Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5132/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “XXXX” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, xidmət haqqı, dəymiş zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X1 və X4 iştirakları ilə İddiaçı cavabdeh “XXXX” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “XXXX” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “XXXX” ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış yük daşınması müqaviləsi üzrə 1120 manat daşıma haqqının, yükdaşıma müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli EBBU 231452 nömrəli elektron qaimə-faktura əsasında göstərilmiş xidmətin dəyəri kimi 22875,15 manat pul vəsaitinin, yük daşınması və faktorinq müqavilələri üzrə ödənilməli məbləğlər vaxtında ödənilmədiyi üçün bank tərəfindən 30 təqvim günündən sonra illik 11 faizlə hesablanmış 15309 manat, yükdaşıma müqaviləsi üzrə iddiaçının bank hesabına xidmət haqqı vaxtında köçürülmədiyi üçün 5000 manat, cavabdehin müqavilələr üzrə gecikdirdiyi ödənişləri ucbatından dövlət büdcəsinə yaranmış vergi borcunun əvəzi kimi 15682,91 manat, əldən çıxmış fayda qismində 90000 manat və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manat pul vəsaitinin və ödənilmiş 823 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli HA/0057/2020/MLT- **********-PO saylı klinkerin ixracı və xx.xx.2020-ci il tarixli HA/0053/2020/MLT-**********- PO saylı kisə sement daşınması müqavilələri bağlamışdır. Daşıyıcı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, sifarişçinin istehsal etdiyi xammal – “Klinker” məhsulunu sifarişçinin beynəlxalq alıcısına təhvil vermişdir. Lakin sifarişçi tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, sifarişçinin 3 elektron qaimə üzrə borcu qalmışdır. 2.2. Həmin müqavilələrin 3.1-ci bəndlərinə əsasən, daşımanın qiyməti müqavilənin 5 və 6 saylı qoşmasında göstərilmişdir, 5 saylı qoşmalarının 1 və 2.1-ci bəndlərinə əsasən, tərəflər arasında kisə sementinin (digər müqavilə üzrə isə klinkerin) daşınması üçün qiymətlər və şərtlər razılaşdırılmışdır. Ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 30 təqvim günü sonra ödənilməlidir. Təhvil-təslim aktı ən gec xidmətin tamamlanmasından 5 gün sonra təqdim edilməlidir. Təhvil-təslim aktlarının xidmətin tamamlanmasından sonra 5 gündən gec təqdim edilməsi halında, sifarişçi ödənişin gecikməsinə görə məsuliyyət daşımır. ƏDV hesab-fakturası ödənişin həyata keçirilməsindən 5 gün əvvəl ƏDV sistemində olmalıdır. 2.3. Lakin sonradan cavabdehin maliyyə çətinliyi ilə əlaqədar təklifi əsasında iddiaçı, "xxxx" ASC-nin faktorinq xidmətindən istifadə etmişdir. Faktorinq çərçivəsində bank tərəfindən ayrılan vəsait illik 11 % dərəcə ilə maliyyələşdirilmiş, lakin cavabdeh 30 günlük müqavilə müddətini dəfələrlə, bəzən isə 120 gün və daha artıq müddətdə aşmışdır. Nəticədə iddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən əlavə faiz və komissiyalara məruz qalmışdır. Belə ki, "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin faktorinq ilə bağlı 1.1-ci bəndində qeyd edilmişdir ki, “maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatları üzrə)” forması ilə müəyyən olunmuş şərtlər əsasında bank faktor olaraq müştərinin üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində müştəriyə “maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatları üzrə)” formasında göstərilən məbləğdə pul verməyi, müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, müştəri isə öz növbəsində üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini banka güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən banka güzəşt edilən pul tələbinin miqdarı “maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatları üzrə)” formasında göstərilən məbləği təşkil edir. Sözügedən faktorinq müqaviləsinin digər bəndlərində tərəflərin hər birinin ayrı-ayrılıqda öhdəlikləri, hüquqları və vəzifələri ətraflı şəkildə öz əksini tapmışdır. 2.4. Faktorinq müqaviləsi üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli TM0001/39 saylı və TM0001/39-01 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, məbləğ borclu (alıcı) – cavabdeh ilə kredit verən arasında imzalanmış xx.xx.2016-cı il tarixli TM0001 nömrəli maliyyələşdirmə üçün ərizədə limit çərçivəsində illik faiz dərəcəsi 11 % olaraq müəyyən edilmişdir (müştəri qismində iddiaçı). Sözügedən maliyyələşdirmə üçün ərizələr hər ilin hər ayı tərtib edilmişdir və xx.xx.2020-ci il tarixdən etibarən cari ayadək (2025-ci ilədək) hər ay ərizələr verilmişdir. Tərəflər arasında faktorinq münasibətləri mövcuddur və bütün ödənişlər bank yolu ilə faktorinq müqaviləsi üzrə öhdəliklər əsasında ödənilir. Belə ki, cavabdeh öz müraciətinə əsasən "xxxx" ASC-dən müqavilə ilə əlaqədar iddiaçıya faktorinq ayrılmasını xahiş edir, bank isə maliyyələşmə ərizəsinə əsasən hesabfakturaların maliyyələşdirilən hissəsi 96,5 % təşkil etməklə illik 11 % faiz olmaqla müddətin bitmə tarixi maksimal olaraq 120 günü aşmamaq şərti ilə məbləğ təyin edir. Bundan sonra invoys əsasında "xxxx" ASC tərəfindən iddiaçıya pul ayrılır. Ayrılmış pul vəsaiti isə cavabdeh tərəfindən 30 gün müddətində iddiaçının hesab-fakturada göstərilən bank hesabına köçürülməlidir (ilk 30 gün ərzində 11 % ödəniş hissəsi – “baza faizi” öz öhdəliyi olduğu üçün iddiaçının hazırkı iddia tələbinin predmeti deyil, iddiaçının tələbi məhz cavabdehdən asılı səbəbdən 30 gündən sonrakı gecikdirilmiş dövrü əhatə edir). Hansı ki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli HA/0053/2020/-**********-PO saylı “kisə sementin daşınma müqaviləsi”nə və xx.xx.2020-ci il tarixli HA/0057/2020/MLT-**********-PO saylı “klinkerin ixrac daşınma müqaviləsi”nin 5 saylı qoşmalarının 1 və 2.1-ci bəndlərinə əsasən, tərəflər arasında kisə sementinin (digər müqavilə üzrə isə klinkerin) daşınması üçün qiymətlər və şərtlər razılaşdırılmışdır. Ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 30 təqvim günü sonra ödənilməlidir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik 30 təqvim günündən artıq gecikdirildiyi və banka vəsait vaxtında köçürülmədiyi üçün 30 gündən sonrakı 11 %-lə gecikmə 15309 manat təşkil etmişdir. Həmin 15309 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2.5. İkincisi, 2021-ci ilin mart ayının xidmət haqqı cavabdeh tərəfindən 2022-ci ildə köçürüldüyü üçün və həmin məbləğ isə bütövlükdə cərimə və dəbbə pullarına silindiyinə görə iddiaçı 5000 manat məbləğində ziyana məruz qalmışdır. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş 5000 manat ödəniş xx.xx.2021-ci il tarixli EBAY 763877 nömrəli elektron qaiməyə əsasən aparılmışdır. Cavabdeh xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xidməti müqabilində ümumilikdə 20191,62 manat köçürmə etməli olmuşdur. Lakin tam şəkildə ödəniş etmək əvəzinə xx.xx.2021-ci il tarixdə sadəcə EBAY 763877 nömrəli qaimə-faktura üzrə 15191,62 manat ödəniş etmiş, qalan 5000 manat qalıq ödənişi isə 7 ay sonra – xx.xx.2023-ci il tarixdə etmiş və nəticədə həmin 5000 manat ödəniş cavabdehin öz ucbatından hesablanmış dəbbə pulu və faizlərə silinmişdir. Halbuki vaxtında ödəniş edilsə idi, 5000 manat ödəniş xidmət haqqı olaraq iddiaçıya çatacaqdı. Tərəflər arasında bağlanmış daşıma müqavilələrinin 5 saylı qoşmasının və faktorinq əsasında maliyyələşdirmə üçün ərizənin müvafiq şərtində də 30 günlük icra müddəti barədə şərt mövcuddur. Buna görə də tələb həmin hissədə də əsaslı olduğundan həmin məbləğ cavabdehdən tutulmalıdır. 2.6. Üçüncüsü, cavabdehin yuxarıda qeyd olunan gecikdirməli ödənişləri ucbatından dövlət büdcəsinə 15682,91 manat vergi borcu yaranmışdır, cavabdeh bunun əksini də sübut edə bilməz. Çıxarışda vergi borcunun nəyə görə yarandığı məlum olur. Yaranmış vergi borcu və yeni müqavilələr bağlanması ilə bağlı ilkin razılaşma əldə olunması cavabdehə xx.xx.2021-ci il tarixdə “mail” vasitəsilə çatdırılmış və cavabdeh tərəfdən “e-mail” vasitəsilə yeni tariflərin təsdiq ediləcəyi bildirilmişdir. 2.7. Dördüncüsü, iddiaçı tərəfindən 2022-ci ilin mart ayı ərzində cavabdehə nəqliyyat xidməti göstərilmişdir. Bu xidmətlərə dair xx.xx.2022-ci il tarixli EBBU 231452 nömrəli elektron qaimə-faktura tərtib edilmiş, xidmətin dəyəri 22875,15 manat göstərilmişdir. Təqdim olunmuş hesab-faktura üzərindən ödənişin "xxxx" ASC-nin hesabına köçürülməsi nəzərdə tutulsa da, cavabdeh bu ödənişi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə təqdim etmişdir. Lakin məbləğ elə həmin gün "xxxx" ASC tərəfindən faktorinq razılaşması çərçivəsində tam şəkildə silinmişdir, hansı ki həmin silinmə üzrə gecikmə məbləğləri də yenə cavabdehin ucbatından baş vermişdir. Yekun nəticədə iddiaçı göstərdiyi xidmətdən real olaraq heç bir məbləğ ala bilməmiş, xx.xx.2022-ci il tarixdə 2600 manat əlavə ödəniş etmişdir. Buna görə də iddia tələbi 22875,15 manat pulun tutulması hissəsində də əsaslıdır. 2.8. Beşincisi, daşıma müqaviləsi əsasında ödənilməmiş 1120 manat hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, bunu təsdiq edən qaimə-faktura, vatsap yazışmaları və üzləşdirmə aktı mövcuddur. 2.9. Altıncısı, cavabdehin əsassız bəhanələri (guya iddiaçının balansında olan nəqliyyat vasitəsi ilə bağlı yanğın baş verməsi halı) ucbatından daşıma müqavilələrinin icrası dayanmışdır. Sonradan isə məsələnin iddiaçı ilə hər hansı əlaqəsi olmadığı əsas gətirilsə də, artıq iddiaçıya maddi ziyan dəymişdir. Yekunda 90000 manat əldən çıxmış fayda yaranmışdır. İşgüzar nüfuza vurulan zərərə görə isə 150 000 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, banklara edilmiş müraciətdən görünür ki, iddiaçı artıq bank sferasında etibarsız hüquqi şəxs kimi qiymətləndirilmiş, buna səbəb isə daima gecikmələrə yol verən şirkət imici olmuşdur. Halbuki həmin gecikmələr iddiaçının deyil, məhz cavabdehin ödənişlərdə yol verdiyi yuxarıda sadalanan gecikmələrlə bağlı olmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.2, 385.1, 442, 462.1-ci maddələri göstərilmişdir.
4. Cavabdeh “XXXX” ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz və daha sonra etiraza əlavə təqdim edərək, İddiaçı MMC-nin cavabdeh “XXXX” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. iddiaçı ərizəsində cavabdehin ona ödənişləri gec icra etdiyinə görə bankın ona gecikmə faizləri tətbiq etdiyini qeyd edir və həmin məbləğlərin cavabdehdən tutulmasını tələb edir. Bu tələb aşağıdakılara görə əsassızdır: 1) iddiaçı məhkəməyə tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrin surətini təqdim etmişdir. Həmin müqavilələrin müddəti 2021-ci ildə başa çatmışdır və müqavilələrin müddəti bitdikdən sonra həmin müqavilələr üzrə hər hansı daşıma əməliyyatı aparılmamışdır. İddiaçının tələb etdiyi məbləğlər həmin müqavilələr üzrə 2021 – 2022-ci illərə aiddir. Müqavilə üzrə iddia müddəti 3 il olduğuna, tərəflər arasında müqavilələrin müddəti 2021-ci ildə başa çatdığına görə və həmin vaxtdan 3 il keçdiyi üçün iddia müddəti bitmişdir. Buna görə də həmin tələblərə iddia müddəti tətbiq edilməlidir; 2) faktorinq münasibətləri bank ilə iddiaçı arasında olan münasibətlərdir. Həmin müqavilələrdə cavabdeh tərəf olmadığına görə həmin münasibətlərin cavabdehə heç bir aidiyyəti yoxdur. Cavabdeh bankın tətbiq etdiyi faiz və cərimələri ödəyəcəyi ilə bağlı heç bir öhdəlik götürməmişdir. Əgər iddiaçı bank tərəfindən ona tətbiq edilən məbləğlərə razı deyildirsə, bunu məhkəmə qaydasında mübahisələndirə bilərdi; 3) iddiaçı məhkəməyə özünün tərtib etdiyi, hesablamanın hansı əsaslara görə aparıldığı məlum olmayan cədvəli sübut kimi təqdim etmişdir. Bu sənəd heç bir halda sübut hesab edilə bilməz və cavabdeh üçün də öhdəlik müəyyən edə bilməz; 4) iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrin müddəti 2021-ci ildə bitmişdir. İddiaçı məhkəmə baxışı mərhələsində isə 2023 – 2025-ci illərə aid tələblər də irəli sürmüşdür, halbuki həmin tələblərin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə heç bir aidiyyəti yoxdur, çünki həmin müqavilələrin müddəti 2021-ci ildə bitmişdir; 5) iddiaçının nümayəndəsi həmin müqavilələr üzrə iddia müddətinin keçmədiyini tərəflər arasında münasibətlərin fasiləsizliyi ilə əlaqələndirməyə çalışır. Halbuki Mülki Məcəllədə iddia müddəti konkret müqavilə üzrə müəyyən edilmişdir və iddia müddətinə də hər bir müqavilə üzrə ayrı baxılmalıdır; 6) xx.xx.2020-ci il tarixli müqavilənin 5 saylı qoşmasının 2.2-ci maddəsində qeyd edilmişdir ki, daşıyıcı (iddiaçı) faktorinq şərtləri ilə ödənilməsi qeyd olunan hesab-fakturanı təqdim edə bilər və bu xidmətlərə görə yaranan bütün xidmət haqlarını ödəməyə razılığını bildirir. Cavabdehin faktorinq müqaviləsinə görə hər hansı cərimənin və iddiaçının üçüncü şəxslərlə münasibətinə aid cərimənin ödənilməsi öhdəliyi yoxdur. İddiaçı məhkəmə çıxışında qeyd etmişdir ki, guya iddiaçı cavabdehin təklifi əsasında faktorinq xidmətindən istifadə etmişdir. Halbuki iddiaçı buna dair hər hansı sübut təqdim etmir. Üstəlik, təqdim olunan müqavilədən görünür ki, iddiaçı bankla özü könüllü müqavilə bağlamışdır; 8) xx.xx.2020-ci il tarixli müqavilənin 5 saylı qoşmasının 2.1-ci maddəsinə əsasən ödəniş təhvil-təslim aktı imzalandıqdan 90 gün sonra ödəniş həyata keçirilir. Təhvil-təslim aktlarının 5 gündən gec təqdim edilməsi halında ödənişlərdə olan gecikmələrə görə cavabdeh heç bir məsuliyyət daşımır. İddiaçı məhkəməyə təsdiq edilmiş təhvil-təslim aktlarını təqdim etməmişdir. Belə olduğu halda gecikmənin olduğunu iddia edə bilməz, çünki gecikmə təhvil-təslim aktlarının təqdim edilməsindən 90 gün keçdikdən sonra hesablana bilər. 5.2. İddiaçı 2021-ci ilin mart ayının EBAY 763877 saylı qaiməsinin 5000 manat məbləğinin 2022-ci ilin fevral ayında köçürüldüyünü və ona görə də ona 5000 manat zərərin dəydiyini iddia etmişdir. Həmin iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: a) həmin tələbin iddia müddəti ötmüşdür və iddia müddəti tətbiq edilməlidir; b) iddiaçının təqdim etdiyi bank çıxarışından görünür ki, 5000 manat puldan tutulan məbləğlər İri Sığorta Edənlərlə İş Departamentinə 33,3 manat, vergi sərəncamları üzrə 1,87 manat, 749,54 manat, 5,13 manat, 2053,70 manat, sosial sığorta haqları üzrə 1,06 manat, 423,33 manatdır. Göründüyü kimi, iddiaçının hesabından vergi və sosial sığorta öhdəlikləri üzrə məcburi dövlət ödənişləri tutulub, bu ödənişlər iddiaçının dövlət qarşısında öz öhdəlikləridir və zərər kimi qiymətləndirilə bilməz. Həmin məbləğlərin tutulmasının cavabdehə heç bir aidiyyəti yoxdur və onların cavabdehdən tələb edilməsi tam əsassızdır. 5.3. İddiaçı qeyd edir ki, cavabdehin gecikdirdiyi ödənişlərinə görə onun dövlət büdcəsinə 15682,91 manat borcu yaranmışdır. O, qeyd edir ki, həmin borcla bağlı xx.xx.2021-ci il tarixli elektron məktubda borcun cavabdeh tərəfindən ödəniləcəyi təsdiqlənmişdir. Bu iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: a) həmin iddia tələbi xx.xx.2021 –xx.xx.2022-ci illərə aid olduğu üçün iddia müddəti ötmüşdür və iddia müddətinin ötdüyü üçün rədd edilməlidir; b) həmin iddia tələbi ilə bağlı iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli çıxarışda qeyd edilmişdir ki, 12879,67 manat mənfəət vergisi, 2053,7 manat mənfəət vergisi, 749,54 manat vergi iddiaçının bank hesabından tutulmuşdur. Həmin ödənişlər məcburi vergi ödənişlərdir, həmin ödənişlərə görə iddiaçı özü öhdəlik daşıyır və onların cavabdehdən tələb edilməsi əsassızdır; c) iddiaçının sübut kimi göstərdiyi elektron məktubla bağlı isə göstərilməlidir ki, əvvəla, iddiaçı onun əslini məhkəməyə təqdim etməmişdir. İkincisi, Andrei Bocancea iddiaçının göndərdiyi tələbləri təsdiq etməyib, o, sadəcə məktubun göndərildiyi üçün təşəkkür edib. Burada tələblərin cavabdeh tərəfdən qəbul edildiyinə və ödəniləcəyinə dair heç bir təsdiq yoxdur. Bundan başqa, öhdəliyin yaranması üçün tərəflər arasında yazılı müqavilə və ya razılıq olmalıdır. Tərəflər arasında bağlanılmış müqavilənin 6-cı maddəsinə əsasən bütün ödənişlər hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş müqaviləyə əlavələrlə tənzimlənir. Müqavilənin əlavəsində ödənişlərin tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında icra ediləcəyi qeyd olunur. İddiaçı ilə cavabdeh arasında onun tələblərinin ödənilməsi ilə bağlı imzalanmış hər hansı əlavə və ya digər sənəd olmamışdır. 5.4. İddiaçı xx.xx.2022-ci il tarixli EBBU 231452 saylı e-qaimə üzrə xx.xx.2022-ci il tarixli ödənişin iddiaçının başqa bank hesabına ödənilməsi səbəbindən ona 22875,15 manat zərərin dəydiyini iddia edir. İddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) xx.xx.2022-ci il tarixli EBBU 231452 saylı e-qaimənin göndərilməsindən 3 ildən çox vaxt keçdiyi üçün iddia müddəti bitmişdir; 2) həmin ödəniş başqa şəxsin deyil, iddiaçının bank hesabına köçürülmüşdür; 3) bankın iddiaçı ilə faktorinq münasibətləri üzrə ödənişləri silməsinin cavabdehə heç bir aidiyyəti yoxdur. İddiaçı həmin ödənişlərin silinməsini məhkəmədə mübahisələndirə bilərdi; 4) təqdim olunan həmin qaimənin AZE-SERV_AZ- 0095 saylı müqaviləyə aid olduğu görünür, halbuki iddia tələbi həmin müqavilə üzrə yox, digər müqavilələr üzrə irəli sürülmüşdür; 5) müqavilənin 10.3-cü maddəsinə əsasən sifarişçi (cavabdeh) müqavilənin pozulduğu günə qədər göstərilən xidmətə görə verilən bütün qaimələr üzrə daşıyıcıya (iddiaçıya) pul ödəyir. Bu ödənişdən sonra sifarişçi daşıyıcı qarşısında heç bir öhdəlik və ya məsuliyyət daşımır, o cümlədən itirilmiş gəlirlərə görə məsuliyyət daşımır. 5.5. İddiaçı EBCL 323345 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 1120 manat ödənilməsini tələb etmişdir. Həmin iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) Müqavilənin 5 saylı qoşmasına əsasən ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilmiş xidmətin tamamlanmasından 90 təqvim günü sonra ödənilməlidir. İddiaçı həmin qaimə üzrə təhviltəslim aktı təqdim etməmişdir. Müqaviləyə əsasən təhvil-təslim aktı olmadan ödəniş edilə bilməz. Sifarişçinin üzləşmə aktı kimi təqdim etdiyi sənəd isə həmin sənədin əsli deyil və yalnız özü tərəfindən imzalanmışdır. Cavabdeh adına olan ştamp isə “correspondence in”, yəni daxil olmuş məktub ştampıdır, təsdiq möhürü deyil və imzalanmamışdır; 2) Vatsap yazışmasından kağız surət sübut kimi təqdim edilə bilməz. Çünki, birincisi, onun kim tərəfindən yazılması aydın deyildir. Sonrası da müqavilənin 6.3-cü maddəsinə əsasən qiymətlər müqaviləyə yeni əlavə imzalandıqdan sonra qüvvəyə minir. Vatsap yazışması ilə qiymət müəyyən edilə bilməz. Ümumiyyətlə, vatsap yazışması kimi təqdim edilmiş kağızdakı yazılar daşınmanın həyata keçirilib tamamlandığını göstərmir. 5.6. İddiaçı xx.xx.2020-ci il tarixli daşınma müqaviləsinin icrasının xx.xx.2021-ci il tarixdən sonra dayandırıldığını və bununla əlaqədar ona 90000 manat zərər dəydiyini iddia edir. Həmin iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) iddia müddəti ötdüyü üçün tələb əsassızdır və iddia müddəti tətbiq edilməlidir; 2) müqavilələr müəyyən müddətə bağlanılıb, həmin müddət başa çatdıqda uzadılmayıb. Buna görə də burada dayandırmadan söhbət gedə bilməz; 3) Müqavilədə onun uzadılmamasına və ya dayandırılmasına görə hər hansı kompensasiyanın ödənilməsi razılaşdırılmayıb; 4) Həmin müqavilədə sifarişçinin, yəni cavabdehin daimi olaraq sifariş vermək öhdəliyi yoxdur. Müqaviləyə əsasən sifarişçi nə vaxt sifariş verirsə, daşıma da o vaxt həyata keçirilir; 5) cavabdehin 90000 manat zərəri hansı əsaslara görə hesabladığı qeyri-müəyyəndir; 6) Müqavilənin 10.3-cü maddəsinə əsasən sifarişçi (cavabdeh) müqavilənin pozulduğu günə qədər göstərilən xidmətə görə verilən bütün qaimələr üzrə daşıyıcıya (iddiaçıya) pul ödəyir. Bu ödənişdən sonra sifarişçi daşıyıcı qarşısında heç bir öhdəlik və ya məsuliyyət daşımır, o cümlədən itirilmiş gəlirlərə görə məsuliyyət daşımır. 5.7. İddiaçı iddia edir ki, onun banka borcunun öz tərəfindən vaxtında ödənilməməsinə görə təzminat ödənilməlidir. Bu iddia tələbi aşağıdakı səbəblərə görə əsassızdır: 1) iddiaçı ilə hər hansı bank arasında olan münasibətlər ikitərəfli münasibətlərdir və cavabdeh həmin münasibətlərin tərəfi deyildir, ona görə də cavabdeh bu münasibətlərə görə məsuliyyət daşıya bilməz; 2) iddiaçının hara müraciət etməsi və nə üçün imtina verilməsi aydın deyil və işin halları üçün heç bir əhəmiyyət kəsb etmir.
6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 389.1-ci maddəsinə istinad edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
8. Cavabdehin nümayəndələri X2 və X5 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdilər və iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
12. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
13. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
14. İşin müəyyən olunan mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı (daşıyıcı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında xx.xx.2020-ci il tarixli HA/0053/2020/MLT-**********-PO saylı kisə sementin və xx.xx.2020-ci il tarixli HA/0057/2020/MLT-**********-PO saylı klinkerin daşınması və digər daşıma müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona həvalə edilmiş malı təyinat məntəqəsinə çatdırmağı və cavabdeh tərəfindən göstərilən müştəriyə təhvil verməyi, cavabdeh isə daşıma haqqını ödəməyi öhdəsinə götürmüşdür.
15. İddiaçı tərəflər arasında bağlanmış yük daşınması müqavilələri üzrə 1120 manat daşıma haqqının, cavabdehin müqavilə üzrə öhdəliklərini pozması və ya lazımınca icra etməməsi nəticəsində dəymiş real zərərin əvəzi olaraq 58867,06 (15309+5000+15682,91+22875,15) manat, əldən çıxmış fayda qismində 90000 manat və işgüzar nüfuza dəymiş zərərə görə 150 000 manat pulun cavabdehdən tutulmasını tələb edir.
16. Cavabdeh iddianın əsassız olduğunu bildirir, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş edir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qeyd edir ki, iddia tələbinə daxil olan tələblər ayrı-ayrılıqda qiymətləndirilməlidir.
18. İddianı təşkil edən ayrı-ayrı tələblər üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədən öncə isə məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
19. Birincisi, iddiaçı tərəflər arasında bağlanmış yük daşınması müqavilələri üzrə 1120 manat daşıma haqqının tutulmasını tələb edir və tələbinin əsasını təşkil edən sübut qismində xx.xx.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaimə-fakturanı, elektron qaimə-fakturanın statusu ilə bağlı sənədləri, hesab-fakturanı, iddiaçı tərəfindən təsdiq olunaraq cavabdehə çatdırılmış üzləşmə aktını və cavabdehin əməkdaşı ilə olan yazışmanı təqdim edir.
20. Cavabdeh etiraz edərək göstərir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrin müddəti 2021-ci ildə bitmiş, iddiaçı isə 2023 – 2025-ci illərə aid tələblər də irəli sürmüşdür, halbuki həmin tələblərin, eləcə də 1120 manat daşıma haqqının tutulmasını tələbinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə heç bir aidiyyəti yoxdur, çünki həmin müqavilələrin müddəti 2021-ci ildə bitmişdir. Həmçinin bildirir ki, iddiaçıya göstərdiyi daşıma xidmətlərinin dəyəri tam ödənilmiş, xx.xx.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaimə-fakturada qeyd olunan xidmət isə göstərilməmişdir.
21. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsası müəyyən edilərkən formal yanaşılmamalı, iddiaçının tələbini əsaslandırmağa çalışdığı hüquqi faktların nədən ibarət olması düzgün müəyyən olunmalı, bu zaman iddia ərizəsinın əsaslandırması verilən izahatlar, təqdim olunan sübutlarla birgə təhlil edilərək iddianın faktiki tərkibi aydınlaşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı tələbinin bir hissəsinə münasibətdə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə istinad etsə də, daşıma haqqının xx.xx.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaiməfaktura üzrə tutulmasını xahiş etmiş, iddia ərizəsinə “Əlavə 2” adlı sənəd təqdim edərək həmin sübuta münasibətdə istinad etdiyi sübutları ayrı-ayrılıqda qeyd etmiş və ona uyğun müvafiq izahatlar vermiş, həmin qaimənin əsasını təşkil edən xx.xx.2021-ci il tarixli daşıma müqaviləsini də məhkəməyə təqdim etmişdir. Odur ki iddianın bu hissəsinə iddiaçının əsaslandırdığı hüquqi faktlara uyğun qiymət verilməlidir.
22. Təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında klinker ixrac sementin daşınması üçün xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, iddiaçı tərəfindən 1 tonunun daşınması üçün haqq 8 manat olmaqla 140 ton əzilmiş beton qırıntısının daşınması üçün 1120 manat dəyərində 016 nömrəli hesab-faktura tərtib edilmiş və iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1120 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaimə-fakturanı tərtib edərək cavabdehə göndərmiş, cavabdeh tərəfindən elektron qaimə təsdiqlənmişdir. Bundan sonra, iddiaçı həmin daşınma ilə bağlı üzləşmə aktını təsdiqləyərək cavabdehə göndərmişdir.
23. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
24. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.
26. Cavabdehin dəyəri tələb olunan daşımanın həyata keçirilmədiyi, həyata keçirilmiş daşımaların haqqının ödənildiyinə dair etirazını məhkəmə əsassız hesab edir. Belə ki, cavabdeh daşımanın həyata keçirilmədiyinə istinad etsə də, həmin daşıma ilə bağlı iddiaçı tərəfindən təqdim olunan elektron qaiməni təsdiq etmişdir. İddiaçı tərəfindən təqdim olunan elektron qaimələrin statusu ilə bağlı sənədlərdən isə görünür ki, cavabdeh elektron sisteminə aktiv nəzarət etmiş, təqdim olunan qaimələri əsasən özü təsdiq etmiş, bəzi qaimələri düzəlişə qaytarmışdır. Bundan başqa, təqdim olunan sənədlərdən görünür ki, mübahisələndirilən daşıma ilə bağlı üzləşmə aktı cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh isə həmin üzləşmə aktını mübahisələndirməmiş, bununla bağlı iddiaçıya dərhal etiraz bildirməmişdir. Bu isə iddiaçının güvəndiyi və güvənmiş olduğu cavabdehin əvvəlki rəftarına zidd hüququnu həyata keçirməsi olub hüquqdan sui-istifadədir.
27. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həyata keçirdiyi daşımaya görə xx.xx.2022-ci il tarixli EBCL 323345 seriya və nömrəli elektron qaiməfaktura üzrə daşıma haqqını tələb etməyə subyektiv hüquqa malikdir, həmin hüquq isə cavabdeh tərəfindən pozulmuşdur.
28. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
31. Məhkəmə elektron qaimə-fakturaya əsasən sifarişçi tərəfindən xidmətin dəyərinin tələb edildiyini nəzərə alaraq qeyd edir ki, göstərilmiş daşıma xidmətinə dair xx.xx.2022-ci il tarixdə təqdim olunan elektron qaimə-faktura üzrə xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti ən tez halda xx.xx.2022-ci il tarixdə başlamışdır. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürməmişdir.
32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
37. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi daşıma haqqının tutulması hissəsində təmin olunmalı, 1120 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. İkincisi, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini pozması və ya lazımınca icra etməməsi nəticəsində dəymiş real zərərin əvəzi olaraq 58867,06 (15309+5000+15682,91+22875,15) manat və əldən çıxmış fayda qismində 90000 manat pulun cavabdehdən tutulmasını tələb edir və iddiasını bu hissədə onunla əsaslandırır ki, 1) tərəflər arasında xx.xx.2020-ci il tarixli HA/0057/2020/MLT-**********-PO saylı klinkerin ixracı və xx.xx.2020-ci il tarixli HA/0053/2020/MLT-**********-PO saylı kisə sement daşınması müqavilələrinə əsasən iddiaçı öhdəliyini yerinə yetirərək, cavabdehin istehsal etdiyi xammal – “Klinker” məhsulunu sonuncunun beynəlxalq alıcısına təhvil vermiş, lakin cavadeh tərəfindən müqavilə şərtləri pozulmuş, 3 elektron qaimə üzrə borcu qalmışdır. Cavabdehin maliyyə çətinliyi ilə əlaqədar təklifi əsasında iddiaçı, "xxxx" ASC-nin faktorinq xidmətindən istifadə etmişdir. Faktorinq çərçivəsində bank tərəfindən ayrılan vəsait illik 11 % dərəcə ilə maliyyələşdirilmiş, lakin cavabdeh 30 günlük müqavilə müddətini dəfələrlə, bəzən isə 120 gün və daha artıq müddətdə aşmışdır. Nəticədə iddiaçı öz iradəsindən asılı olmayan səbəblərdən əlavə faiz və komissiyalara məruz qalmış, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik 30 təqvim günündən artıq gecikdirildiyi və banka vəsait vaxtında köçürülmədiyi üçün 30 gündən sonrakı 11 %-lə gecikmə 15309 manat təşkil etmişdir. Həmin 15309 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2) Bundan başqa, xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərində göstərilmiş nəqliyyat xidməti müqabilində ümumilikdə 20191,62 manat köçürmə etməli olduğu halda cavabdeh xx.xx.2021-ci il tarixli EBAY 763877 nömrəli qaimə-faktura üzrə 15191,62 manat ödəniş etmiş, qalan 5000 manat qalıq ödənişi isə 7 ay sonra – xx.xx.2022-ci il tarixdə etmiş, həmin 5000 manat ödəniş cavabdehin öz ucbatından hesablanmış dəbbə pulu və faizlərə silinmiş, iddiaçı 5000 manat məbləğində ziyana məruz qalmışdır. 3) Bundan başqa, cavabdehin gecikdirməli ödənişləri ucbatından dövlət büdcəsinə 15682,91 manat vergi borcu yaranmışdır. 4) Bundan başqa, iddiaçı tərəfindən 2022-ci ilin mart ayı ərzində cavabdehə nəqliyyat xidməti göstərilmişdir. Bu xidmətlərə dair xx.xx.2022-ci il tarixli EBBU 231452 nömrəli elektron qaimə-faktura tərtib edilmiş, xidmətin dəyəri 22875,15 manat göstərilmişdir. Təqdim olunmuş hesab-faktura üzərindən ödənişin "xxxx" ASC-nin hesabına köçürülməsi nəzərdə tutulsa da, cavabdeh bu ödənişi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə təqdim etmişdir. Lakin məbləğ elə həmin gün "xxxx" ASC tərəfindən faktorinq razılaşması çərçivəsində tam şəkildə silinmişdir, hansı ki həmin silinmə üzrə gecikmə məbləğləri də yenə cavabdehin ucbatından baş vermişdir. Yekun nəticədə iddiaçı göstərdiyi xidmətdən real olaraq heç bir məbləğ ala bilməmişdir. Buna görə də 22875,15 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 5) Cavabdehin əsassız bəhanələri (guya iddiaçının balansında olan nəqliyyat vasitəsi ilə bağlı yanğın baş verməsi halı) ucbatından daşıma müqavilələrinin icrası dayanmışdır. Sonradan isə məsələnin iddiaçı ilə hər hansı əlaqəsi olmadığı əsas gətirilsə də, artıq iddiaçıya maddi ziyan dəymişdir. Yekunda 90000 manat əldən çıxmış fayda yaranmışdır.
39. Qeyd olunan hissədə mübahisənin həlli ilə bağlı məhkəmə aşağıdakıları bildirir.
40. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
42. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
43. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
44. Qeyd edilənlərdən belə aydın olur ki, hazırda sübut edilməli halları borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqə və təqsir təşkil edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən isə borclu tərəfindən icranın gecikdirilməsi və gecikdirilmə anı, zərərin mövcudluğu və həcmi, səbəbli əlaqənin sübutetmə vəzifəsini iddiaçı, təqsirin (təqsirsiz olunmasının) sübutetmə vəzifəsini isə cavabdeh daşıyır. Lakin prosessual qənaət prinsipinə əsasən iddianın uğurlu olmaması qənaətinə sübutetmə predmetini təşkil edən bir neçə halın müəyyən edilməsi yolu ilə gəlindikdə digər halların araşdırılmasına zərurət qalmır. Hazırkı iş üzrə iddiaçı sübutetmə yükünə uyğun olaraq öz üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir.
45. Belə ki, iddiaçı, cavabdeh tərəfindən 15309 manat və 5000 manat ödənişlərin vaxtında edilmədiyi üçün həmin ödənişlərin iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış faktorinq müqaviləsi üzrə faiz və cərimə borclarına silindiyinə, cavabdehin 22875,15 manat ödənişi isə iddiaçının təqdim etdiyi hesab-fakturada qeyd olunan bank hesabına deyil, iddiaçıya məxsus digər bank hesabına köçürməsi nəticəsində həmin məbləğin də faktorinq razılaşması çərçivəsində tam şəkildə silindiyinə istinad edərək həmin məbləğlərin cavabdehdən tutulmasını tələb edir.
46. İddiaçı 15309 manat dəymiş zərərin tutulması ilə bağlı hissədə tələbinin əsasını təşkil edən sübut qismində məhkəməyə özü tərəfindən tərtib olunmuş 2020 – 2024-cü illərə aid cədvəl təqdim etmiş, iddiasının əsasını təsdiq edəcək sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı ümumi şərtlər toplusu, maliyyələşdirmə üçün ərizələr təqdim etsə də, zərərin mövcud olması, nə qədər təşkil etməsi, dəqiq yaranma əsası, cavabdehin hansı öhdəliyini pozması, zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqəni təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir.
47. Məhkəmə tələbin cavabdehin ödənişi vaxtında etmədiyi üçün 5000 manat məbləğin iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış faktorinq müqaviləsi üzrə cərimə borclarına silinməsi əsası ilə həmin məbləğin dəymiş zərər olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının özünün sübut qismində təqdim etdiyi iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarışdan xx.xx.2022-ci il tarixdə edilmiş 5000 manat ödənişin dövlət büdcəsinə və müvafiq fondlara olan borclara silindiyi görünür.
48. Cavabdehin 22875,15 manat ödənişi iddiaçının təqdim etdiyi hesab-fakturada qeyd olunan bank hesabına deyil, iddiaçıya məxsus digər bank hesabına köçürməsi nəticəsində həmin məbləğin də faktorinq razılaşması çərçivəsində tam şəkildə silindiyinə istinad edərək həmin məbləğlərin cavabdehdən tutulmasını tələbi bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçı bank rekvizitlərinin qeyd olunduğu hesab-fakturanın cavabdehə göndərildiyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız hesabfakturanın özünü təqdim etmişdir. Digər tərəfdən, hətta hesab-faktura cavabdehə təqdim edilmiş olsa belə, iddiaçıya məxsus digər bank hesabına ödənişin edilməsi zərərin yaranma əsası kimi çıxış edə bilməz. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ümumi şərtlər toplusuna xx.xx.2020-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, iddiaçı bütün gecikdirilmiş ödənişlərə görə bank qarşısında birbaşa məsuliyyət götürmüşdür. Bununla belə, təqdim olunan iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarışdan 22875,15 manat ödənişin əsas hissəsinin faktorinq müqaviləsi üzrə əsas borclara silindiyi görünür. Bu isə iddiaçının mövqeyinin əsassız olduğunu deməyə əsas verir.
49. İddiaçı cavabdehin gecikdirməli ödənişlərinə görə dövlət büdcəsinə 15682,91 manat vergi borcu yarandığına istinad edərək həmin məbləğin cavabdehdən tutulmasını tələb edir və tələbinin əsasını təşkil edən sübut qismində tərəflər arasında elektron poçt vasitəsi ilə aparılan yazışmaları və iddiaçının "xxxx" ASC-də olan hesabından çıxarışı təqdim edir. Yazışmalardan görünür ki, tərəflər arasında danışıqlar daşıma tariflərinin razılaşdırılması istiqamətində olmuş, cavabdeh bununla bağlı mövqelər ifadə etmişdir. Bank hesabından çıxarışdan isə iddiaçının dövlət büdcəsinə olan mənfəət vergisi borcu üzrə 15682,91 manat silindiyi görünür. İddiaçının təqdim etdiyi sübutlardan cavabdehin hansı öhdəliyini pozması müəyyən deyildir. Eyni zamanda verginin mahiyyəti və mənfəət vergisinin təyinatı nəzərə alındığında cavabdehin öhdəliklərini pozması və ya lazımınca icra etməməsi ilə iddiaçının dövlət büdcəsi qarşısında vergi öhdəliyinin yaranması arasında səbəbli əlaqənin nədən ibarət olması məhkəməyə aydın deyildir.
50. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi dəymiş real zərərin tutulması hissəsində əsassızdır və rədd edilməlidir.
51. Əldən çıxmış fayda tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir.
52. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır, ona görə də iddia tələbi əldən çıxmış fayda qismində zərərin tutulması hissəsində təmin edilə bilməz.
53. İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.
54. Üçüncüsü, işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 150 000 manat pulun ödənilməsini tələb edir. Məhkəmə həmin tələb ilə bağlı aşağıdakıları qeyd edir.
55. İddiaçı bu hissədə tələbini onunla əsaslandırır ki, banklara edilmiş müraciətdən görünür ki, iddiaçı artıq bank sferasında etibarsız hüquqi şəxs kimi qiymətləndirilmiş, buna səbəb isə daima gecikmələrə yol verən şirkət imici olmuşdur. Halbuki həmin gecikmələr iddiaçının deyil, məhz cavabdehin ödənişlərdə yol verdiyi yuxarıda sadalanan gecikmələrlə bağlı olmuşdur.
56. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
57. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
59. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında izah olunur ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
60. Göründüyü kimi, hüquqi şəxs işgüzar nüfuza dəymiş zərərə görə ancaq vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Bu mənada isə məhkəmə bildirir ki, Mülki Məcəllənin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
61. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
62. Belə ki, iddiaçı qeyd olunan tələbi irəli sürsə də, işgüzar nüfuzuna dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd olunmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
63. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 823 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
64. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, 823 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
65. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5132/2025 nömrəli qərardadı ilə artıq ödənilmiş 233 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır.
66. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
67. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini, ödənilməli dövlət rüsumunun məbləğininin 590 manat olduğunu və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2,2 manat məbləğində pul cavabdeh “XXXX” ASC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “XXXX” Açıq Səhmdar Cəmiyyətindən 1120 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraqv 2,2 manat cavabdeh “XXXX” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova