Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3760/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, "Vinch Group” MMC-dən ƏDV daxil 7457,83 manat təşkil edən əsas borcun, gecikdirilmiş hər günə görə 0,1 faizdən hesablanmaqla 373 manat cərimə pulunun, 111 manat məbləğində dövlət rüsumunun, cəmi isə 7941,83 manat məbləğində vəsaitin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 20 iyun 2022-ci il tarixli CİB/AS/xx/xx/2022 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə “Satıcı özünə məxsus olan (kofe, dondurma, milkavita, çay, kofe avadanlığı və s. ) məhsullarını Alıcıya bu müqavilə ilə müəyyən еdilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi Satış Nöqtələrində satmaq üçün, mülkiyyətinə verməyi, Alıcı isə həmin Malların dəyərini ödəyərək Malları qəbul etməyi öhdəsinə götürür.” Müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə doqquz Elektron Qaimə-faktura üzrə ümumi dəyəri ƏDV daxil 10168,11 manat təşkil edən mallar təchiz edilmişdir. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəlikləri tam, vaxtında və lazımi şəkildə icra edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklər tam, vaxtında və lazımi şəkildə icra edilməmişdir. Belə ki, Müqavilə üzrə axırıncı partiya Malların təyinat yerinə çatdırılmasından 120 gündən artıq müddətin keçməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən ona təchiz edilmiş malların dəyəri bu günə kimi tam olaraq ödəniməmişdir. Cavabdeh MMC tərəfindən qeyd olunan doqquz e-qaimə üzrə yalnız bir dəfə 21 noyabr 2023-cü il tarixində ƏDV daxil 2710,28 manat (2297,70 əsas məbləğ və 413,58 manat ƏDV) məbləğində ödəniş edilmiş və bu günə Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında müqavilə üzrə ƏDV daxil 7457,83 manat məbləğində borcu qalmaqdadır. Çoxsaylı şifahi və yazılı müraciətlərimizə baxmayaraq, Cavabdeh MMC tərəfindən borc məbləği üzrə bu günədək heç bir ödəniş edilməmişdir. Cavabdehə 29 yanvar 2024-cü il tarixində pretenziya məktubu göndərilmişdir, lakin Cavabdeh tərəfindən bu müraciətimiz bu günə kimi cavablandırılmamışdır. Müqaviləninn 5.1-ci maddəsinə görə Cavabdehə təchiz edilən malların dəyərinin ödənişinin gecikdirilməsini nəzərə alaraq, müqavilənin 8.2-ci bəndinə əsasən tərəfimizdən ödənişi geciktirilmiş məbləğin 0,1% həcmində olmaqla, cəmi 1640,74 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, Cavabdeh MMC-dən ƏDV daxil 7457,83 manat təşkil edən əsas borcun, gecikdirilmiş hər günə görə 0,1 faizdən hesablanmaqla 1640,74 manat cərimə pulunun, 111 manat məbləğində dövlət rüsumunun, cəmi isə 9209,57 manat məbləğində vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulmalıdır İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 445.1, 445.2.1, 448.1, 462, 465.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli CİB/AS/xx/xx/2022 saylı alqı-satqı müqaviləsindən görünür ki, Satıcı özünə məxsus olan dondurma məhsullarını Alıcıya bu müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində sahib olduğu və idarə etdiyi Satış Nöqtələrində satmaq üçün, mülkiyyətinə verməyi, Alıcı isə həmin Malların dəyərini ödəyərək Malları qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən malların satış qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi olan Satıcının Qiymət cədvəli ilə (Price list) müəyyənləşdirilir. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən Mallar sifariş edildikdən sonra 5 (beş) təqvim günü ərzində Malları “Alıcımın ünvanına çatdıraraq tam yararlı vəziyyətdə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə predmeti olan mallar müqavilənin əlavələrində göstərilən növünə, çeşidinə və miqdarına uyğun olmalıdır. Mallar növünə, çeşidinə, keyfiyyətinə uyğun olmadığı və qüsurlu olduğu təqdirdə. Alıcı Satıcıdan aşkar olunmuş qüsurların aradan qaldırılmasını, həmin Malların yenisi ilə əvəz edilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 4.3-cü bəndinə əsasən Mallar aşağıda göstərilən şərtlərə riayət olunduğu halda. Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul edilmiş sayılır: Miqdar üzrə - göndərilmə sənədlərində (qaimədə) göstərilən miqdarına uyğun olaraq tərəflər arasında qaimə imzalandıqda. Keyfiyyət üzrə - mallar alıcının nümayəndəsi tərəfindən yoxlanılıb tərəflər arasında qaimə imzalandıqda sonra. Mallara mülkiyyət hüququ Satıcıdan Alıcıya təhvil verilmə anından keçir.Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Alıcı” sifariş olunan Malların dəyərini Mallar sifariş edildikdən, Mallar təyinat yerinə çatdırıldıqdan və “Satıcı” tərəfindən hesab-faktura təqdim edildikdən sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirir. 19 iyun 2023-cü il tarixli 11545 saylı satış qaiməsindən görünür ki, 611,56 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 21 iyun 2023-cü il tarixli 12001 saylı satış qaiməsindən görünür ki, 1643,81 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 03 avqust 2023-cü il tarixli 14968 saylı satış qaiməsindən görünür ki, 2121,16 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 10 avqust 2023-cü il tarixli 15555 saylı satış qaiməsindən görünür ki, 1260,16 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 14 avqust 2023-cü il tarixli 15744 saylı satış qaiməsindən görünür ki, 1729,76 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 21 avqust 2023-cü il tarixli 16289 saylı satış qaiməsindən görünür ki, 1270,04 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 24 avqust 2023-cü il tarixli 16632 saylı satış qaiməsindən görünür ki, 47,20 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. EBDP seriyalı, 536485 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 590 manat, EBDM seriyalı, 858776 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 47,20 manat, EBDM seriyalı, 576123 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1270,02 manat, EBDM seriyalı, 109998 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1729,76 manat, EBDL seriyalı, 943613 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1260,16 manat, EBDL seriyalı, 623406 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 784,38 manat, EBDL seriyalı, 392653 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 2121,15 manat, EBDİ seriyalı, 722846 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1643,80 manat, EBDİ seriyalı, 386765 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 721,64 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilərək imzalanmış aktdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixədək borcu 12879,02 manat təşkil etmişdir. Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli xx/xx/2024 saylı pretenziya məktubunda 7457,83 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 111 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən satılan mallarla bağlı verilmiş eqaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, satış qaiməsi, akt) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin təhvil aldığı malların dəyərini tam, 7457,83 manat pulu ödəmədiyini, həmçinin tərəflər arasındakı müqavilədə cavabdehin öhdəliklərini icra etmədiyi halda cərimə ödəyəcəyini vəd etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 7457,83 manat və 373 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 111 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7457,83 manat əsas borc, 373 manat cərimə borcu olmaqla, ümumilikdə 7830 (yeddi min səkkiz yüz otuz) manat 83 (səksən üç) qəpik pul vəsaiti, habelə ödənilmiş 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3760/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3760/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver