Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5447/2025 19.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: distribütor, konsessiya müqaviləsi, cərimə) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi/Vəkil1, cavabdehin nümayəndəsi/Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli QGS/06-2023 saylı Distribütorluq müqaviləsinə əsasən 218 980.15 manat əsas borc, 15 876.06 manat faiz, 78 832.85 manat dəbbə pulu (peniya), 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc olmaqla, ümumilikdə 314 689.06 manat məbləğində pul və 604.70 manat ödənilmiş dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (İstehsalçı) ilə cavabdeh "xxxx" MMC (Distribütor) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QGS/06-2023 saylı distribütorluq müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı, Qəbələ rayonunda yerləşən istixana kompleksində yetişdirilən müxtəlif qızılgül sortlarını topdan satış qiyməti ilə cavabdehə təqdim etməyi (satmağı), cavabdeh isə məhsulların dəyərini ödəməklə vaxtaşırı satın almağı və müqavilə ərazisi daxilində öz distribusiya şəbəkəsi vasitəsi ilə təkrar satışını, geniş müştəri dairəsinə paylanmasını və təşviqini təşkil etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən, məhsullar nisyə (kredit) satış qaydasında, gündəlik sifarişlər əsasında təchiz olunur və aylıq satış üzrə tam 100% dəyəri istehsalçı tərəfindən təqdim olunan ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə və s.) müvafiq olaraq hər ayın sonuncu iş günü nağdsız hesablaşmalar qaydasında ödənilir. Müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilə üzrə öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Müqavilənin 8.5-ci bəndinə əsasən, Distribütor tərəfindən müqavilənin 3.5-3.7-ci bəndləri ilə nəzərdə tutulan ödənişlərin tələb olunan müddətdə kredit limitini (borc həddi) aşmaqla yerinə yetirilməməsinə görə, iddiaçı cavabdehdən hər gecikmə günü və ya pozuntunun davam etdiyi hər gün üçün gecikdirilən məbləğin 0,1%-i həcmində dəbbə pulu (peniya) ödənilməsini tələb edə bilər. Məhsulların İstehsalçı tərəfindən Distribütora təhvil verilməsi üzrə müqavilə öhdəlikləri iddiaçı tərəfindən tam va vaxtında yerinə yetirilməsinə baxmayaraq, cavabdeh faktiki ödəməli olduğu 218 980.15 manat məbləğində qalıq borcu ödəməmişdir. Müqaviləyə əsasən Distribütor (cavabdeh) malın dəyərini İstehsalçıya (iddiaçıya) ödəməlidir. Yaranmış ümumi borc məbləği ayrı-ayrı elektron qaimələr üzrə aşağıdakı kimi formalaşmışdır: xx.xx.2024-cu il tarixli, EBDW seriyalı, 875809 saylı elektron qaimə üzrə 21,623.00 manat; xx.xx.2024-ci il tarixli, EBDX seriyalı, 533310 saylı elektron qaimə üzrə 33,452.00 manat; xx.xx.2024-ci il tarixli, EBDX seriyalı, 857428 saylı elektron qaimə üzrə 22,693.50 manat; xx.xx.2024-ci il tarixli, MT2402 seriyalı, 00508857 saylı elektron qaimə üzrə 28,487.5 manat; xx.xx.2024-ci il tarixli, MT2402 seriyalı, ******* saylı elektron qaimə üzrə 34,985 manat; xx.xx.2024-ci il tarixli, MT2402 seriyalı, 00389945 saylı elektron qaimə üzrə 35,010.5 manat; xx.xx.2024-ci il tarixli, MT2402 seriyalı, 00471676 saylı elektron qaimə üzrə 16,907 manat; xx.xx.2024-ci il tarixli, MT2402 seriyalı, 00461783 saylı elektron qaimə üzrə 1416 manat; xx.xx.2024-ci il tarixli, MT2403 seriyalı, 00342209 saylı elektron qaimə üzrə 10,559.5 manat; xx.xx.2024-ci il tarixli, MT2403 seriyalı, 00341301 saylı elektron qaimə üzrə 16,356 manat; xx.xx.2024-ci il tarixli, MT2403 seriyalı, 00583065 saylı elektron qaimə üzrə 236 manat. Cavabdehə pretenziya məktubu göndərib borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Lakin cavabdehdən müqavilə öhdəliyindən yaranan borcun ödənilməsi dəfələrlə şifahi va yazılı qaydada tələb olunmasına baxmayaraq təəssüf ki, keçən müddət ərzində borcun ödənilməsi istiqamətində har hansı addım atılmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 449.1, 462.1, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq tərəflər arasında əvvəllər də hüquq münasibətlərinin olduğunu, təkcə eqaimələr üzrə deyil, tərəflər arasında olan qarşılıqlı üzləşmə aktına görə borcu tələb etdiklərini, 27 mart tarixində akt tərtib olunduqdan sonra cavabdeh tərəfindən 50 000 manat məbləğində ödəniş edildiyini, iddia tələbində qeyd olunan məbləğin aktda qeyd olunan məbləğdən 50 000 manat ödəniş çıxıldıqdan sonra qalan məbləğ olduğunu, cavabdeh tərəfindən edilən ödənişin də ümumi razılığa əsasən yekun məbləğ üzrə ödənildiyini, ödəniş qəbzində ödənişin təyinatı olaraq hər hansı e-qaiməyə istinad olunmadığını qeyd etmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə sadə alqı-satqı müqaviləsi deyil, distribütorluq müqaviləsidir. Tərəflər arasında qarşılıqlı razılaşma və öhdəlik nəzərdə tutulmuşdur. Hüquqi şəxsin rəhbəri hazırda xaricdə yaşayır və bu səbəbdən ödənişlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişəm. Şirkətin rəhbəri ilə əlaqə saxladıqda o bildirmişdir ki, iddiaçı tərəf müqavilə şərtlərini pozmuşdur. Yekun məsələ 2024-cü ilin mart ayını əhatə edir. Gül satışı ilə bağlı spesifik bir xüsusi yanaşma var. Belə ki, mart ayı bayramlar ayı olduğu üçün il ərzində hazırkı cavabdeh müəyyən sayda güllərin alışını həyata keçirməyə məcbur idi. Lakin bəzi dövrlər var ki, onlar öz zərərlərini çıxartmaq üçün xüsusi bir məbləğdə gül alışını həyata keçirdirlər. Bu da müqavilə üzrə qarşı tərəf öz öhdəsinə götürür. E-qaimələrdən göründüyü kimi mart ayında fərqlilik var. Mart ayında sifarişlər vaxtında təqdim olunmadığı üçün tərəf bildirir ki, il ərzində olan zərərlərini qarşılamaq imkanı olmamış və aralarında belə bir mübahisə yaranmışdır. Distribütorluq müqaviləsinə əsasən artıq cavabdehə yox başqa bir sahibkara güllərin təqdim edilməsi həyata keçirilib və bu müqavilə şərtlərinin pozulmasına gətirib çıxartmışdır. Müqavilə özü bir öhdəlik nəzərdə tutur. Buna görə də cavabdeh tərəf külli miqdarda ziyana uğradığından tərəflər arasında belə bir mübahisə yaranmışdır. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfdən qeyd edilir ki, təhvil-qəbul aktları yoxdur. Təqdim edilmiş üzləşmə aktı isə köhnə dövrə dayanır. Bu da sübuta yetiriləsi bir məsələdir. Tərəflər arasında bağlanmış müqavilədə qarşılıqlı öhdəliklər, şərtlər var. Bundan başqa, iddia tələbində sırf pretenziya məktubunda qeyd edilən e-qaimələrə diqqət yetirsək xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan e-qaimələr təqdim edilib və həmin e-qaimələr təqdim olunmasına baxmayaraq üzləşmə aktı ilə ziddiyyət yaradır. Belə ki, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən edilmiş 40000 manat ödəniş iddiaçı tərəfindən təsdiq edilmiş, may ayında da 50000 manat ödəniş edildiyi bildirilir. Təqdim edilmiş e-qaimələrin ümumi məbləği isə 221726 manatdır. Edilən ödənişləri bu məbləğdən çıxdıqda iddia ərizəsində qeyd edilən məbləğdən daha aşağı məbləğ aşkar olunur. xx.xx.2024-cü il tarixə kimi olan 87000 manat borcu tərəf sübut etməlidir ki, bu borc məbləği nəyin əsasında yaranmışdır. Borcun var olduğu görsənir, lakin təsdiqini tapmır. Alqı-satqının həyata keçirilməsini təsdiq edən heç bir sübut yoxdur. Cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq e-qaimələr üzrə təqdim edilmiş mallar üzrə 221 726 manatdan 90 000 manat ödəniş məbləği çıxıldıqda yerdə qalan 131 726 manat məbləği qəbul etdiklərini bildirmişdir. Sonda o, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QGS/06-2023 saylı distribütorluq müqaviləsinin 1.1-ci bəndinə əsasən İstehsalçı, Qəbələ rayonunda yerləşən kompleksində yetişdirdiyi müxtəlif qızılgül (bundan sonra "Məhsullar" adlandırılacaq) topdan satış qiyməti ilə Distribütora təqdim etməyi (satmağı), Distribütor isə Məhsulları dəyərini ödəməklə vaxtaşırı satın almağı və Müqavilə ərazisi daxilində öz distribusiya şəbəkəsi vasitəsilə təkrar satışını, geniş müştəri dairəsinə paylanmasını və təşviqini təşkil etməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən məhsulların adı, sortu, satış qiymətləri və digər xüsusiyyətləri Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Qiymətlərin Razılaşdırılması protokolları, satış həcmi isə vaxtaşırı rəsmiləşdirilən təhvilqəbul aktları ilə müəyyən edilir. 1.4-cü bəndə əsasən distribütor müqavilənin qüvvədə olduğu müddət ərzində satış mövsümündən asılı olmayaraq, məhsulların gündəlik əsaslarla razılaşdırılmış həcmdə vaxtaşırı satın alınmasını öhdəsinə götürür. 1.5-ci bəndə əsasən istehsalçı bu müqavilə ilə distribütora müqavilə ərazisində məhsulların rəsmi satış nümayəndəliyi hüququnu verir. Distribütor Məhsulları öz adından və öz hesabına həm müstəqil, həm də distribusiya şəbəkəsi vasitəsilə diler(lər)ə, riteyler(lər)ə, ticarət mərkəz(lər)i və digər topdan/pərakəndə satış məntəqələrinə, habelə bilavasitə istehlakçılara satmaq hüququna malikdir. 2.5-ci bəndə əsasən istehsalçı məhsulların distribütora təhvil verilməsini tərəflər arasında müvafiq qaydada təsdiq olunan təhvil-qəbul aktları əsasında həyata keçirir. 3.1-ci bəndinə əsasən müqavilə üzrə məhsulların satış qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri (X1) ilə müəyyən edilir. 3.5-ci bəndə əsasən Məhsullar nisyə (kredit) satış qaydasında, gündəlik sifarişlər əsasında təchiz olunur və aylıq satış üzrə tam (100%) dəyəri İstehsalçı tərəfindən təqdim olunan ödəniş sənədlərinə (hesab-faktura, e-qaimə və s.) müvafiq olaraq hər ayın sonuncu iş günü nağdsız hesablaşmalar qaydasında ödənilir. 8.5-ci bəndə əsasən istehsalçıdan bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə halları istisna olmaqla, Distribütor tərəfindən Müqavilənin 3.5-3.7-ci bəndləri ilə nəzərdə tutulan ödənişlərin tələb olunan müddətdə kredit limitini (borc həddi) aşmaqla yerinə yetirilməməsinə görə, istehsalçı distribütordan hər gecikmə günü va ya pozuntunun davam etdiyi hər gün üçün gecikdirilən məbləğin 0.1 %-i (onda bir faizi) həcmində dəbbə pulu (penya) ödənilməsini tələb edə bilər. 11.1-ci bəndinə əsasən müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi yuxarıda göstərilən tarixdən hüquqi qüvvəyə minir və 12 (on iki) ay müddətinə qüvvədə qalır. EBDW seriyalı, 875809 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 21 623 manat, EBDX seriyalı, 533310 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 33 452 manat, EBDX seriyalı, 857428 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 22 693.50 manat, MT2401 seriyalı, 00508857 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 28487.5 manat, MT2402 seriyalı, 00265041 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 34 985 manat, MT2402 seriyalı, 00389945 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 35 010.5 manat, MT2402 seriyalı, 00461783 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1 416 manat, MT2402 seriyalı, 00471676 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 16 907 manat, MT2403 seriyalı, 00341301 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 16 356 manat, MT2403 seriyalı, 00342209 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 10 559.5 manat, MT2403 seriyalı, 00583065 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 236 manat olan elektron qaimə-fakturalar ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Göndərilən qaimələrin siyahısından görünür ki, 11 sayda elektron qaimə-faktura “sistem tərəfindən təsdiqlənmiş” statusdadır və elektron qaimə-fakturalardakı məbləğlərin cəmi 221 726 manat təşkil edir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən tərəflər xx.xx.2024-ci il tarixinə üzləşmə apararaq müəyyən etmişdir ki, dövr üzrə cəmi borc 308 980,15 manat, ümumi ödənilmiş məbləğ 40 000 manat, dövrün sonuna borc qalığı 268 980,15 manat təşkil edir. Akt hər iki hüquqi şəxsin direktorlarının imzaları və möhürləri təsdiq olunmuşdur. İddiaçı MMC-nin hesab üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən 50 000 manat məbləğində pul ödənmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul 5 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. 04 iyul 2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 605 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Madə 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur. Maddə 800.3. Başqasına satmaq üçün sadə satınalma konsessiya müqaviləsinə əsas verə bilməz. Müntəzəm ticarət münasibətləri də konsessiya haqqında müqaviləyə əsas verə bilməz. Maddə 801.1. Ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hüquq münasibətlərinə müvafiq olaraq bu Məcəllənin 789.3, 790.2.3-790.2.5 və 791.1.1-791.1.3cü maddələri tətbiq edilir. Maddə 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Maddə 790.2. Ticarət agentinin aşağıdakı vəzifələri vardır: 790.2.3. özündə olan hər bir zəruri informasiyanı tapşırana bildirmək; 790.2.4. tapşıranın əsaslı sərəncamlarını yerinə yetirmək; 790.2.5. tapşıranın məhsullarına və xidmətlərinə oxşar məhsulları və xidmətləri öz hesabına və ya başqa tapşıranın hesabına təklif etmək üçün tapşıranın qabaqcadan razılığını almaq. Maddə 802.1. Tapşıran ilə konsessioner arasında münasibətlər ümumi (birtipli) müqavilənin predmetidir. Birtipli müqavilədə bu Məcəllənin 800.1-ci maddəsindən irəli gələn müddəalardan əlavə, nəzərdə tutula bilər ki, konsessioner: 802.1.1. müəyyən ticarət-servis təşkilatına malik olmalıdır; 802.1.2. müvafiq işçi heyətinə malik olmalıdır; 802.1.3. satılmış malların təmiri işlərini yerinə yetirməlidir; 802.1.4. işçilərə təlim verilməsində və reklam tədbirlərində iştirak etməlidir; 802.1.5. həmişə anbarda müəyyən miqdarda mal saxlamalıdır; 802.1.6. hər il tapşırandan müəyyən həcmdə və ya müəyyən miqdarda mal (kvota) qəbul etməlidir. Maddə 806.1. Tapşıran qarantiya verir ki, konsessionerə çatdırılarkən malın qüsuru yoxdur. Əgər konsessioner qarantiya verilməsi barədə öz ölkəsində qüvvədə olan göstərişləri qabaqcadan və yazılı şəkildə tapşırana göstərirsə, tapşıran ən azı bu qarantiyanı verməyə borcludur. Qarantiya pretenziyalarının irəli sürülməsi müddəti konsessionerin malı təkrar satdığı gündən, lakin ən geci tapşıranın malı göndərdiyi gündən altı ay keçənədək başlanır. Bundan kənaraçıxmalar barəsində razılaşmaların, əgər bu kənaraçıxmalar birbaşa şərtləşdirilməmişsə və yazılı formada ifadə edilməmişsə, qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsessiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilə üzrə qızılgül sortlarını topdan satış qiyməti ilə cavabdehə təqdim etməyi (satmağı), cavabdeh isə məhsulların dəyərini ödəməklə vaxtaşırı satın almağı, geniş müştəri dairəsinə paylanmasını və təşviqini təşkil etməyi öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimələr, qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapır. Buna görə də, iddiaçının cavabdehdən satdığı malların dəyərini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Cavabdehin nümayəndəsi etirazının əsası kimi əvvəlki borcu qəbul etmədiklərini, 87 000 manat borcun köhnə borc olduğunu, elektron qaimələrdəki məbləğdən 90 000 manat ödəniş məbləği çıxıldıqda yerdə qalan 131 726 manat borcu qəbul etdiklərini bildirmişdir. Məhkəmə cavabdehin etirazını əsassız hesab edərək bildirir ki, cavabdeh əvvəlki borcu qəbul etmədiyini bildirsə də xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktını imza və möhürü ilə təsdiq etməklə əvvəldən borcu olduğunu qəbul etmişdir. Bundan əlavə, cavabdeh elektron qaimələrdəki məbləğ üzrə cəmi 90 000 manat ödəniş etdiyini bildirsə də, ödəniş tapşırığında elektron qaimələrdən heç birinə istinad olunmamış, ümumi borc məbləğindən ödəniş edilmişdir. Bu da həmin ödənişin əvvəldən olan borca görə ödənildiyini təsdiq edir. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək aldığı malların dəyərindən 218 980,15 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, yəni satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını və tələbinin haqlı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 218 980,15 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən 15 876,06 manat məbləğində faizin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını iddia ərizəsində Mülki Məcəllənin 449.1-ci və 449.4-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli Qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin üçüncü hissəsi - 78 832,85 manat cərimə məbləğinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi (8.5-ci bənd) nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 10000 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 605 manat dövlət rüsumunun 518,98 manatının əvəzi, həmçinin hüquqi yardıma görə ödənilmiş 1000 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, QGS/06-2023 saylı Distribütorluq müqaviləsinə əsasən 218980,15 manat əsas borc, 10000 manat cərimə olmaqla, ümumilikdə 228980 (iki yüz iyirmi səkkiz min doqquz yüz səksən) manat 15 (on beş) qəpik pul vəsaiti, ödənilmiş hüquqi yardıma görə 1000 (min) manatın və dövlət rüsumunun 518 (beş yüz on səkkiz) manat 98 (doxsan səkkiz) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5447/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5447/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver