Məhkəmə qərarları › İş №e-2-2(113)-3330/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3330/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3330/2024 28.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə cərimə məbləğinin ödənilməsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə öhdəliklərinin pozulmasına görə 7308 manat məbləğində cərimə məbləğinin, həmçinin 110 məbləğində mediasiya xərcinin və ödənilmiş 93,08 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında 203669,37 manat dəyərində Fondun Aparat və struktur bölmələrində istifadə olunacaq dəftərxana mallarının satınalınması müqaviləsi imzalanmışdır. 29 mart 2021-ci il tarixli PC 08/2021 nömrəli müqavilənin 2.5-ci bəndində müqavilənin şərtlərinə və tərəflərin razılığına əsasən işlərin tam şəkildə Sifarişçiyə təhvil verilmə tarixinin müqaviləyə 2 saylı əlavədə göstərilmiş malların qəbul qrafikinə uyğun olmalı olduğu qeyd olunmuşdur. Həmin qrafikə əsasən Sifarişçiyə malların son çatdırılma müddəti xx.xx.2021-ci il tarixi müəyyən olunmuşdur. Buna baxmayaraq 447314 nömrəli xx.xx.2021-ci il tarixli “malların, işlərin və xidmətlərin təqdim edilməsi” qaiməsindən görünür ki, **********- müdir dəsti masa üstü, **********-kağız deşən drakol, **********-hesab maşını 14 rəqəmsal, **********-şəffaf fayl, **********-kağız tikən malları xx.xx.2021-ci il tarixdə, yəni malların son çatdırılması üçün nəzərdə tutulmuş müddət bitdikdən 36 gün sonra təqdim olunmuşdur. Qeyd edilən müqavilənin 15-ci bəndinə əsasən icraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1%-i həcmində İcraçıya cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla) tətbiq edə bilir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10%-dən çox olmamalıdır. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikasının Hesablama Palatasının Kollegiyasının 2022-ci il İş planına müvafiq olaraq Fond tərəfindən vəsaitlərin və dövlət əmlakının idarə olunması ilə bağlı kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirilmiş və həmin tədbirlərin nəticələri Azərbaycan Respublikasının Hesablama Palatasının Kollegiyasının iclasında müzakirə olunaraq 25 noyabr 2022-ci il tarixli AH0/4-3.2-2022-135 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın 3.9-cu bəndində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Fond tərəfindən 3852704,5 manat məbləğində müqavilələr üzrə cərimə tətbiq edilməsi imkanları araşdırılaraq mümkün olan hallarda cərimə məbləğinin hesablanaraq tutulması ilə bağlı tədbirlərin görülməsi qərara alınmışdır. Həmçinin həmin qərarla təsdiq edilmiş Auditor hesabatının 4.4.4-cü yarımbəndində öhdəliyin vaxtında icra edilməməsinə görə cərimə hesablanmış icraçılardan biri də Cavabdeh MMC-dir. Belə ki, Palata müqavilə üzrə öhdəliyinin icrasının gecikdirilmə müddəti (36 gün) və sözügedən müqavilənin 15-ci bəndinin tələblərini nəzərə alaraq Cavabdeh MMC üçün 7308 manat məbləğində cərimə hesablamışdır. Bundan sonra tərəfindən cərimə məbləğinin ödənilməsi ilə bağlı 22 dekabr 2022-ci il tarixli **********6 nömrəli “müqavilənin icrasının gecikdirilməsi haqqında” məktub ünvanlanmış, hal-hazırki tarixədək məktuba heç bir münasibət bildirilməmişdir. “Hesablama Palatası haqqında” Qanunun 27.7-ci maddəsinə görə Hesablama Palatasının qərarlarının icrası kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən təmin edilməli və qərarda başqa müddət müəyyən edilməmişdirsə, görülmüş tədbirlər barədə qərarların onlara çatdığı gündən bir ay müddətində Hesablama Palatasına məlumat verilməlidir. Həmçinin 24 yanvar 2024-cü il tarixdə iddiaçı tərəfindən pretenziya məktubu ilə cavabdehə müraciət edilərək, 7308 manat məbləğində cərimə məbləğinin, 110 manat mediasiya xərcinin, toplam 7418 manat məbləğində pulun 30 gün ərzində ödənilməsinin təmin edilməsi xahiş edilmiş, məbləğin qeyd edilən müddət ərzində ödənilmədiyi təqdirdə məhkəmə xərcləri və digər zəruri xərclər də daxil olmaqla müvafiq cərimə məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 448-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, müqavilənin 15-ci bəndinə əsasən icraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə, sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1%-i həcmində icraçıya cərimə sanksiyaları tətbiq edə bilir. Cavabdeh tərəf qarşısıalınmaz qüvvələrə istinad edərək ödəniş etmədiyini bildirir. Müqavilənin 16-ci bəndinə əsasən qarşısı alınmaz qüvvə hallarına istinad edən tərəf bu barədə digər tərəfi yazılı xəbərdar etməlidir. Əgər 1 aydan çox davam edərsə yazılı müqaviləni birtərəfli qaydada ləğv etmə hüququ verir. Cavabdeh tərəf isə bununla bağlı iddiaçıya yazılı müraciət etməmişdir. Hesab edir ki, iddia etdikləri hal fors major halları deyil və buna istinad edə bilməzlər. Həmçinin cavabdeh tərəf iddianı etiraf etmiş, lakin qarşısıalınmaz qüvvələrə görə gecikdirdiklərini və ödəmədiklərini bildirirlər. Həmçinin 1 il bundan abaq da cavabdeh tərəfdən qarantiya üzrə pul məbləği tutulmuşdur. Cavabdeh tərəf etirazında bildirir ki, müqavilə üzrə icra müddəti göstərilməmişdir. Əgər cavabdeh bununla razı deyildilərsə qarantiya məbləği tutulan zaman bu halı mübahisələndirə bilərdi. Bundan başqa 4074 manat pul vəsaiti gecikmələrə görə tutulmuşdur. Qarantiya şərtlərinə görə tərəf 4074 manat məbləğdən çox olmayaraq qarantiya götürmüşdür. Tərəf gecikdirdiklərini özləri də bir növ etiraf edirlər. Hesablama Palatası yoxlama apararaq ümumi məbləğin gecikdirilmiş 36 günə nisbətdə hesablayaraq 7308 manat olduğunu bildirmişdir. Belə ki, müqavilə üzrə işlər 31 may tarixində icra olunmalı idi, lakin 36 gün gecikdirilərək 6 iyul 2021-ci ildə icra olunmuşdur. Müqavilənin icra müddəti 31 may 2021-ci il tarixində bitmiş, daha sonra cavabdeh tərəfindən onlara xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə hissə-hissə mallar təqdim edilmiş, buna uyğun olaraq elekton qaimələr təqdim edilmişdir və cavabdeh tərəfindən də bu mübahisələndirilmir. Müqavilənin 15-ci bəndinə əsasən müqavilə üzrə cavabdehin öhdəliyi icra etməməsi nəticəsində hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1 %-i həcmində cərimə sanksiyası tətbiq oluna bilər. xx.xx.2021-ci il tarixinədək cavabdeh tərəfindən malların böyük hissəsi təqdim edilsə də, öhdəliyin tam icrası xx.xx.2021-ci il tarixində, yəni razılaşdırılmış tarixdən 36 gün sonra icra edilmişdir. İddiaçı da buna görə müqavilənin ümumi dəyərinə uyğun olaraq 7308 manat cərimə hesablamışdır. Bu səbəbdən tələbin əsaslı olduğunu hesab edir. DSMF-nin tabeliyndə olan X1 üzrə yeni filial yaradılmış və iddiaçıya təhvil verilməli olan mallar həmin filiala təqdim edilməli idi. Malların gec verilməsi həmin filialın fəaliyyətinin vaxtında başlanılmasına mane olmuşdur. Müqavilə üzrə öhdəliyin böyük hissəsi icra olunsa da 24461,40 manat məbləğ vəsait həcmində mallar müqavilə müddəti başa çatdıqdan sonra iddiaçıya təhvil verilmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək qeyd etmişdir ki, tərəflər arasında müqavilənin son icra tarixi 31 maya kimi müəyyən olmuşdur. Həmin tarixə kimi cavabdeh məhsulların 90%-ni tərəfə çatdırmışdır. İddiaçı tərəf qeyd edir ki, bankın cavabdehdən tutduğu məbləğdən xəbərləri olmamışdır. Halbuki onlar banka müraciət etmiş və bank da qarşılığında həmin məbləği onların bankda olan hesabdakı pul vəsaitindən tutmuşdur. Bu barədə iddiaçı onlara da məlumat vermişdir. Həmçinin onlar gecikmiş mallara görə tərəflə şifahi danışıqlar aparmış və baş verən halı onlara izah etmişdir. Satınalma müqaviləsi üzrə üzərinə düşən bütün öhdəliklər tam icra olunmuşdur, lakin koronavirus pandemiyasının uzun müddət davam etməsi, onun yayılması və xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar yaratdığı fəsadlardan dolayı xüsusi karantin rejiminin tətbiqi ilə iş yerlərinin müvəqəti bağlanması, istehsalçı ölkələrdə olan xammalın vaxtında tədarük edə bilməməsi səbəbindən bəzi sifariş edilmiş malların ölkəyə idxalı sifarişçi tərəfindən gecikdirilmişdir. Bu səbəbdən müqavilənin icrası zamanı qrafiklə müəyyən edilən müddətdə bəzi malların təhvil verilməsində onların iradəsindən asılı olmayan obyektiv və subyektiv səbəblərə görə gecikmə halları olmuşdur. Bununla bağlı olaraq bir aylıq gecikməyə görə zavodun da bu barədə onlara verdiyi məktub vardır. Lakin tərəf onlara gecikdirilmiş 36 günə nisbətdə deyil, ümumi məbləğə görə hesablayaraq cərimə məbləği tələb etmişdir. 31 may tarixindən sonra icra edilməmiş öhdəlik ƏDV-siz 11150 manat ƏDV daxil 2007 manat məbləğ olmuşdur. Müqavilə üzrə isə ümumi məbləğ 203000 manat olmuşdur. Müqavilə üzrə 180000 manat vəsait həcmində məhsulu cavabdeh tərəfindən təhvil verilmişdir və gecikdirilən 24461,40 manat dəyərində mallar digər malların təkrarı olmuşdur. Həmçinin müqavilədə tarixin olmaması da bir müəmmalı məsələdir. Müqavilənin icrası ilə bağlı 24461,40 manat dəyərində malların iddiaçıya təqdim edilməsi ilə bağlı gecikmələrin olduğunu qəbul edir. Lakin həmin gecikmələrlə bağlı avtomatik olaraq bank hesabından qarantiya məktubuna əsasən 4074 manat məbləğ çıxılmışdır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs arasında 29 mart 2021- ci il tarixində Fondun aparatı və struktur bölmələrində istifadə olunacaq dəftərxana mallarının alınması üçün PC 08/2021 saylı Satınalma müqaviləsi bağlanmışdır. Satınalma müqaviləsi üzrə üzərlərinə düşən bütün öhdəliklərin tam icra olunmuş, lakin Koronavirus (COVİD-19) pandemiyasının uzun müddət davam etməsi onun yayılması və xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar yaratdığı fəsadlardan dolayı xüsusi karantin rejiminin tətbiqi ilə iş yerlərinin müvvəqəti bağlanması, istehsalçı ölkələrin xammalın vaxtında tədarük edə bilməməsi səbəbindən bəzi sifariş etdiyi məhsuların ölkəyə idxalı sifarişçi tərəfindən gecikdirilmişdir. Bu səbəbdən müqavilənin icrası zamanı qrafiklə müəyyən edilən müddətdə bəzi malların təhvil verilməsində bizim iradəmizdən aslı olmayan obyektiv və subyektiv səbəblərə görə gecikmə halları olmuşdur. İcraçı müqaviləni müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirmədikdə hər gecikdirilən gün üçün müqavilə dəyərinin 0.1% həcmində cərimə sanksiyası tətbiq olunur, həmin maddədə qarşısıalınmaz qüvvənin təsiri istisna olunur, (maddə 15). Müqavilə bağlandıqdan sonra, tərəflərin əvvəlcədən görə bilmədikləri və görə biləcək tədbirlərlə təsir etməyə qadir olmadıqları hadisələr nəticəsində qarşısıalınmaz qüvvə şəraiti yarandıqda və bu səbəbdən, Müqavilə üzrə öhdəliklər qismən və ya tamamilə yerinə yetirilmədikdə tərəflər məsuliyyətdən azad edilirlər. Qabaqcadan nəzərdə tutulmaması mümkün olmayan hadisələrə aid edilir, müharibə, zəlzələ, daşqın, yanğın, epidemiya, karantin, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. müqavilənin imzalandığı an öhdəliyin icra müddəti müəyyənləşdirilməyib. İddiaçının müqaviləsində öhdəliyin icra müddətinin müəyyənləşdirilməsi ilə bir vaxtda cavabdehin müqaviləsində öhdəliyin icra müddətinin müəyyənləşdirilməsi haqqında qeydlərin olmaması bir daha təsdiq edir ki, iddiaçı həmin hüququ yəni cərimə hesablamaq hüququnu birtərəfli qaydada öhdəliyin icra müddətini özünə uyğun şəkildə daxil etməklə əldə edib və bunda da məqsəd cavabdehdən heç bir hüquqi əsası olmayan pul vəsaitinin tutulmasıdır. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Sifarişçi” Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə “İcraçı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli PC08/2021 nömrəli Fondun Aparat və struktur bölmələrində istifadə olunacaq dəftərxana mallarının satınalma müqaviləsindən görünür ki, Sifarişçi Dəftərxana mallarının satın alınması məqsədilə İcraçının ƏDV ilə birlikdə 203669,37 manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satınalınan malların ünvanlara çatdırılmasını, boşaldılmasını, təhvil verilməsini öhdəsinə götürür. Mallar “İcraçı”nın təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” həmin malların təklifə uyğun mallara dəyişdirilməsinə, qüsurlar aşkarlandıqda isə bu müqavilənin 14-cü bəndinə uyğun olaraq aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilənin 9.1-ci bəndində əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərində göstərilən həcmdə, lakin bu müqavilənin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız bu müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçinin ilk tələbi 2 iş günü müddətində Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir. Müqavilənin 9.5-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) bu müqavilənin 9.1-ci bəndində müəyyən olunmuş müddətdə ödənilmədikdə, müvafiq hesabfakturanın ödənişi üzrə gecikdirilmiş hər gün üçün 0,1% məbləğində faiz hesablanır. Bu cür gecikmələrə görə vurulmuş ziyan müqavilənin ümumi qiymətinin 10% hissəsini aşdıqda, Sifarişçi və ya İcraçı tərəfindən müqavilənin ləğvi məsələsi qaldırıla bilər. Müqavilənin 15-ci bəndinə əsasən İcraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1 %-i həcmində İcraçıya cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla) tətbiq edə bilir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10%-dən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. xx.xx.2021-ci il tarixli PC08/2021 nömrəli Qiymətlərin razılaşma protokolundan görünür ki, 40 adda malların dəyəri 203669,37 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli PC08/2021 nömrəli Fondun Aparat və struktur bölmələrində istifadə olunacaq dəftərxana mallarının satınalma müqaviləsinə əlavə olaraq tərtib edilmiş 2 saylı Əlavədən görünür ki, malların təhvil verilmə cədvəli xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir. EBBA seriyalı 733417 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 35400 manat, EBBB seriyalı 471239 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 124490 manat, EBBC seriyalı 503788 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 19317,96 manat, EBBD seriyalı 254885 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 761,10 manat, EBBD seriyalı 254884 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 147,50 manat, EBBD seriyalı 959876 nömrəli xx.xx.2021ci il tarixli elektron qaiməyə əsasən 2761,20 manat, EBBD seriyalı 793158 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 6454,60 manat, EBBD seriyalı 967262 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1180 manat, EBBE seriyalı 447314 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 13157 manat dəyərində müxtəlif çeşidli mallar Cavabdeh MMC tərəfindən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 15 may 2021-ci il tarixli məktubdan görünür ki, 2021-ci ilin aprel ayında verdiyi sifarişlə bağlı fors major halların nəzərə alınmasını xahiş etmişdir. 2021-ci ildə Ukraynada pandemiya hadisələrinin davam etməsi ilə əlaqədar sifariş etdiyi malların istehsalı və tədarükü 3-4 aya təxirə salındığı və logistika və istehsaldan sonra malların daşınmasında da gecikmələr gözlənildiyi qeyd olunmuşdur. Cavabdeh MMC-yə məxsus "xxxx" ASC hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixində qarantiya məktubuna əsasən 4074 manat məbləğ çıxılmışdır. Cavabdeh MMC tərəfindən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə ünvanlanmış 12 iyul 2021-ci il tarixində 1207/15 saylı məktubdan görünür ki, pandemiyanın uzun müddətdir ki, davam etməsi onun yayılması və xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar yaratdığı fəsadlardan dolayı xüsusi karantin rejiminin tətbiqi ilə iş yerlərinin müvvəqəti bağlanması, istehsalçı ölkələrin xammalın vaxtında tədarük edə bilməməsi səbəbindən bəzi sifariş edilən məhsuların ölkəyə idxalı gecikdirilmişdir. Bu səbəbdən müqavilənin icrası zamanı qrafiklə müəyyən edilən müddətdə bəzi malların təhvil verilməsində onların iradəsindən aslı olmayan obyektiv və subyektiv səbəblərə görə gecikmə halları olmuşdur. Hazırda müqavilə üzrə üzərimizə düşən bütün öhdəliklərin tam icra olunmasını nəzərə alaraq, 30 iyun 2021 ci il tarixli **********6 nömrəli qarantiya üzrə tələbə əsasən hesabımızdan silinmiş 4074.00 manat məbləği, qeyd etdiyimiz izahat və səbəblərə görə hesabımıza geri qaytarılmasını aidiyyatı strukturlar müvafiq göstəriş verməyinizi və Eyni zamanda bildiririk ki, təqvim ayı üçün müqavilə dəyərinin 0,1%-i miqdarında cərimə tətbiq olunarsa, MMC bu müqavilə üzrə maliyyə-təsərrüfat fəaliyyətini mənfəətlə deyil, zərərlə başa vuracaq. Yuxarda qeyd olunanları nəzərə alaraq sahibkarlığın inkişafı və sahibkar məmnunluğunun təmin olunması məqsədilə, bəzi malların təhvil verilməsində bizim iradəmizdən aslı olmayan səbəblərdən yaranan gecikmə hallarına görə müqavilə dəyərinin 0,1%-i miqdarında cəriməni tətbiq etməməyinizi və mümkün olan dəstəyi göstərməyinizi 16 sentyabr 2023-cü il tarixli MŞB-2/03416 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 110 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli dəftərxana mallarının satınalma müqaviləsinin bağlanması, həmin müqavilənin icrası müddətinin xx.xx.2021-ci il tarixinədək müəyyənləşdirilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 24461,40 manat dəyərində malların cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, həmçinin xx.xx.2021-ci il tarixli qarantiya məktubuna əsasən 4074 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi işin mübahisələndirilməyən hallarıdır. Tərəflər arasında göndərmə müqaviləsində irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, cavabdeh müqavilə əlavəsi olan xx.xx.2021-ci il tarixli qiymət razılaşma protokolunda razılaşdırılmış qaydada və məbləğdə iddiaçıya satınalınan malların ünvanlara çatdırılmasını, boşaldılmasını, təhvil verilməsini öhdəsinə götürmüş, lakin öhdəliyini vaxtında icra etməmişdir. Tərəflərin arasında bağlanmış müqavilənin 15-ci bəndinə əsasən müqavilənin icrasının gecikdiriməsinə görə müqavilə dəyərinin 0,1 %-i həcmində icraçıya cərimə hesablanması nəzərdə tutulmuşdur. İddiaçı tərəf müqavilənin 15-ci bəndinə istinad edərək müqavilə üzrə cavabdehin öhdəliyi icra etməməsi nəticəsində hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1 %-i həcmində cərimə sanksiyası tətbiq olunmaqla 7308 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyib, müqaviləni təfsir edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Çünki iddiaçı cavabdeh tərəfindən müqavilənin icrasının gecikdirməsi ilə bağlı 36 günlük müddət üçün 0,1 faiz cərimə məbləğinin müqavilənin ümumi dəyərinə, 203669,37 manata nisbətdə hesablamaqda haqlı olmamışdır. Belə ki, müqavilə şərtləri təfsir edilərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır. Bu baxımdan məkhəmə hesab edir ki, Müqavilənin 15-ci bəndində “Sifarişçi hər gecikdirilmiş gün üçün müqavilə dəyərinin 0,1 %-i həcmində İcraçıya cərimə sanksiyaları tətbiq edə bilər” şərti, müqavilənin hansı hissədə icra olunmasından və nə qədər hissəsinin qalmasından asılı olmayaraq gecikdirilmiş gün üçün ümumi müqavilə dəyərinin 0,1% həcmində cərimə hesablanması kimi təfsir olunmamalıdır. Müqavilənin ümumi məzmununu, işgüzar adətləri və praktikanı nəzərə alaraq məhkəmə qeyd edir ki, ümumi qəbul olunmuş praktikaya əsasən öhdəliyin icrasının gecikdirilməsi nəticəsində cərimə faizi icra olunmamış öhdəliyin həcminə uyğun hesablanır. Buna görə də, cavabdehin malların böyük hissəsini, 179207,96 manatını xx.xx.2021-ci il tarixədək müqavilə üzrə nəzərdə tutulmuş müddətdə, yerdə qalan 24461,40 manat dəyərində malları isə hissə-hissə olmaqla xx.xx.2021-ci il tarixədək 36 gün gecikdirməklə iddiaçıya təhvil verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 24461,40 manat məbləğində öhdəliyin 36 gün gecikdirilməsi üçün günə 0,1% cərimə olmaqla (24461,40x0,1%x36=881) 881 manat cərimə borcu hesablana bilər. Bununla belə cavabdehin bank hesabından çıxarışından görünür ki, müqavilənin vaxtında icra edilməməsinə görə xx.xx.2021-ci il tarixli qarantiya məktubuna əsasən 4074 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilmişdir. Lakin iddiaçı, hətta qarantiya məktubuna əsasən ona ödənilmiş 4074 manat məbləği də nəzərə almayaraq, tələb olunan cərimə məbləğində azalma aparmadan, müqavilənin ümumi dəyərinə nisbətdə cərimə məbləğini hesablayaraq 7308 manatın ödənilməsini tələb etmişdir. Göründüyü kimi müqavilə dəyərinin gecikdirilmiş hissəsinə, yəni 24461,40 manat məbləğinə nisbətdə 36 gün gecikmə üçün 881 manat cərimə tətbiq edilməli olduğu halda, bank qarantiyasına əsasən cavabdehdən gecikməyə görə 4074 manat cərimə tutulmuşdur. Beləliklə məhkəmə, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə cavabdehdən artıqlaması ilə cərimə məbləğinin tutulduğunu nəzərə alaraq, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar