Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4545/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli Nəqliyyat-Ekspedisiya müqaviləsinə əsasən 2.941,17 ABŞ dolları və 1.710,80 manat xidmət haqqının, hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manatın, məhkəmə üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə (Ekspeditor) Cavabdeh MMC (Sifarişçi) arasında xx.xx.2022-ci il tarixində Nəqliyyat-Ekspedisiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Ekspeditor, Sifarişçinin sifarişinə əsasən Yüklərin daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, Sifarişçi ödənişi hesab-faktura təqdim edildikdən və mallar sifarişçiyə çatdırıldıqdan sonra 14 (on dörd) təqvim günü ərzində pul vəsaitini Ekspeditorun hesablaşma hesabına köçürməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli Maliyyə Arayışına əsasən, Cavabdeh MMC-nin iddiaçıya 2941.17 ABŞ dolları və 1710.80 manat borcu mövcuddur.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 850.1-ci bəndinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 850.2-ci bəndinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə ekspeditor, sifarişçinin sifarişinə əsasən Yüklərin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
10. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, sifarişçi ödənişi hesab-faktura təqdim edildikdən və mallar sifarişçiyə çatdırıldıqdan sonra 14 (on dörd) təqvim günü ərzində pul vəsaitini ekspeditorun hesablaşma hesabına köçürməsi yolu ilə həyata keçirir.
11. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
12. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə daşıma xidmətinin göstərilibgöstərilməməsidir.
13. İş materiallarına əlavə olunmuş, hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, GLA220446 nömrəli akta əsasən 27.869,15 ABŞ dolları, xx.xx.2022-ci il tarixli, GLA220749 nömrəli akta əsasən 1.710,80 manat dəyərində daşıma xidməti iddiaçı tərəfindən həyata keçirilmişdir.
14. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, GLA220749 nömrəli aktda qeyd olunan daşıma xidmətlərinə görə dəyəri 1.710 manat, GLA220446 nömrəli aktda qeyd olunan daşıma xidmətlərinə görə isə xx.xx.2022-ci il tarixdə, dəyəri 27.869,15 ABŞ dolları olan invoyslar göndərilmişdir.
15. Göründüyü kimi, Cavabdeh MMC xx.xx.2022-ci il tarixli aktları imza və möhürü ilə təsdiq etməklə və invoyslara etiraz etməməklə iddiaçı tərəfindən daşıma əməliyyatlarının həyata keçirildiyini qəbul etmişdir.
16. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı tərəf məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli invoysa əsasən 24.927,98 ABŞ dolları məbləğində ödəniş etdiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir.
17. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xidmət haqqı üzrə 2.941 ABŞ dolları (27.869,15- 24.927,98) və 1.710 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Bundan başqa, məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMCyə ödənilməlidir.
19. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 400 manat məbləğində pul iddiaçı tərəfindən Presedent Vəkil Bürosunun hesabına ödənmişdir.
20. Məhkəmə həmçinin qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 88 manat məbləğində pul da Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödəniməlidir.
21. Belə ki, işdən görünür ki, dövlət rüsumunun əvəzi olaraq xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 88 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
22. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xidmət haqqı üzrə 2.941 (iki min doqquz yüz qırx bir) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla və 1.710 (bir min yeddi yüz on) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 88 (səksən səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov