Məhkəmə qərarları › İş №e-2-2(113)-597/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-597/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-597/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində "Cavabdeh"nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyəti cavabdeh “Müharibə və əmək əlilləri üçün Pansionat”a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24992,40 məbləğində borcun (mebellərin dəyəri), 27367 manat cərimə borcunun və 50000 manat əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, sifarişçi “Müharibə və əmək əlilləri üçün Pansionat” ilə icraçı “xxxx” ASC arasında 10 mart 2017-ci il tarixli 01 saylı malların satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 24.992,40 manat məbləğində 34 ədəd çarpayı, 34 ədəd tumba, 18 ədəd paltar dolabı, 8 ədəd giriş qarderobu, 4 ədəd sənəd dolabı, 31 ədəd mətbəx növündə mebellər hazırlanmışdır. 30 mart 2017- ci il mallar təhvil-təslim aktına cavabdehə təqdım edilmişdir. Cavabdehə sifariş etdiyi mebellər təhvil verilsə də ödəniş edilməmişdir. Ona ünvanlanmış pretenziya məktubu ilə vaxt verilməsinə baxmayaraq borcu hələ də ödəməmişdir. Malların satınalma müqaviləsinin 2.3-cü maddasinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 8-ci maddəsinə əsasən mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 12-ci bəndinə əsasən sifarişçi ödəmələri həyata keçirmədikdə icraçının cərimə sanksiyası tətbiq etmək hüququ vardır. Cavabdeh sifariş etdiyi mebellərin dəyərini ödəməsini gecikdirmiş, nəticədə iddiaçıya zərər vurmuş və qazancı iddiaçının əlindən çıxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə verərək, cavabdeh “Müharibə və əmək əlilləri üçün Pansionat”ın "Cavabdeh" ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin nümayəndəsinin müqaviləyə guya satınalma prosedurlarına riayət edilməmə kimi qiymət verməsi qanuna ziddir. Göründüyü kimi, satınalma prosedurunun ilkin mərhələlərinə riayət etdikdən sonra sonda satınalma müqaviləsinin imzalanması həyata keçirilir. Müqavilənin tərəfi olmuş Pansionatın rəhbərliyi qanunvericiliyin tələblərinə riayət etdikdən sonra satınalma müqaviləsini imzalamışdır. Müqavilə imzalandığı andan qüvvəyə minmiş, iddiaçı tərəfindən icra olunmuşdur. Malların Satınalma müqaviləsinin 2.3-cü maddasinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçidan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.Həmin müqavilənin 8-ci maddəsinə əsasən mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçını təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 12-ci bəndinə əsasən sifarişçi ödəmələri həyata keçirmədikdə icraçının cərimə sanksiyası tətbiq etmək hüququ vardır.İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı 24992.40 manat dəyərində mebel məhsullarını pansionata təqdim etmiş, təhvil-təslim aktı ilə bunu təsdiq etmişdir. Belə olduğu təqdirdə alınmış məhsulların dəyəri müqaviləni vicdanla icra edən İcraçıya ödənilməlidir. Cavabdeh müqavilə üzrə sifarişçinin öhdəliklərinə cavabdeh daşıdıqlarına və iddiaçı qarşısında icra olunmalı öhdəliklərinin mövcudluğuna görə iddia tələbində haqlıdır. Etirazda bildirilən münasibət yalnız mülki məsuliyyətdən yayınmaq məqsədlidir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi də əsassızdır. İddia tələbinin əsasını müqavilə münasibətlərdən irəli gələn mübahisə dayanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Müqavilənin icra müddəti 30.03.2017-ci ildə bitdiyindən 3 illik iddia müddət ötürülməmişdir. Qeyd olunanlara əsaslanaraq iddia müddətinin tətbiq edilməməsini, iddanın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə və etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində bir neçə puplik hüquqi şəxs, habelə Cavabdeh yaradılmış və həmin Fərmanın 6-cı bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri Cavabdehn tabeliyinə verilmişdir.“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 saylı Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Nizamnaməsi təsdiq edilmiş, müvafiq olaraq dövlət qeydiyyatına alınmışdıriddia tələbinin istinad edildiyi müqavilə hüquqi baxımından etibarsızdır və satınalma prosedurunun qanunvericilikdə nəzərdə tutulduğu şərtlərinə əməl edilməyərək "Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur.Belə ki, sözügedən müqavilənin 2.1 və 2.2-ci bəndlərində kotirovka təklifinin qəbul edilməsinə istinad edilir. Lakin satınalma proseduru və hər hansı kotirovka sorğusu elanı həyata keçirilməmişdir.“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən satınalma - malların (işlərin və xidmətlərin) bu Qanunla müəyyənləşdirilmiş üsullarla dövlət vəsaiti hesabına əldə edilməsidir. Satınalma müqaviləsi isə satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, tender prosedurlarının tətbiqi zamanı tender təklifinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi bu Qanunun 40-cı maddəsinə uyğun həyata keçirilir. Satınalmaların bütün digər metodlarının tətbiqi zamanı malgöndərənlərə (podratçılara) satınalma müqaviləsinin qüvvəyə minmə qaydaları haqqında məlumat satınalan təşkilat tərəfindən təkliflərə, ofertalara və ya kotirovkalara dair sorğunun alındığı vaxt verilir. Tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır. Qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21 -ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender metodu tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.Həmin Qanunun 20-ci maddəsinə əsasən satınalan təşkilat mövcud bazarı olan və ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən aşağı olan malların (işlərin və xidmətlərin) satın alınması üçün bu Qanunun 49-cu maddəsinə uyğun kotirovkalar sorğusundan istifadə edə bilər. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə 20.05.2013-cü il tarixli, Q-12 saylı qərarına əsasən dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50,0 (əlli) min manat, dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5,0 (beş) min manat müəyyən edilmişdir. Qanunun 49-cu maddəsinin tələblərinə əsasən satınalan təşkilat əməli cəhətdən məqsədəuyğun sayda, 3-dən az olmamaq şərti ilə, mal göndərənlərdən (podratçılardan) kotirovkalar cəlb edir. Satınalan təşkilat kotirovkalar sorğusu verilən hər bir malgöndərənə (podratçıya) malların (işlərin və xidmətlərin) qiymətinə onların öz dəyərindən əlavə hər hansı başqa xərclərin (nəqliyyat və sığorta xərclərinin, gömrük rüsumlarının, vergilərin və s.) daxil olub-olmadığını bildirir. Hər malgöndərən (podratçı) yalnız bir qiymət kotirovkası təqdim edə bilər və onun öz kotirovkasını dəyişməsinə icazə verilmir. Satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında həmin malgöndərənin (podratçının) təqdim etdiyi kotirovka barədə heç bir danışıq aparılmır. Satınalan təşkilatın tələbatını təmin edən ən aşağı qiymət kotirovkası təqdim etmiş malgöndərən (podratçı) ilə satınalma müqaviləsi bağlanılırQanunun 37.5-ci maddəsinin tələbinə əsasən, tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas götürülür. Yekun protokolunun surəti onun imzalanmasından sonra 3 bank günü ərzində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə) təqdim olunur.Belə ki, qeyd olunan müqavilə satınalma haqqında qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla bağlanılmışdır, iddia tələbi hüquqi əsaslı deyildir. Belə olduğu halda hər hansı müqavilə ya öhdəlik münasibətlərinin yaranmasına istinad edilə bilməz Eyni zamanda “İcraçı“ “xxxx” ASC ilə “Sifarişçi “Müharibə və əmək əlilləri üçün Pansionatı” arasında 10.03.2017-ci il tarixində bağlanmış “malların satınalma” müqaviləsinin 8-ci bəndinə əsasən “mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır”. Belə olduğu halda ödənişin sonuncu günü 28 aprel 2017-ci il tarixi hesab olunur və iddia müddətinin axımı həmin tarixdən hesablanmağa başlanmışdır. Lakin məhkəməyə iddia ərizəsi 01.12.2020-ci il tarixində daxil olmuşdur.Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddia müddəti tətbiq olunmaqla iddiaçı “xxxx ASC” nin “borc tələbinə dair” iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 10 mart 2017-ci il tarixli 01 saylı malların satınalma müqaviləsindən görünür ki, “sifarişçi” 225411-“İnventarın alınması” xərc maddəsi üzrə malların satınalınması üçün icraçının 24992,40 (iyirmi dörd min doqquz yüz doxsan iki manat 40 qəpik) məbləğində kotirovka təklifini qəbul etməsini tərəflər təsdiq etmişlər . -Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, “icraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “sifarişçi”yə satınalınan malların təhvil verilməsini öhdəsinə götürür. Mallar icraçının kotirovka təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “icraçı” aşkarlanan qüsurların aradan qaldırılmasına təminat verir. -Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, “sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “icraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. -Həmin müqavilənin 8-ci bəndinə əsasən, mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. -Həmin müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə “sifarişçi” və “icraçı” tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə 30 dekabr 2017-ci il tarixədək qüvvədə qalır. -Həmin müqavilənin 9.3-cü bəndinə əsasən, müqavilənin icrası “sifarişçi” tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda “icraçı”nın müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. -30.03.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, 24.992,40 manat məbləğində– 34 ədəd çarpayı, 34 ədəd tumba, 18 ədəd paltar dolabı, 8 ədəd giriş qarderobu, 4 ədəd sənəd dolabı, 31 ədəd mətbəx növündə mebellər “xxxx”yə təhvil verilmişdir. -Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin Müharibə və əmək əlilləri üçün Pansionata ünvanladığı 13.11.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalininn Sosial Müdafısəsi Nazirliyi nəzdində olan “Müharibə və əmək əlilləri üçün Pansionat” ilə “xxxx” zavodu arasında 10 mart 2017-ci il tarixli 1 saylı Malların satınalma müqaviləsi üzrə yaranmış borc məbləği 24992,40 manatın və 20000 manat maddi zərəri (əldən çıxmış) faydanın 5 gün ərzində ödənilməsi təkilif olunmuş, əks halda tələb olunan dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 10 mart 2017-ci il tarixli 01 saylı müqavilənin 8-ci bəndinə əsasən, mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. İş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi icraçı tərəfindən mallar sifarişçiyə 30 mart 2017-ci il tarixdə təhvil verilmiş, müqavilənin şərtlərinə əsasən həmin tarixdən 30 bank günündən gec olmamaq şərti ilə ödəmə aparılmalı idi. İddiaçı tərəfindən hazırki iddia ərizəsi məhkəməyə 30.11.2020-ci il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair müraciəti nəzərə alınmalı, bu mübahisə üzrə iddia müddəti tətbiq edilərək iddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" nə qarşı “müqavilə üzrə yaranmış borcn ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh"-nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar