Məhkəmə qərarları › İş №e-2-2(113)-278/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-278/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-278/2022 14.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçılar X1 və X7 Cavabdeh MMC-yə qarşı cəmiyyətin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəət və digər gəlirlərin bölünməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar X2 və X12 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 04.10.2011-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlər qeydiyyat idarəsində dövlət qeydiyyatından (dövlət qeydiyyatı № (VÖEN) **********) keçərək dövlət reyestrindən çıxarış almışdır. Qeyd etmək lazımdır ki, cəmiyyət iştirakçılarının nizamnamə kapitalında payı, İran İslam Respublikasının vətəndaşı X2 - 100 pay, 100%- pul şəklindədir. Bundan sonra 20.12.2016-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişilərək Cavabdeh MMC olmuş və həmin tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlər qeydiyyat idarəsində dövlət qeydiyyatından (dövlət qeydiyyatı № (VÖEN) **********) keçərək Dövlət reyestrindən çıxarış almışdır. Qeyd olunan çıxarışda cəmiyyət təsisçiləri və onların nizamnamə kapitalında payı aşağıdakı kimi göstərilmişdir. X2 (İran İslam Respublikası) - 18,5%, X12 (İran İslam Respublikası) - 5%, X5 (İran İslam Respublikası) - 8%, X8 (İran İslam Respublikası) - 2%, X9 (İran İslam Respublikası) - 3%, X6 (İran İslam Respublikası)-13% və X11 - 50%. Bununla yanaşı bildirirlər ki, cəmiyyətin yarandığı ilk gündən onun inkişafında onların müstəsna rolu olmuşdur. Bələ ki, onlar cəmiyyətin normal fəaliyyət göstərməsi üçün tərəflərindən cəmiyyətə pul vəsaiti qoyulmuşdur. Lakin qeyd olunanlara baxmayaraq, iş üzrə cavabdeh uzun müddətdir ki, cəmiyyət tərəfindən göstərilmiş xidmətlərdən, görülmüş işlərdən, məhsul satışından və təsərrüfat fəaliyyətinin digər növlərindən əldə olunan gəlirləri təsisçilər arasında nizamnamədə göstərilən paylarına uyğun bölmürlər. Belə olduğu halda onlar cəmiyyətə daxil olan mənfəətin bölünməsi ilə əlaqədar cəmiyyətə bir neçə dəfə rəsmi müraciət etməklərinə baxmayaraq, cəmiyyət hazırkı dövrədək bu məsələnin həlli ilə əlaqədar heç bir iş görməmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: 03.03.2012-ci il tarixli 004 saylı "xxxx" MMC (satıcı) və "xxxx" MMC (alıcı) arasında alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun laborator avadanlıqların “İnkoterms-2010”-a əsasən DDP Bakı, Azərbaycan şərtilə bu müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırır, alıcı isə müqavilə əsasında malların dəyərini ödəyir. 2.2-ci bəndinə əsasən müqavilənin dəyəri 80.000 avro ƏDV (18%) nəzərə alınmaqla ümumi dəyəri 94.400 avro təşkil edir. Alqı-satqı müqaviləsinə əlavənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən alınmış laborator avadanlıqların dəyəri 80.000 avro, ƏDV 18% 14.400 avro nəzərə alınmaq, ümumi dəyəri 94400 avro təşkil edilmişdir. 2012-ci il tarixli 49/0/2012 saylı "xxxx" MMC (satıcı) və "xxxx" MMC (alıcı) arasında alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun tibb avadanlıqların “İnkoterms-2010”-a əsasən DDP Bakı, Azərbaycan şərtilə bu müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırır, alıcı isə müqavilə əsasında malların dəyərini ödəyir. 2.2-ci bəndinə əsasən müqavilənin dəyəri 199.602,33 avro və 523.516 ABŞ dolları təşkil edir. Alqı-satqı müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən alınmış tibb avadanlıqların ümumi dəyəri 199.602,33 avro və 523.516 ABŞ dolları təşkil edilmişdir. 19.02.2013-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışa əsasən "xxxx" MMC-nin təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) X3 (İran İslam Respublikası) – 21,5% pay, X13 (İran İslam Respublikası) – 5% pay, X5 (İran İslam Respublikası) – 71,5% pay, X10 (İran İslam Respublikası) – 2% pay idi, "xxxx" MMC-nin təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) X3 (İran İslam Respublikası) – 18,5 pay, X13 (İran İslam Respublikası) – 5 pay, X5 (İran İslam Respublikası) – 8,5 pay, X10 (İran İslam Respublikası) – 2 pay, X9 (İran İslam Respublikası) – 3 pay, X6 (İran İslam Respublikası) – 63 paydır. Cavabdeh MMC-nin (20.12.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır) nizamnaməsinin (2-ci redaksiyada): 1.2-ci bəndinə əsasən bu nizamnamə 04 oktyabr 2011-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adının dəyişməsi ilə əlaqədar nizamnəmənin 2-ci redaksiyasıdır. 2.1-ci bəndinə əsasən cəmiyyətin nizamnamə kapitalı 100 manat həcmindədir və hər biri 1 (bir) manat olmaqla 100 (yüz) paydan ibarətdir. 2.2-ci bəndinə əsasən cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalında payları aşağıdakı kimidir: - X11 (Azərbaycan Respublikası) – 50%, - X3 (İran İslam Respublikası) – 18,5%, - X12 (İran İslam Respublikası) – 5%, - X8 (İran İslam Respublikası) – 2%, - X5 (İran İslam Respublikası) – 8%, - X6 (İran İslam Respublikası) – 13%, - X9 (İran İslam Respublikası) – 3 %. 2.5-ci bəndinə əsasən Ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o ümumi yığıncağın səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirir. 4.2-ci bəndinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. 4.3-cü bəndinə əsasən cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. 27.09.2021-ci il tarixdə X2 ərizə ilə Cavabdeh MMC-nin direktoruna müraciət edərək MMC-nin ümumi yüğıncağının növbədənkənar iclasının keçirilməsinin təmin edilməsi, iclasın gündəliyində cəmiyyətin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə edilmiş mənfəətin və digər gəlirlərinin bölünməsi və 2017-ci il tarixdən hazırkı dövrədək cəmiyyətin fəaliyyəti ilə bağlı bütün sənədlərinin təsdiq edilmiş surətlərinin onlara verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçılar X1 və X7 qaldırdığı hazırkı iddia tələbi Cavabdeh bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəətin və digər gəlirlərin bölünməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.2-ci maddəsinə əsassən qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. 91.1-1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2-ci maddəsinə görə cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3-cü maddəsinə görə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.3-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək. Göründüyü kimi həm qanunvericilik, həm də MMC-nin nizamnaməsi hüquqi şəxsin yenidən təşkili (bölünməsi) qaydasını və əsaslarını müəyyən etmişdir. Belə ki, qanunvericiliyə görə yenidən təşkil (bölünmə) cəmiyyətin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilir, cəmiyyətin yenidən təşkil edilməsinin məhkəmə qərarı əsasında həyata keçirilməsinə isə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir. Cavabdeh MMC-nin nizamnaməsinə əsasən isə cəmiyyətin yenidən təşkili (bölünməsi) barədə qərar qəbul etmək səlahiyyətinə malik orqan müəyyənləşdirilərək yenidən təşkil məsələləri cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Odur ki, məhkəmə MMC-nin bölünməsi və əmlakının naturada bölünməsi hissəsində iddiaya münasibətdə qeyd edir ki, Cavabdeh MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin bölünməsi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, eləcə də iddiaçılar həmin hissədə iddia tələbinin əsası kimi hüquqi şəxsin bölünməsinin məhkəmənin qərarı əsasında həyata keçirilməsi üçün əsas olan qanunla müəyyənləşdirilmiş hallara istinad etmədiyindən həmin hissədə iddia tələbi əsassızdır. Mənfəətin və digər gəlirlərin bölüşdürülməsi hissəsində iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, MMC-nin mənfəətinin bölüşdürülməsi Mülki Məcəllənin 90.1.3cü maddəsinin, eləcə də MMC-nin nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edildiyindən məhkəmə yalnız ümumi yığıncağın qərarı ilə bölüşdürülməsi qərara alınmış mənfəətin bölünərək iştirakçıya ödənilməsi barədə iddianı təmin etməkdə haqlıdır. Beləliklə, mənfəətin iştirakçılar arasında bölüşdürülməsi barədə MMC-nin ümumi yığıncağının qərarı mövcud olmadığı hazırkı halda iddiaçıların mənfəətin bölünməsi tələbinə dair iddiasının məhkəmə tərəfindən təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar X1 və X7 Cavabdeh MMC-yə qarşı cəmiyyətin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəət və digər gəlirlərin bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X1 və X7 Cavabdeh MMC-yə qarşı cəmiyyətin bölünməsi, onun əmlakının naturada bölünməsi, cəmiyyət tərəfindən əldə olunmuş mənfəət və digər gəlirlərin bölünməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar