Məhkəmə qərarları › İş №e-2-2(113)-506/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-506/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-506/2023 17.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq 62.140,69 manat, dəbbə pulu olaraq 16.753,80 manat məbləğin, mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 400 manat məbləğin, ümumilikdə 79.294,50 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən icraçı tərəfindən sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. İcraçı Müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, sifarişçi tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilməmiş və sifarişçinin icraçıya əsas borc olaraq 62.140,69 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 7.3-cü bəndinə əsasən Sifarişçi İcraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda İcraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0.1%-imiqdarında dəbbə pulu ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında 08 iyul 2021-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı (İddiaçı MMC) tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrə və ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə çatdırılan malların /göstərilən xidmətlərin müqabilində sifarişçi (Cavabdeh MMC) icraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi öz öhdəsinə götürür. Müqavilə xx.xx.2021-ci il tarixdən qüvvəyə minir və xx.xx.2022-ci il tarixənədək qüvvədə qalır. Müqaviləyə 1 saylı Əlavə ilə icraçı tərəfindən təchiz olunacaq qida məhsullarının sayı, çeşidi və qiyməti tərəflər arasında razılaşdırılmışdır. Müqavilə və əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərə Xidmət müqaviləsindən irəli gələn münasibət kimi qiymət verilməlidir. Belə ki, İddiaçı tərəfindən müvafiq malların çatdırılması və iaşə xidmətləri göstərilmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 və 13.5-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir (13.4) Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür(13.5). Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.2-ci maddəsinə əsasən Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. İddiaçı tərəf cavabdehə müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin göstərildiyini, dəyəri 44.753,74 manat olan xx.xx.2022-ci il tarixli EBBQ 979029 saylı, dəyəri 16.439,05 manat olan xx.xx.2022-ci il tarixli EBBT 002413 saylı, dəyəri 4.493,79 manat olan xx.xx.2022-ci il tarixli EBBU 432907 saylı elektron qaimələr üzrə cəmi 3000 manat pulun ödənildiyini və cavabdehin ödənilməmiş 62.140,69 manat borcunun qaldığını bildirmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək, yuxarıda qeyd edilmiş elektron qaimələrdəki xidmətlərin göstərildiyini qəbul etmiş ancaq tələb edilən borc məbləğinin ödənildiyini qeyd etmişdir. Göründüyü kimi, cavabdeh tərəf iddiaçının istinad etdiyi elektron qaimələrdəki xidmətlərin göstərilməsini mübahisələndirməmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinə dəyəri 44753,74 manat olan xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 979029 saylı, dəyəri 16439,05 manat olan xx.xx.2022-ci il tarixli EBBT seriyalı 002413 saylı, dəyəri 4493,79 manat olan xx.xx.2022-ci il tarixli EBBU seriyalı 432907 saylı, ümumilikdə dəyəri 65.686,58 manat olan elektron qaimələr göndərilmişdir. İddiaçı tərəf cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 979029 saylı elektron qaimə üzrə 3.000 manat ödəniş edildiyini bildirmiş və bununla bağlı hesabdan çıxarışı iş materiallarına əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yuxarıda qeyd edilmiş elektron qaimələr üzrə ödənişlər edildiyini bildirsə də, ödənişlərlə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları və cavabdehin cəmi dəyəri 65.686,58 manat təşkil edən elektron qaimələr üzrə 3000 manat pulun ödənildiyini və iddiaçının da 62.140,69 manat borcu tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilmiş xidmətlərin dəyəri olaraq 62.140,69 manat pulun tələb edilməsi hissəsində iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 7.3-cü maddəsində öz əksini tapmışdır. Belə ki, Sifarişçi ödəniş müddətini pozduqda İcraçıya hər gecikmə günü vaxtında ödənilməyən məbləğin 0.1 faizi miqdarında dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 62.140,69 manat məbləğində əsas borcuna münasibətdə 3.100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya təşkialtına 400 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən əsas borc üzrə 62.140 (altmış iki min yüz qırx) manat 69 (altmış doqquz) qəpik, cərimə borcu üzrə 3.100 (üç min yüz) manat, ümumilikdə 65.240 (altmış beş min iki yüz qırx) manat 69 (altmış doqquz) qəpik məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar