Məhkəmə qərarları › İş №e-2-2(113)-518/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-518/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-518/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x3 oğlunun katibliyi ilə, Azərbaycan Respublikasın Vergilər Nazirliyinin Bakı şəhəri x4 üzrə Baş İdarəsinin Cavabdeh tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasın Vergilər Nazirliyinin Bakı şəhəri x4 üzrə Baş İdarəsi Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış 57 manat alış dəyərində 16 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi x1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri x4 üzrə Baş İdarəsinin 14.11.2019-cu il tarixli **********0662 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan və Tağızadə küçələrinin kəsişməsi, Ticarət cərgəsi ünvanında yerləşən, fiziki şəxs Cavabdeh məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 57 manat olan 16 qutu siqaret aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” 15.11.2019-cu il tarixli VN-№ 000277 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı malların götürülməsi barədə” 15.11.2019-cu il tarixli VN-№ 000277 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - Markalanmalı malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair 15 noyabr 2019-cu il tarixli, 000277 nömrəli aktdan görünür ki, Cavabdeh məxsus aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış 16 sayda tütün məmulatları aşkar edilmişdir. - 15 noyabr 2019-cu il tarixli “Markalanmalı malların götürülməsi haqqında” VN№ 000277 nömrəli protokoldan görünür ki, aşkar edilən aksiz markaları ilə markalanmamış alış dəyəri 57 manat olan 16 qutu tütün məmulatları vergi ödəyicisindən götürülmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. - 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə məxsus obyektdə operativ nəzarət tədbiri həyata keçirilərkən aksiz markası ilə markalanmalı olan markalanmamış alış dəyəri 57 manat olan 16 qutu tütün məmulatı aşkar edilərək götürülmüşdür. Həmin malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, alış dəyəri 57 manat olan 16 qutu tütün məmulatları, onların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar