Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3001/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçın Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən onun xeyrinə əsas borc məbləği kimi 2000,90 manat məbləğində, habelə həmin pulun gecikdirilməsinə görə gecikmənin hər təqvim günü və borc məbləği üçün 0,5 faiz məbləğində cərimə faizi kimi 700 manat məbləğində cərimə borcunun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 02.12.2020-ci il tarixli, RS/RP-/029 nömrəli Nəqliyyat-Ekspedisiya Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı Cavabdehə ekspedisiya və bununla əlaqədar bir sıra xidmətlərin yerinə yetirilməsini təşkil etməyi, Cavabdeh isə bunun müqabilində İddiaçıya muzd ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ödənişi hissə-hissə hesabfaktura təqdim edildikdən sonra razılaşdırılmış müddət ərzində İddiaçının bank hesabına köçürmə yolu ilə həyata keçirir. Xidmətlərin göstərilməsi üzrə Cavabdehə 2000.90 manat dəyərində xidmət üzrə elektron-qaimə faktura təqdim edilsə də və həmin qaimə ləğv edilməyərək qəbul edilsə də, həmin qaimə üzrə ödəniş hələ də həyata keçirilməmişdir. Belə ki, 03.03.2021-ci il tarixli EBAY 208477 seriya nömrəli elektron qaimədən görünür ki, xidməti təqdim edən kimi İddiaçı tərəfindən sifarişçi kimi Cavabdehə 02.12.2020 tarixli RS/RP-/029 nömrəli Müqavilə üzrə **********B-aki Ticaret Limani-Ələt Türkmənbaşı 1/Bakuİnternational sea trade port-Alat Turkmenbashi 1-27 tonadlı xidmətə görə 2000.90 manat üzrə elektron qaimə-faktura təqdim etmişdir. Lakin bu günə kimi həmin borc ödənilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, müqaviləyə əsasən ekspeditorun təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdirildiyi hər gün üçün Sifarişçi hesab-faktura məbləğinin 0,5 % həcmində dəbbə pulu ödəməlidir. Müvafiq elektron qaiməfaktura üzrə cəmi ödənilməli olan 2000,90 manat əsas borcdan savayı, cavabdeh, həmçinin əsas borc üçün hesablanan gecikmənin hər təqvim günü üçün ödənilməmiş sifarişin ümumi dəyərinin 0,5 faiz məbləğində cərimə faizlərini də iddiaçıya ödəməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 02 dekabr 2020-ci il tarixli, No:RS/RP-/029 nömrəli “Nəqliyyat-Ekspedisiya” müqaviləsindən görünür ki, icraçı - "xxxx" MMC sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında 1.Ekspedisiya xidməti (tələb olunan marşrut hissəsi və ya hissələri üzrə); 2.Yüklərin daşınması; 3.Gömrük və ya digər rəsmiləşdirmələrin həyata keçirilməsi; 4.Yükvurmayükboşaltma və yüklərin emalı işlərinin yerinə yetirilməsi; 5.Yüklərin kəmiyyət və kefiyyətinin yoxlanılması; 6.Yüklərin anbarda saxlanılması; 7.Tərəflərin razılığı ilə digər əməliyyatlar; 8.Yüklərin beynəlxalq hissədə avto daşınması xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə göstərilən xidmətlər üçün ödənişi Ekpeditorun təqdim etdiyi hesabfakturaya əsasən həyata keçirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən ekspeditorun təqdim etdiyi hesabatfaktura vaxtında ödənilmədikdə, ödəmə gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0,5 həcmində dəbbə pulu ödəməlidir. İddiaçı MMC tərəfindən verilən 03.03.2021-ci il tarixli 208477 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 2000,90 manat məbləğində xidmətləri göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə məhkəmədə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, "xxxx" MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdehin göstərilən xidmətlərin müqabilində yaranmış elektron qaimədə göstərilən borcu ödəməməklə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 700 manat məbləğində hesablanmış cərimə ilə bağlı məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 99,10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 77,75%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 77,75%-i, yəni 23,32 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh MMC-dən 2000,90 manat əsas borc, 99,10 manat cərimə, cəmi 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 23,32 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2000,90 manat əssa borc, 99,10 manat cərimə, cəmi 2100 manat və dövlət rüsumu kimi ödənilmiş 23,32 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3001/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3001/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver