. "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə 3483 ABŞ dolları məbləğində borcunun olduğu qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli dövriyyə cədvəli adlı sənəddə qeyd edilmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixinə borcu 5921,10 manat təşkil edir.

13. "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli görülmüş dəmiryol nəqliyyat-ekspedisiya xidmətlərinə dair aktdan görünür ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə 5921,10 manat borcunun olduğu qeyd edilmiş, eləcə də Cavabdeh MMC qeyd edilən borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi öhdəliyini götürmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuşdur.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli, AST-10/23 nömrəli dəmiryol nəqliyyat-eskpedisiya xidmətləri haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

18. İddiaçı cavabdehdən 5921,10 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.

19. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 5921,10 manat (beş min doqquz yüz iyirmi bir manat on qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu üzləşmə aktı və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5921,10 manat (beş min doqquz yüz iyirmi bir manat on qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar