Məhkəmə qərarları › İş №e-2-2(113)-4687/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4687/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4687/2025 17.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, illki 5%) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdehndən, 26 avqust 2024-cü il tarixli SPARK-096/2024 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış aşağıdakı məbləğlər üzrə ümumilikdə 17.107,22 (on yeddi min bir yüz yeddi manat iyirmi iki qəpik) manat pulun: əsas borc: 16.154,20 (on altımin bir yüzəlli dörd manat iyirmi qəpik), dəbbə pulu: 342,47 (üç yüz qırx ikimanat qırx yeddi qəpik), gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış faiz: 469,65 (dörd yüzaltmış doqquz manat altmış beş qəpik), dövlət rüsumu: 140,90 (bir yüz qırx manat doxsan qəpik) tutularaq ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 26 avqust 2024-cü il tarixində SPARK-096/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçıcavabdehin mülkiyyətinə ümumi həcmi 129 kubmetr olan və ümumi dəyəri 16.154,20 (on altı min bir yüzəlli dörd manat iyirmi qəpik) manat təşkiledən aşağıdakımarkalı beton məhlulları təhvil vermişdir: Beton B-30 (M400) Beton B-7.5 (M100) Beton B-30 (M400) Malların təqdim olunması 02 oktyabr 2024-cü il tarixliMT2410 seriyalı, 10141714 nömrəlielektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Elektron qaimə-faktura cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən ASAN imza ilə təsdiq edilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilənin əlavələrində başqa hal nəzərdə tutulmadıqda, alıcı təhvil verilmiş malların dəyərini onların təqdim edilməsindən etibarən 30 (otuz) gün müddətində ödəməlidir. Eyni zamanda, tərəflər arasında 05 fevral 2025-ci il tarixində imzalanmış üzləşmə aktı ilə cavabdeh təqdim edilmiş mallara görə 16.154,20 (on altı min bir yüzəlli dörd manat iyirmi qəpik) manat məbləğində borcunu rəsmi şəkildə təsdiq etmişdir. Lakin, malların təqdim edilməsindən və borcun üzləşmə aktı ilə təsdiq edilməsindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh təqdim olunmuş malların dəyərini ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə 26 may 2025-ci il tarixində həm Elektron Məhkəmə Sistemi, həm də İnternet Vergi İdarəsi vasitəsilə yazılı pretenziya göndərilmiş, lakin cavabdeh nə tələbi icra etmiş, nə də cavab vermişdir. Gecikməyə görə dəbbə pulu və faiztələbinin əsaslandırılması Müqavilənin 4.2-ci bəndinə əsasən, alıcı malların təqdim edilməsindən sonra 30 (otuz) gün ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Beton məhsulları 02 oktyabr 2024-cü il tarixində təqdim edildiyindən, ödəmənin son günü 01 noyabr 2024-cü il olmuşdur. Buna görə gecikmə 02 noyabr 2024-cü il tarixindən başlayır və 02 iyun 2025-ci il tarixədək 212 təqvim günü təşkiledir. 1. Müqavilənin 9.4-cü bəndinə əsasən dəbbə pulu (penya) Müqavilənin 9.4cü bəndinə əsasən: “Alıcı malların dəyərinin ödənilməsini gecikdirdikdə, hər gecikmə gününə görə borcun 0.01%-i (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyir.” 2. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% faiz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-cimaddəsinə əsasən: “Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, kommersiya mübahisəsinə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 avqust 2024-cü il tarixində SPARK-096/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 (bundan sonra “Əlavə”) göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən malların Alıcıya çatdırılması müvafiq Əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcək.

10. Müqavilənin 3.2-ci bəndinə əsasən malların təhvil verilməsi Müqavilədə və ya onun müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin Mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar Alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən satıcı Malların çatdırılmasının gözlənilən tarixi və vaxtı barədə Alıcıya 1 (bir) təqvim günü əvvəl məlumat verəcək.

12. Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı Malların Alıcıya təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və/ və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək.

13. Müqavilənin 3.5-ci bəndinə əsasən malların Satıcı tərəfindən Alıcıya faktiki təhvil verilməsi anmadək Malların təsadüfən və ya qəsdən məhv olması və ya zədələnməsi riskini Satıcı özü daşıyır.

14. Müqavilənin 3.6-cı bəndinə əsasən malların Alıcıya çatdırılması, təhvil verilməsi müddətləri və yeri Müqavilənin müvafiq əlavəsində müəyyən edilir.

15. Müqavilənin 3.7-ci bəndinə əsasən mallar müvafiq standart və tələblərə uyğun nəqliyyat vasitələri ilə və müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılmalıdır.

16. Müqavilənin 3.8-ci bəndinə əsasən satıcı tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edilən və portal vasitəsi ilə Alıcının elektron kabinetinə elektron formada göndərilən elektron qaimə-faktura Alıcı və ya proqram təminatı tərəfindən təsdiq edildikdə elektron qaimə-faktura təhvil-təslim aktına və təhvil-qəbul aktına bərabər tutulur və mallar alcının mülkiyyətinə verilmiş hesab edilir.

17. Müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və Müqavilənin müvafiq Əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər.

18. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür.

19. Müqavilənin 4.3-cü bəndinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müvafiq əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir.

20. Müqavilənin 4.4-cü bəndinə əsasən tərəflər bu Müqaviləyə uyğun olaraq təqdim olunacaq Mallar ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş özlərinə aid olan vergilərin, rüsumların və digər məcburi ödənişlərinin edilməsi öhdəliyinin icrasına görə özləri məsuliyyət daşıyırlar.

21. Müqavilənin 9.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayadada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək.

22. Müqavilənin 9.2-ci bəndinə əsasən alıcının hüququ var ki, öz mülahizəsinə görə Satıcının aradan qaldırmaqdan imtina etdiyi və ya müvəffəq olmadığı keyfiyyətində qüsurlar aşkar edilmiş Malların dəyərinin həmin çatışmazlıqlara mütənasib olaraq daha aşağı qiymətlə ödəsin və ya Mallardan imtina etdiyi halda tamamilə ödənilməsindən imtina etsin.

23. Müqavilənin 9.4-cü bəndinə əsasən Alıcı Malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək.

24. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış 06 sentyabr 2024-cü il tarixli Qiymətlərin Razılaşdırılması protokoluna əsasən 1 m3 üçün qiymət beton B-7,5 (M-100) 90 manat, beton B-12,5 (M-150) 93 manat, beton B-15 (M-200)-96 manat, beton B-20 (M-250) 99 manat, beton B-22,5 (M-300) 102 manat, beton B-25 (M-350) 105 manat, beton B-30 (M- 400) 110 manat, beton məhlulu DC-250 (M-100) 101 manat, beton məhlulu DC-300 (M-150) 105 manat, beton məhlulu DC-350 (M-200) 110 manat, beton B-30 (M-400) özüyerləşən 120 manat, şərbətin qiyməti 105 manat məbləğlərində müəyyən edilmişdir.

25. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə satılmış mallara dair xx.xx.2024-cü il tarixli MT**********14 saylı 16154,2 manat məbləğində e-qaimə göndərilmişdir. Həmin eqaimə cavabdeh şirkət tərəfindən şəxsən təsdiq edilmişdir.

26. xx.xx.2025-ci il tarixli Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə olan debitor borcu (əsas məbləğ) 13690 manat, debitor borcu (ƏDV məbləği) 2464,20 manat olmaqla, cəmi 16154,20 manat olduğu müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

27. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

30. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

31. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

32. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Göründüyü kimi tərəflər arasında 26 avqust 2024-cü il tarixində SPARK-096/2024 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 göstərilən müxtəlif növ beton/tikinti məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 16154,20 manat ödənilməmiş borcu qalmışdır.

36. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 16154,20 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 16154,20 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 16154,20 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

38. Bundan əlavə iddiaçı müqavilənin 9.4-cü bəndinə istinad edərək 342,47 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (16154,20 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tutulacaq dəbbə pulu 342,47 manat məbləğində müəyyən edilməlidir.

43. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq (illik 5%) hesablanmış 469,65 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə əsassız hesab edir.

44. Belə ki, Mülki Məcəllənin:

45. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

46. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

48. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

49. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

50. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

51. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

52. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

53. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

54. İddianın öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsi ilə faiz tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödəmək öhdəliyinin ödənilməsinin gecikdirilməsinə görə iki məsuliyyət tədbirinin – müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun və illik 5% olmaqla faizlərin tutulmasını tələb edir. Bu zaman dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulunun hesablanması üsuluna görə növlərindən biri olan “cərimə” öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda birdəfəlik sabit pul məbləği olaraq tutulur, bundan fərqli olaraq dəbbə pulunun digər növü olan “penya” öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə pozuntunun davam etdiyi müəyyən vaxt dövrü üçün faiz (və ya sabit məbləğ) formasında müəyyən edilir və pozuntu davam etdikcə penyanın məbləği də artır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləin şərtlərindən göründüyü kimi həmin müqavilədə nəzərdə tutulmuş dəbbə pulu, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

55. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsində zərərlə nisbətinə görə 4 dəbbə pulu növü fərqləndirilmişdir. Belə ki, həmin maddəyə görə qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə xarakterli dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur. Başqa sözlə desək, cərimə xarakterli dəbbə pulu istisna olmaqla dəbbə pulunun sadalanan digər növlərinin tətbiqində məqsəd şəxsin öhdəliyin pozuntusuna görə cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etmək və öhdəliklərin pozulması nəticəsində zərərçəkmiş şəxsin hüquqlarını bərpa etməkdən ibarətdir.

56. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavildə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

57. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.

58. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

59. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.

60. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, gecikdirilmiş 16154,20 manat borca illik 5% ilə iddiaçını hesabladığı faiz borcu 469,65 manat təşkil edir, cavabdehə tətbiq edilən dəbbə pulu məbləği isə 342,47 manat təşkil edir.

61. Göründüyü kimi iddiaçının xahiş etdiyi 469,65 manat məbləğində faiz məbləği hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (342,47 manat) ilə əhatə olunmadığı üçün, yuxarıda qeyd edilən nörmaların təhlilinə əsasən əlavə olaraq əldən çıxmış fayda qismində 127,18 manat (469,65 m -342,47 m =127,18 m) faiz borcunun tutulması üçün əsaslar mövcüddur.

62. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi faiz borcu qismən – 127,18 manat həddində təmin edilməlidir.

63. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 153 manat dövlət rüsumu ödənilmişdir.

64. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün (iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq) dövlət rüsumunun əvəzi qismində 140,90 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 16.154,20 manat əsas borc məbləği, 342,47 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə 127,18 manat faiz borcu (cəmi 16623,85 manat) və dövlət rüsumunun əvəzi olaraq 140,90 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar